Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib

 

Prezident İlham Əliyev konfransda iştirak edib

 

Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

 

Prezident İlham Əliyevin giriş nitqi

 

- Bu gün biz “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını müzakirə edəcəyik. Üçüncü proqram 2014-cü ildə qəbul edilmişdir, uğurla icra olunur. Hər il biz bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyət üçün istiqamətlər müəyyən edilir. Bir sözlə, bu proqramın icrası çox uğurlu addımımızdır və 2004-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun.

2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Dünya iqtisadiyyatı hələ ki böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur. Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda miqrantlarla bağlı vəziyyət gərginləşir. Öz evlərini, yaxınlarını, əmlakını itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orada nələrin gözlədiyi hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, bu miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir.

Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalararası dialoqun güclənməsində öz rolunu oynayır. Ancaq əfsuslar olsun ki, biz dünya miqyasında dialoq əvəzinə qarşıdurma, anlaşılmazlıq, ədavət görürük.

Yəni budur iqtisadi və geosiyasi vəziyyət. Bölgədə və dünyada yaşanan bu vəziyyət, əlbəttə ki, bizi narahat edir. Lakin, eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik, öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik.

Hesab edirəm ki, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilmişdir. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artmışdır. Keçən il mən 20 xarici səfər etmişəm - rəsmi və işgüzar səfər. Azərbaycana 15-dən çox xarici dövlət və hökumət başçısı səfər etmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və Azərbaycana dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir.

Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edir. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da münasibətlərimizi qarşılıqlı hörmət əsasında qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarda fəaliyyətimiz daha da sürətlə aparılacaqdır.

Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin.

Ona görə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır. Bir daha demək istəyirəm ki, xalqımızın milli həmrəylik, vahid amal ətrafında birləşməsi, düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə, əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir və deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir.

Keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. İştirak etmiş bütün müşahidəçilərin rəyinə görə, parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilmişdir. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Çünki mən bu seçkilərin nəticələrini belə qəbul edirəm: Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, dünyada baş verən bütün hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir.

Keçən il bizim iqtisadi inkişafımız təmin edilmişdir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artmışdır. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax budur əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir.

Kənd təsərrüfatı, - bu sahəyə də son vaxtlar xüsusi diqqət göstərilir, - 6,6 faiz artmışdır. Yəni budur əsas göstəricilərimiz. Bu, onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik. Bu il icra ediləcək layihələr, - bu barədə hələ biz danışacağıq, - imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.

2015-ci il enerji sektorunda yaddaqalan il olmuşdur. “Cənub” qaz dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, ilin əvvəlində “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının Bakıda birinci iclası keçirilmişdir. Tədbirdə bu dəhlizin icrasında iştirakçı olan ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq olunmuşdur. Birgə bəyannamə qəbul edilmişdir ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilmişdir. “Cənub” qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. Bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaqdır. İmkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilsin. Bu da həm bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim dayanıqlı inkişafımız daha da möhkəm olacaqdır.

Bu il “Cənub” qaz dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi dörd layihədən ibarətdir - “Şahdəniz”, Cənubi Qafqaz kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir.

Keçən il Azərbaycan özünü dünyaya çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir. Bildiyiniz kimi, nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlamışdır.

Eyni zamanda, biz tarixdə ilk dəfə bu tarixi İpək yolunu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, yəni Ukraynadan Çinə yüklər Azərbaycan ərazisindən getməyə başlamışdır. Əvvəlki illərdə Türkiyədən Orta Asiyaya Gürcüstan və Rusiya ərazilərindən gedən yüklər indi Asiyaya Azərbaycan ərazisindən, Xəzər dənizi üzərindən gedir.

Yəni bütün bu imkanları biz yaratmışıq. Əgər biz bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün “Cənub” qaz dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.

2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Mən bir daha demək istəyirəm: baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir.

Bir sözlə, hesab edirəm ki, keçən il ölkəmiz üçün uğurlu olmuşdur. Dünya iqtisadiyyatı stress vəziyyətindədir. Neftin qiyməti dörd dəfə düşmüşdür. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik.

Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik.

Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik. Bu illər ərzində - 2004-cü ildən bu günə qədər ölkəmizdə 25 elektrik stansiyası tikilmişdir. Ümumi elektrik stansiyalarının sayı 34-dür, 25-i son 12 il ərzində tikilmişdir.

2004-cü ildə rayonlarda, demək olar ki, qaz yox idi. Mənim rayonlara səfərlərim zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik bizi qazla təmin edin. Amma biz özümüz-özümüzü təmin edə bilmirdik. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır.

Son 12 il ərzində on min kilometrdən çox yol çəkilmişdir. Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir, kənd yolları on min kilometrdir. Hesab edirəm bu il kənd yollarının çəkilişi üçün əlavə vəsait ayrılmalıdır ki, biz bu proqramı təxirə salmayaq.

İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular yaradılmışdır. Yarım milyon insan bax o imkanlardan istifadə edir. Əvvəllər onlar çaylardan, kanallardan su içirdilər.

Budur gördüyümüz işlər. Sosial sahədə nə qədər böyük işlər görülüb. Sosial infrastruktur yaradılıb. 12 il ərzində üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Cəmi məktəblərimizin sayı təqribən 5 minə yaxındır, üç mini 12 ildə tikilib. Bölgələrdə 41 Olimpiya Mərkəzi tikilib. Hələ mən Bakını demirəm. Bakı artıq Avropa Oyunlarına ən yüksək səviyyədə evsahibliyi edibdir.

Maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilmişdir, 225 min insan yeni evlərə, mənzillərə köçürülmüşdür.

Hesab edin ki, böyük bir şəhər tikmişik, yaratmışıq.

