Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfrans keçirilib
Prezident İlham Əliyevin yekun nitqi
- Bu gün daha çox sahibkarlara şərait yaradıldı ki, onlar öz sözlərini desinlər. Dövlət məmurlarının öz sözlərini deməyə daha da geniş imkanları var. Ona görə, mən istədim ki, bu gün bütün bölgələri təmsil edən sahibkarlar çıxış etsinlər. Həm görülmüş işlərlə bağlı məlumat versinlər, eyni zamanda, onları narahat edən problemlər də müzakirə mövzusuna çevrilsin.
Bu gün fasilədən sonra nazirlər, dövlət məmurları, icra hakimiyyəti başçıları və sahibkarlar bölmələrdə öz işlərini davam etdirəcəklər. Əminəm ki, orada müzakirə ediləcək məsələlər əhəmiyyətli olacaq və müzakirə nəticəsində konkret təkliflər də irəli sürülməlidir.
Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın.
Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək. Bildiyiniz kimi, maaşlar, pensiyalar və sosial müavinətlər qaldırıldı. Sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir. Bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə, bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək.
Bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilmişdir. Mən giriş sözümdə bu barədə öz fikirlərimi dedim, amma hələ ki, elektrik enerjisi, qazlaşdırma, xüsusilə kənd yollarının tikintisi ilə bağlı görüləsi işlər də çoxdur. Mən hesab edirəm ki, bu il kənd yollarının tikintisinə əlavə böyük vəsait ayrılmalıdır. Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda, bu, bölgələrdə insanları bu işlərə cəlb edəcək və olan işsizliyi də aradan götürəcək. Biz son illər ərzində işsizliyə qarşı çox fəal işləmişik. Bunun nəticəsidir ki, Azərbaycanda işsizlik son illər ərzində beş faizə düşmüşdür. Bu, doğrudan da bizim tarixi nailiyyətimizdir. İşsizlik ilə bərabər, həmçinin yoxsulluq da beş faizə düşmüşdür. Ancaq indiki şəraitdə işsizlik arta bilər və artır. Düzdür, yeni iş yerləri açılır və iş yerləri bağlanır. Misal üçün keçən il 80 mindən çox daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Biz bu il də bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki, iş yerləri bağlanır, orada daha da böyük həcmdə işlər getməlidir. Həm dövlət qurumları, eyni zamanda, özəl sektor da bu məsələni diqqətdə saxlamalıdır.
Kənd yollarının tikintisi isə bu istiqamətdə
çox önəmli addımdır, iki məqsədi
güdür - həm infrastruktur yaxşılaşır, həm
insanlar işə cəlb olunur. Kənd yollarının
tikintisində bizim xarici komponentə heç bir
ehtiyacımız yoxdur. Lazım olan bütün mal-materiallar
Azərbaycanda istehsal edilir. Kənd
yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmli
amildir.
İçməli su layihələri də icra edilməlidir. Bu layihələr
insanları içməli su ilə təmin edəcək və
edir, yeni iş yerlərinin yaradılmasına gətirib
çıxaracaq. Biz içməli su layihələrinin
icrasında da bu işləri daxili istehsalla təmin edirik.
Son illər ərzində daxili istehsala verdiyimiz
diqqət, qoyduğumuz sərmayə, bax, indi bu
reallığı təmin edir. Əgər
biz bunu etməsəydik indi idxaldan daha da çox asılı
vəziyyətdə olacaqdıq. Mən bu
barədə hələ danışacağam. Ona görə, infrastruktur layihələri icra edilməlidir.
Bəziləri hesab edir ki, neftin qiymətinin 4 dəfə
düşməsi ilə bağlı biz xərcləri daha da
ixtisar etməliyik. Təbiidir ki, bu, belədir.
Ancaq hesab edirəm ki, biz 2016-cı ildə
infrastruktur və biznes layihələrini icra etməklə
ölkəmizə daha da böyük dinamizm verə bilərik
və biz bunu edəcəyik.
Son illər ərzində 1500-ə yaxın subartezian
quyusu qazılmışdır. Keçən ilin
sonunda bu məqsədlər üçün Prezidentin ehtiyat
fondundan əlavə 10 milyon manat ayrılmışdır.
Ola bilər ki, il ərzində əlavə
vəsait ayrılacaq. Subartezian quyularının
qazılması prosesi davam etdirilməlidir.
Sosial infrastruktur layihələri icra ediləcək. Həm Bakıda, həm
böyük və həm də kiçik şəhərlərdə
məktəblərin, tibb mərkəzlərinin, xüsusilə
uşaq bağçalarının tikintisinə böyük
ehtiyac var.
Yeni
iş yerlərinin yaradılması bu il
xüsusi əhəmiyyət kəsb edir. Çünki qeyd
etdiyim kimi, bəzi iş yerləri bağlanır. Son 12 il ərzində 1 milyon 500 min iş yeri
yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Ancaq bu illər ərzində Azərbaycanın əhalisi
artmışdır. Əlbəttə ki,
bu da inkişafın əlamətidir. 2003-cü ildə
Azərbaycan əhalisi 8,4 milyon idisə, bu
il 9,7 milyondur. Yəni, əhali 1 milyon 300 min nəfər
artmışdır. Bu, bizim böyük
üstünlüyümüzdür və inkişafın əlamətidir.
Əgər o artım dinamikasına nəzər
salsanız görərsiniz ki, sürətli inkişaf
dövründə əhali daha da çox artır. Bu, üstünlükdür, amma, eyni zamanda, - mən
bunu artıq neçə dəfə demişəm, - bu, bizi
daha da fəal işləməyə çağırır.
