Azərbaycanı və ATƏT-i birləşdirən dəyərlər Avropada təhlükəsizliyin təmininə xidmət edir

 

ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi TseretelininKent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyəti yanvarın 25-də Azərbaycanın Assambleyadakı nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizi və ATƏT-i birləşdirən ümumi dəyərlərin Avropa regionunda təhlükəsizliyə və əməkdaşlığın təmin olunmasına xidmət etdiyini söyləyib. Bildirilib ki, Azərbaycanın ATƏT ilə uzun illər ərzində əməkdaşlığı bu dəyərlərin regionda, o cümlədən ölkəmizdə qorunması və inkişafı işinə töhfə verir. ATƏT və Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Bahar Muradova gələcək ümumi hədəflərin olduğunu da diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini Azərbaycanın ümumi dəyərlərin qorunub saxlanması uğrunda daim mübarizə aparacağını vurğulayıb.

Söhbət zamanı Bahar Muradova diqqəti Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə cəlb edib. O bildirib ki, səsvermənin gedişini izləyən beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası seçkilərin demokratik şəraitdə, beynəlxalq standartlara uyğun keçdiyini bəyan edib. Bildirib ki, ən əsası Azərbaycan seçiciləri bu seçkilərin nəticələrindən razıdırlar və artıq Azərbaycan parlamenti fəaliyyətdədir.

Milli Məclis sədrinin müavini qeyd edib ki, hazırda qlobal iqtisadi böhran, onun müxtəlif regionlara, o cümlədən ATƏT-ə ciddi təsirləri iqtisadi çətinliklər yaratmaqla bərabər, digər problemlərin, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müəyyən mənada çətinləşdirir. Ona görə də bu çətinliklərin həllinə çalışmalıyıq.

Görüşdə ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tsereteli Azərbaycan nümayəndə heyətinin Assambleyada kifayət qədər güclü səsinin olduğunu deyib. O bildirib ki, bütün bunlar həm Azərbaycanın, həm də nümayəndə heyətinin fəaliyyətinin dəyərini olduqca artırır. G.Tsereteli ATƏT ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, qurumla ölkəmiz arasındakı uğurlu əməkdaşlığı konstruktiv şəkildə yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.

Parlament Assambleyası sədrinin müavini Dağlıq Qarabağ probleminin, ümumiyyətlə cəbhə xəttindəki gərginliklərin ATƏT-i narahat etdiyini söyləyib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 26 yanvar.-  S.3.