Digər istiqamətlər üzrə də nəticələr çox müsbətdir. Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir. Azərbaycana 200 milyard manat sərmayə qoyulmuşdur. Onun yarısı xarici sərmayədir. Əgər biz sabitliyi, inkişafı, gözəl biznes və investisiya mühitini yaratmasaydıq, hansı xarici şirkət buraya sərmayə qoya bilərdi? İndi sabitliyi pozulmuş ölkələrə baxın: heç kimsə sərmayə qoyur?! Qoymur və təbiidir, kim risk edəcək?! Biz indi özümüz, - indi bizim vəsaitimiz var, - gedib haradasa sabitliyi olmayan ölkəyə sərmayə qoya bilərikmi? Əlbəttə ki yox.

Ona görə bütün bunları biz yaratmalı idik. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün xoşagəlməz proseslərə, vətəndaş müharibəsinə son qoydu, siyasi, iqtisadi islahatlara start verdi və ölkə 1996-cı ildən sonra yavaş-yavaş inkişaf etməyə başladı. 1996-cı ilə qədər sabitləşmə dövrü gedirdi. Baxın, əvvəlki rəhbərlik Azərbaycanı hansı vəziyyətə qoymuşdu. Hətta ulu öndər Heydər Əliyev üçün təxminən üç il vaxt lazım idi ki, vəziyyət sabitləşsin və biz inkişafa qədəm qoyaq.

Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır.

Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik. Necə ki, indi biz bəzi ölkələri görürük. Əgər özü özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin.

Biz özümüz özümüzü təmin edirik. Düzdür, keçən il çətin il olmuşdur. Amma nə olar, biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdən çətin dövr olmamışdır. Olur, indi dünya iqtisadiyyatı dövri xarakter daşıyır. Biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik. Biz inteqrasiya etmişik, açıq bazar siyasəti, liberal iqtisadi siyasət aparırıq. Ona görə bizə də təsir edir. Eybi yoxdur, biz inamla inkişaf edəcəyik. Biz qarşıda duran bütün vəzifələri icra etməliyik.

Yenə də demək istəyirəm ki, son 12 il ərzində biz böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra etmişik. Bakı-Tbilisi-Qars layihəsi bu il başa çatır.

Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Təsəvvür edin, Azərbaycan kosmik dövlətə çevrilir. Kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim üçün prioritet məsələlərdən biridir.

Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, bu il Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu, qlobal forumdur, BMT-nin himayəsi altında keçiriləcəkdir. Budur bizim uğurlarımız, töhfəmiz, reallıqlarımız. Əminəm ki, bu il biz uğurlu inkişafı təmin edəcəyik. Baxmayaraq ki, son 12 il ərzində bir milyon 500 min yeni iş yeri açılmışdır, yenə də iş yerlərinin açılmasına ehtiyac var, bu barədə də danışacağıq. Əminəm ki, 2016-cı ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra ediləcəkdir.

* * *

İqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı olduqca mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası, bunun nəticəsi kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin artması ilə müşayiət olunub. Cənab Prezident, neftin qiymətinin yüksək olduğu dövrlərdə də iqtisadi sahədə apardığınız siyasətin başlıca istiqaməti neft amilindən asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişafından ibarət olub.

Buna görə də vaxtında qəbul etdiyiniz müdrik qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir. İlin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərin həllinə həsr olunmuş müşavirədə qarşıya qoyduğunuz vəzifələr bu mürəkkəb şəraitdə ölkəmizin strateji inkişaf proqramıdır.

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında, sözsüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır.

2004-cü ildən uğurla icra olunan bu proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Keçən il ərzində proqrama uyğun olaraq və ötənilki konfransda verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. O cümlədən, Sizin bölgələrə çoxsaylı səfərləriniz nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı imzaladığınız sərəncamlarla 169 milyon manat vəsait ayrılıb.

Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.

İl ərzində 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücülər tikilib və ya təmir olunub. Tapşırığınıza əsasən kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.

Ötən il regionlarda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik və 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 90 faizə, o cümlədən regionlar üzrə 80 faizə çatıb.

Su təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, əhalisi 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihəsi başa çatıb, regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib, 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb.

Hesabat ilində Bərdədə “ASAN xidmət”in fəaliyyətə başlaması ilə regionlarda onların sayı 4-ə çatıb və bu il Masallı və Qəbələdə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Cənab Prezident, gəlirlərin azalmasına baxmayaraq, ötən ildə də bütün sosial proqramlar siyasətinizə uyğun olaraq tam həcmdə icra olunub. Regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin və ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib, Tərtər rayonunda 54 mənzilli yaşayış binası, 11 rayonda 82 fərdi ev tikilib.

Əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə dərmanların qiymətlərinin tənzimlənməsi barədə tapşırığınızın icrası nəticəsində 5050 dərman vasitəsinin qiyməti artıq təsdiq edilib və manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, bu dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə endirilib.

Eləcə də, tapşırığınıza əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub, bunun nəticəsində unun topdansatış qiyməti azaldılıb, unun və çörəyin pərakəndə satış qiyməti əvvəlki səviyyədə saxlanılıb.

Həmçinin qlobal böhran şəraitində, digər ölkələrdən fərqli olaraq, müvafiq sərəncamlarınızla əməkhaqqı, pensiya və müavinətlərin artırılması və digər sosial tədbirlər insanlara dövlət səviyyəsində göstərilən qayğının ən bariz göstəriciləridir.

Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondu tərəfindən görülən işlər əhalinin rifahının artmasına əhəmiyyətli töhfəsini verir.

Cənab Prezident, qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb, ötən il sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artıb.

Tapşırığınıza uyğun olaraq, Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb, Neftçala Sənaye Məhəlləsində isə yaxın üç ay ərzində sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 yeni iş yeri açılacaq.

Son illərdə sənayenin inkişaf etdirilməsi tədbirləri və müasir sənaye müəssisələrinin yaradılması nəticəsində xüsusilə bir sıra tikinti materiallarına olan tələbat yerli istehsal hesabına ödənilməklə bərabər, həmin məhsulların istehsalı prosesində xarici xammaldan istifadə səviyyəsi azalmağa başlayıb.

Tərəfinizdən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, bu çərçivədə fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfəsini verir. Ötən il həmçinin aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.

Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub, ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib.

Tapşırığınıza uyğun olaraq hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.

Möhtərəm cənab Prezident, Sizin “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinizə uyğun olaraq biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verdiyiniz mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.

Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub.

Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hesabat ilində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılmışdır. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür.

Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.

İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forumu, sərgi, “dəyirmi masa” və s. tədbirlər keçirilib, ölkənin investisiya mühiti təqdim olunub. Tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəz tikilib və fəaliyyətə başlayıb.

Ümumilikdə ötən il 84 mini daimi olmaqla, 110 min yeni iş yeri açılıb, eyni zamanda müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Cənab Prezident, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul etdiyiniz qərarlar, sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

Məruzə edirəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət proqramının məqsədlərinə uyğun olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq.

Yuxarıda qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə Sizin rəhbərliyinizlə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcəkdir.

İnvestisiyaların təşviqi ilə bağlı imzaladığınız sənədlərə əsasən vergi, gömrük və digər güzəştlərin bu layihələrə də şamil edilməsi onların uğurlu icrasına stimul yaradacaq, nəticədə istehsal və emal sənayesinin xammal təminatı möhkəmlənəcək və xarici amillərdən asılılıq əhəmiyyətli dərəcədə azalacaq, 15 mindən çox yeni iş yeri yaradılacaq.

Təşəbbüsünüzlə satınalmalar qanunvericiliyinə edilmiş dəyişikliklər, o cümlədən tenderlərdə yerli sahibkarlara güzəştin 20 faizədək müəyyən edilməsi onların layihəni qazanmaq imkanını artırmaqla, yerli istehsalın inkişafına əlavə stimul verəcək.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda əminliklə bildirmək istərdim ki, dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsaslanan alternativsiz siyasətiniz qarşıdakı illərdə də milli iqtisadiyyatı dünyada gedən mənfi proseslərdən qoruyacaq, ölkəmizin, o cümlədən regionların davamlı inkişafını təmin edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

“Mətanət-A” şirkətinin baş direktoru Elxan BƏŞİROV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Heç kimə sirr deyil ki, respublikamızın regionda iqtisadi güc və söz sahibinə çevrilməsi, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və əhalinin həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlər, cənab Prezident, Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir. Bütün bunlara görə Sizə çox minnətdarıq.

Möhtərəm cənab Prezident, Sizin sənayeləşmə siyasətinizə uyğun olaraq, son illər həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində qeyri-neft sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin şaxələndirilməsi genişləndirilib və bu sahədə yeni obyektlər istifadəyə verilib. Sənaye sahəsində, o cümlədən tikinti materiallarının istehsalı sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, qabaqcıl təcrübəyə əsaslanan müəssisələrin yaradılması rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı, idxalın əvəzlənməsinə və ölkəmizin özünütəminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.

Cənab Prezident, şirkətimiz 2000-ci ildə yaradılıb və ölkəmizin tikinti materialları sənayesi sahəsində öz layiqli yerini tutub. Hazırda şirkətimizin tərkibinə Abşeron rayonunda quru inşaat qarışıqları, boya və beton qatqıları zavodları, Qazax rayonunda tikilməkdə olan əhəng zavodu, Qaradağda gips hörgü bloku, ağdağ gips və yeni ağdağ gips zavodları olmaqla 7 zavod daxildir. Bu zavodlarda istehsal olunan məhsullar rəqabətədavamlı, idxalı əvəz edən, həm də ixracyönümlüdür. Uğurlu innovasiya siyasəti aparmaqla istehsal prosesinə nanotexnologiya, nou-hau və smart texnologiyalar tətbiq edilir və artıq bir neçə patentləşdirilmiş ixtiranın müəllifiyik. Bunlardan biri dünyanın əksər ölkələrində patentləşdirilmiş FASNATURAL məhsuludur. 1000-dən çox məhsul çeşidinə və 200-dən çox ticarət markasına malik olan şirkətimizdə 800 nəfərə yaxın işçi çalışır.

İstehsal fəaliyyətimizin genişləndirilməsinə ümumilikdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Zavodlarımızda müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli tikinti məhsullarının təqdim edilməsini həyata keçiririk.

Möhtərəm cənab Prezident, Sizin qeyri-neft ixracının artırılması və coğrafiyasının genişləndirilməsi siyasətinizə uyğun olaraq artıq öz hədəflərimizi müəyyənləşdirmişik. Belə ki, şirkətimiz tərəfindən dörd yeni zavodun inşası ilə bağlı ilkin araşdırma və layihələndirmə işlərinə başlamışıq. Bunlar Qaradağ rayonunda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton və 35 min ton olan mineral yun, Qazax rayonunda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton kvars qumunun zənginləşdirilməsi zavodlarıdır. Bu zavodların yaradılmasına ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. İstehsal ediləcək məhsullar hesabına daxili tələbatın ödənilməsi tam təmin olunmaqla yanaşı, əsasən ixraca yönəldiləcək. Zavodların yaradılması nəticəsində 1500 yeni iş yeri açılacaq.

Cənab Prezident, bizi bu işlərin həyata keçirilməsinə ruhlandıran Sizin sahibkarlara olan ən yüksək qayğınız və inamınızdır. Bu da qarşımızda duran vəzifələrin həyata keçirilməsində məsuliyyətimizi daha da artırır. Səmərəli fəaliyyət göstərməyimiz üçün yaratdığınız bütün imkanlara görə Sizə böyük kollektivimiz adından bir daha dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur MƏNSİMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Ölkəmizin regionda iqtisadi güc və söz sahibinə çevrilməsi, iqtisadiyyatımızın sürətli inkişafı, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal və emal müəssisələrinin inşası, əhalinin həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlər, cənab Prezident, Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir. Bütün bunlara görə Sizə çox minnətdarıq.

