Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva Avropa Olimpiya
Komitələrinin Ali Ordeni
ilə mükafatlandırılıb
Yanvarın
21-də İsveçrənin Lozanna şəhərində
Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin
növbəti iclası keçirilib.
İclasda “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.
Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasının Lozanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu şəhəri dünyanın “Olimpiya paytaxtı” adlandırırlar. 1894-cü ildə Pyer de Kuberten tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı və bir çox beynəlxalq idman federasiyalarının mərkəzi ofisləri Lozannada yerləşir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının keçirildiyi Beynəlxalq Olimpiya Komitəsinə gəldi.
Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Azərbaycanın birinci xanımını salamlayaraq onu bu mərasimdə görməkdən şad olduqlarını bildirdi. O, Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirdi. Bu məsələdə böyük xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirən Pere MİRO dedi:
-Sizi evinizdə salamlamaq mənim üçün
böyük şərəfdir. Bilirsiniz ki, bu, sizin
eviniz, Olimpiya evidir. Beynəlxalq Olimpiya
Komitəsi bu görüşə ev sahibliyi etməkdən olduqca məmnundur. Bu görüşün
bizim hamımız üçün böyük
əhəmiyyəti var. Çünki
bu, böyük uğur qazanmış ilk Avropa Oyunlarının kulminasiyasıdır. Bu münasibətlə Avropa
Olimpiya Komitələrini
və Təşkilat Komitəsini təbrik edirəm. Bütün dünya bu Oyunların əhəmiyyətini
və Azərbaycanın
Oyunları yüksək
səviyyədə keçirdiyini
qəbul etdi.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci
Avropa Oyunlarının
Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın tərcümeyi-halı
barədə mərasim
iştirakçılarına məlumat verdi. O, Mehriban Əliyevanın ictimai xadim kimi
fəaliyyətindən danışdı,
onun Milli Gimnastika Federasiyasının
prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik
etdiyini vurğuladı.
Patrik Hikki dedi ki, Mehriban
Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin
həyata keçirilməsinə
rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına
layiq görülüb.
UNESCO və ISESCO-nun xoşməramlı
səfiri olan Azərbaycanın birinci xanımı Fransa,
Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının
mükafatına, “Qızıl
ürək” beynəlxalq
mükafatına və
digər mükafatlara
layiq görülən
Mehriban Əliyeva
2012-ci ildə keçirilən
“Eurovision” mahnı müsabiqəsinin
Təşkilat Komitəsinin
sədri olub. Hazırda o,
2017-ci ildə Bakıda
keçiriləcək İslam
Həmrəylik Oyunlarının
Təşkilat Komitəsinin
sədridir. Patrik
Hikki onu da dedi ki,
birinci Avropa Oyunlarının yüksək
səviyyədə təşkilinə
görə “Heydər
Əliyev” ordeninə layiq görülən Mehriban Əliyevaya
2014-cü ildə Afinada
Beynəlxalq Olimpiya Akademiyasının gənc
iştirakçılarının
54-cü beynəlxalq sessiyasında
Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub.
Sonra Avropada idmanın inkişafına
göstərdiyi xüsusi
xidmətlərə görə
Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı
olan Ali Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış
etdi.
Birinci xanım Mehriban
Əliyevanın çıxışı
-Avropa Olimpiya Komitələrinin prezidenti
hörmətli cənab
Patrik Hikki.
Cənab
Miro.
Avropa Olimpiya ailəsinin hörmətli
üzvləri, xanımlar
və cənablar, əziz dostlar.
İlk növbədə,
burada bu cür səmimi qarşılanmaya görə
sizə öz təşəkkürümü bildirmək istərdim. Cənab prezident,
bu cür xoş təqdimata görə sizə təşəkkür edirəm.
Mən burada olmaqdan çox xoşbəxtəm.
Sizin hamınızı bir daha görməkdən məmnunam. Məni bu görüşə
dəvət etdiyinizə
görə təşəkkür
edirəm. Mən Azərbaycandakı
bütün dostlarınızdan
sizə atəşli salamlar gətirmişəm.
Xidmətlərə görə Avropa
Olimpiya Komitələrinin
belə yüksək mükafatını qəbul
etmək mənim üçün böyük
şərəf və
qürurdur. Mən çox
xoşbəxtəm ki,
bu mükafat mənə birinci Avropa Oyunlarının uğuru münasibətilə
verilib. Cənab prezident, icazə
verin mən bütün “Bakı-2015” komandasının
adından bu mükafatı qəbul edim.
Cənab prezident, mən sizə oyunların uğurla keçirilməsinə
verdiyiniz əhəmiyyətli
töhfəyə görə
təşəkkürümü bildirmək istərdim. Sizin əminliyiniz
və sonsuz dəstəyiniz Avropa idman tarixində ilk Avropa Oyunlarını keçirmək barədə
qərarın qəbul
edilməsi üçün
əsas oldu. Əslində bu cür Oyunların keçirilməsi
ideyası cənab Patrik Hikkiyə məxsusdur. Biz ölkəmizə göstərdiyiniz
etimada, köməyinizə
və güclü dəstəyinizə görə
sizə minnətdarıq.
Bizim yanımızda olduğunuza
görə təşəkkür
edirik. Bu gün bütün idman ictimaiyyəti və bütün Azərbaycan xalqı sizi ölkəmizin yaxşı dostu hesab edir.
Mən, həmçinin
ölkəmizdə Olimpiya
Hərəkatına göstərdiyi
daimi diqqətə görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Baxa təşəkkürümü
bildirirəm. Onun birinci Avropa
Oyunlarının açılışında
şəxsən iştirak
etməsi Azərbaycanda
yüksək qiymətləndirilir.
