Heydər
Əliyev Fondunun çoxşaxəli fəaliyyəti beynəlxalq
miqyasda yüksək qiymətləndirilir
Avropa Olimpiya Komitələrinin Ali
Ordenilə mükafatlandırılan Mehriban Əliyeva Azərbaycanda
da “İlin adamı” elan edildi
2004-cü
ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər
Əliyev Fondu xeyirxah və humanist insani dəyərlərə
tapınaraq ümummilli liderin zəngin dövlətçilik
irsinin bütün dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl iş aparır. Fondun çoxşaxəli fəaliyyəti nəinki
Azərbaycanda, eləcə də ölkə
hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondu dünyada məşhur tarixi
şəxsiyyətlərin adını daşıyan, uzun illər
fəaliyyət göstərməsinə baxmayaraq, işi
sırf xeyriyyəçiliklə məhdudlaşan analoji
qurumlardan tamamilə fərqlənir. Yaradılarkən
çoxlarının yalnız xeyriyyəçilik
yönümündə fəaliyyət göstərəcəyini
zənn etdiyi fond zaman baxımından qısa müddətdə
reallaşdırdığı çoxşaxəli layihələrin
miqyası ilə gözlənildiyindən xeyli böyük
amalları uğurla gerçəkləşdirmişdir.
Fond qısamüddətli fəaliyyəti dövründə
ümummilli liderin zəngin dövlətçilik irsinin
öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət,
səhiyyə və idmanın inkişafına xidmət edən
layihələrin reallaşdırılması, milli-mənəvi
ideallara, humanist, insanpərvər dəyərlərə sadiq
gənc nəslin formalaşdırılması, gender bərabərliyinin
təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu
beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq
aləmdə dəstəklənməsi istiqamətində son
dərəcə uğurlu nəticələrə imza
atmış, böyük ictimai rəğbət
qazanmışdır.
Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa
himayəsi ilə Azərbaycanda muğam sənətinin
qorunması, inkişafı və təbliği sahəsində
böyük işlər görülmüşdür. Azərbaycan
muğamının UNESCO-nun bəşəriyyətin
qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil
olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun ötən illərdə milli mədəniyyətin
təbliği sahəsində həyata keçirdiyi uğurlu
layihələrdən biri də “Qarabağ xanəndələri”
albomu olmuşdur. UNESCO xətti ilə hazırlanmış alboma belə
bir adın seçilməsi Qarabağın əzəli və
əbədi Azərbaycan torpağı olduğunu bütün
dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.
Heydər Əliyev Fondu fəaliyyətində həm də
ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq
miqyaslı qeyri-hökumət təşkilatına
çevrilmiş, fəaliyyəti ilə müxtəlif
ölkələrin ictimai, elmi, mədəni həyatına fəal
təsir imkanları əldə etmişdir. Ötən 11 ildə fondun
bilavasitə təşəbbüsü və təşkilatçılığı
ilə Beynəlxalq Millətlər Təşkilatının,
İslam Əməkdaşlıq Təşkilatının və
digər nüfuzlu qurumların dünyada
savadsızlığın aradan qaldırılmasına, gender
bərabərliyinə, milli-mədəni müxtəlifliyin,
habelə uşaq hüquqlarının qorunmasına,
sivilizasiyalararası dialoqun genişləndirilməsinə,
etnik, dini, irqi ayrı-seçkiliyin aradan
qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz
Bakı şəhərində keçirilməsi buna əyani
sübutdur.
Ermənistanın təcavüzkarlıq siyasətinin
ifşası, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, habelə işğal nəticəsində
tarixi torpaqlarından didərgin düşmüş məcburi
köçkünlərin hüquqlarının beynəlxalq
miqyasda qorunması məsələləri fondun fəaliyyətində
xüsusi yer tutur. Heydər Əliyev Fondunun ən uğurlu
layihələrindən hesab edilən “Qarabağ həqiqətləri”
silsiləsi də buna bariz nümunədir. Beynəlxalq
ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr
edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz,
diaspor təşkilatlarımız və digər kanallarla bütün
dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu
“Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ
münaqişəsinin başlanması”, “Xocalı
soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün
nəticələri”, “Erməni terror təşkilatlarının
Azərbaycana qarşı fəaliyyəti”
kitabçalarından ibarətdir. Bu
topluların elektron variantları Avropa dövlətlərində
keçirilən soyqırımı qurbanlarının xatirəsini
anma mərasimlərində xarici ölkələrin diplomatik
korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi
informasiya vasitələrinə, tanınmış siyasi-ictimai
xadimlərə paylanmışdır.