Çünki artan əhali artan iş yerləri deməkdir.
Bir milyon daimi iş yeri yaradılıb, bir milyon 300 min əhali
artıb. Bu, yeni məktəblər, yeni uşaq
bağçaları, yeni yolların çəkilməsi deməkdir.
Şəhərsalma işi daha da
düşünülmüş şəkildə
aparılmalıdır. Bizim şəhərlərimiz
böyüyür. Şəhər
infrastrukturu buna uyğun şəkildə qurulmalıdır.
Misal üçün, bizim bütün içməli
su layihələrinin icrasında əhalinin 2030-cu ilədək
mümkün olan artımı nəzərdə tutulur. Yəni,
biz iş yerlərinin yaradılması ilə daim məşğul
olmalıyıq. Əlbəttə, biz fəxr edirik ki, qısa
müddət ərzində 1 milyon daimi iş yeri
açılmışdır. Ancaq əhali də
artır. Ona görə, hansı sahələrdə
iş yerləri yaradılmalıdır? Bizim əmək
resurslarımız kifayət qədər böyükdür.
Həmişə belə olub. Sovet dövründə də belə olub, bu gündə
belədir.
Ona görə bu, çox ciddi məsələdir. Mən
çox şadam ki, əhali artır. Bəlkə
də bunun ən böyük tərəfdarı mənəm.
Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə
artmalıdır. Ona görə, hökumət
bu məsələlərlə bağlı ciddi işləməlidir.
Uzunmüddətli konkret plan tərtib edilməlidir ki, əmək
resurslarının işlə təmin edilməsi
üçün hansı addımlar atılmalıdır.
İndiki
şəraiti nəzərə alaraq hesab edirəm ki,
sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində
əlavə tədbirlər görə bilərlər. Mənə
verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda
70 mindən çox müəssisə
yaradılmışdır və ümumiyyətlə, müəssisələrin
sayı 100 minə yaxındır. Onların içində əlbəttə
ki, böyük və kiçik müəssisələr var.
Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə
sosial məsuliyyət nöqteyi-nəzərdən
yanaşsalar və işsiz qalan insanları işə
götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri
insanları ixtisar etməsələr onlar ümumi işimizə
töhfə verərlər. Çünki bu,
sosial məsuliyyətdir. Bu, bizim ümumi
işimizdir. Bununla bərabər, artıq
mən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə və Azərbaycan dövlət şirkətlərinə
tapşırıq vermişəm ki, birgə işləsinlər.
Məşğulluq idarələrinə
müraciət edən insanları işlə təmin etmək
üçün dövlət şirkətlərində yeni
vakansiyalar açılmalıdır. Əlbəttə,
bir daha demək istəyirəm ki, biz bazar iqtisadiyyatı şəraitində
yaşayırıq və bu prinsipdən dönməyəcəyik.
Hamımız yaxşı başa
düşürük ki, bazar özü hər şeyi tənzimləməlidir,
bu və digər şirkətdə nə qədər insan
işləməlidir, nə qədər məhsul istehsal edilməlidir.
Ancaq hesab edirəm ki, müvəqqəti, yaxud da ki, daimi
iş yerlərinin açılması prosesi mütləq
başlamalıdır. Bakıda və
bütün bölgələrdə dövlət şirkətləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
birlikdə nümunə göstərməlidirlər. İşi itirən insanlar o idarələrə
müraciət etsinlər və əminəm ki, onları
işlə təmin etmək üçün bizdə imkanlar
olacaqdır. Ona görə, ilk növbədə
dövlət şirkətləri bunu etməlidirlər. Özəl sektor bu amili nəzərə alsın.
Xüsusilə, nəzərə alsaq ki, dövlət
sahibkarlığın inkişafına bu qədər kömək
göstərir, həm siyasi, həm metodoloji dəstək
verir. İqtisadiyyat Nazirliyi bütün
layihələr üzrə biznes planlar hazırlayır, maliyyə
dəstəyi verir. Son 12 il ərzində
sahibkarlara güzəştli şərtlərlə 1 milyard
700 milyon manat kredit verilmişdir. Bu ili nəzərə
alsaq 2 milyard manat edir. Yəni, bu, dövlət dəstəyidir.
Ona görə, sahibkarlar da həm iş yerləri
yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər,
həm də fəaliyyət göstərdikləri bölgələrdə
sosial məsuliyyəti hiss etməlidirlər.
Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması istiqamətində
işlər aparılır, müvafiq göstərişlər,
tapşırıqlar, sərəncamlar verilmişdir. Bu sahə
mütləq daim diqqət mərkəzində
olmalıdır. Beynəlxalq maliyyə
qurumları bu istiqamətdə apardığımız fəaliyyəti
yüksək qiymətləndirir, Dünya Bankı “Doing
Business” hesabatında Azərbaycanı yüksək yerlərə
layiq görür. Davos Dünya İqtisadi
Forumu ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı 40-cı yerə layiq
görmüşdür. Biz dünya
miqyasında 40-cı yerdə, MDB məkanında birinci yerdəyik.
