Azərbaycan Prezidenti İlham
Əliyevin İsveçrə Prezidenti Yohan Şnayder-Amman ilə
görüşü olub
Xüsusi
müxbirimiz xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
22-də Davosda İsveçrə Konfederasiyasının
Prezidenti Yohan Şnayder-Amman ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışıldı.
Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparıldı, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edildi.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllinə dair
danışıqların hazırkı vəziyyəti ilə
bağlı müzakirələr aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 23 yanvar.- S. 1.