Şəhidlər
xiyabanı 26 ildir ki,
müqəddəs ziyarətgaha çevrilib
Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanına 26 ildir ki, yaşından, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq nəinki Azərbaycan vətəndaşları gəlir, ümumiyyətlə, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da ailəliklə burada Vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Yeni ailə quran gənclərimizin də and yerinə çevrilib bu müqəddəs məkan.
Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə bu dəfə də uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib. Buradan müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf eləmiş paytaxtı kimi tanınan, bir çox beynəlxalq tədbirlərin keçirildiyi, tolerantlıq nümunəsi Bakımız bir az da geniş panoramda görünür.
Ayrı-ayrı əmək kollektivlərinin xiyabana ziyarəti, əlbəttə, vəzifə borcu deyil, ilk növbədə Vətənin azadlığı uğrunda şəhid olanların heç zaman unudulmayacağını sonrakı nəsillərə göstərmək məqsədi daşıyır. Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal da var, ağbirçək də, uşaq da, böyük də, sağlam da, əlil də... Elə xiyaban yaşıdlılar da burada az deyil. 26 yaş gəncliyin odlu-alovlu, hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Nə yaxşı ki, bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur. Onları bu müqəddəs məkana gətirən bir gecədə torpaq üzərinə qanları ilə “Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir. Ötən müddət ərzində xiyabanda şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edənlərin sayı ildən-ilə artmaqdadır ki, bu da xalqımızın övladlarının vətənpərvər hisslərlə yaşaması deməkdir.
Öncədən deyək ki, ziyarətə adəti üzrə ilk olaraq bağçadan, məktəbdən və gənclər təşkilatlarından gəlirlər. Ənənə bu il də davam edir. Şəhidlər xiyabanının girişində ən çox qarşılaşdığımız da məktəblilərdir. Yaşlarının az olmasına baxmayaraq, Şəhidlər xiyabanı haqqında zəngin təəssürata malik olan bu balacalar sabahın yetkin gəncləri təsiri bağışlayırlar.
Bakı şəhəri Binəqədi rayonundakı 248 nömrəli məktəbin 6-cı, Səbail rayonunun 236 nömrəli məktəbinin 5-ci, Füzuli rayonunun 47 nömrəli məktəbinin 2-ci və 5-ci sinif şagirdləri əllərində bir cüt qərənfillə, qəlblərində Vətən şəhidlərinə dərin məhəbbətlə xiyabanı ehtiramla ziyarətə gəliblər. Məcburi köçkün həyatı yaşayan Füzuli məktəblilərinin Yasamal rayonundakı 2 nömrəli Tibb Kollecinin yataqxanasında məskunlaşdığını deyən Sitarə Səmədova ilə Əfsanə Zeynalova da valideyn kimi onlarla birlkdə xiyabanı ziyarət etməyi özlərinə borc biliblər. Əfsanə Zeynalova deyir ki, 20 Yanvar şəhidlərinin uyuduğu xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır: “Ona görə də illər keçdikcə bu xiyaban nəsillərimizin ziyarətgahına çevriləcək. O dəhşətli gecədən 26 il keçdikdən sonra xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bunu təsdiqləyir. Şagirdlərimizə Şəhidlər xiyabanı haqqında məlumat verməliyik. Onların nə üçün şəhid olduqlarını, Vətəni necə sevdiklərini, vətənpərvərliyi aşılamalıyıq”.
Xiyabana tələsən hər kəsin baxışlarında qəm-kədərlə yanaşı, bir mübarizlik, əzmkarlıq ifadəsi də hiss olunur. Dünyagörmüş ağsaqqalla ağbirçək də xiyabanı ziyarət edənlərin arasındadır. Öyrənirik ki, təqaüdçü müəllim Baba Babayevlə həyat yoldaşı Durna Həsənova Naxçıvanın Ordubad rayonunun Bist kəndindən gəliblər. Baba müəllim fikirlərini yığcam şəkildə belə ifadə etdi: “20 Yanvar miqyasına görə ağrı-acılı faciədirsə, mahiyyəti mübarizlikdir və tariximizin şanlı səhifəsidir. O dəhşətli gün bir daha təsdiqlədi ki, xalqımızın milli azadlıq duyğularını, qətiyyətini hər hansı imperiyanın nə tankı, nə topu, nə də digər ağır hərbi texnikası ilə sındırmaq olmaz!”
Ələmdar Cabbarlı BDU-nun dosentidir. Onun da fikirləri diqqət çəkir:
“20 Yanvar xalqımızın
tarixində ən şərəfli səhifələrdən
biridir. Əliyalın xalqımız məhz
o gün topların, tankların qabağına
çıxmaqla öz
mərdliyini, cəsarətini,
imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar
xalqımızın müstəqillik
savaşında böyük
əhəmiyyətə mailk
bir gündür.
Azadlıq aşiqləri
o zaman sübut etdilər ki, xalqı müstəqillik
yolundan heç bir imperiya, hər
hansı qüvvə döndərə bilməz.
Bugünkü müstəqilliyimizə görə biz 20 Yanvar şəhidlərinə borcluyuq.
Hesab edirəm ki, onların xatirəsi daha da əbədiləşdirilməlidir.
Əlbəttə, dövlətimiz
burada üzərinə
düşən hər
şeyi edir: xiyabanın abadlığı,
şəhidlərimizin adlarının
əbədiləşdirilməsi, ailələrinə qayğı,
onların sosial müdafiəsinin gücləndirilməsi
kimi mühüm tədbirlər görülüb.
Amma ictimaiyyətimiz də öz üzərinə düşən vəzifələri
yerinə yetirməlidir.
Məsələn, ədəbiyyatımızda bu insanların obrazları yaradılmalı,
bədii əsərlərdə
də onlar nümunə, örnək
kimi gənclərimizə
təqdim edilməlidir”.
Təbii ki, 20 Yanvar
öz dəhşətləri
ilə yaddaşımıza
yazılıb. Çürüməkdə
olan, müvazinətini itirmiş sovet imperiyasının cəlladları
o müdhiş gecədə
daşnaklarla birləşərək
Bakını qan çanağına döndərmişdilər. Keçmiş SSRİ-nin başçısı
M.Qorbaçov nəinki
milli azadlıq mübarizlərinin qətlinə,
əslində, insanlığa
və azadlığa qarşı fərman vermişdi. Lakin o dəhşətli gecədən qan içində çıxan xalqımızın
mərd, qorxmaz, mübariz övladları öz şəhidlikləri
ilə imperiya xislətli, erməni qiyafəli ölümə
qalib gəldilər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2016.- 20 yanvar.- S. 9.