Azərbaycanda tolerantlıq xalqın
milli-mənəvi dəyəridir
Bəşər tarixi göstərir ki, müxtəlif
dünyagörüşə, milli-mənəvi irsə,
dini-sakral baxışlara malik xalqlar bir-biri ilə dil
tapmağa, ortaq mədəni dəyərləri
bölüşməyə, sivil dialoq qurmağa
çalışmışlar. Məhz bu nəcib təşəbbüslərin
nəticəsi kimi dünyanı sarsıdacaq bir çox fəlakətlərin,
müharibə və toqquşmaların qarşısı
alınmış, sivilizasiyaların yaxınlaşması və
tolerant düşüncə tərzinin güclənməsi
insanlığın mənəvi yüksəlişinə,
nicatına xidmət etmişdir. Fərqli mədəniyyətlər,
dünyagörüşlər arasında ortaq təmas nöqtələrinin
tapılması bu gün də qloballaşan dünyada
sülhün, sabitliyin, əmin-amanlığın və
dinc-yanaşı yaşamanın vacib amili kimi
çıxış edir.
Sivilizasiyaların dialoqu və tolerant düşüncə
tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi,
müxtəlif mədəniyyət və lokal insan birliklərinin
birgə yaşayışı nəticəsində əldə
olunmuş tarixi nailiyyət olaraq demokratik cəmiyyətin, mədəniyyətlərarası
münasibətlərin təməl prinsiplərindəndir. Tarixən
başqa millətlərə və səmavi dinlərə, fərqli
mədəniyyətlərə dözümlü
yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq
xalqın milli-mənəvi dəyərlərindən,
düşüncə sistemindən qaynaqlanır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra cəmiyyətdə dini, milli, etnik
münasibətlərin yüksək səviyyədə tənzimlənməsi,
vicdan azadlığının bərqərar olması naminə
ardıcıl tədbirlər həyata keçirmiş, xalqın
milli təhlükəsizlik maraqları baxımından bu sahəyə
daim xüsusi diqqətlə yanaşmışdır. 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyada hər bir vətəndaşın vicdan
azadlığı birmənalı təsbit edilmişdir.
Əsas Qanunun 48-ci maddəsində göstərilir
ki, hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud
heç bir dinə etiqat etməmək, dinə münasibəti
ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır. Dini mərasimlərin
icrası ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyilsə, sərbəstdir.
Xüsusi
vurğulamaq lazımdır ki, 2009-cu il
martın 18-də keçirilmiş referendum nəticəsində
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci və
48-ci maddələrinə edilmiş əlavə və dəyişikliklər
vətəndaşların vicdan azadlığının daha
dolğun və keyfiyyətli təminatından irəli gəlmişdir.
18-ci maddəyə edilmiş əlavədə
insan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dini ayinlərlə yanaşı,
dini cərəyanların da yayılması və təbliği
qadağan edilmişdir. Bu dəyişiklik
Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların
yayılmasına qarşı etibarlı hüquqi zəmin
hazırlamaq məqsədi daşıyır. 48-ci maddəyə edilmiş dəyişikliyə
görə isə, “Heç kəs öz dini etiqadını
və əqidəsini ifadə etməyə (nümayiş
etdirməyə), dini mərasimləri yerinə yetirməyə
və ya dini mərasimlərdə iştirak etməyə məcbur
edilə bilməz”. Hər iki dəyişiklik
ölkədə dini tolerantlığın gücləndirilməsinə,
bu sahədə insan hüquqlarına etibarlı təminat
mexanizmlərinin formalaşdırılmasına xidmət edir.
Əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq,
Azərbaycan dövləti islamla yanaşı, digər dinlərə
də eyni dərəcədə həssaslıq və
qayğı ilə yanaşır. Müstəqillik illərində
ölkədə məscidlərlə yanaşı, kilsələr,
sinaqoqlar inşa edilmiş və ya təmir olunaraq
insanların xidmətinə verilmişdir. Bundan
əlavə, qəbul edilən qanunlar və normativ-hüquqi
aktlar bütövlükdə dini etiqad
azadlığını təmin etməklə bu sahədə
yarana biləcək problemlərin həllinə, dövlət-din
münasibətlərinin qanun çərçivəsində
tənzimlənməsinə hüquqi əsaslar yaradır.