Ona görə, biznes, investisiya mühitinin
yaxşılaşdırılması, iqtisadi, maliyyə
sektorlarının, vergi, gömrük orqanlarının tam
şəffaflaşması, vergi bazasının genişləndirilməsi,
uçotun, statistikanın düzgün aparılması - bax,
bütün bunlar çox vacib olan məsələlərdir. Deyə bilmərəm ki, bu
məsələlərin həllində biz istədiyimizə
nail ola bilmişik. Yox, hələ
ki, görüləsi işlər çoxdur. Qüsurlar var, onlar aradan götürülür,
götürülməlidir. 2016-cı il
bu istiqamətdə həlledici rol oynayacaqdır. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi
sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə
əsasən təşkil etməliyik. Burada
əlbəttə ki, uçot və statistika xüsusi yer
tutur. Bizim statistikamız da aparıcı
ölkələrin statistikasına xas olan bütün əlamətləri
özündə ehtiva etməlidir.
Çünki əsas budur, məlumatdır. Biz dəqiq
bilməliyik harada nə işlər görülür, hansı
məhsullar istehsal olunur. Əgər belə
olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq
çətin olacaqdır.
Biz mütləq daxili bazarımızı, yerli
istehsalı qorumalıyıq, bununla bərabər,
inhisarçılığa yol verməməliyik. Bu da çox
ciddi məsələdir. Çünki, əlbəttə,
mən çox istəyirəm ki, Azərbaycan məhsulları
daha da çox istehsal olunsun, biz idxaldan
asılılığı daha da azaldaq, iş yerləri
yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək.
Ancaq bununla bərabər, əgər biz idxal
mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət
olmayacaq. Amma rəqabət əsasdır.
Hər bir ölkənin inkişafı
üçün azad, ədalətli, sərbəst rəqabət
əsas şərtdir. Ona görə,
burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi,
bütün süni maneələr, idxal qarşısında
duran maneələr aradan götürülməlidir, eyni
zamanda, daxili istehsal qorunmalıdır. Ona
görə, müvafiq qurumlar çox fəal işləməlidirlər
ki, bu iki amili təmin etsinlər. Yerli
istehsal, idxaldan asılılığın azaldılması
bizim gələcək dayanıqlı
inkişafımızın əsas məsələsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol
vermək olmaz. Bəzi hallarda bizdə təbii
inhisarçılıq yaradılır. Çünki
bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə
görürsən ki, bütün bazarı öz əlinə
götürür. Burada əlbəttə
ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir.
Biz elə etməliyik ki, sərbəst rəqabətə
mane olan bütün amillər aradan götürülsün.
İnvestisiyaların təşviqi sistemi artıq
yaradılıb, tətbiq edilir. Müvafiq qərarlar qəbul
edilmişdir. Biz xarici investisiyaları daha
da çox cəlb etməliyik. İnvestisiyaların
təşviqi məsələsi burada mühüm rol
oynayır. Bütövlükdə deyə
bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir.
Əgər belə olmasaydı xarici firmalar Azərbaycana
100 milyard dollar investisiya qoymazdılar. Biz
isə çalışmalıyıq ki, indi xarici sərmayəni
qeyri-neft sektoruna, ixracyönümlü məhsulların
istehsalına yönəldək. Eyni zamanda,
artıq ixracın stimullaşdırılması
üçün konkret addımlar atılıb. Mənim tərəfimdən müvafiq qərarlar
verilib və artıq Azərbaycanda ixracın təşviqi
sistemi yaradılır. Biz keçmişdə
bu barədə çox danışmışıq. Ancaq bu gün artıq biz bunu etməliyik, edirik.
Burada da biz bu yolu keçən ölkələrin
təcrübəsinə mütləq nəzər yetirməliyik
və ən müsbət təcrübəni tətbiq etməliyik.
Azərbaycanda rəqabətqabiliyyətli məhsulu
istehsal edən, bunu dünya bazarına çıxaran
sahibkarlara dövlət tərəfindən güzəştlər
edilməlidir.
İndi İqtisadiyyat Nazirliyi bu məsələlərlə
bağlı işləyir və hesab edirəm ki, sahibkarlar da
bugünkü konfransda bu məsələ ilə bağlı
öz təkliflərini verməlidirlər.
Mən artıq bəyan etmişəm, bir daha demək
istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə
proqramı icra ediləcəkdir. Buna böyük ehtiyac
var. İlk növbədə, bu, ölkəmizə əlavə
sərmayə, valyuta gətirəcək. Digər
tərəfdən, biz işləməyən müəssisələri
canlandıracağıq. Elə müəssisələr
var ki, artıq 20 ildir dayanıb, qapısı
qıfıllanıb, yarıdağılmış, yaxud
dağılmış vəziyyətdədir və onlar nədənsə
özəlləşdirməyə çıxarılmır.
İlk növbədə, ciddi təhlil
aparılmalıdır. Hansı müəssisələr ilk
növbədə özəlləşməyə
açılmalıdır və özəlləşdirmə
nəticəsində ölkə iqtisadiyyatı hansı
dividendlər götürəcək. Əlbəttə,
hər bir özəlləşdirilən müəssisənin
gələcək fəaliyyəti ilə bağlı biznes
plan təqdim edilməlidir. Belə
çıxmasın ki, kimsə gəldi özəlləşdirdi,
yenə də o müəssisə belə bağlı vəziyyətdə
qalacaq. Biznes plan, öhdəlik, məsuliyyət -
bütün bunlar nəzərə alınmalıdır. Genişmiqyaslı özəlləşdirməni
aparmaq üçün bizə mütləq yüksək
nüfuza malik olan beynəlxalq məsləhətçi
şirkətlər lazımdır. Onlara da
müraciət etmək lazımdır. Mən
Davos Forumu çərçivəsində artıq bu barədə
də danışıqlar aparmışam. Müəyyən təkliflər var. Mütləq
onlar gəlib bizə həm məsləhət versinlər,
kömək göstərsinlər, həm də yaxşı mənada
nəzarət etsinlər. Aparılacaq
özəlləşdirmə şəffaf olmalıdır, Azərbaycan
dövlətinin maraqları maksimum təmin edilməlidir.
Bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində əlavə tədbirlər görüləcək. Əmanətlərin
sığortalanması məsələsinə baxılıb.
Hesab edirəm ki, bu, dövlət tərəfindən
atılan çox ciddi addımdır. Ancaq
bank sektorunun sağlamlaşdırılması prosesi daha
sürətlə getməlidir. Burada
inkişaf üçün çox böyük imkanlar var. Tələblərə,
meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən,
böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət
göstərə bilməz. Bu məsələ
ilə bağlı bir neçə dəfə hökumət
yığışıbdır, məsələ qoyulubdur.
Ancaq əfsuslar olsun ki, məsələ
çox ləng gedir.
Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu, hər bir
ölkə üçün çox vacib məsələdir.
Elə etməliyik ki, bank sektoru Azərbaycan iqtisadiyyatına
daha da çox fayda versin, iqtisadiyyatın real sektoruna daha da
çox kredit resursları təşkil etsin ki, biz işləri
təkcə dövlət büdcəsi hesabına, yaxud da ki,
sahibkarların öz vəsaiti hesabına görməyək. Bank sektoru da burada çox ciddi alət, daha fəal
olmalıdır. Ona görə bank
sektorunun sağlamlaşdırılmasına Azərbaycan
dövləti kömək göstərir və bu istiqamətdə
islahatlar daha da sürətlə getməlidir.
Qeyd
etdiyim kimi, qeyri-neft sənayesi sürətlə
artmışdır - 8,4 faiz. Azərbaycanda sənayeləşmə prosesi gedir.
Texnoparklar yaradılır, sənaye klasterləri
yaradılmalıdır. Mən artıq
göstəriş vermişdim ki, hər bir rayonda sənaye
zonaları yaradılsın. Ancaq bu proses ləng gedir. Burada oturan bütün şəhər, rayon icra
başçıları da bu işlərdə daha fəal
olmalıdırlar. Onlar, İqtisadiyyat
Nazirliyi və sahibkarlar bu işi görməlidirlər. Bu gün fasilədən sonra bu məsələ
mütləq müzakirə edilməlidir. Hər
bir rayondan ayrılacaq sahələrlə bağlı konkret təkliflər
verilməlidir. İcra
başçıları özləri bu işlərə
çox ciddi fikir verməlidirlər. Ümumiyyətlə,
bölgələrimizə investisiya axınını daha
çox Azərbaycan dövləti, sahibkarlar təşkil
edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti
orqanları bu işlərdə daha da fəal
olmalıdırlar. Onların fəaliyyətinə veriləcək
qiymət böyük dərəcədə bu amildən
asılı olacaq: nə qədər investisiya cəlb etmisən,
sahibkarlara nə qədər şərait yaratmısan, nə
qədər müəssisə yaradılıb, nə qədər
yeni iş yeri açılıb?! Ona görə,
ilk növbədə, hər bir yerdə statistika düzgün
aparılmalıdır ki, burada şişirtmə olmasın.
Çünki bu, elə köhnə xəstəlikdir
və işlər düzgün qurulmalıdır. Ona
görə bu il hər bir rayonda sənaye zonalarının
yaradılması başlamalıdır.
Ümumiyyətlə, mən bizim özümüzü
qeyri-qida məhsulları ilə təminetmə
imkanlarımız haqqında bir neçə rəqəmi gətirmək
istəyirəm. Bu, həm görülən işləri əks
etdirir, həm də sahibkarlara, icra başçılarına,
dövlət qurumlarının nümayəndələrinə
bir növ yol xəritəsi olacaqdır - harada boşluqlar var
və hansı işlər görülməlidir.
Beləliklə, sement istehsalı. Biz Azərbaycanda özümüzü bu məhsulla 92 faiz səviyyəsində təmin edirik. Burada maya dəyərində idxaldan asılılıq 10 faizdir. Bu, əsas qatqılar və qablaşdırma materiallarıdır. Ona görə sement istehsalı nəinki 100 faiz, daha da çox olmalıdır. İstehsal gücümüz var, biz sementi ixrac etməliyik. Çalışmalıyıq ki, bu 10 faiz xarici komponenti də özümüz istehsal edək. Bentonit. Biz öz tələbatımızı dəfələrlə ödəyirik və böyük ixrac potensialı yaranmışdır. Karton. Özümüzü cəmi 60 faiz təmin edirik. Mütləq yeni karton fabrikləri tikilməlidir və istehsalda biz 50 faiz xarici materiallardan asılıyıq. Bunu da tədricən aradan götürməliyik. Polietilen borular. Özümüzü 60 faiz təmin edirik. Yerli istehsalın tərkibində 70 faiz xarici komponent var. Bu da xammaldır. Əhəng. Özümüzü tam təmin etmirik, cəmi 50 faiz səviyyəsində, xarici komponent 13 faizdir. Gips - 1,6 dəfə. Yəni, həm 100 faiz təmin edirik, həm də ki, ixrac potensialı var. Ancaq istehsalda 50 faiz xarici komponentdən - qatqılar və qablaşdırma materiallarından istifadə olunur. Bu qablaşdırma materialları bütün sahələr üzrə var. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahəyə fikir verilməmişdir. Ona görə müxtəlif qablaşdırma məmulatlarının istehsalı bu il başlamalıdır. Kərpic - özümüzü 99 faiz təmin edirik və burada cəmi 2 faiz xarici amil var. Beton tikinti blokları - özümüzü 100 faiz təmin edirik, 30 faiz xarici komponentdir. Alçipan - özümüzü 95 faiz təmin edirik, maya dəyərinin 48 faizi xaricdən asılıdır. Burada da metal profillər əsas rol oynayır. Metal konstruksiyalar - özümüzü 40 faiz təmin edirik, elektrik kabelləri 48 faiz, elektrotexniki avadanlıqlar 62 faiz.
