Moskvalı jurnalistin təəssüratları
“Hər hansı bir ölkəyə səyahətə çıxırsansa mütləq dəyişəcəksən, əvvəlkindən fərqli olacaqsan”. - Çinlilərin bu atalar sözünün ildə 10-15 ölkəni gəzən turist kimi həmişə həqiqətə çox yaxın olmasının şahidiyəm. Gəzdiyim ölkələrdən aldığım təəssüratlar, qədim şəhərlərin, qalaların, müasir tikililərin yaddaşıma hopan rəsmləri həqiqətən də ruhuma yenilik gətirir. Bu yaxınlarda İspaniyadan əvvəl Azərbaycana bir həftəlik səfərim də yaddaşımda dərin izlər buraxdı, aldığım sonsuz təəssüratlar məni müəyyən mənada dəyişdi, zənginləşdirdi.
Bu ölkəyə ilk dəfə gəncliyimdə - ötən əsrin 80-ci illərinin ortalarında bir neçə günlük ezamiyyətə gəlmişdim. Təyyarəmiz adi, başqalarından heç nə ilə fərqlənməyən sovet aeroportuna endi. Bir neçə gün “Volqa” avtomobilində Şimaldan tutmuş Cənuba - Lənkərana kimi gəzdik. Bakını ötəri - bir gələn gün, bir də gedəndə gördüm. Bu da əsasən gecə vaxtlarına təsadüf etdiyindən şəhər bir o qədər yaxşı yadımda qalmadı. Bir məşhur Bakı bulvarından - bütün bayramların çiçəklədiyi və insanların təbəssümlə bir-birinə qovuşduğu məkandan başqa. Dənizdən aralıda yaşayıb qəfildən dənizə qovuşan adam kimi Bakı bulvarı hələ ötən əsrin sonundakı gözəlliyi ilə məni valeh etdi. Ləpələrin pıçıltısında sanki Müslüm Maqomayevin dəniz haqqında kövrək mahnısını eşidirdim. Böyük şəhərdə üzügülər insanların qonaqpərvərliyi, dadlı milli xörəklərin tamı və hələ indiyədək mənasını başa düşmədiyim sağlıqlar yadımda ən uzun və bayramsayağı ziyafətin son işartıları kimi həkk olunub. Bu o vaxtdan yadımda qalan hisslərdir.
Aradan 30 il keçəndən sonra Bakıya məni tələbəlik dostum dəvət etdi. Əlaqələrimiz zəif idi, 30 il idi ki, görüşmürdük. O dəvət etdi, mən də imkan tapıb Bakıya uçdum. Təəssüratlarım 30 il əvvəlkindən - Bakıya birinci gəlişimdən fərqli oldu.
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıya ilk dəfə gələn bütün qonaqları bənzərsiz gözəlliyi ilə valeh etdiyi kimi, məni də biganə qoymadı. Aeroport sanki nağıla bənzəyir, hiss olunur ki, memarlıq həllində hər şey tərəqqiyə, yüksəlişə hesablanıb. Aeroportun böyüklüyü deməyə əsas verir ki, Bakıya uçanların sayı getdikcə artacaq. Ümumiyyətlə, Bakıda səyahətdə olduğum bir həftə ərzində əmin oldum ki, gördüyüm hər şey məhz gələcək tərəqqiyə hesablanıb.
Müasir ölkələrdə
hava limanından şəhərə uzanan yollar bir
qayda olaraq paytaxtın
vizit kartı kimi düşünülür. Bakıda da bir meqapolis
kimi bu meyarlara
ciddi əməl olunub. Yol boyu gördüyüm
yeni komfortlu tikililər, müasir standartlarla fasadları üzlənmiş köhnə
binalar da şəhərin həqiqətən
çiçəklənməsinə işarədir. Gedirsən və
yol boyu qarşında açılan
mənzərələrin gözəlliyindən
zövq alırsan.
Bakıda
qaldığım günlərdə
artıq 1980-ci illərdəkindən
bir neçə dəfə uzun və simasını tamamilə dəyişən
bulvarı, məşhur
sovet filmlərinin az qala pavilyonuna çevrilən İçərişəhəri, müasir və köhnə Bakının
digər rəmzlərini
gördüm. Yeni yaşayış
rayonları, buketi xatırladan səliqəli
və zövqlə salınan parklar, mərkəzdə şüşə
beton konstruksiyalardan ucalan göydələnlərə
heyran qaldım. Əlbəttə, Şərq bazarının
özünəməxsus incəlikləri
var, orada gəzib kiçik bazarlıq da etmək olur, bir qədər dincəlmək də mümkündür. “Meyvəli” logistik mərkəzi isə nəhəng bazardan daha çox Azərbaycanın ləziz
meyvələrinin sərgiləndiyi
nadir muzeyi xatırladır.
