Prezident İlham
Əliyev Davos Forumunun
“Yeni enerji
tarazlığı” mövzusunda
sessiyasında iştirak edib
Yanvarın
21-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən “Yeni enerji tarazlığı” mövzusunda
sessiyada iştirak edib.
Sessiyanın aparıcısı, CNN-in redaktoru Con DEFTERİOS Azərbaycan Prezidenti İlham Əliyevi və digər qonaqları təqdim edərək dedi:
-Cənab Prezident, Sizə “Brent”
markalı neftin 28 dollara
düşəcəyini desəydim mənim günorta
yeməyində su və ya
çay əvəzinə başqa
bir şey içdiyimi düşünərdiniz. Cənab
Prezident, bizə bu gün neftin qiymətini
gördükdə necə təəccüb keçirdiyinizi,
qiymətlər daha da
aşağı düşməyə davam
edərsə, gələcəyi necə
planlaşdıracağınızı danışın.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Nefti bundan daha
aşağı qiymətlərdə
görmək çətindir.
Ancaq bu gün bunu
gördükdən sonra
artıq buna da təəccüblənməyəcəyik.
Əlbəttə, buna hazır
deyildik. Biz Azərbaycanda
özümüzü neftsonrası
dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün
gözlənilməz oldu.
Eyni zamanda, bu, bizim
iqtisadiyyatımız üçün
bir zərbə idi. Biz bu il büdcəmizi
neftin 50 dollar qiymətinə
görə, ötən
il isə 90 dollar qiymətinə görə
planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı
və sosial təminatı eynilə saxlamalı olduq. Bizim iqtisadiyyatımız sabit və davamlıdır.
Bizim geniş ehtiyatlarımız
var. Bu vəziyyəti tarazlaşdıra
bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək.
“Cambridge Energy Research Associates” konsaltinq
şirkətinin vitse-prezidenti
Daniyel YERGİN neftin qiymətinin dünyanın
aparıcı və inkişaf etmiş ölkələrin iqtisadiyyatı
ilə əlaqəli olduğunu bildirdi. O, 2003-cü ildən
bəri OPEC-in neftin qiyməti ilə bağlı apardığı
siyasətdən danışdı.
Səudiyyə Ərəbistanının səhiyyə
naziri, “Saudi Aramco” neft şirkətinin rəhbəri Xalid
ƏL-FALİH ölkəsinin iqtisadi potensialından danışdı. Bildirdi ki, neftin qiymətinin aşağı
düşməsi davam
etsə bəzi istehsalçılar qısamüddətli
əməliyyat xərclərini
qarşılaya bilməyəcəklər.
“Bazarın bütün
istehsalçılara ehtiyacı
var”, - deyən Xalid Əl-Falih ilin sonunadək neftin qiyməti ilə bağlı proqnoz verməyə çətinlik çəkdiyini
bildirdi. Bununla yanaşı, neftin qiymətinin qalxacağına
ümidvar olduğunu dedi.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kiril DMİTRİYEV
qeyd etdi ki, bir çox
ölkələr bazarda
daha çox pay əldə etməyə çalışır və
bu da qiymətlərin
aşağı düşməsinə
təsir edir. Dünyanın enerjiyə çox ehtiyacı olduğunu bildirən Kiril Dmitriyev neftin qiymətinin sabitləşəcəyinə ümidvar olduğunu dedi. Onun sözlərinə
görə, Reuters-in analitiklər
arasında apardığı
sorğuya əsasən
gələn il
neftin bir barrelinin qiyməti 57.9
dollar olacağı gözlənilir.
Çinin Araşdırmalar və Enerji Siyasəti Universitetinin professoru Lim
BOCEN neftin qiymətinin
aşağı düşməsinin
ölkəsinin iqtisadiyyatına
təsirindən və
ümumilikdə, dünyada
hazırda mövcud olan maliyyə və iqtisadi böhranın Çində
də yaratdığı
fəsadların aradan
qaldırılması ilə
bağlı hökumətin
gördüyü tədbirlərdən
danışdı.
Nigeriyanın neft naziri, OPEC-in hazırkı prezidenti Emanuel
KAÇİKVU da neftin
qiyməti ilə bağlı nikbin fikirdə olduğunu bildirdi. Qeyd etdi ki, OPEC-ə
üzv ölkələrlə
quruma üzv olmayan ölkələr vəziyyətlə bağlı
danışıqlar aparmalıdır.
Sonra tədbirin aparıcısı
Con Defterios Prezident İlham Əliyevə yenidən sual verdi:
-Real olaraq Siz OPEC üzvü olmadan gündəlik 800
min barrel neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə
yaradıb “Azərbaycanda
çətinlik çəkirik,
bununla əlaqəli bir şey etməliyik”
demisinizmi?
Prezident
İlham Əliyev: Biz
bunu etməyə hazırıq. Əslində bu mövzu bir sıra OPEC üzvü olan ölkələrlə müzakirələrimizin
bir hissəsi olub. Biz böyük
istehsalçı deyilik.
Ancaq düşünürəm ki,
OPEC üzvləri və
OPEC üzvü olmayan
böyük istehsalçılar
arasında istehsalın
azaldılması istiqamətində
daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik.
Çünki təəssüflər olsun ki, hər
OPEC üzvlərinin görüşündən
sonra neftin qiyməti aşağı
düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq.