Ölkədə
etnik-milli və dini tolerantlığın inkişafında,
habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində
Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın da xidmətləri müstəsnadır.
Ümummilli lider Heydər Əliyevin adını
daşıyan fonda əzmlə rəhbərlik
edən Mehriban Əliyeva nəinki ölkədə, habelə
xarici ölkələrdə mədəni-dini abidələrin
bərpasını əsas fəaliyyət prioritetlərindən
biri hesab edir. Son illərdə fondun təşkilatçılığı
ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi,
Parisdə Versal sarayının parkındakı abidələr,
İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr
və Marsellina sərdabəsi bərpa edilib. Heydər
Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan,
Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə
bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika
ölkələrinin qeyri-maddi mədəni irsinin
qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə
imza atılıb.
Azərbaycan təmsilçilərinin “Eurovizion-2011”
müsabiqəsindəki parlaq qələbəsi də fondun
göstərdiyi yüksək diqqət və
qayğının nəticəsi kimi xüsusi
vurğulanmalıdır. Bu parlaq qələbədən sonra yeni
müsabiqənin Azərbaycanda təşkili ilə
bağlı yaradılmış Təşkilat Komitəsinə
Heydər Əliyev Fondunun prezidentinin sədr təyin
olunması və bu möhtəşəm beynəlxalq musiqi
yarışmasının da yüksək səviyyədə
keçirilməsi deyilənlərə əyani sübutdur.
2012-ci ildə Azərbaycanın birinci xanımının sədri
olduğu Təşkilat Komitəsi “Eurovizion-2012”ni yüksək
səviyyədə keçirməklə Azərbaycanın təşkilatçılığa,
zəngin mədəniyyətə, tolerantlığa malik
ölkə olduğunu bir daha sübut etdi. I
Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsi də bu baxımdan əlamətdar hadisə
kimi yadda qalıb.
2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun
xoşməramlı səfiri seçilən fondun prezidenti
Mehriban xanım Əliyeva nəcib əməllərinə
görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri
adlara, təltiflərə layiq görülmüşdür. Hələ
2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə,
eləcə də Rusiya və Azərbaycan xalqları
arasında dostluğun möhkəmlənməsi sahəsində
xidmətlərinə görə Rusiyanın “Yüzilliyin
mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç”
ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın
birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı
İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə
keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə
ana, uşaq, ailə sağlamlığının qorunması
və möhkəmlənməsi işində xüsusi xidmətlərinə
görə mükafata, həmçinin genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci
ilin mayında Rusiyada “Qızıl ürək” beynəlxalq
mükafatına layiq görülmüşdür. Həmin il
mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə
Təşkilatının ali orqanı olan Dünya Səhiyyə
Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin
inkişafında, yeni xəstəxanaların
açılmasında, onların müasir avadanlıqla təchiz
edilməsində Mehriban xanım Əliyevanın
gördüyü işlər xüsusi vurğulanmış və
ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun
mükafatı təqdim edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Polşa
Respublikasının “Xidmətlərə görə”
Böyük Komandor Xaçı ordeni ilə təltif
olunmuşdur.
2010-cu ilin fevralında Azərbaycanın birinci
xanımı Fransanın “Şərəf legionu” ordeninə,
avqustunda isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq
görülmüşdür.
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana
Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də Mehriban
Əliyevaya MDB iştirakçısı olan dövlətlərin
Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və
MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən
“Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim
edilib. 2014-cü ilin mayında Mehriban Əliyeva
sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin
Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya
əlaqələrinin inkişafındakı xidmətlərinə
görə Türk-Alman Dostluq Federasiyasının fəxri
mükafatına layiq görülüb.
Azərbaycanın
ictimai, sosial və mədəni həyatında fəal
iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi
mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin
dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə,
həmçinin ümumdünya mədəni irsinin qorunub
saxlanması işinə hərtərəfli dəstəyinə,
sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə
görə “The Business Year” jurnalı tərəfindən
2014-cü ilin mayında “İlin Birinci Xanımı”
mükafatına layiq görülüb. 2014-cü
ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki
xidmətlərinə görə Beynəlxalq Olimpiya
Akademiyasının “Olympic Excellence” xüsusi fəxri
mükafatı ilə təltif olunub.
2015-ci ildə isə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan”
ordeni ilə təltif olunub. Pakistan Prezidenti Məmnun
Hüseyn fevralın 11-də bu barədə sərəncam
imzalayıb. “Hilal-e Pakistan” Pakistan İslam
Respublikasının ali ordenidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
“Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci
xanımdır. Bütün bu yüksək təltiflər
Heydər Əliyev Fondunun beynəlxalq miqyasda
tanındığını və fəaliyyətinin rəğbətlə
qarşılandığını göstərir.