Qloballaşma dövründə xalqlararası və mədəniyyətlərarası
dialoqu inkişaf etdirmək, bütün insanların gələcəyi
naminə mədəniyyətlərin, dinlərin
qarşılıqlı dialoquna nail olmaq bu gün də
dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident
İlham Əliyev dövlətə rəhbərlik etdiyi ilk
gündən azsaylı xalqlara, milli-dini azlıqların
nümayəndələrinə həssaslıqla
yanaşmış, onların problemlərinin həlli
üçün lazımi tədbirlər həyata
keçirmişdir. Dövlət başçısı bütün
milli və dini azlıqların birgə yaşayışı
üçün kifayət qədər tolerant mühitin
olduğunu bildirmişdir: “Azərbaycanda müxtəlif dinlərə
mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və
xalqımızın gündəlik həyatıdır”.
Ölkəmizdə mövcud olan etnik-dini tolerantlıq
hazırda bəzi inkişaf etmiş ölkələrə
örnək göstərilir. İnsan
hüquqları üzrə ixtisaslaşmış beynəlxalq
təşkilatların hesabatlarında Azərbaycanda dinlərarası
münasibətlərin yüksək səviyyədə
olduğu, dini azlıqların maraqlarının qorunduğu
razılıqla bildirilir.
Bütün
bunlarla yanaşı, açıq demək lazımdır ki,
son illər islami dəyərlərin təbliğində bəzi
hallarda ifratçılığa yol verilməsi, dini ayinlərin
qəlbən, ruhən dərk etmədən imitasiya və
görüntü naminə kor-koranə icra edilməsi nəticə
etibarilə bu dəyərlərin mənəvi-əxlaqi təsir
gücünün zəifləməsinə, kənar qüvvələrin
təhriki ilə ekstremist meyillərin güclənməsinə
gətirib çıxarır.
Bu baxımdan son illər Suriya və İraq ərazisinin
bir hissəsini işğal edən, mütəşəkkil
silahlı birləşmələr formalaşdıran, hegemon
dövlətlərin “layihə”si olduğu bildirilən
İŞİD terrorçu təşkilatını xüsusi
qeyd etmək lazımdır. İnsanlığa
qarşı ən dəhşətli, görünməmiş
cinayətlər törədən bu qruplaşma
dünyanın ən müxtəlif ölkələrində,
təəssüflər olsun ki, Azərbaycanda da özünə
tərəfdarlar tapır. Son vaxtlar Azərbaycanın
onlarla vətəndaşının qeyri-qanuni yolla Suriyaya getməsi
və İŞİD-in sıralarında vuruşması,
onların Azərbaycana qayıtmış müəyyən
bir qisminin həbs olunması deyilənləri bir daha sübut
edir. Əlbəttə, islam dini
terrora haqq qazandırmadığı kimi, terrorçunun da
dini və milləti olmur. Lakin ümumilikdə
baş verənlər ölkəmizin milli təhlükəsizliyi
baxımından dini sahədə dövlət tənzimlənməsini,
qanunvericiliyin təkmilləşdirilməsini, bu sahədə
hüquqi, siyasi və ideoloji təsir metodlarından, maarifləndirmə
tədbirlərindən geniş istifadəni zərurətə
çevirir.
Sirr deyil ki, bu gün cəmiyyətdə din pərdəsi
altında müəyyən xarici dövlətlərin geosiyasi
maraqlarının ifadəçisinə çevrilən, cəmiyyətdə
xaos və kataklizmlərin yaranmasına çalışan
pozucu qüvvələr fəaliyyət göstərir. Dinin həqiqi
mahiyyətini dərk etməyən, iradəcə zəif
insanların belə qüvvələrin təsiri altına
düşməsinin dəfələrlə əyani şahidi
olmuşuq. Zəruri elmi-dini biliklərə
yiyələnməyən, dərk edilmiş məsuliyyət
hissi olmayan hansısa savadsız gəncin dəb, vərdiş
və yaxud da məcburetmə kimi mənfi stereotiplərin təsiri
altında islama bağlılıq görüntüsü
yaratmaq cəhdləri uğursuz olduğu qədər də
arzuolunmaz haldır.
