İƏT-ə üzv ölkələrin Parlamentlər
İttifaqının konfransında Xocalı
soyqırımına dair qətnamə qəbul
edilib
İraqın paytaxtı Bağdadda işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (Pİ) 11-ci konfransında “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnamə iki qurum arasında Xocalı soyqırımının tanıdılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.
İKGF media mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 54 ölkənin parlament nümayəndələri tərəfindən qəbul edilmiş qətnamənin müvafiq bəndində Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir. Sənəddə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır. Qətnamədə, həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapıb.
Xatırladaq ki,
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma
kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun
vitse-prezidenti, İKGF-nin
Mədəniyyətlərarası Dialoq
üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü
ilə başlayıb və hazırda 50-dən artıq
ölkədə həyata keçirilir.
Kampaniya nəticəsində Xocalı qətliamı
dünyanın bir sıra ölkələrinin
parlamentləri, həmçinin İƏT Xarici
İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən
soyqırımı aktı və insanlığa qarşı
cinayət kimi tanınıb.
Azərbaycan. - 2016.- 26 yanvar.- S.7.