Möhtərəm cənab Prezident, sahibkarlıq fəaliyyətimizə Rusiya Federasiyasında meyvə və tərəvəz məhsullarının topdansatışı ilə başlamışıq. Ölkəmizdə investisiya və sahibkarlıq mühitinin daha da cəlbedici olması və Sizin sahibkarlara göstərdiyiniz siyasi, iqtisadi və mənəvi dəstəyə arxalanaraq fəaliyyətimizi doğma vətənimizdə də davam etdirməyə başladıq.

İlk olaraq sərmayə qoyuluşuna Qusar rayonunda 50 hektar intensiv alma bağlarının salınması ilə başladıq və əsas hədəfimiz dünyanın ən son texnologiyalarını tətbiq etməklə beynəlxalq tələblərə cavab verən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəz yaratmaq və intensiv üsullarla meyvə bağları salmaqdır. Ümumi dəyəri 12 milyon manat, tutumu 12 min ton olan logistik mərkəzin inşası layihəsinin reallaşdırılmasında dövlətin 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə etdik. Tikinti-quraşdırma işlərinə 2014-cü ilin əvvəlindən başlasaq da, dövlətimizin hərtərəfli dəstəyi və qayğısı nəticəsində qısa vaxt ərzində layihəni uğurla başa çatdırdıq. Logistik mərkəzin tikintisində Almaniya, Niderland və inkişaf etmiş digər Avropa ölkələrinin ən son texnika və texnologiyalarından, meyvə bağlarının salınmasında isə məhsuldar meyvə tinglərindən istifadə etmişik.

Bununla yanaşı, mövcud intensiv meyvə bağlarımızın sahəsini altı dəfə artıraraq 300 hektara çatdırmışıq. Uğurlu layihələrimizin icrası nəticəsində daimi işçilərimizin sayı 200 nəfər olsa da, meyvə yığımı vaxtı bu göstərici 500 nəfərə çatır.

Mövcud meyvə bağlarımızda istehsal etdiyimiz məhsulları “Qusar” markası adı altında həm ölkə daxilində satırıq, həm də Rusiya və MDB ölkələrinə ixrac edirik. Gələcək planlarımız ixrac coğrafiyamızı daha da genişləndirərək Avropa və Asiya bazarlarına çıxmaq və məhsullarımızın öz milli brendlərimiz altında satışını həyata keçirməkdir. Eyni zamanda, maliyyə resurslarımızı cəlb etməklə mövcud meyvə bağlarımızın sahəsini 500 hektara qədər artırmağı, məhsuldarlığı və xəstəliklərə qarşı dözümlülüyü ilə seçilən tinglərin yerli sortlar ilə calaqaltı edilərək yetişdirilməsini və logistik mərkəzin tutumunu 30 min tona çatdırmağı nəzərdə tuturuq. Bu intensiv bağların salınmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməyi planlaşdırırıq.

Lakin yay mövsümündə meyvə bağlarının suvarılmasında müəyyən çətinliklərimiz olur. Bununla əlaqədar olaraq suvarma suyuna olan tələbatımızın təmin edilməsi ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik. Bu məsələ həllini tapdığı təqdirdə bizimlə yanaşı, regionda fəaliyyət göstərən fermerlərin də yeni intensiv meyvə bağları salmasına şərait yaranacaq və nəticədə istehsal və ən əsası, ixrac potensialımız kifayət qədər artacaq.

Sizin müxtəlif konfranslarda, tədbirlərdə, respublikamızın, demək olar ki, bütün şəhər və rayonlarında keçirdiyiniz görüşlərdə çıxışlarınız zamanı sahibkarların qayğılarına, istəklərinə, təkliflərinə həssas münasibətiniz bizi işimizə daha da böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. Bütün bunlara görə, cənab Prezident, Sizə öz minnətdarlığımızı bildiririk. Biz Sizə inanır və güvənirik.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar ABBASOV çıxış edərək dedi:

- Cənab Prezident.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Sizin tərəfinizdən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq aparılan genişmiqyaslı islahatlar sayəsində ölkəmizdə iqtisadiyyat dinamik inkişafdadır.

Blokada şəraitinin çətinliklərinə baxmayaraq, Sizin xüsusi diqqət və qayğınız, hərtərəfli dəstəyiniz nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası da tərəqqi edir. Ötən ilin dekabrında muxtar respublikamıza səfəriniz zamanı müxtəlif təyinatlı sosial obyektlərin, eləcə də sənaye kompleksinin açılışında iştirakınız və aparılan quruculuq işlərinə verdiyiniz qiymət qurub-yaratmaq əzmimizi daha da yüksəldib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyiniz dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə, o cümlədən muxtar respublikamızda sahibkarlıq fəaliyyəti genişlənib, yeni müəssisələr və iş yerləri yaradılıb, daha əlverişli biznes və investisiya mühiti formalaşıb.

Naxçıvanda özəl sektor çoxşaxəlidir və onun iqtisadiyyatdakı çəkisi davamlı olaraq artır. Özəl sektorun ümumi daxili məhsuldakı payının artıq 87 faizə çatması sahibkarların fəaliyyətinə verilən dəyərlə yanaşı, bu sektorun inkişafının göstəricisidir. Məhz bunun nəticəsində bu gün muxtar respublikada yaradılmış yeni istehsal müəssisələri əhalinin istehlak tələbatının ödənilməsi ilə yanaşı, ixrac potensialının genişləndirilməsinə də imkan verir.

Ölkəmizdə biznesin inkişafına yaradılan şərait, bu imkanlardan faydalanmaq və mövcud perspektivlər hər bir sahibkarlıq subyekti kimi, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının fəaliyyətinə və inkişafına da imkanlar açıb. Bu illər ərzində biz kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilmişik. Hazırda bizim məhsullarımız təkcə ölkəmizdə istehlak olunmur, həmçinin xaricə də ixrac edilir.