Bəlkə də bu görüşü keçirməmək
daha yaxşıdır.
Con Defterios: Son zamanlar OPEC-ə çox etibar edirsiniz.
Prezident
İlham Əliyev: Bu,
real vəziyyətdir. Düşünürəm ki, OPEC üzvü olmayan böyük istehsalçılar və
OPEC üzvləri arasında
istehsalın azaldılması
barədə razılıq,
əlaqələndirmə olsa
qarşılıqlı etibarı
artırar. OPEC təkbaşına bu qərarı verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır
və neftin qiymətinin ən aşağı həddə
enməsini gözləyirik.
Hər gün ən aşağı hədd olduğunu düşünürük
və daha sonra yeni neft
qiymətini görürük.
Sözün açığı,
ölkənin büdcəsini
tarazlamaq, investisiya üçün maliyyəyə
malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən
yorucudur. Bu, təkcə
neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr
arasındakı fərq
də budur. Biz sosial infrastruktura,
sənaye infrastrukturuna
investisiya qoymalıyıq.
Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və
qaz sənayesinə investisiya qoymalıyıq.
İndiki vəziyyət, əlbəttə,
ürəkaçan deyil.
Ancaq, eyni zamanda, bu,
Azərbaycanda islahatlar
üçün əlverişli
məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə
islahatlarına, iqtisadi
islahatlara, ixracat yönümlü qeyri-neft
məhsullarının istehsalına
başlamışıq və
neft amilini unutmalıyıq. Əvvəldə
dediyim kimi, özümüzü bu dövrə - 15-20-25 il sonraya hazırlamağa çalışırdıq.
Amma bunu indi etməliyik
və düşünürəm
ki, bu vəziyyətdən
çıxa biləcəyik.
Bir daha deyirəm, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir.
Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız
da demək olar ki, ümumi
daxili məhsul ilə eyni səviyyədədir.
Əminəm ki, biz böhrandan
çıxacağıq. Ancaq gələcək il üçün
büdcə planlaşdırması
aparmaqdan ötrü əlbəttə ki, proqnozlaşdırıla bilən
bir gələcək istəyirik.
Con Defterios: Sizin valyutanız 70 faiz devalvasiyaya məruz qaldı. Bu, çox ağrılı bir proses oldu
və hətta Azərbaycanda bir sıra etirazlar yaratdı. Buna səbəb
neftin qiymətlərinin
kəskin düşməsi
idi.
Prezident
İlham Əliyev: Bunun, əlbəttə, bir çox səbəbi var. Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız
ötən on ildə
dollara nisbətdə çox dəyər qazanmışdı. Manat
1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas
səbəbi isə qonşu ölkələrdə
milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı
azaldı və bu, büdcəmiz üzərində artıq
yükə çevrildi.
Beləliklə, bu, qaçılmaz
idi. Bacardığımız qədər bunun
qarşısını almağa
çalışdıq. Milli bank ehtiyatlarımızın bir
hissəsini itirdik.
Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən
məhsulların qiymətində
dərhal artım oldu. Biz hələ
də bəzi məhsullar baxımından
idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin
artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir
etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı
bir stress vəziyyəti
yaşaması idi. Amma artıq bu, bitdi və zənn
edirəm ki, Azərbaycandakı inkişaf
davamlı olacaq.
Azərbaycan dünyanın ən
sürətlə inkişaf
edən iqtisadiyyatına
sahib idi. Son 10 ildə iqtisadiyyatımız
300 faiz artmışdı
və zənnimcə bu, bizim üçün
bir qədər yüksək göstərici
idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları
ilə biz bu vəziyyətdən çıxacağıq.
SUAL: Cənab Prezident, son sözlərinizi
eşitmək istərdik.
Neftin 28
dollar qiymətində necə
bir planlaşdırma aparacaqsınız? Qiymətin ən
aşağıya çox
yaxın olduğumuzu düşünürsünüzmü? Növbəti rübdə vəziyyəti
dəyişə biləcəyikmi?
Prezident
İlham Əliyev: Bəli, mən belə düşünürəm.
Zənnimcə, daha
2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci
yarısında bazar böyüməyə başlayacaq.
Çünki biz hamımız bilirik ki, bu,
dövri sistemdir.
Böyük neft inkişafı
layihəsini 1994-cü ildə
işə salan zaman neftin qiyməti
ümumiyyətlə 12 dollar idi. Bu da
normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan
zaman xatırlayıram,
optimist ssenariyə görə
neftin qiyməti 23
dollar götürülmüşdü. İndi də 22 il əvvəlki
optimist ssenariyə çox
yaxınıq.
Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar
tələb edir.
Keçən il neft sektoruna
ən az investisiya qoyulmasının
şahidi olduq. Bu olmasa, qiymət
sözsüz yüksələcək.
Heç
bir proqnoz vermək istəmirəm.
Ancaq bir barrel üçün
60-70 dolların şirkətlərə,
investorlara, hökumətlərə
əla qiymət olacağını düşünürəm
və bunu gec-tez görməyə ümid edirəm.
Con Defterios:
2017-ni nəzərdə tutursunuz?
Prezident
İlham Əliyev: Bəli, belə düşünürəm. 2017-də.
Ümidvaram ki, bu ilin ikinci yarısı
sabitləşmə dövrü
olacaq və biz artımı görəcəyik.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 4.