Bir müddət əvvəl Bakının Nardaran qəsəbəsində
baş vermiş xoşagəlməz hadisələr dini
ekstremizmin nəinki vətəndaşların, ümumən
dövlətin təhlükəsizliyinə ciddi təhdid
olduğunu bir daha təsdiqlədi. Din pərdəsi altında gizlənib
xarici dairələrin təsir altında olan ekstremist
qruplaşmanın dövlətə, onun qanunlarına
açıq-aşkar itaətsizlik nümayiş etdirməsi qəsəbədə
sabitləşdirici tədbirlərin görülməsini zəruri
etmişdi. Daxili İşlər Nazirliyinin həyata
keçirdiyi çevik tədbirlər nəticəsində
Nardaranda dövlətə qəsd yolu tutan, onun konstitusion
quruşulunu dəyişdirməyə can atan, insanların iradəsinə
zorla təsir göstərməyə çalışan bu
qrup zərərsizləşdirilmiş, burada sağlam ab-hava, qanunun aliliyi təmin olunmuşdur.
Sözügedən məsələdə dini maarifləndirmə
işlərinin aparılması, dövlət siyasətinin təbliği
də mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
xüsusi tədbirlər planı hazırlamış, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə
bu il Nardaran qəsəbəsində Bilik Evinin
açılması planlaşdırılmışdır.
2015-ci il dekabrın 25-də “Dini ekstremizmə
qarşı mübarizə haqqında qanun qəbul
edilmişdir. Dövlətimizin indiyədək
qoşulduğu bir sıra beynəlxalq konvensiyalar, qəbul
etdiyi qanunlar da terrorçuluğun və ekstremizmin
bütün təzahürlərinə qarşı mübarizəni
nəzərdə tutur. Azərbaycan
Respublikası həmçinin terrorizmə qarşı
mübarizə sahəsində 10 Avropa sənədinə imza
atmışdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
214-cü maddəsində terrorçuluğa görə cinayət
məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddədə
birmənalı şəkildə göstərilir ki,
terrorçuluq cinayətinin bilavasitə obyekti ictimai təhlükəsizlik,
əlavə obyekti isə vətəndaşların mülkiyyəti,
həyatı və sağlamlığı, əmlak və
siyasi mənafeləri və sairdir. Cinayətin obyektiv cəhəti
ictimai təhlükəsizliyi pozmaq, əhali arasında xof
yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq
təşkilatlar tərəfindən qərar qəbul edilməsinə
təsir göstərmək məqsədilə insanların həlak
olması, onların sağlamlığına zərər
vurulması, əhəmiyyətli əmlak ziyanının
vurulması və ya başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhlükəsi yaradan partlayış,
yanğın və digər hərəkətlər törətmədə,
habelə həmin məqsədlə bu cür hərəkətlərin
törədiləcəyi ilə hədələmədə
ifadə olunur.
“Dini ekstremizmə qarşı mübarizə haqqında”
qanunun qəbulu da ölkəmizdə dini ekstremizmə
qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını
müəyyən etmək, dini ekstremizm əleyhinə
mübarizəni həyata keçirən dövlət
orqanlarının və vətəndaşların hüquq və
vəzifələrini müəyyənləşdirmək məqsədindən
irəli gəlmişdir. Qanunun birinci fəslinin birinci maddəsində
əsas anlayışların izahı verilmişdir.
Burada göstərilir ki, dini ekstremizm (dini ekstremist fəaliyyət)
dedikdə dini düşmənçilik, dini radikalizm və ya
dini fanatizm zəminində Azərbaycan Respublikası
Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi
xarakterinin zorla dəyişdirilməsinə, ərazi
bütövlüyünün parçalanmasına, yaxud
hakimiyyətin zorla ələ keçirilməsinə yönələn
hərəkətlərin törədilməsi, qanunsuz
silahlı birləşmələrin və ya qrupların
yaradılması, həmin birləşmə və ya qruplarda
iştirak edilməsi, terror fəaliyyətinin həyata
keçirilməsi, Azərbaycan Respublikasının
hüdudlarından kənarda silahlı münaqişələrdə
iştirak edilməsi, milli, sosial və ya dini nifrətin
salınması, milli ləyaqətin alçaldılması,
milli, irqi, sosial və ya dini mənsubiyyətindən
asılı olaraq vətəndaşların
hüquqlarının məhdudlaşdırılmasına və
ya üstünlüklərinin müəyyən edilməsinə
yönələn hərəkətlərin törədilməsi,
şəxsin hər hansı dinə (dini cərəyana) etiqad
etməyə, o cümlədən dini ayin və mərasimləri
yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə
iştirak etməyə, habelə dini təhsil almağa məcbur
edilməsi və s. başa düşülür.