Bu bazarda meyvələrin
bir-birinə qarışan
ətrini, qiymətlərin
cənub ucuzluğunu çətin yaddan çıxararam.
Bakıda hər şey gözəl, aydın idi. Şəhər günəşin nuruna bələnirdi, ağacları və binaları sığallayan
küləklər qışda
hələ payız libası ilə vidalaşmaq istəməyən
Bakını əsl kurort şəhərinə
bənzədir. Qış olsa
da, günəş Şimaldan fərqli olaraq işığını
və hərarətini
qismən də olsa qoruyub saxlaya
bilir. Küləyin qovduğu buludlar
göyləri zəbt
edib günəşi gizlədəndə belə
ümumi mənzərə
cansıxıcı olmur.
Bir tərəfdə dənizdə
dalğaların rəqsi,
o biri tərəfdə
isə göydələnlərin
ayağına mirvari dənələri kimi atılan zümrüd parklar şəhərin gözəlliyini və şuxluğunu qoruyur.
Axşam düşəndə isə bir-birinin ardınca alışıb yanan gecə işıqları şəhəri çilçıraqlarla bəzəyir, küçələri dolaşmağa çıxan şəhərlilərə, əcnəbilərə bayram ovqatı bəxş edir. Binalardan, dirəklərdən sallanan minlərlə çilçıraqları görəndə anlayırsan ki, şəhər hakimiyyəti küçələrin işıqlandırılmasında səxavətlidir və işığa qənaət etmək niyyətində deyil. Sözün yaxşı mənasında bu cənub şəhərinin sakinlərinə qibtə edirəm. Bakıda gəzərkən dünyanın heç bir şəhərində mümkün olmayan sehrli məkan və zaman yerdəyişmələri etmək mümkündür. Sanki uçan xalçanın üstündə minillikləri səyahətə çıxırsan. Qədim Qız qalasının aşağısındayıq, 3-5 dəqiqəyə qəfildən qarşında şüşəli göydələnlər ucalır, günəşin işığında bərq vururlar. Prezident Administrasiyasının yanındasan, XXI əsrdir, lakin göz qırpımında yolu adlayan kimi zamanı yüz il geri ataraq Qubernator bağına düşürsən, özünə gəlməyə macal tapmamış görürsən ki, zaman səni min il də geriyə atıb, İçərişəhərin qala divarlarının yanındasan. Üzü aşağı dənizə tərəf sakitcə addımlayırsan. Solunda Şərqin min əsrlik qala divarları, sağında Avropanın intibah dövrünü xatırladan memarlıq abidələri səni təəccübləndirir. İrəlidə isə dəniz gözləyir. Burada qağayıların qıy vurub səni göylərə çağıran səslərinə qarışırsan. Əsl kurort şəhəri dünyanın çox yerində belə olur. Addımbaşı məsafələrin və zamanın yerdəyişmələri Bakının əsas cizgiləridir. Belə şəhərdə insanların darıxması mümkün deyil, depressiya və stresə də yer qalmır. Bu şəhərdə darıxmaq da mümkün deyil. Bakı insanda hərəkət etmək, irəliyə addımlamaq, arzulara qovuşmaq həvəsi yaradır, həyatda yeni nəsə qazanmağa, nəyisə əldə etməyə ruhlandırır.
Mənim rəmzlərini uca tutan ölkələrə xüsusi rəğbətim var. Ən çox xoşuma gələn xüsusiyyətlərdən biri də Dövlət Bayrağının ölkənin qürur mənbəyi kimi uca tutulmasıdır. Azərbaycan məhz belə ölkələrdən biridir. Dövlət bayrağı hər bir şəhərdə, rayon mərkəzlərində dalğalanır. Olduğum rayonlarda ən məşhur azərbaycanlı Heydər Əliyevin adına salınan parklar, ona ucaldılan abidələri gördüm. Azərbaycanlılar öz tarixlərində layiqli iz qoya bilən heyrətamiz insana içlərində sonsuz rəğbət bəsləyir, onun adı ilə bağlı nə varsa, göz bəbəyi kimi qoruyurlar. Heydər Əliyevi Rusiyada bu gün də unutmurlar, O bizim müştərək tariximizdə haqqında həmişə hörmət və ləyaqətlə danışılan nadir insanlardandır. Belə nikbin ölkə istənilən çətinliklərə qalib gələcək, sürətlə də inkişaf edəcək.
İqor SUXANOV
Moskva
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 11.