ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yanvarın 25-də ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq komissiyada müxtəlif dövlət qurumlarından 10 nəfər üzvün təmsil olunduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın islam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti, ölkəmizin islam dünyasına, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal keçirilməsinin məntiqi nəticəsi olan bu komissiya bu işin daha yüksək səviyyədə qurulmasının öhdəsindən gələcək.

Ə.Qarayev diqqətə çatdırıb ki, ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci il noyabrın 23–27-də keçirilmiş iclası Sərəncamda xüsusi qeyd edilir. Həmin iclasda Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. Bildirilib ki, İSESCO-nun rəhbərliyi ölkəmizdə keçirilən bu tədbirləri yüksək qiymətləndirib. Komissiya sədri vurğulayıb ki, dövlətimizin başçısı ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.

Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olduğunu xatırladan Ə.Qarayev, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin bu missiyanın öhdəsindən yüksək səviyyədə gələcəyini söyləyib. Bildirib ki, bütün bunlar Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.

Sonra iclasda Azərbaycan və ISESCO arasındakı əməkdaşlıq, ISESCO Azərbaycan Milli Komissiyasının işi, ISESCO-nun Baş Konfransının funksiyaları və digər mövzular ətrafında müzakirələr aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.-26 yanvar.-  S.3.