Azərbaycan
2015-ci ildə də qlobal əhəmiyyətli tədbirlərin
mərkəzi oldu
Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Bütün bunlar həm də iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti az rol oynamır.
Bakıda hər il beynəlxalq humanitar forumların keçirilməsi, ilk növbədə respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunu, mədəniyyətlər arasında körpü rolunu oynadığını göstərir. Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlığa və milli münasibətlərə baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 12 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.
Azərbaycanın ildən-ilə artan potensial imkanları ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Ötən illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirdi. Dünyanın ən müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət xadimlərinin də qatıldığı mötəbər tədbirlər Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Ötən bir il ərzində ölkəmizdə keçirilən beynəlxalq forumlarda, konfranslarda iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm hadisə olmuşdur. Şübhəsiz ki, bu mötəbər tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verirlər.
Rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun “diplomatik paytaxtı”na çevirib. “Evrovizion-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər idman tədbirinə - “Bakı 2015” ilk Avropa Oyunlarına da ev sahibliyi etdi. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi.
Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. 2015-ci ildə keçirilən tədbirlər də bu baxımdan xüsusilə diqqəti cəlb edir. 2015-ci il martın 2-də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclası keçirilib. İclasda 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub.
2015-ci il martın 19-da Bakıda “NATO-nun Uels sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı nümayəndəliyi və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Azərbaycan, NATO və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.
Aprelin 16-17-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur. Etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Beynəlxalq konfransda xüsusi vurğulanıb ki, İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, bu gün Azərbaycan Respublikası müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir.
Aprelin 27-də Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) “Xəzər regionunun geosiyasi icmalı: Azərbaycan üçün yeni rol” mövzusunda konfrans keçirliib. Konfransda regionun tarixi və geosiyasi inkişafı, region ölkələrinin mövqeləri və strateji maraqları, böyük dövlətlərin, o cümlədən beynəlxalq və regional təşkilatların apardıqları siyasət və bunun bölgəyə təsiri və s. mövzularla bağlı müzakirələr aparılıb. Mayın 1-dək davam edən konfransda regiondakı geosiyasi, hərbi-siyasi, iqtisadi vəziyyət, Xəzər regionunun enerji aspektləri, Xəzərin hüquqi statusu, Azərbaycanın regionun təhlükəsizliyində rolu mövzuları diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycan, Almaniya, Bolqarıstan, Gürcüstan, Kanada, İtaliya, Litva, Macarıstan, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələrdən qırx tələbə və gənc alim iştirak edib. 2003-cü ildən fəaliyyət göstərən NISA beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli platformadır. 70 ölkədən mindən çox məzunu olan NISA-nın məqsədi Avratlantik məkanda və onun hüdudlarından kənarda yerləşən ölkələrin gənc elmi tədqiqatçıları, müstəqil ekspertlər arasında əməkdaşlıq şəbəkəsinin qurulmasından, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək təhdidlərin müzakirəsindən və onların həlli yollarının araşdırılmasından ibarətdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə aprelin 28-29-da III Qlobal Bakı Forumu keçirilib. Xatırladaq ki, forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində müzakirələr aparılıb.
Qlobal Bakı Forumu artıq ənənə halı alıb və onun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayı ilbəil artır. III Qlobal Bakı Forumunda dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev forumun rəsmi açılış mərasimində bildirib: “Düşünürəm, bu, nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək”. Azərbaycan Prezidentinin dediyi kimi, bu forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir.
Mayın 4-də Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı keçirilib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər. Asiya İnkişaf Bankının 48-ci illik toplantısının Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin may ayında Manilada bankın Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul edilib. Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Elə həmin il mayın 22-də Prezident İlham Əliyev Baş nazirin birinci müavininin sədrliyi ilə təşkilat komitəsinin yaradılması barədə müvafiq sərəncam imzalayıb.
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı kimi mühüm bir tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz respublikamızda keçirilib. Bu nüfuzlu toplantıya üzv ölkələrin yüksək səviyyəli hökumət rəsmiləri, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, həmçinin beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, tanınmış alimlər, ekspertlər, gənc mütəxəssislər, ümumilikdə 3000-dək nümayəndə qatılıb. Toplantı çərçivəsində keçirilən silsilə tədbirləri ölkəmizin kütləvi informasiya vasitələri ilə yanaşı, dünyanın 200-dək media orqanı geniş işıqlandırıb.
