Məktəblilər AMEA-nın yubileyinə həsr edilən sərgiyə baxıblar

 

Yanvarın 25-də Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar. Tədbir AMEA-nın və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın əsas binasında təşkil olunan sərgidə şagirdlər akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu, yaranma tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumatlandırılıblar. Həmçinin AMEA-nın uzun illər boyu əldə etdiyi nailiyyətlər, mühüm araşdırmaların nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar, o cümlədən institut və təşkilatların fəaliyyətini əks etdirən, Azərbaycan, rusingilis dillərində bukletlər, kitablar və dəyərli nəşrlər barədə danışılıb. Məktəblilər, həmçinin akademiyanın institut və təşkilatlarının əldə etdiyi nailiyyətlər və yeniliklərlə tanış olublar.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ilk dəfə 295 nömrəli tam orta məktəbin şagirdlərinin AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olduqlarını söyləyib. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi şagirdlərin biliklərinin artırılması, elmin populyarlaşdırılması istiqamətində atılan addımlardandır.

Fondun icraçı direktoru AMEA-nın gənc alimləri ilə Nardaran məktəbləri arasında gələcəkdə əməkdaşlığın genişləndirilməsinin və bu əlaqələrin davamı kimi Nardarandakı təhsil müəssisələrində ustad dərslərinin keçirilməsinin vacibliyini vurğulayıb.

295 nömrəli tam orta məktəbin tarix müəllimi Dilguşə Fətəliyeva gənc nəslin elmə olan marağının artırılmasında, onların dünyagörüşünün zənginləşdirilməsində və məktəb ilə elmi qurumlar arasında əlaqələrin inkişaf etdirilməsində tədbirin əhəmiyyətini xüsusi vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib.

AMEA-nın yeddi elmi bölməsinin tərkibindəki institut və təşkilatlar, regional elmi mərkəz və bölmələr, o cümlədən rəyasət heyəti üçün ayrılmış guşələrdə nümayiş etdirilən eksponatlar məktəblilərin marağına səbəb olub.

 

Azərbaycan.- 2016.- 26 yanvar.- S.7.