Milli Qəhrəmanın adını daşıyan liseyin uğurları

 

Respublikamızda elə adam yoxdur ki, Milli Qəhrəman Mübariz İbrahimovun igidliyindən xəbərsiz olsun. O öz cəsarəti, mərdliyi, şücaəti ilə ölkəmizin şərəf, ləyaqət, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə yazmışdır. Qəlbi Vətən, yurd eşqi ilə döyünən bu gənc düşmən səngərinə atılaraq onun çoxlu sayda canlı qüvvəsini məhv edib, özü də qəhrəmancasına həlak oldu.

Ölkə rəhbəri cənab İlham Əliyev 22 iyul 2010-cu il tarixdə Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi  barədə sərəncam imzaladı. Sərəncamda onun böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərindəki küçələrdən və təhsil ocaqlarından birinə Mübariz  İbrahimovun adının verilməsi də öz əksini tapmışdı. Qısa zaman ərzində sərəncam icra olundu. Ən böyük küçələrdən birinə və 18 oktyabr 2010-cu il tarixdə fəaliyyətə başlayan Biləsuvar Lisey-Məktəb Kompleksinə onun adı verildi. Üçmərtəbəli kompleksin qarşısında cəsarət, igidlik simvoluna çevrilmiş Milli Qəhrəman M.İbrahimovun qranitdən yonulmuş möhtəşəm heykəli qoyulub. Məğrur, bənzərsiz abidə sanki dil açaraq liseydə təhsil alan şagirdləri ölkə üçün layiqli vətəndaş olmağa, Vətəni sevməyə, onu göz bəbəyi kimi qorumağa, lazım gələrsə bu yolda candan keçməyə səsləyir.

Məktəbin geniş, işıqlı, hər cür vəsaitlərlə təchiz edilmiş 30 sinif otağı, fənn kabinetləri, laboratoriyaları, kompüter, idman, incəsənət, musiqi zalları, zəngin fonda malik kitabxanası, internet şəbəkəsi var. Liseydə 192 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Kompleksdə 5 sinif fəaliyyət göstərir. Təhsil müəssisəsinə qəbul qaydalarına əsasən, 6-cı sinfi bitirən şagirdlər növbəti tədris ilində təhsillərini davam etdirmək üçün sənədlərini bu məktəbə təqdim edirlər. Qaydaya görə, TQDK-nın xüsusi müəllim briqadası təyin edilmiş gündə məktəbə gəlib qəbul imtahanı keçirir. Müvəffəq qiymət alanlar müsabiqə  yolu ilə məktəb-liseyə qəbul edilirlər. 5 il ərzində 3 buraxılış üzrə təhsil ocağını 88 nəfər məzun bitirib və onların hamısı ən nüfuzlu ali məktəblərə daxil olub. Yüksək bal toplayan məzunlardan Fərid Rüstəmzadə və Nazim Əzizzadə Prezident təqaüdünə layiq görülüblər.

Məktəbin şagirdləri bir qayda olaraq, respublika fənn olimpiadalarında da iştirak edirlər. Həmin bilik yarışmalarında şagirdlərdən Nurlan  Cəfərzadə, Ümid Nəzərov, Hikmət Mustafazadə, Zəka Cəfərli, Məsud Əbilov, Aqşin Kazımlı, Əyyub Əlizadə yüksək nəticələrə nail olmuşlar.

Liseydə şagirdlərin maraqlarına uyğun, müxtəlif sahələri əhatə edən “Debat”, “İntellektual oyunlar”, “Məktəb jurnalistikası”, “Gənc xanımlar”, “110 kitab”, “Peşəkar”, “Diyarlı gənclər”, rəqs, musiqi, habelə digər klub və dərnəklər fəaliyyət göstərir.

Lisey-məktəbə işə qəbul edilən müəllimlərin peşə hazırlığına xüsusi diqqət yetirilir. 2013-2014-cü tədris ilində məktəbin müəllimlərindən Orxan İbayev və Rəvan Məmmədov, keçən il isə Ziya Mirzəyev “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşlər.

Qəhrəmanın adını daşıyan təhsil ocağında təlim-tərbiyə alan şagirdlər hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Məktəbin bütün xərcləri dövlət hesabına olmaqla, şagirdlərin hər birinə hər il yay və qış geyimləri, pulsuz səhər və günorta yeməyi verilir. Uzaq məsafədə yaşayan şagird və müəllimlər hər gün məktəbə xüsusi avtobuslarla gəlib-gedirlər.

 

Seyran CAVADOV,

 

Azərbaycan. - 2016.- 26 yanvar.- S.8.