Azərbaycan cinayətlərin sayının azlığına görə MDB və Avropa məkanında öncül mövqedədir

 

Yanvarın 26-da Daxili İşlər Nazirliyinin (DİN) yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli uğurlu fəaliyyətinin məntiqi nəticəsi olan dayanıqlı inkişaf modelinin dünyanı bürümüş maliyyə-iqtisadi böhrana, mürəkkəb qlobal vəziyyətlərə baxmayaraq, 2015-ci ildə də ölkəmizin tərəqqisini, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını, əhalinin sosial müdafiəsini, daxili sabitliyinictimai asayişin etibarlı müdafiəsini təmin etdiyini vurğulayıb.

Qeyd olunub ki, Prezidentin fərman, sərəncam və tapşırıqları, qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq, vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində tədbirlər digər hüquq mühafizə, həmçinin təhlükəsizlik orqanları ilə birgə daha məqsədyönlü davam etdirilib, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub.

Sonra iclasın gündəliyi elan olunubdaxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. Nazir Ramil Usubov deyib ki, hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26 min 916 cinayət qeydə alınıb. Onların 87,5 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Vurğulanıb ki, 2014-cü illə müqayisədə qəsdən adam öldürmələr 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,7 faiz, xuliqanlıqlar 4,5 faiz, avtonəqliyyatın qaçırılması 26,6 faiz, mal-qara oğurluqları 17,1 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 2 faiz, yol-nəqliyyat hadisələri 15,7 faiz, qəzalarda ölənlərin sayı 20,5 faiz, yaralananların sayı 15,4 faiz azalıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb.

Cinayətlərin profilaktikasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1280 cinayətin “isti izlər”lə açılması təmin edilib. Bununla yanaşı, vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10 min 687 hüquqazidd əməlin qarşısı alınıb.

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11 min 713 yol-nəqliyyat hadisəsi aşkarlanıb. Axtarışda olan 111 avtomobil saxlanılıb. Ümumilikdə 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib.

Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri müqayisə edilən dövrə nisbətdə 1,4 faiz çox olub. İstintaqdan və məhkəmələrdən yayınan 2534 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərinbu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13 min 392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əsginas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər də davamlı olub. Narkotiklərlə əlaqədar 2935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərdən 786-sı narkotik vasitələrin satışı ilə bağlı olub. Qeyri-leqal dövriyyədən əvvəlki dövrlə müqayisədə 138 kiloqram çox, bütövlükdə 810,5 kiloqram narkotik vasitə çıxarılıb. Həmçinin 20 kiloqram çoxya 95,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 169 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Diqqətə çatdırılıb ki, insan alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında görülən tədbirlərlə 12 faiz çoxya 109 cinayət faktı müəyyənləşdirilib. On yeddi nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Ötən il respublikanın hüquq mühafizə orqanları tərəfindən 31 min 300 cinayət faktının istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Eyni zamanda, dəymiş maddi ziyanın ödətdirilməsi 0,9 faiz yaxşılaşaraq 79,1 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatların 88 faizi təhqiqatçılar tərəfindən araşdırılıb. Bu da müqayisə edilən ilə nisbətdə 5 faiz çox olmaqla 54,2 faizi məhkəmələrə göndərilib.

Məruzəçi deyib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktik tədbirlər də müsbət nəticələr verib. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31028 vahid artması (1 milyon 339 min 568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Qeyd edilib ki, bu müsbət nəticəni şərtləndirən əsas amillərdən biri yol hərəkətinə nəzarətin gücləndirilməsi olub. Belə ki, 2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2 milyon 531 min 843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.

Bütövlükdə müxtəlif inzibati xətalara görə respublika üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çoxya 2 milyon 641 min 284 protokol tərtib olunub. Nəticədə 2 milyon 543 min 406 şəxs cərimələnib, 4036 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 42 min 30 şəxsə xəbərdarlıq edilib.

Nazir bildirib ki, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 919 min 289 nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1 milyon 289 min 122 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Analoji nazirliyin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim inkişaf edən Daxili Qoşunlar ictimai asayişin keşiyində əzmlə dayanıb. Ötən il qoşunların maddi-texniki bazasının gücləndirilməsi, komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm tədbirlərin icrası tam təmin edilib.

Kollegiya iclasında ictimai asayişin qorunmasında Əlahiddə Çevik Polis Alayının fəaliyyəti də təqdirəlayiq hesab olunub. Bildirilib ki, müxtəlif cinayətlər törətmiş 723 nəfər, o cümlədən axtarışda olan 86 təqsirləndirilən şəxs xüsusi təyinatlı bu nizami polis hissəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 27 minə yaxın inzibati xəta aşkarlanıb.

Xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində dövlətimizin başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb və planlı surətdə yerinə yetirilir. Nazirliyin rəhbərliyi tərəfindən Bakıda, habelə 64 rayonu əhatə edən 8 bölgədə 5040 vətəndaşın qəbulu həyata keçirilib. Həmin qəbullarda qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

İclas iştirakçılarının nəzərinə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha səmərəli təşkilinin zəruriliyi baxımından qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb. Nəticədə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 əməkdaş tutduğu vəzifədən azad olunub.

Əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş müsbət nəticələrlə bərabər, nöqsan və çatışmazlıqları da vurğulayan nazir kollegiya iclası iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.

Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların tam aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov 2015-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə çevik reaksiya verilməməsi, kollegiya qərarlarında qarşıya qoyulmuş tapşırıqların tam və keyfiyyətli icra edilməməsi kimi ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb. Nazir tədbir iştirakçılarının diqqətini həmin mənfi halların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Ramil Usubov cari ildə respublikamızda dövlət əhəmiyyətli bir çox kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının və beynəlxalq forumların keçirilməsinin nəzərdə tutulduğunu xatırladaraq, bu baxımdan ərazi orqanlarında, nizami polis hissələrində və Daxili Qoşun bölmələrində bütün təşkilati tədbirlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətində olmasının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, dini düşmənçilik, radikalizmfanatizm zəminində ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və onlarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, milli, sosial dini nifrətin salınması, dini ekstremist materialların hazırlanması və yayılması kimi əməllər də vaxtında aşkarlanmalı və bütün hallarda qarşısı qətiyyətlə alınmalı, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri müvafiq hüquq mühafizə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılmalıdır.

Ümumilikdə cinayətkarlığa qarşı mübarizədə, asayişindaxili təhlükəsizliyin qorunmasında əldə olunan uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin səmərəliliyi artırılmalıdır. Cinayətkarlığın səviyyəsinin minimuma endirilməsi üçün profilaktik yaxşılaşdırılmalı, səmərəsi yüksəldilməli, qabaqlayıcı tədbirlər ünvanlı aparılmalıdır. Həmçinin ailə münaqişəsi zəminində və əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin profilaktikası gücləndirilməli, habelə narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aparılan izahat işləri yeni keyfiyyət səviyyəsinə yüksəldilməlidir.

Ramil Usubov qarşıda duran başlıca vəzifələr olaraq, ilk növbədə, insan hüquq və azadlıqlarının etibarlı qorunmasının, xalqa xidmət funksiyalarının genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, qanunçuluğun möhkəmləndirilməsinin ardıcıllıqla həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Daxili işlər naziri şəxsi heyət adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin təmin edilməsi işini 2016-cı ildə də böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər.

 

Azərbaycan. - 2016.- 27 yanvar.-  S.7.