Bu gün 1455 nəfərin işlə təmin olunduğu holdinq son illər muxtar respublikada bir neçə irihəcmli layihələrin icrasında yaxından iştirak edib. 2014-cü ildən icrasına başlanılan “Gənclər şəhəri” layihəsi gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına geniş imkanlar yaradır. Müasir həyatın bütün imkanlarını özündə birləşdirən layihənin bu il başa çatdırılması nəzərdə tutulub.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən istehsal olunan bir sıra ərzaq məhsulları və tikinti materiallarının ölkəmizin digər bölgələri ilə yanaşı, MDB ölkələrinə ixracı həyata keçirilir. Gələcəkdə istehsal olunan məhsulların ixrac həcminin artırılması qarşımızda duran əsas hədəflərdəndir.

Möhtərəm cənab Prezident, qeyd olunanlar bir daha təsdiqləyir ki, Sizin yürütdüyünüz iqtisadi siyasət sahibkarlığın təşəkkül tapmasına və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir. Biz iş adamları, öz növbəmizdə, respublikamızda sahibkarlığa göstərilən diqqət və qayğını tam dərk edir, dövlət və cəmiyyət qarşısındakı mənəvi məsuliyyətimizi heç vaxt unutmuruq.

Biz sahibkarlar doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə müəyyənləşdirdiyiniz vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə töhfə verəcəyik.

Sizə minnətdarlığımızı bildiririk.

Sağ olun.

* * *

“Zirə İstixana Kompleksi”nin rəhbəri Bəşir QULİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Azərbaycanın inkişafı, tərəqqisi və ölkə vətəndaşlarının xoşbəxt gələcəyinin təmin olunması naminə gördüyünüz bütün işlərə görə ilk öncə bütün sahibkarlar adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin həyata keçirdiyiniz sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dinamik inkişafı davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin edilir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Möhtərəm cənab Prezident, biz sahibkarlar daim Sizin dəstəyinizi hiss edirik və Sizə arxalanırıq. Ölkəmizin əlverişli biznes və investisiya mühitinin nümunəsi kimi mən öz biznes fəaliyyətim haqqında məlumat vermək istərdim. Sizin prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyiniz bitkiçiliyin inkişaf etdirilməsi və tərəvəz yetişdirən müasir istixana komplekslərinin yaradılması sahəsində fəaliyyətə 2011-ci ildən başladıq. Xəzər rayonunun Zirə qəsəbəsində müasir istixana kompleksinin inşası üçün ilkin mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitindən istifadə olundu. “Aqrolizinq” ASC-dən isə texnoloji avadanlıqlar 10 il müddətinə lizinqə götürüldü.

Bildiyiniz kimi, müasir bitkiçilik elmin və son texnologiyaların tətbiqi olmadan mümkün deyil. Bu sahədə Hollandiya texnologiyalarının öyrənilməsi üçün “Wageningen” Universiteti ilə sıx əməkdaşlıq qurduq və orada müxtəlif kurslar keçdik. Müasir aqrar kompleksin idarə edilməsi, ekonomikası, texnoloji proseslər, satış və marketinq sahələrində dünya standartlarına uyğun iş qurduq və son metodikaları tətbiq etdik.

Ölkəmizin əlverişli investisiya mühitindən bəhrələnərək kompleksin yaradılmasına ümumilikdə 6,5 milyon manat investisiya qoymuşuq. Beş hektar şüşə ilə bağlı əraziyə malik kompleksin tikintisində Niderland istehsalı olan ən son texnologiyalardan istifadə olunub. Hazırda müəssisəmizdə 65 nəfər çalışır.

Üstün cəhətlərdən biri istehsal prosesinin tam avtomatlaşdırılması, bütün işlərin kompyuterləşdirilmiş avadanlıqlarla, müasir alətlərlə görülməsi, iş şəraitinin ən yüksək standartlara uyğun olmasıdır. Mühəndislərin bilik səviyyəsinin artması bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasına gətirib çıxarıb. Bununla yanaşı, biz Ağdaş, Oğuz və Şəki rayonlarında intensiv üsullarla açıq sahədə müxtəlif kənd təsərrüfatı bitkilərinin əkinini həyata keçiririk və gələcəkdə bu əraziləri daha da genişləndirəcəyik.

İstehsal etdiyimiz məhsullar ixracyönümlüdür və əsasən Rusiya Federasiyasının bazarlarına çıxarılır. Bizim məhsullar Avropa, Türkiyə və İran məhsullarından daha keyfiyyətli olduğundan, hazırda Rusiyada onlara böyük tələbat var. “Zirinskiy tipliçniy made in Azərbaycan” brendi ilə kifayət qədər tanınmışıq. Təkcə 2015-ci ildə Rusiyaya 1300 ton tərəvəz ixrac etmişik.

Bu il maliyyə vəsaitlərimizi və güzəştli kreditlərimizi cəlb etməklə əlavə beş hektar sahədə istixana kompleksini yaratmağı nəzərdə tuturuq. Bu da əlavə 65 daimi iş yerinin açılması deməkdir.

Qarşıya qoyduğumuz hədəflər istehsalımızın və ən əsası ixrac potensialımızın kifayət qədər artmasına və ölkəmizə valyuta gətirilməsinə öz müsbət təsirini göstərəcək.

Cənab Prezident, Sizin ixracın şaxələndirilməsi və artırılması ilə bağlı verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarların üzərinə düşən məsuliyyəti də dərk edirik. Bütün sahibkarların himayədarı və dayağı olduğunuz üçün Sizi əmin edirik ki, biz də öz fəaliyyətimizlə daim Sizinləyik və sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə öz minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

“Yalama Aqropark” MMC-nin direktoru Azər NƏSİBOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə gətirilməsi və tətbiqinə şərait yaradılması, sahibkarlığın inkişafı ilə bağlı görülən işlər və Sizin sahibkarlara göstərdiyiniz yüksək diqqət və qayğı biz sahibkarları daha həvəslə işləməyə ruhlandırır. Bütün bunlara görə Sizə çox minnətdarıq.