Yəni, bu, onu göstərir ki, son illər ərzində bu sahəyə çox böyük investisiyalar qoyulub, dövlət kömək edib, özəl sektor və böyük dərəcədə biz bu vəziyyəti yaxşılaşdıra bilmişik. Ancaq hələ görüləsi işlər çoxdur. Birinci vəzifə, 100 faiz özümüzü təmin etmək, ikinci vəzifə, maya dəyərində xarici asılılığı minimuma endirməkdir. Təbii ki, mən bilirəm, biz bunu 100 faiz edə bilməyəcəyik, ancaq çalışmalıyıq. Belə halda neftin qiyməti düşsə də, qalxsa da istehlak qiymətlərində heç bir dəyişiklik olmayacaq.
Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə, bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır.
İslahatlar daha da dərinləşməlidir.
Torpaq fondunun dəqiq uçotu aparılmalıdır. Biz yenə
də uçota gəlirik. Çünki burada da bəzi
hallarda uyğunsuzluq var. Vaxtilə verilmiş torpaq sahələri,
real, faktiki sahələr sənədlərdə olan sahələrlə
üst-üstə düşmür. İndi də bizim peyk
imkanlarımız var - “Azərsky”. Mən onlara da
tapşırmışam ki, mütləq bizim bu torpaq fondumuzun
dəqiq uçotu aparılsın. Yəni, kağızda verilir
bir sahə, amma real fermer başqa sahədə işləyir. Burada biz bu
uyğunsuzluğu aradan götürməliyik. Hesab edirəm ki, əlbəttə, sənədləşmə
dəqiq aparılmalıdır. Çünki
biz indi fermerlərə deyə bilmərik ki, bu sənin sahən
deyil. Harada işləyir, o da onun
mülkiyyətidir. Ancaq düzgün
uçot və sənədləşmə
aparılmalıdır. Bu iş vaxt tələb edir.
Hesab edirəm ki, bu il bu istiqamətdə
ciddi addımlar atılmalıdır. “Elektron kənd
təsərrüfatı” proqramı icra edilir. Bu yaxınlarda mənə məruzə edilmişdir.
Biz bunu daha da geniş yaymalıyıq.
Kənd təsərrüfatının inkişafı
üçün biz böyük meliorasiya layihələrini
icra etdik. Taxtakörpü və Şəmkirçay su
anbarlarını inşa etdik. Samur-Abşeron
kanalının yenidən qurulması layihəsi təmin
edildi. Ceyranbatan gölünün təmizlənməsinə,
müasir təmizləmə qurğularının
yaradılmasına nail olduq. Yəni, biz həm
içməli su, həm meliorasiya məqsədləri
üçün Samur sularından istifadə edirik. Beləliklə, bizdə on minlərlə hektar yeni
torpaq sahələri suvarılacaq və tezliklə
suvarılmalıdır. O sahələrdə, qərb və
şimal zonalarında, - bu, Siyəzən, Şabran,
Xızı, Şəmkir rayonlarıdır və ətraf
rayonlardır, - tezliklə yeni fermer təsərrüfatları
yaradılmalıdır.
Heyvandarlığın inkişafı üçün Kənd
Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli
sürübdür. Biz əvvəllər daha çox cins
mal-qaranın alınması ilə məşğul idik.
Bu, davam edir. Ancaq Azərbaycanda
cinsin yaxşılaşdırılması üçün
imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq
olunmalıdır. Mənə verilən məlumata
görə, bir neçə il ərzində
biz tamamilə mal-qara cinsini
yaxşılaşdıracağıq və beləliklə, əlavə
imkanlar yaranacaqdır.
Bitkiçilikdə
böyük inkişaf var. Keçən il
kənd təsərrüfatının inkişafı daha
çox bitkiçiliklə bağlı idi. Hesab
edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul
olmalıyıq. Çünki bu, həm insanları
işə cəlb edir, - pambıq tarlalarında çox insan
işləyəcək, maaş
alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm
də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik.
Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən
pul artırılmalıdır. Mənə
verilən məlumata görə, indi bir kiloqram pambıq
üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə
qaldırılmalıdır. Pambıqçılıq
sürətlə inkişaf etməlidir, həmçinin
tütünçülük və çayçılıq.
Bu sahədə də bizim böyük ənənələrimiz
var. Sovet dövründə nə qədər pambıq
yığılırdı - 1 milyon ton. Çay,
tütün. Biz bu sahələri
canlandırmalıyıq.
Məndə ərzaq məhsulları ilə bağlı
da buna oxşar arayış var. Mən indi onu da səsləndirəcəyəm. Ona görə səsləndirirəm
ki, həm ictimaiyyət bilsin hansı nailiyyətlər var, həm
də iş adamları, yerli icra orqanları bilsinlər
hansı sahələrə daha çox diqqət verilməlidir.
Beləliklə,
əsas ərzaq məhsulları üzrə özünü təmin
etmə və maya dəyərində idxaldan
asılılıq səviyyəsinə dair məlumat: Mal əti
- özümüzü 92 faiz təmin edirik. Burada
maya dəyərində idxaldan asılılıq 5 faizdir.