Mən bir daha Oyunlara hazırlıq
və təşkili prosesində verdiyi böyük dəstəyə,
tövsiyələrə və
tərəfdaşlığa görə Avropa Olimpiya Komitələrinin bütün üzvlərinə
və Əlaqələndirmə
Komissiyasının sədri,
bizim yaxın dostumuz Spiros Kapralosa təşəkkürümü
bildirmək istərdim.
Birinci Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün
tarixi hadisə oldu. Təşkilat Komitəsinin sədri
olaraq mən çox xoşbəxtəm
ki, biz bu Oyunları kifayət qədər yüksək səviyyədə keçirməyə
müvəffəq olduq.
Bizim hazırlıqlara
cəmi 2 il
yarım vaxtımız
var idi. Lakin Azərbaycan vətəndaşları,
Oyunların iştirakçıları
və qonaqların hamısı Oyunların həqiqətən uğurla
keçdiyi qənaətindədir.
Biz çalışdıq.
Mən ümid edirəm və inanıram ki, biz 6 mindən çox Avropa idmançısı və
minlərlə qonaq üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və mən
əminəm ki, bu Oyunlar tarixdə
təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma
üzrə beynəlxalq
forum kimi qalacaq. Bu cür mühitin
yaradılması xalqlar
və ölkələr
arasında əlaqələri,
münasibət və
qarşılıqlı hörməti
möhkəmləndirir. Mən əminəm ki, bu gün dünyaya
lazım olan məhz budur.
Oyunlar bizə bu il müstəqilliyinin
bərpasının 25-ci ildönümünü
qeyd edəcək müasir Azərbaycanın
inkişafını nümayiş
etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf
və tərəqqi, həyatımızın bir
çox sahələrində
nailiyyətlər illəri
oldu. Mən deyə bilərəm ki, 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə çıxmış idmançılarımızın
Oyunlarda yüksək səviyyədə iştirakı
bu inkişafın bariz nümunəsidir.
Bu gün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün biz ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyik. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir. Mən fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə səfərə və bu mühüm tədbirlərdə iştiraka dəvət etmək istərdim.
Əziz dostlar, sonda mən bir daha fəaliyyətimə verdiyiniz yüksək qiymətə, səmimi qarşılanmaya görə sizin hamınıza təşəkkür etmək istərdim. Mən burada olmaqdan çox xoşbəxtəm. Bu, mənim buraya ilk səfərimdir. Ümidvaram ki, görüşlərimiz maraqlı və məhsuldar keçəcək. Mən yeni ildə sizə və ailələrinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulamaq istərdim. Bir daha təşəkkür edirəm.
X X
X
Patrik HİKKİ Azərbaycanın paytaxtında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bildirdi, Bakının gözəlliyinin, xüsusilə də xalqımızın qonaqpərvərliyinin onda böyük təəssürat yaratdığını vurğuladı. O, Avropa tarixində ilk dəfə baş tutan bu Oyunların yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğuladı, onun salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edərək dedi:
-Bakının gözəlliyi mənim avropalı həmkarlarımı heyrətə saldı. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, sizin bu Oyunları çox yüksək səviyyədə təşkil etməyinizə heyran qaldılar. Onlar hələ də bunu heyrətlə qeyd edirlər. Sonda mən çox dəyərli insana təşəkkürümü bildirmək istərdim. Bu, sizin həyat yoldaşınız, Azərbaycan Prezidenti İlham Əliyevdir. O, uzaqgörən möhtəşəm insandır və o, olmasaydı bütün bunlar olmazdı. Sizdən bizim səmimi təşəkkürümüzü ona çatdırmağınızı xahiş edirik. Mən onun hazırda Davosda olduğunu bilirəm. Bizim ən xoş arzularımızı ona çatdırmağınızı xahiş edirik.
Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA dedi:
-Cənab prezident, təşəkkür edirəm. Azərbaycan Prezidenti də məndən sizin hamınıza salamlarını çatdırmağı xahiş etdi. Bu xoş sözlərə görə sizə bir daha təşəkkür etmək istərdim. Mən demək istərdim ki, bu, mənim üçün böyük təcrübə idi. Mən olduqca xoşbəxtəm ki, çoxlu yeni dostlar qazandım, çoxlu yeni məlumatlar əldə etdim. Bu, mənim gündəlik fəaliyyətim üçün çox faydalıdır. Bir daha demək istərdim ki, sizi hər zaman Azərbaycanda görməkdən məmnunuq. Siz Azərbaycanın həqiqi dostlarısınız. Sizi hər zaman ölkəmizdə görməyə şadıq. Təşəkkür edirəm.
X X
X
Daha sonra birinci Avropa Oyunlarından bəhs edən filmin nümayişi oldu. Filmdə Oyunların açılış mərasimindən müxtəlif kadrlar göstərildi, idman yarışlarının keçirildiyi məkanlarda müşahidə olunan maraqlı anlar, qalib idmançıların sevincini əks etdirən görüntülər mərasim iştirakçılarına təqdim edildi. Filmdə birinci Avropa Oyunlarının bağlanış mərasiminə də yer verildi, Avropa tamaşaçılarının maraqla izlədiyi həmin anlar yenidən canlandı.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak edirdilər. Onu da deyək ki, bu mükafata indiyə qədər Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, London Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Sebastyan Koe və digər nüfuzlu idman xadimləri layiq görülüblər.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S.8.