Möhtərəm cənab Prezident, respublikada aqroparkların yaradılması ilə bağlı verdiyiniz tapşırığa uyğun olaraq, Xaçmaz rayonunun Yalama qəsəbəsində “Südlük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi”nin bazasında 523 hektar ərazidə “Yalama Aqropark” yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, dövlətin dəstəyi ilə infrastruktur qurulub, ərazidə ABŞ-ın “VALMONT” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə 385 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan müasir yem zavodu və xammala tələbatın fasiləsiz ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan müasir taxıl anbarı kompleksi inşa edilib və taxıl anbarlarında məhsulun keyfiyyətli saxlanması üçün tədarük gücü saatda 30 ton olan müasir qurutma avadanlıqları quraşdırılıb. Eyni zamanda, aqroparkda çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 40 çarpayılıq yataqxana inşa edilib. “Aqrolizinq” ASC vasitəsilə təsərrüfata “Simmental” cinsindən olan 469 baş heyvan gətirilib, yaxın günlərdə daha 500 baş cins heyvan gətiriləcək. 1000 baş sağmal olmaqla 2500 başlıq müasir heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri mart ayında yekunlaşacaq.

2015-ci ildə təsərrüfatda silosluq və dənlik qarğıdalı üzrə hər hektardan respublika üzrə orta göstəricidən iki dəfə çox məhsul əldə edilib. Təsərrüfatda növbəli əkin sistemi tətbiq olunmaqla, müxtəlif kənd təsərrüfatı bitkiləri - 128 hektar yonca və 228 hektar arpa əkilib ki, bu da heyvandarlıq kompleksinin yemə olan ehtiyacını tamamilə ödəyəcək. Bununla yanaşı, aqroparkda özəl aqroservis yaradılıb və bu texnikaların xidmətindən ətraf kəndlərin fermerləri də yararlanır.

Aqroparkda ikinci mərhələdə gündəlik emal gücü 50 ton olan süd emalı zavodunun, 10 hektar ərazidə müasir istixana kompleksinin və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Süd emalı zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar bazara çıxarılacaq. Həmçinin yem zavodunda istehsal olunan qüvvəli yem regionda fəaliyyət göstərən təsərrüfatlara satılacaq. Hazırda aqroparkda 100 nəfər çalışır və layihələrin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq.

Sahibkarlığın inkişafına göstərdiyiniz hərtərəfli qayğı və fəaliyyətimiz üçün yaratdığınız münbit şəraitə görə Sizə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, ölkəmizin inkişafına göstərdiyiniz bu fədakar fəaliyyətinizdə daim Sizin yanınızdayıq. Bundan sonra da əzmlə çalışacaq, üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək və sahibkarlara göstərdiyiniz etimadı hər zaman doğruldacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

“NEON” firmasının baş direktoru Arif HƏSƏNOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Azərbaycanın müstəqil dövlət kimi qazandığı uğurlar, hərtərəfli tərəqqi və inkişaf biz sahibkarları da ürəkdən sevindirir. Azərbaycan Respublikası çox sürətlə tərəqqi edərək iqtisadi inkişaf tempinə görə təkcə regionda deyil, dünya ölkələri sırasında da lider dövlətə çevrilib. Bu inkişafla bağlı görülən işlər və dövlətimizin bütün sahələrə, o cümlədən sahibkarlığa göstərdiyi yüksək diqqət və qayğı biz sahibkarları öz işlərini daha həvəslə yerinə yetirməyə sövq edir.

Möhtərəm cənab Prezident, müəssisəmiz 2000-ci ildə yaradılıb və ölkəmizin qida sənayesi sahəsində kifayət qədər tanınıb. Regionun un və un məmulatları istehsalı üzrə demək olar ki, iri müəssisələrindən biridir. Hazırda müəssisəmizin tərkibinə gündəlik istehsal gücü 15 ton olan çörək və 15 ton olan makaron istehsalı zavodları, tutumu 15 min ton olan 2 taxıl saxlama və gündəlik emal gücü 150 ton olan un dəyirmanı kompleksləri və qablaşdırma sahəsi daxildir. Bu zavodlarda hazırlanan məhsullar yerli istehsalın ödənilməsi ilə yanaşı, ixrac da olunur. Hazırda məhsullarımızın əsas ixrac olunduğu ölkələr İran və Gürcüstan olsa da, bu ildən artıq Türkmənistan və digər MDB ölkələrinə də məhsullarımızı ixrac edəcəyik. Hazırda müəssisəmizdə 150 nəfərdən çox işçi çalışır. İstehsal fəaliyyətimizin genişləndirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müxtəlif dövrlərdə 8 milyon manat güzəştli kredit verilib. Keçən dövr ərzində bu vəsaitin 4 milyon manatı tərəfimizdən geri qaytarılıb. Ümumilikdə isə bu müəssisələrin yaradılmasına 15 milyon manatdan çox investisiya qoyulub.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün buğdanın idxalı və satışını, buğda ununun və çörəyin istehsalı və satışını əlavə dəyər vergisindən azad etməyiniz, bizim kimi un və un məmulatları istehsal edən sahibkarların da fəaliyyətini stimullaşdırıb. Bütün bunlar isə, istehsal etdiyimiz məhsulların həm keyfiyyətinin, həm də qiymətinin əhalinin istəklərinə uyğun olmasına şərait yaradıb.

Bununla yanaşı, gələcəkdə regionda müasir düyü emalı fabrikinin yaradılmasını nəzərdə tuturuq. Belə bir müəssisənin yaradılması idxalı əvəz etməklə yanaşı, respublikada çəltikçiliyin inkişafına öz müsbət təsirini göstərəcək. Bizi bu işlərin həyata keçirilməsinə ruhlandıran cənab Prezident, Sizin sahibkarlara olan ən yüksək inamınızdır. Bu etimadı doğrultmaq bizim üçün böyük şərəfdir və qarşımızda duran vəzifələrin həyata keçirilməsində məsuliyyətimizi daha da artırır. Bir daha biz sahibkarlar üçün yaratdığınız bütün imkanlara görə Sizə region sahibkarları adından dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Qarabağ Aqrar Sənaye Kompleksinin baş direktoru Vahid RZAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Azərbaycanın müstəqil dövlət kimi qazandığı uğurlar, hərtərəfli tərəqqi və inkişaf biz sahibkarları da ürəkdən sevindirir. Azərbaycan Respublikası çox sürətlə tərəqqi edərək iqtisadi inkişaf tempinə görə təkcə regionda deyil, dünya ölkələri arasında da lider dövlətə çevrilib.