Qanunun müsbət cəhətlərindən biri də
dini ekstremizmin maliyyələşdirilməsinin dini ekstremist fəaliyyət
kimi qiymətləndirilməsidir. Dünya təcrübəsi
göstərir ki, maliyyə qaynaqlarının işə
salınması nəticəsində ayrı-ayrı insanlar,
insan qrupları doğru yoldan yayınaraq ekstremist qruplara
qoşulmaq məcburiyyətində qalırlar. Bu nöqteyi-nəzərdən dini ekstremizmi maliyyələşdirən
şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün əsasların yaradılması tamamilə təbiidir.
Qanunun 4-cü maddəsində dini ekstremizmə
qarşı mübarizə zamanı qanunçuluğun təmin
edilməsi, dini ekstremizmə görə cəzanın
labüdlüyü kimi prinsiplər əsas götürülməklə
insan hüquq və azadlıqları ön plana çəkilir. Şübhəsiz,
dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar
zonasında xüsusi rejimin tətbiqi son dərəcə zəruridir.
Zonada müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinin
və piyadaların hərəkətlərini müvəqqəti
məhdudlaşdıran və ya qadağan edən tədbirləri
tətbiq etmək, ərazinin müəyyən sahələrinə
və obyektlərə nəqliyyat vasitələrini buraxmamaq,
fiziki şəxslərin şəxsiyyətini təsdiq edən
sənədlər olmadan onların günün müəyyən
edilmiş vaxtında küçələrdə və ya digər
ictimai yerlərdə olmalarını qadağan etmək, dini
ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin
qanuni tələblərinə mane olmağa yönəlmiş
hərəkətlər törədən şəxsləri
tutmaq, habelə müqavimət göstərən ekstremistləri
zərərsizləşdirmək hüququna malikdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada
dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat
zamanı bu mübarizədə iştirak edən şəxs
dini ekstremistlərin həyatına, sağlamlığına
və ya əmlakına vurulmuş ziyana görə məsuliyyət
daşımır.
Dini ekstremizmə qarşı mübarizə zamanı
iştirakçılar tərəfindən qanunun tələblərinə
əməl edilməlidir. Qanunun 12-ci maddəsində
dini ekstremizmə qarşı mübarizənin həyata
keçirilməsində qanunların icrasına nəzarətin
Azərbaycan Respublikasının baş prokuroru tərəfindən
şəxsən və ya onun tərəfindən müvəkkil
edilmiş prokuror tərəfindən həyata keçirilməsi
də məhz bu məqsədə xidmət etməklə insan
hüquq və azadlıqlarının hər şeydən
üstün tutulmasına, qanunun demokratik ruhuna dəlalət
edir.
“Dini ekstremizmə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun qəbulu ilə
bağlı bir sıra digər qanunlara da əlavə və dəyişikliklər
edilməsi zərurəti yaranmışdı. Belə ki,
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası
Qanununa da bəzi əlavə və dəyişikliklər
edilmişdir. Qanunun 21-ci maddəsinin
adı dəyişdirilərək “Dini ayinlər, mərasimlər
və atributlar” adlandırılmışdır. Həmin
maddənin 3-cü hissəsinin yeni redaksiyasına görə,
islam dininə aid ayin və mərasimlərin
aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları
tərəfindən həyata keçirilə bilər. Xaricdə
dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına
islam dininə aid ayin və mərasimlərin
aparılması qadağandır. Qanunun bu tələblərinin
pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinə
əlavə edilmiş “Dini təbliğat, dini ayin və mərasimlərin
aparılması tələblərini pozma” adlanan 168-1-ci maddəyə
əsasən, cinayət məsuliyyəti yaradır.
“Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsinə
edilmiş 7-ci hissəyə görə isə ibadətgahlardan
kənarda, ictimai yerlərdə dini şüarların və
digər dini atributların (şəxsin üstündə gəzdirdiyi
dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi
qadağandır. Dini bayraqlar yalnız ibatədgahların,
dini mərkəz və idarələrin qapalı yerlərində
yerləşdirilə bilər. Bu yenilik gəncləri
dini görünüş uydurmaqla dini ekstremizmə cəlbetmə
hallarının qarşısının alınmasına xidmət
edir.
“Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” qanuna edilən dəyişiklikləri də
xüsusi qeyd etmək lazımdır. Qanunun Azərbaycan Respublikası vətəndaşlığının
itirilməsi adlanan 18-ci maddəsinə edilmiş əlavələrə
görə, terror fəaliyyətində iştirak və ya Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə
yönələn hərəkətlərin həyata
keçirilməsi, eləcə də Azərbaycan
Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə
iştirakı, dini düşmənçilik zəminində
dini məzhəblərin yayılması və ya dini ayinlərin
icrası adı altında xarici dövlətdə silahlı
münaqişədə iştirak etməsi və ya həmin
münaqişəyə digər şəxsi cəlb etməsi,
yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan
Respublikası vətəndaşının dini təhsil
adı altında xarici dövlətdə hərbi təlim
keçməsi Azərbaycan Respublikası vətəndaşlığının
itirilməsinin əsası kimi çıxış edir.
Dini ekstremizm fəaliyyəti ilə məşğul olan
şəxsin zərərsizləşdirilməsi ilə
bağlı “Polis haqqında” Azərbaycan Respublikası
Qanununa dəyişikliklərin edilməsi də obyektiv
reallıqlarla şərtlənir. Qanunun “Polis tərəfindən
fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu
silahın tətbiqi” adlanan 26-cı maddəsinə əlavə
edilmiş 5.1-ci bənddə göstərilir ki,
terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin
konstitusion quruluşunun zorla dəyişdirilməsi ilə
bağlı cinayətlərin qarşısı
alındıqda polis əməkdaşları tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada odlu silah tətbiq
edilə bilər.
Ümumilikdə, dini ekstremizmlə mübarizəni
inzibati tədbirlərlə, o cümlədən qanunvericiliyin
təkmilləşdirilməsi ilə məhdudlaşmaq
düzgün olmazdı. Şübhəsiz, bunun üçün
qeyri-hökumət təşkilatlarının, eləcə də
kütləvi informasiya vasitələrinin geniş
imkanlarından istifadə edilməlidir. Bu
işdə yerli özünüidarəetmə orqanları,
fiziki və mülkiyyət formasından asılı olmayaraq,
hüquqi şəxslər də dövlət orqanlarına
kömək etməlidirlər.
Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu ictimai həyatın
bir çox sahələri kimi, dini maarifləndirmə sahəsində
də fəal təbliğat işi aparır. Bu istiqamətdə
icra olunan layihələri dəyərləndirmək məqsədilə
fondda elmi biliklərin müxtəlif sahələri üzrə
tanınmış alimlərdən və təcrübəli
mütəxəssislərdən ibarət Məşvərət
Şurasının yaradılması qərara
alınmışdır. Şuranın nəzdində
hüquqşünas alimlərdən və təcrübi
işçilərdən ibarət hüquq komissiyası da
yaradılacaq. Bu komissiyanın əsas vəzifəsi
qanunların sadə dillə xalqa izah edilməsindən ibarət
olacaq. Hər bir şəxs onu
maraqlandıran problemlərin qanuni yolla həlli
üçün Bilik Fondunun internet saytı vasitəsilə
fasiləsiz olaraq mütəxəssislərə müraciət
etmək imkanı əldə edəcəklər. Bu müraciətlər videogörüntülərlə
tanınmış hüquqşünaslar tərəfindən
cavablandırılacaq.
Bu gün Azərbaycanda dini dəyərlərin
düzgün dərk edilməsi, həm də milli-mənəvi
dəyərlərə qayıdışdan, milli identiklikdən
keçir. Milli özünüdərk vətənə, milli mədəniyyətə,
doğma dilə məhəbbət, milli dəyərlərə
sadiqlik, milli qürur hissinə sahiblik və ümumi
maraqları dərk etmək deməkdir. Milli
özünüdərk olmadan adət-ənənələrin,
milli etiketin, milli xarakterin əsas cizgilərinin qorunub
saxlanması, nəsildən-nəsilə ötürülməsi
mümkün deyildir. Milli ruh
keçmiş və gələcəyi bir-birinə sıx
bağlayan, zaman və məkan dəyişkənliyində
sabit modelləri qoruyan elə bir vacib amildir ki, onsuz Azərbaycan
insanının dinin əsl mahiyyətini dərk etməsi
mümkün deyildir. Bu mənada, Prezident
İlham Əliyevin milli mədəniyyətin, mənəvi-dini
dəyərlərin qorunub saxlanması, inkişaf etdirilərək
gələcək nəsillərə
çatdırılması ilə bağlı siyasəti
müasir dövrün reallıqları ilə şərtlənir.
İsaxan
VƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparat rəhbəri,
hüquq elimləri doktoru,
professor
Azərbaycan.- 2016.- 26 yanvar.- S.6.