2016-cı
il yanvarın 21-də İsveçrənin
Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin
İcraiyyə Komitəsinin növbəti iclası
keçirilib. İclasda “Bakı-2015” I Avropa Oyunları Təşkilat
Komitəsinin rəhbəri, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya Avropada idmanın
inkişafında göstərdiyi xüsusi xidmətlərə
görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin
qərarı ilə Avropa Olimpiya Komitələrinin ən
yüksək mükafatı olan Ali Orden təqdim edilib.
Avropa
Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq
görülən Azərbaycanın birinci xanımı,
“Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən
danışıb, onun Milli Gimnastika Federasiyasının
prezidenti kimi bir çox Avropa və dünya səviyyəli
idman tədbirlərinin keçirilməsinə rəhbərlik
etdiyini vurğulayıb. Patrik Hikki bildirib ki,
Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir
çox nəhəng layihələrin həyata keçirilməsinə
rəhbərlik edib və dünyanın nüfuzlu
mükafatlarına layiq görülüb. Hazırda
o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik
Oyunlarının Təşkilat Komitəsinin sədridir.
Mehriban
Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin
iclasında bildirib: “Birinci Avropa Oyunları Avropa idmanı və
Azərbaycan üçün tarixi hadisə oldu. Təşkilat Komitəsinin sədri olaraq mən
çox xoşbəxtəm ki, biz bu Oyunları kifayət qədər
yüksək səviyyədə keçirməyə müvəffəq
olduq. Bizim hazırlıqlara cəmi 2 il
yarım vaxtımız var idi. Lakin Azərbaycan
vətəndaşları, Oyunların iştirakçıları
və qonaqların hamısı Oyunların həqiqətən
uğurla keçdiyi qənaətindədir. Biz çalışdıq. Mən
ümid edirəm və inanıram ki, biz 6 mindən çox
Avropa idmançısı və minlərlə qonaq
üçün dostluq və həmrəylik mühiti yarada
bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və
mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk
Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik
və qarşılıqlı anlaşma üzrə beynəlxalq
forum kimi qalacaq. Bu cür mühitin
yaradılması xalqlar və ölkələr arasında əlaqələri,
münasibət və qarşılıqlı hörməti
möhkəmləndirir. Mən əminəm
ki, bu gün dünyaya lazım olan məhz budur.
Oyunlar bizə
bu il müstəqilliyinin bərpasının
25-ci ildönümünü qeyd edəcək müasir Azərbaycanın
inkişafını nümayiş etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf və tərəqqi,
həyatımızın bir çox sahələrində
nailiyyətlər illəri oldu. Mən deyə bilərəm
ki, 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə
arasında ikinci yerə çıxmış
idmançılarımızın Oyunlarda yüksək səviyyədə
iştirakı bu inkişafın bariz nümunəsidir”.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva Milli Qəhrəman Çingiz
Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən
“2015-ci ilin adamı” elan edilib. Mehriban Əliyeva bu mükafata Təşkilat
Komitəsinin sədri kimi I Avropa Oyunlarının yüksək
səviyyədə təşkili və keçirilməsindəki
xidmətlərinə, Azərbaycanın müsbət imicinin
dünyada tanınması istiqamətində göstərdiyi
genişmiqyaslı fəaliyyətə, Azərbaycan və
dünya mədəniyyətinin qarşılıqlı
inteqrasiyası üçün gördüyü işlərə,
ölkədə multikulturalizm mühitinin
formalaşdırılmasına verdiyi töhfələrə və
ardıcıl xeyriyyəçilik fəaliyyətinə
görə layiq görülüb.
Xatırladaq
ki, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS
Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban
Əliyevaya “İlin adamı” mükafatını təqdim
etmişdi. Bu ada Azərbaycan
Respublikasının müstəqilliyi, onun çiçəklənməsi,
müsbət imicinin formalaşdırılması naminə
yüksək xidmətləri ilə seçilən şəxslər
layiq görülür.
Heydər Əliyev Fondunun son 11 ildə həyata
keçirdiyi bütün layihələr milli xüsusiyyətlər,
yerli tələb və ehtiyaclarla çulğalaşaraq
olduqca maraqlı və rəngarəng forma almışdır. Fond hansısa
ayrıca götürülmüş sahənin inkişafı
naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən
tutmuş, ölkənin səhiyyə və təhsil
sisteminin, mədəniyyət və incəsənətinin
inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın
beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər
müxtəlif sferalarda məhsuldar fəallıq
nümayiş etdirir.
Elnur HACALIYEV,
Azərbaycan. - 2016.- 23 yanvar.- S. 4.