Möhtərəm cənab Prezident, Sizin iqtisadi siyasətinizə arxalanıb, Qarabağın ən böyük iqtisadi rayonu olan Bərdə rayonunun Mehdili kəndində 5 sahibkarlıq subyekti birləşərək Aqrar Sənaye Kompleksi yaratmışıq. Kompleksin tərkibində Almaniya, İngiltərə və Türkiyə şirkətlərinin müasir texnologiyaları əsasında 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücü olan ət kəsimi və emalı fabriki, illik istehsal gücü 46 min ton olan qüvvəli yem zavodu inşa etmişik. Bu layihənin maliyyələşdirilməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə etmişik, həmçinin “Aqrolizinq” ASC vasitəsilə cins heyvanlar və kənd təsərrüfatı texnikaları almışıq. Layihənin icrası nəticəsində 300 yeni iş yeri yaradılıb.

Möhtərəm cənab Prezident, kompleksin məhsullarının maya dəyəri aşağı olur. Buraxılan məhsulların xammal mənbəyi yerli istehsal hesabına formalaşdığından dünyada baş verən iqtisadi böhran məhsulların qiymətlərinə heç bir təsir göstərmir. Bölgənin kiçik fermerləri də kompleksdən yararlanırlar. Onların məhsulları tədarük olunur, eləcə də logistik mərkəzdə saxlanılması təmin edilir. Eyni zamanda, fermerlər cins damazlıq heyvanlarla və qüvvəli yemlə təmin edilir, istehsal olunan süd və ət kompleks tərəfindən tədarük olunur. Hazırda kompleksdə ildə 1000 tona yaxın ət, 17 min tona yaxın süd istehsal edilir.

Möhtərəm cənab Prezident, sahibkarlığa göstərilən dövlət qayğısı, rayonda sahibkarlıq üçün yaradılmış münbit şərait və ötən dövrdə topladığımız təcrübə deməyə əsas verir ki, istehsal fəaliyyətimizi artırmaq və yerli ərzaq məhsullarına olan tələbatımızı daha da dolğun ödəmək üçün geniş imkanlarımız var. Bu məqsədlə bizə Dövlət Ehtiyat Fondu torpaqlarından əlavə torpaq sahəsinin ayrılmasına ehtiyac vardır. Bu torpaq sahələrində müxtəlif meyvə, tərəvəz və yem bitkilərinin əkilməsini hədəfləyirik. Bu da istehsal imkanlarımızı artırmaqla yanaşı, heyvandarlıq kompleksinin yemə olan ehtiyacının ödənilməsində, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsində, qiymətlərinin sabitləşməsində və ixrac imkanlarımızın yaranmasında xüsusi rol oynayacaq.

Cənab Prezident, Sizin sahibkarlığın inkişafı ilə bağlı son fərman və sərəncamlarınız biz sahibkarları öz işlərimizi layiqincə yerinə yetirməyə ruhlandırır. Sizi əmin edirik ki, iqtisadiyyatımızın inkişafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində göstərdiyiniz bu fədakar fəaliyyətinizdə həmişə Sizin yanınızda olacağıq.

Diqqətinizə görə sağ olun.

* * *

“Aqrokompleks Qəbələ” MMC-nin direktoru Oktay NAĞIYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Dünya iqtisadiyyatında baş verən böhran meyillərinə baxmayaraq, iqtisadiyyatımızın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq göstərərək davamlı inkişaf etməsi məhz Sizin düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı sayəsində mümkün olub.

Möhtərəm cənab Prezident, Sizin 2013-cü ildə Qəbələ rayonuna səfəriniz çərçivəsində “Gilan Holdinq” Aqrar-Sənaye Kompleksinin açılışında verdiyiniz dəyərli tövsiyələriniz əsasında müəssisəmiz uğurlu fəaliyyətini davam etdirir. Sizin kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirməyiniz, tapşırıq və tövsiyələriniz bizi səmərəli fəaliyyətə ruhlandırıb.

Rayonun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Buraya “Simmental” cinsindən olan 1750 baş heyvanın saxlanılması üçün südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir. Ümumi dəyəri 25 milyon manat olan bu layihənin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın “GEA” şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb. İnəklərdən gündə orta hesabla 25 litrədək süd alınır. Gətirilən heyvanlar artıq yerli iqlimə tam uyğunlaşıb.

Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədilə Qəbələ rayonunda 1650 hektar ərazidə yem təsərrüfatı yaradılıb. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tamamilə ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın və Hollandiyanın qabaqcıl şirkətlərinin istehsalı olan 17 adda 55-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis təşkil olunub. Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxumsəpən aqreqatlar, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilib. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılıb. Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, məhsul ixracını da genişləndirəcək. Aqrar-sənaye kompleksində 130-dan çox insan daimi işlə təmin olunub.

Respublikada ilk dəfə olaraq cins düyələrin ixracına başlamışıq. İlk mərhələdə 32 baş cins düyə Türkmənistana ixrac edilib və müqavilə şərtlərinə əsasən ayda bir dəfə ixrac əməliyyatı aparılacaq. İxrac imkanlarımızın genişlənməsi ölkəmizə valyuta axınını sürətləndirəcək.

Cənab Prezident, Sizi əmin edirik ki, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün göstərdiyiniz bu fədakar fəaliyyətinizdə həmişə Sizinləyik və bu istiqamətdə bütün səylərimizi səfərbər edəcəyik.

Diqqətinizə görə sağ olun.