Bu, əsasən yem və dərmandır. Qoyun əti - özümüzü 99 faiz təmin
edirik, maya dəyərində cəmi 2 faiz xarici amil var. Yenə
də yem və dərman. Quş əti -
özümüzü 98,6 faiz təmin
edirik. Son bir neçə il ərzində
quş ətinin istehsalında böyük irəliləyiş
var. Nəyə görə? Çünki
quş fabrikləri yaradıldı. Dövlət dəstək,
kredit verdi, sahibkarları bu istiqamətə
yönəltdi ki, biz özümüzü quş əti ilə
tam təmin edək. Biz buna artıq
çatmışıq. Ancaq maya dəyərində
idxaldan asılılıq 65 faizdir. Nədir
bu asılılıq? Qarğıdalı,
soya, günəbaxan və dərman. Sahibkarlar
üçün bu, fəaliyyət meydanıdır. Qarğıdalı, soya, günəbaxan əkilməlidir.
Dərman Azərbaycanda istehsal olunmalıdır.
Niyə biz
özümüz-özümüzü dərmanla təmin edə
bilmirik? Etməliyik. Bu
olsa, onda biz quş ətini 100 faiz daxili komponent hesabına əldə
edəcəyik.
Yumurta.
Özümüzü 99,6 faiz təmin
edirik. Yenə də maya dəyərində 65
faiz xarici amil var.
Süd və süd məhsulları. Özümüzü
təminetmə əmsalı 80 faizdir. Burada
da çox böyük irəliləyiş var. Burada cəmi
10 faiz xarici amildən asılıyıq. Bu
da yenə dərmandır və yemdir. Hesab edirəm ki,
bu il də süd fabriklərinin tikintisinə
böyük diqqət verilməlidir. Çünki
biz özümüzü südlə 100 faiz təmin etməliyik
və ixrac etməliyik. Bildiyimə görə,
indi ixrac olunur, ancaq idxal da var. İdxal ancaq çeşidlərin
sayına görə olmalıdır. Asılılıq
isə tamamilə aradan götürülməlidir.
Azərbaycanda taxıl istehsalı artıbdır. 2014-cü ildə
2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton istehsal
olunmuşdur. Çox gözəl
inkişafdır. Ancaq
özümüzü cəmi 64 faiz səviyyəsində təmin
edirik. Ona görə, iri fermer təsərrüfatlarının
yaradılması prosesi bundan sonra da getməlidir. İri fermer təsərrüfatlarında məhsuldarlıq
1 hektardan 50 sentnerdir, bəlkə də çox, orta məhsuldarlıq
isə 30 sentnerdir. Onu da biz ancaq bu il əldə
etmişik. Əvvəllər 23-24 sentner idi.
Dövriyyəyə yeni torpaq sahələri
verilməlidir. Dövlət infrastruktur
layihələrini icra etməlidir. Biz
özümüzü 100 faiz taxılla təmin etməliyik,
100 faiz. Qarşıya belə vəzifə
qoyulur. Müzakirə edin, məlumat verin biz nə vaxt buna nail ola bilərik və buna nail olmaq
üçün nə lazımdır? Burada -
taxıl istehsalında maya dəyərində idxaldan
asılılıq 20 faizdir - gübrə, dərman.
Kartof - özümüzü 90 faiz təmin edirik. Hesab edirəm
ki, bu, qəbuledilməzdir. Özümüzü
kartofla 100 faiz təmin etməliyik, ixrac da etməliyik. Ona görə, ciddi məşğul olun ki, biz bu
boşluğu dolduraq. Kartof istehsalında
35 faiz xarici amil var - yenə də gübrə, dərman.
Soğan - özümüzü 100 faizdən
çox təmin edirik. Burada xarici amil
yoxdur. Bostan məhsulları 100 faiz, yenə
də xaricdən asılı deyilik. Meyvə,
giləmeyvə təxminən 110 faiz, maya dəyərində
xarici idxaldan 30 faiz asılılıq - yenə gübrə, dərman.
Ona görə, gübrə zavodu tikilir, ancaq gərək
sürətlə tikilsin. O vaxt biz bu layihəni
başlamışıq ki, idxaldan asılılığı
azaldaq, ancaq çox uzanıb. Bu, dözülməzdir.
Bu il çox ciddi işlər
aparılmalıdır. Tezliklə gübrə
zavodu işə düşməlidir. Dərman
haqqında isə mən dedim, müzakirə
edin. Nə etmək lazımdır, harada müəssisələr
yaradılmalıdır, bizə nə qədər
lazımdır, illik tələbat nə qədərdir?
Duz - özümüzü 87 faiz təmin edirik, xarici amil
5 faizdir. Bu da qablaşmadır. Şəkər
və şəkərdən hazırlanan məhsullar -
özümüzü 191 faiz təmin edirik, İmişlidəki
şəkər zavodunun hesabına. Ancaq
burada xaricdən 80 faiz asılılıq var. Xam şəkər
xaricdən gətirilir. Ona görə,
çalışmalıyıq ki, bu xarici komponenti biz
aşağı salaq. Bunun
üçün nə lazımdır? Aydın
məsələdir, daha çox şəkər
çuğunduru əkilməlidir. Bu, həm iş yerləri
yaradacaq, həm xarici amildən asılılıq aradan
götürüləcək.
Bitki yağları və marqarin - özümüzü
67 faiz təmin edirik. Burada da idxaldan 80 faiz asılıyıq.
