Qarşıda duran əsas vəzifə neftin qiymətindən asılı olmayan yeni iqtisadi modelin yaradılmasıdır

 

Bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna əlavə vəsait ayrılacaq. Həmin vəsaitin ayrılması fondda olan vəsaitlərlə birlikdə regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq. Bu, eyni zamanda, aqrar sektora da təkan verə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində maliyyə sahəsi üzrə bölmə iclasında maliyyə naziri Samir Şərifov səsləndirib.

“Hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, layihələr üzərində işlərə başlasınlar. Layihələr yeni əsaslar üzərində qurulmalıdır. İlk növbədə, daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaradılmasına diqqət yetirilməlidir. Bu müəssisələrin yaradılması ölkədən valyuta axınının azalmasına təkan verəcək”, - deyə nazir diqqətə çatdırıb.

Bildirilib ki, manatın ucuzlaşmasının ikinci dalğası nəticəsində müəyyən inflyasiya meyilləri, təzyiqlər hiss olunmağa başlayıb. Odur ki, dövlətimizin başçısı bu təsirlərin maksimuma endirilməsi ilə bağlı ciddi tapşırıqlar verib. Xüsusən idxaldan asılılığımızı azaltmalıyıq. Prezident çıxışında xüsusi vurğuladı ki, xammalı idxalla bağlı olmayan istehsal sahələri yaradılmalıdır. Yaxud, hər hansı bağlılıq varsa, bu, çox cüzi olmalıdır.

S.Şərifov deyib ki, Azərbaycanda istehsal edilən meyvə şirələrinin konsentratı, qabı xaricdən gəlir. Belə çıxır ki, bunun 70-80 faizi idxal məhsuludur. Halbuki Azərbaycan giləmeyvə ilə özünü yüz faizdən yuxarı təmin edir. Faktiki olaraq biz bu imkandan yararlanmırıq, konsentrantı özümüz istehsal etmirik. Bu mövqedə vəziyyət o qədər də ürəkaçan deyil. Biz yenə də idxaldan asılıyıq. Prezidentin bu gün verdiyi tapşırıq və qarşıya qoyduğu daha bir vəzifə regionlarda emal sənayesinin yaradılmasıdır. Emal müəssisəsi yaradılanda diqqət yetirilməlidir ki, orada yerli xammaldan istifadə təmin olunsun.

Kənd təsərrüfatına gəldikdə, dövlətimizin başçısı, əsasən pambıqçılığa toxundu. Bizim bir neçə pambıqtəmizləmə zavodumuz var, bəzisi fəaliyyətini dayandırıb. Bu il fermerlərdən pambığın alınması prosesinə yenidən start verilib. Bu məsələlərə yenidən baxılacaq. Pambıq tədarük olunan regionların icra başçıları da gərək bu işlə məşğul olsunlar. Bu, bizim üçün vacib sahədir. Çünki həm mahlıcın satılması həyata keçirilə bilər, həm də əlavə dəyər yarada bilərik. Burada da emala daha çox üstünlük verilməlidir.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev nitqində regionlarda kəndarası yolların tikintisinə də toxundu, konkret tapşırıqlar verdi. İlk növbədə, diqqəti başlanmış layihələrə yönəltməli, onları başa çatdırmalıyıq.

Azərbaycanın davamlı iqtisadi inkişafa nail olunduğunu, əhalinin rifah halının ildən-ilə yaxşılaşdığını deyən maliyyə naziri vurğulayıb ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunub saxlanmasına çalışmalıdır. Neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması qarşımızda duran əsas vəzifədir. Çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Sahibkarlara yaxşı şərait yaratmaq, dəstək vermək lazımdır. Çünki iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. “Bizim dəstəyimiz kreditlər və yaxşı biznes mühiti ola bilər. Yaxşı biznes mühiti olanda, sahibkar perspektivləri görəndə, investisiya da yatıracaq”, - deyə S.Şərifov bildirib.

Bölmə iclasında sahibkarların təklifləri dinlənildi. Əsasən kənd təsərrüfatının, o cümlədən taxılçılığın, pambıqçılığın inkişafı, özəlləşdirmə, rayon və kəndlərdə kredit almaq üçün təqdim olunan girovlarla bağlı məsələlər müzakirə olundu, müvafiq təkliflər irəli sürüldü.

Sonda təkliflərlə bağlı müvafiq tədbirlərin həyata keçiriləcəyi diqqətə çatdırıldı.

 

Azərbaycan. - 2016.- 27 yanvar.-  S.5.