Bakıda
III Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu isə mayın 18-də baş tutub. Üçüncü
Dünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident
İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Avropa Şurası, Avropa Şurasının
Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox dövlətin
nümayəndələri, 50-dən çöx ölkədən
nazir, nazir müavinləri, parlament təmsilçiləri və
digər yüksək səviyyəli rəsmilər, 10-dan
artıq beynəlxalq qurumun rəhbəri iştirak edib.
Xatırladaq ki, Mədəniyyətlərarası Dialoq üzrə
I Dünya Forumu 2011-ci il aprelin 7-9-da Bakıda baş tutub. Forum
iştirakçıları konseptual əsaslar, idarəetmə,
siyasətə dair müxtəlif aspektlərdə mədəniyyətlərarası
dialoq məsələlərini müzakirə ediblər. II forum isə 2013-cü il 29 may - 1 iyun tarixində Bakıda
keçirilib.
Mayın 23-də Bakıda Beynəlxalq Qara Dəniz və
Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq
Fondunun Baş Assambleyasının və Direktorlar
Şurasının 14-cü toplantısı keçirilib. Fond Qara dəniz
və Xəzər dənizi bölgəsində baş verən
hadisələri yaxından izləyir, maraqlı tərəflər
arasında dialoqa xüsusi önəm verir. Bu qurum hərbi təcavüz, dövlətlərin ərazi
bütövlüyünün pozulması hallarını qətiyyətlə
pisləyir. Fond Azərbaycanın, Gürcüstanın,
Moldovanın, Ukraynanın ərazi
bütövlüyünün bərpasının tərəfdarıdır.
Toplantının sonunda Bakı Bəyannaməsi qəbul
edilib. Sonra fonda sədrlik rotasiya qaydasında Azərbaycan
tərəfinə keçib. Xatırladaq ki,
qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan
Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq
və Tərəfdaşlıq Fondu 2009-cu ildə
Rumıniyanın paytaxtı Buxarestdə yaradılıb.
Sentyabrın 16-19-da Bakıda Beynəlxalq Avrasiya Mətbuat
Fondunun (BAMF) təşkilatçılığı, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının dəstəyi
ilə “Dini və milli tolerantlıq - millətlərarası
münasibətlərin inkişaf etdirilməsində
medianın rolu” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumda dünyanın
müxtəlif ölkələrindən dəvət olunan
qonaqlar, jurnalistlər və ekspertlər Azərbaycandakı
tolerantlıq ənənələri ilə daha yaxından tanış olublar. Forum
iştirakçıları Quba, Qəbələ, Şəki
və Qax rayonlarında səfərdə olublar.
Noyabrın
12-14-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsinin 20, BMT-nin və UNESCO-nun 70 illik yubileylərinə
həsr olunan “Konstitusion hüquq və azadlıqların təmin
olunmasında ölkədaxili və beynəlxalq təşkilatların
əməkdaşlığının rolu” mövzusunda
ombudsmanların XIII Bakı Beynəlxalq konfransı
keçirilib. Beynəlxalq konfransın sonuncu -
üçüncü günündə Bakı Bəyannaməsi
qəbul olunub.
Noyabrın 23-27-də Bakıda İslam Təhsil, Elm və
Mədəniyyət Təşkilatının (ISESCO) Baş
Konfransının XII sessiyası baş tutub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyeva sessiyanın açılışında iştirak
ediblər. Sessiyanın açılışında
beynəlxalq təşkilatların və xarici ölkələrin
yüksək səviyyəli nümayəndələri, mədəniyyət
və təhsil nazirləri, diplomatlar iştirak ediblər.
Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının Baş Konfransının XII
sessiyasının yekun iclasında bəyanat qəbul edilib. Bəyanatda İslam ümmətinin
son dövrlər baş verən hadisələrlə,
torpaqların işğalı, milli irsin məhv edilməsi ilə
bağlı narahatlıq, Azərbaycan Prezidenti İlham
Əliyevin, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin
və digər nüfuzlu şəxslərin fikirləri əks
olunub. İclasda həmçinin ISESCO Baş
Konfransının XII sessiyasının yekun hesabatı və
yekun qətnamə layihələri qəbul olunub. Qeyd edək ki, Bakıda keçirilən İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatının Baş
Konfransının XII sessiyasında təşkilatın baş
direktoru seçilib. Təşkilatın
növbəti üç ilə fəaliyyət planı
müzakirə olunub.