Nədir? Xam yağ və
qablaşdırma. Bizdə bitkiçiliyin inkişafı
hesabına özümüz yerli məhsullardan daha çox yağ əldə edə bilərik. Kərə yağı - özümüzü cəmi
60 faiz təmin edirik, xarici amil 10 faizdir. Hesab
edirəm ki, biz kərə yağını da Azərbaycanda
100 faiz istehsal etməliyik. Bunun
üçün nə lazımdırsa, təklif verin. Makaron - özümüzü 52 faiz təmin edirik.
Ancaq bu yerli istehsalın 95 faizi xaricdən gələn
xammal hesabına təmin edilir. Ona görə,
taxılçılığın, keyfiyyətli unun
istehsalı makaron istehsalında da imkan verəcək ki, xarici
amildən asılı olmayaq. Meyvə-tərəvəz
şirələri - özümüzü 105 faiz təmin
edirik. Meyvə-tərəvəz konservləri
təxminən 90 faiz və 10 faiz xarici amildir.
Bu cədvəllər nəyi göstərir? İlk
növbədə onu göstərir ki, biz son illər ərzində
tarixi nailiyyətlərə imza atmışıq. Sovet dövründə biz yağı da, əti də,
südü də, pendiri də - hamısını Rusiyadan,
Ukraynadan gətirirdik. İndi biz
özümüzü böyük dərəcədə təmin
edə bilmişik. Ona görə ki,
ölkə iqtisadiyyatının şaxələndirilməsi
siyasəti uğurla aparılır. Ancaq,
eyni zamanda, onu göstərir ki, hələ görüləsi
işlər çoxdur. Səsləndirdiyim bu iki cədvəl
iş adamları, dövlət qurumları, yerli icra
orqanları üçün əsas sənəd - yol xəritəsi
olmalıdır və bunu tezliklə icra etməliyik.
Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə,
Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da
artdı. Biz bundan istifadə etməliyik.
Nə qədər çox turist gəlsə, Azərbaycanı
o qədər də çox adam
tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər.
Son 12 il ərzində Azərbaycanda 300-ə
yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya
səviyyəli kurortlarımız var - Şahdağ kurortu,
Naftalan kurortu. Qəbələ beynəlxalq
kurort mərkəzinə çevrilibdir və Qalaaltı
müalicəvi kurort mərkəzidir. Naxçıvanda
Duzdağ kurort mərkəzi yaradılıbdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri
cəlb edək. Burada vizaların sadələşdirilməsi
işində əlavə tədbirlər görülüb ki,
biz daha da çox turist axınını təmin edək.
Azərbaycanın turistləri maraqlandıran ənənəvi
sənət növləri də inkişaf etməlidir, o
cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir. Hesab edirəm ki, indi, xüsusilə kəndlərdə
şərait yaradılmalıdır ki, qadınlar
xalçaçılıqla məşğul olsunlar. Onlar materiallarla, dəzgahlarla, iplərlə təmin
olunmalıdırlar, xalça toxusunlar, pul qazansınlar və
biz bu malları da xarici bazarlara çıxara bilək.
Bu il də ekoloji tədbirlər görülməlidir.
Xüsusilə ağacəkmə prosesi gedir.
Ağacəkməyə insanları daha çox
cəlb etmək olar, xüsusilə bölgələrdə.
Burada müvəqqəti iş yerləri
yaradılmalıdır. Yerli icra orqanları, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi təkliflər hazırlasınlar
ki, bu il biz nə qədər ağac əkəcəyik,
nə qədər insan bu işlərə cəlb ediləcəkdir.
Bütövlükdə demək istəyirəm ki, indi -
dünyada böhran yaşanan dövrdə bir çox ölkələrdə
ictimai işlərə daha çox üstünlük verilir. Bizdə
böhran yoxdur. Azərbaycan iqtisadiyyatı
sürətlə inkişaf edir və inkişafımız
dayanıqlı olacaq.
Ancaq mən
istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə,
işsiz adam olmasın. Hər kəs
iş tapa bilmir. Ona görə verdiyim tövsiyələr
və tapşırıqlar mütləq icra edilməlidir.
Bu il biz müvəqqəti ictimai işlərə
daha çox insanı cəlb etməliyik. Onlara maaş
veriləcək və onlar da xalq, dövlət
üçün çalışsınlar.
İstehlak qiymətlərinə nəzarət daim
olmalıdır. Süni bahalaşmaya qarşı
mübarizə aparılır və aparılacaq, cəza tədbirləri
görülür. Söhbət süni
bahalaşmadan gedir.
Korrupsiyaya və rüşvətxorluğa qarsı
mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya
böyük bəladır, bütün ölkələr
üçün, o cümlədən Azərbaycan
üçün. Biz həm cəza tədbirlərini
tətbiq edirik, inzibati addımlar atılır, həm də
institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün
meydan daralır, yeni ictimai xidmətlər yaradılır.
“ASAN xidmət” iki il ərzində artıq
yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu
iki il ərzində “ASAN xidmət”də
korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki
dövrlərdə hansı qapıya gedirdilərsə,
onlardan qanuni arayışa, icazəyə və s. görə
nə isə tələb olunurdu. İnstitusional
tədbirlər çox səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri
də tətbiq ediləcək, edilir. Burada heç kimin
imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr
Azərbaycanda bir daha onu göstərdi. Əgər
bəzi yüksək vəzifəli şəxslər qanunu
pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə
bilmirlərsə onlar mütləq cəzalandırılacaq və
cəzalandırılır. Xalq da, ictimaiyyət
də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər
də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.
