2015-ci il üzrə dövlət büdcəsinin
icrası
Maliyyə
Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin
icrasına (operativ) dair məlumatı açıqlayıb.
Maliyyə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, 2015-ci il üzrə dövlət büdcəsinin mədaxili
17153,2 milyon manat, xərcləri 17786,8 milyon manat olub.
2015-ci
il üzrə dövlət büdcəsinin mədaxili 19438,0
milyon manat proqnoza qarşı 17153,2 milyon manat və yaxud 88,2
faiz icra olunub.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 7118,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən illə müqayisədə 4,5 milyon manat və yaxud 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,5 faizi və yaxud 5018,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilə nisbətən 711,6 milyon. manat və yaxud 16,5 faiz çoxdur.
2015-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək dövlət büdcəsinə 1591,9 milyon manat vəsait təmin edilib ki, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 milyon manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,4 faiz və yaxud 15,3 milyon manat çoxdur.
2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48,0 milyon manata qarşı büdcəyə 90,5 milyon manat və yaxud proqnoza nisbətən 2,0 dəfə çox vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 8130,0 milyon manat vəsait transfert edilib.
2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 5086,9 milyon manat icra olunub.
Ötən il dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17786,8 milyon manat icra edilib.
2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5628,4 milyon manat icra olunub.
2015-ci il ərzində dövlət büdcəsi xərclərinin 10361,5 milyon manatı və yaxud 58,2 faizi cari xərclərə, 6720,9 milyon manatı və yaxud 37,8 faizi əsaslı xərclərə, 704,4 milyon manatı və yaxud 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 31,9 faizi və yaxud 5665,9 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 188,0 milyon manat və yaxud 3,4 faiz çoxdur.
Funksional təsnifata uyğun olaraq 2015-ci ildə 2014-cü illə müqayisədə nəqliyyat və rabitə xərclərinə 35,4 faiz (31,2 milyon manat), ümumi dövlət xidmətləri xərclərinə 24,4 faiz (347,6 milyon manat), müdafiə xərclərinə 12,2 faiz (184,7 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,2 faiz (31,4 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,5 faiz (42,9 milyon manat), səhiyyə xərclərinə 6,4 faiz (42,9 milyon manat), təhsil xərclərinə 3,3 faiz (51,3 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 0,2 faiz (2,2 milyon manat) çox vəsait yönəldilib.
2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4994,4 milyon manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olub.
2015-ci il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Dövlət büdcəsinin kəsiri 633,6 milyon manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.
2015-ci ilin icmal
büdcəsinin gəlirləri 18207,3 milyon
manat, xərcləri isə 21067,1 milyon manat icra
olunub.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 7.