Azərbaycan son illərdə dünya miqyaslı bir
sıra idman yarışlarını da uğurla təşkil
edərək beynəlxalq və Avropa olimpiya komitələrinin
etimadını qazanıb. Elə bunun nəticəsidir ki,
2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının
Ciddə şəhərində İslam Həmrəyliyi
İdman Federasiyasının (İHİF) səkkizinci
hesabat-seçki Baş Assambleyası çərçivəsində
federasiyaya üzv olan milli olimpiya komitələri 2017-ci ildə
IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək
üçün Azərbaycanın namizədliyinə səs
veriblər. Tam səs çoxluğu ilə ölkəmizin
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul
edilib. 57 ölkəni təmsil edən
idmançıların qatılacağı yarışın əsas
şüarı “Həmrəylik bizim gücümüzdür”
seçilib. 2013-cü il sentyabrın
22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində
keçirilmiş III İslam Həmrəyliyi
Oyunlarının açılış mərasimi zamanı
İHİF-in bayrağı Azərbaycana verilmişdi.
IV
İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın
ev sahibliyi etməsi ilə bağlı
İslam Həmrəyliyi İdman Federasiyası ilə
müqavilə imzalanıb. IV İslam Həmrəyliyi
Oyunları 2017-ci ildə mayda - ramazan ayından əvvəl təşkil
olunacaq. Yarışın proqramına 19-20
idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” I
Avropa Oyunlarının proqramı ilə qismən də olsa
üst-üstə düşəcək. IV
İslam Həmrəyliyi Oyunlarında ağır atletika və
zorxana kimi idman növləri üzrə yarışlar
keçiriləcək. İdmançıların
Atletlər Kəndində yerləşdirilməsi nəzərdə
tutulub. 2016-cı ildə ölkəmizdə
şahmat üzrə olimpiada, “Formula-1” üzrə Avropa
Qran-pri yarışları keçiriləcəkdir.
Bütün
bunlar dünyada Azərbaycanın
həm də mötəbər idman tədbirlərinin
keçirildiyi məkan olduğunu bir daha nümayiş etdirəcəkdir.
Avropa Oyunlarında yüksək nəticələr əldə
edən Azərbaycan idmançılarının növbəti
hədəfı
“Rio-2016”dır. Xatırladaq ki, Ali
Audit Qurumlarının Beynəlxalq Təşkilatının
(INTOSAI) dövlət satınalmalarının auditi üzrə
xüsusi qrupunun 3-cü iclası da 2016-cı ildə
Bakıda keçiriləcək.
Ölkədə
etnik-milli və dini tolerantlığın inkişafında,
habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində
Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın da xidmətləri müstəsnadır.
Ümummilli lider Heydər Əliyevin adını
daşıyan fonda əzmlə rəhbərlik
edən Mehriban Əliyeva nəinki ölkədə, habelə
xarici ölkələrdə mədəni-dini abidələrin
bərpasını əsas fəaliyyət prioritetlərindən
biri hesab edir. Son illərdə fondun təşkilatçılığı
ilə Fransanın Strasburq şəhərində Kafedral kilsə,
Parisdə Versal sarayının parkındakı abidələr,
İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr
və Marsellina sərdabası bərpa edilib. Heydər
Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan,
Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə
bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika
ölkələrinin qeyri-maddi mədəni irsinin
qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə
imza atılıb.
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar
arasında zəngin əməkdaşlıq ənənələri
olan Azərbaycan bu kimi tədbirlərin keçirilməsi
üçün ideal məkan olduğunu bir daha sübuta
yetirib. Mühüm beynəlxalq tədbirlərin Azərbaycan
paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla
yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da
artırır. Azərbaycan müxtəlif
mədəniyyətlərin, qədimliklə müasirliyin
qovuşduğu məkan olaraq bu məqsədlərə
yönəlmiş mühüm təşəbbüslərlə
çıxış edir.
Elnur HACALIYEV,
Azərbaycan. - 2016.- 24 yanvar.- S. 4.