Qədimliyin və müasirliyin vəhdəti

 

Regionların sosial-iqtisadi inkişafına yönəldilən ardıcıl tədbirlər sayəsində Xaçmaz da simasını dəyişib.

 Rayon mərkəzində hündür binalar azdır. Bununla belə, bənzərsiz gözəlliyi qonaqları məftun edir. Şəhərin mərkəzindəki parkda qurulan fəvvarələr, müasir işıqlandırma sistemi, Tarix  Xalça muzeyləri, yeni istifadəyə verilmiş digər binalar gözəl ansambl yaradıb.

Qədimliyi və müasirliyi özündə birləşdirən, zəngin turizm potensialı olan rayonda son illər xeyli istirahət mərkəzləri də istifadəyə verilib. Əvvəllər bura respublikanın müxtəlif yerlərindən istirahət etməyə gəlirdilərsə,  indi, xüsusilə də isti yay günlərində burada tək, ya da qrup halında dolaşan əcnəbilərlə də rastlaşırsan.

Şəhərin girəcəyində ucaldılan “Koroğlu” abidəsi, ətrafındakı müxtəlif heykəllər, daşların qəribə tərzdə yığımı göz oxşayır, ayrı-ayrı guşələrdə ucaldılmış qədim dövrləri əks etdirən heykəllər, habelə bulaqlar, fəvvarələr Xaçmazın dünəni və bugünü haqqında bilgiləri zənginləşdirir.

Xaçmaz neçə illərdir “təmiz şəhər” adını qoruyub saxlayır. Onun gecəsi də, gündüzü də gözəldir. Bu təmizliyi və gözəlliyi şəhərin hər bir sakini qoruyur, aidiyyəti qurumlar şəhər infrastrukturunun, o cümlədən muzeylərin, parkların, küçələrin təmizliyini, səliqə-sahmanını daim diqqətdə saxlayır.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 24 yanvar.- S. 6.