Mən
artıq qeyd etdim ki, bu il yerli icra
orqanları daha çox iş yerlərinin yaradılması,
investisiyanın cəlb edilməsi ilə məşğul
olmalıdırlar. Əldə edilmiş nailiyyətlərlə
bağlı Prezidentə, Prezident Administrasiyasına, Nazirlər
Kabinetinə müntəzəm olaraq məlumat verməlidirlər.
Dövlət məmurları xalqla bir yerdə
olmalıdır. Mən həmişə
demişəm, hər bir dövlət məmuru, o cümlədən
də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı,
inamı hər gün doğrultmalıyıq.
Dövlət məmurları və onların ailə
üzvləri özlərini təvazökar
aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq
göstərməməlidirlər. Hesab etməməlidirlər
ki, onların hansısa xüsusi statusu var. Onların statusu var
- insanlara xidmət etmək, insanların problemlərini həll
etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə,
qayğı, diqqət göstərməlidirlər və
kömək etməlidirlər. Dediyim
bütün bu amillər onların fəaliyyətinə verilən
qiymətdə əsas rol oynayacaq.
Dövlət qurumları. Burada bəzi
çıxışlarda səsləndi - indi Azərbaycanda
yerli istehsal nə qədər inkişaf edir, o cümlədən
mebel istehsalı. Ancaq bizim dövlət
idarələrində yerli mebeldən istifadə edirlərmi?
Yox. Hər bir kiçik məmur
istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə
ədabazlıqdır. Bizdə gözəl
mebel istehsal olunur. Təkcə bu, “Embawood”
şirkəti deyil. Bizdə bəlkə də
mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki,
bizim yüksək və kiçik vəzifəli dövlət
məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir
başqa mebeldən fərqlənmir. Amma
deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu
özümə rəva bilmirəm. Mənim
üçün gərək İtaliya, Rumıniya mebeli olsun.
Buna son qoyulmalıdır! Bütün dövlət
məmurlarının kabinetlərində bundan sonra yerli mebellər
olmalıdır. Bütün təftiş
edən orqanlar - Hesablama Palatası, Maliyyə Nazirliyi və
digər orqanlar nəzarət etməlidirlər.
Təkcə mebeldən söhbət getmir. Digər mal,
materiallar alınanda da nədənsə bizdə xarici mallara
üstünlük verilir. Mənə bu
yaxınlarda hətta hökumət müşavirəsində
ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda
nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər
üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona
görə, bax, bu sahə çox ciddi nəzarət
altında olmalıdır. Beləliklə,
biz israfçılığa yol verməyəcəyik, xərclər
azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal
güclənəcək. Ona görə mənim
göstərişim hamıya aiddir. Bundan
sonra belə də olmalıdır. İndi
o vəziyyət deyil ki, kimsə özü üçün
xüsusi bir avtomobil alsın, özü də dövlət
hesabına. Bizim Naxçıvanda avtomobil
zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir.
Çox gözəl. Daha
çox alsınlar. Yəni, hökumət
bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var dərhal mənə məlumat
verilməlidir və ölçülər götürüləcək.
Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait
qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə
də investisiya qoyurlar. Mən özüm
də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim
ki, bizim firmalar dünya bazarlarına çıxsınlar,
onları tanısınlar. İndi söhbət
düşmüşkən deyim ki, mən həmişə, hətta
xarici səfərlərdə Azərbaycan sahibkarlarını
təbliğ edirəm, istəyirəm onlar xaricdə fəaliyyət
göstərsinlər. Ancaq indiki şəraitdə
sahibkarların əsas vəsaiti Azərbaycana
qoyulmalıdır. Sahibkarlar, əlbəttə,
məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər.
Bunu etmək üçün vergi uçotu
düzgün aparılmalıdır. Çünki
bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən
filan qədər verməlisən. Yəni,
dövlətə verməlisən, mən bunu nəzərdə
tuturam. Bəzən yəqin ki, başqa
hallar da var. Amma bu da sahibkarları narahat edir. Çünki sahibkar əldə etdiyi gəlirə
görə vergi verməlidir. Ona görə
burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər
və kənd təsərrüfatına, emal sənayesinə,
sənaye materiallarının istehsalına vəsait
qoymalıdırlar.
Mən dəfələrlə demişəm, elə
işləməliyik ki, sanki bizdə neft-qaz resursları
yoxdur. Əslində, indi neftin qiyməti belə vəziyyətə
gətirib çıxarıb ki, elə bil doğrudan da belədir.
Sözün düzü, biz hesablayırdıq
ki, postneft dövrü Azərbaycanda 30-cu, 40-cı illərdən
sonra başlayacaq. Çünki bizim
bütün proqnozlarımız onu göstərir ki, hələ
onilliklər bundan sonra Azərbaycanda neftin hasilatı təxminən
sabit qalacaqdır. İki-üç ildən
sonra reallaşacaq “Cənub” qaz dəhlizinin faydası da, əlbəttə
ki, müəyyən dərəcədə 40-cı ildən
sonra neftin tənəzzülünün
qarşısını alacaq. Çünki
biz bazara böyük qazla çıxacağıq.
Ancaq neftin qiyməti dörd dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər bizim dayanıqlı inkişafımızı təmin edəcək. Mən əminəm ki, Azərbaycan 2016-cı ildə və bundan sonrakı illərdə də uğurla inkişaf edəcəkdir. Biz müstəqillik yolu ilə, inkişaf yolu ilə gedirik. Bu yolda sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. Sağ olun.
AZƏRTAC
Azərbaycan.- 2016.- 27 yanvar.- S.3-4.