* * *

“Embawood” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Elşad ABBASOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Sizin ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu siyasət və verdiyiniz uzaqgörən qərarlar hər zaman biz sahibkarlara kömək olub və bizə fəaliyyətimizi daha da genişləndirməyə şərait yaradıb. Bizə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizin sənayeləşmə siyasətinizin nəticəsidir ki, son illər ölkə iqtisadiyyatının müxtəlif sahələrində yeni istehsal müəssisələri istifadəyə verilib. 1996-cı ildə Masallı rayonunda yaradılan şirkətimiz də Sizin dəstəyinizlə ildən-ilə inkişaf edib, öz istehsal gücünü artırıb. Şirkətimiz tərəfindən müxtəlif ofis və məişət mebelləri, həmçinin mebel sənayesi üçün yarımfabrikat məhsullar istehsal olunur. Ümumilikdə müəssisəmizin yaradılmasına və inkişaf etdirilməsinə 80 milyon manat investisiya qoyulub. Hazırda Azərbaycanda 135 brend mağazamız fəaliyyət göstərir və istehsal olunan məhsulların “EMBAWOOD”, “Modeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilir.

Sizin ölkədə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində verdiyiniz tapşırıqlar bütün sahibkarlar kimi, bizi də ixracla bağlı yeni hədəflərə çatmağa sövq edir. İcazənizlə qeyd edim ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyinin gücləndirilmək, istehsalımızın artırılmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarımızı genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı.

Dövlətimizin sahibkarlara göstərdiyi maddi və mənəvi dəstək bizə fəaliyyətimizdə hər zaman böyük kömək olub. Bu dəstək mexanizmlərindən biri kimi şirkətimizə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat güzəştli kredit verilib. Bu maliyyə dəstəyi müəssisəmizdə yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə imkan yaradıb, istehsal gücünü və rəqabətqabiliyyətliliyi artırıb, daha keyfiyyətli məhsul istehsal etməyimizə səbəb olub. Bu gün şirkətimizdə 2000-dək işçi çalışır. Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 milyon manat məbləğində vergilər və sosial ödənişlər həyata keçirilib.

Cənab Prezident, Sizin sahibkarlara göstərdiyiniz hərtərəfli diqqət və qayğı bizi işimizə daha da böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. Hələ 2004-cü ildə yenidən qurulmuş müəssisəmizdə olduğunuz zaman verdiyiniz tapşırıq və tövsiyələr bu gün də öz aktuallığını qoruyub saxlayır və hədəflərimizin əsasını təşkil edir.

Göstərdiyiniz hərtərəfli dəstəyə görə Sizə bütün sahibkarlar adından bir daha dərin minnətdarlığımı bildirirəm.

* * *

“Norm” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş kommersiya direktoru Fuad MUSAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Bildiyiniz kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılıb. Ötən illərdə yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Bu müəssisələr arasında “Norm” Sement Zavodu önəmli yer tutur. 326 milyon ABŞ dollarına başa gələn müəssisənin istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Cənubi Qafqazın ən iri sement zavodu olan müəssisənin əsas texnoloji avadanlıqları Avropa ölkələrinin aparıcı istehsalçıları tərəfindən təchiz edilib. Zavodda sement müasir “quru üsul” texnologiyası ilə istehsal olunur. Bu mütərəqqi avadanlıqlar və texnologiya istehsal prosesində minimum enerji sərfiyyatı ilə yanaşı, ətraf mühitə təsirin minimuma endirilməsini təmin edir.

“Norm” Sement Zavodu istismara verildiyi qısa müddət ərzində Azərbaycanın sement bazarında aparıcı mövqe qazanıb və hazırda 30 faiz pay ilə bazarın lideridir. Şirkətimizin, habelə digər yerli sement istehsalçılarının fəaliyyəti nəticəsində 2015-ci ildə ölkəmizə sement idxalı əvvəlki illə müqayisədə 80 faiz azalıb.

Hazırda müəssisədə beş çeşiddə sement istehsal olunur. Zavodda müasir standartlara cavab verən sement və beton laboratoriyaları fəaliyyət göstərir. Bundan əlavə, şirkətimiz Almaniyanın tanınmış VDZ Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir və zavodda istehsal olunan bütün məhsullara bu institut tərəfindən keyfiyyət sertifikatı verilir. Eyni zamanda, müəssisə Avropa Sement Tədqiqatları Akademiyasının və Asiya Sement və Beton Tədqiqatları Assosiasiyasının üzvüdür.

Layihə yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Zavodda 330 nəfər, köməkçi sahələrdə isə daha 150 nəfər işlə təmin olunub. İşçi heyətinin bacarıqlarının artırılması üçün xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunur, əməkdaşlarımız xaricdə keçirilən təlimlərdə iştirak edirlər. Nəticədə yerli mütəxəssislərin bilik və bacarığı Avropanın aparıcı mütəxəssislərinin səviyyəsinə çatır ki, bu da ölkəmizin sənayesinin kadr potensialının genişləndirilməsində böyük rol oynayır. Bununla birgə, “Norm Sement” ölkənin ictimai-sosial həyatında fəal iştirak edir, elmin, təhsilin və gəncliyin inkişafına dəstək verir.

Hazırda müəssisəmiz tikintinin səmərəliliyinin artırılması istiqamətində tikinti şirkətləri ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, müəssisənin mütəxəssisləri nadir və tükənən qiymətli yerli materiallar (aqlay daşı və s.), habelə idxal olunan bahalı materiallar (qranit, mərmər və s.) əvəzinə istifadədə asan və sərfəli beton məmulatlarının istehsalı və tətbiqi istiqamətində araşdırma və tədqiqatlar aparırlar.

“Norm” Sement Zavodu ölkənin iqtisadi inkişafına bundan sonra da dəstək olmaqla yanaşı, əhalinin daimi iş yerləri ilə təmin olunmasına, ölkəmizin inşaat materiallarına tələbatının ödənilməsinə, ixrac potensialının artmasına və iqtisadiyyatın qeyri-neft sektorunun güclənməsinə xidmət edəcək. Bütün bu nailiyyətlərin əldə olunmasında bizə göstərdiyiniz hərtərəfli, misilsiz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.

 

Azərbaycan. - 2016.- 27 yanvar.-  S.1-3.