Çevik və
səmərəli islahatlar Azərbaycanın qlobal iqtisadi
böhrana qarşı əzmli müqavimətini təmin edir
Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.
Son 12 ildə formalaşmış möhkəm iqtisadi təməlin nəticəsi olaraq Azərbaycan kifayət qədər mürəkkəb bir iqtisadi şəraitdə müvazinətini qoruyub saxlayır, qlobal böhranın mənfi təsirlərini aradan qaldırmaq istiqamətində çevik islahatlar aparmaq əzmi nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans bir daha göstərir ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Həmin konfransda dərin məzmunlu nitq söyləyən dövlət başçısı qlobal böhran şəraitində ölkənin inkişaf prioritetlərini bir daha bəyan etmişdir: “Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır”.
Yeni geosiyasi risklər
və aktual çağırışlar
Son 2 ildə beynəlxalq arenada cərəyan edən geosiyasi gərginliklər, hərbi münaqişə ocaqlarının sayının çoxalması və dünya siyasətini diktə etməyə çalışan fövqəldövlətlər arasındakı siyasi ziddiyyətlərin kəskinləşərək yeni “soyuq müharibə” mərhələsinə keçməsi qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərərək inkişaf templərini əhəmiyyətli dərəcədə azaltmışdır. Xüsusən də tarixə çevrilmiş 2015-ci il dünya iqtisadiyyatında qeyri-müəyyənliklər - əmtəə qiymətlərinin kəskin aşağı düşməsi, milli valyutaların məzənnələrinin qeyri-sabitliyi, qlobal maliyyə bazarlarında gərginliyin artması ilə səciyyələnmiş, inkişaf etməkdə olan, habelə inkişaf etmiş bir sıra ölkələrdə iqtisadi artım zəifləmişdir.
Enerji amilinin opponent dövlətlərə qarşı siyasi təzyiq və “iqtisadi sanksiya” vasitəsi kimi nəzərdən keçirilməsi nəticəsində neftin qiymətlərinin son 2 ildə süni şəkildə 4 dəfəyədək aşağı salınması bütövlükdə dünya iqtisadiyyatında ciddi durğunluğa və tənəzzül meyillərinə gətirib çıxarmışdır. Ötən ilin neqativ iqtisadi tendensiyalarından biri də dünyanın bir çox ölkələrində valyuta ehtiyatlarının azalması olmuşdur. Azalmanın əsasən inkişaf etməkdə olan ölkələrdə baş verməsi isə, əsasən, enerji və xammal satışından kapital daxiolmaları tempinin aşağı düşməsi, ABŞ-da yumşaq pul siyasətindən imtina olunması, iqtisadi və həm də psixoloji təsirlər altında mərkəzi bankların məzənnə siyasətində dəyişikliklər etmək məcburiyyətində qalması ilə izah olunur.
2015-ci ilin əvvəlindən ABŞ dolları avroya qarşı 11 faiz, Çin yuanına qarşı 4 faiz, Türkiyə lirəsinə qarşı 26 faiz, rus rubluna qarşı daha 22 faiz, Qazaxıstan tengesinə qarşı 86 faiz, Norveç kronuna qarşı 17 faiz möhkəmlənmişdir. Şübhəsiz, baş verən neqativ proseslər əsas gəlirləri neft və qaz satışı olan Azərbaycana da təsirsiz ötüşməmiş, ilin əvvəllərindən başlayaraq ölkəmizdə xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin azalmasına gətirib çıxarmışdır.
2014-cü ilin ortalarından Mərkəzi Bank manatın məzənnəsinin qorunub saxlanılması ilə bağlı bir sıra tədbirlər görsə də, neft ixrac edən bəzi qonşu ölkələrdəki - xüsusən də Rusiya və Qazaxıstandakı devalvasiya proseslərinin neqativ psixoloji təsirləri nəticəsində valyuta bazarında yaranmış gərginlik Azərbaycan hökumətini 2015-ci ilin fevral və dekabr aylarında devalvasiya qərarları vermək məcburiyyətində qoymuşdur. Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan ümumdünya iqtisadi böhranından nisbətən az əziyyət çəkən ölkələrdən olmuş, milli valyutamız mənfi meyillərə uzun müddət müqavimət göstərməyi bacarmışdır. Bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların “üzən məzənnə” rejiminə buraxılması bunu deməyə ciddi əsaslar verir.
Şübhəsiz, devalvasiya qərarı hər bir ölkədə əhalinin sosial vəziyyəti və bir çox iqtisadi amillər baxımından ürəkaçan olmasa da, milli valyuta ehtiyatlarının qorunub saxlanılması və iqtisadiyyatın rəqabətqabiliyyətinin təmin edilməsi, ixracın stimullaşdırılması baxımından bəzən qaçılmaz addım olur. Milli valyutanın həddən artıq möhkəmlənməsi bir çox hallarda daxili istehsalçılara zərbə vurur və idxalın həcminin artmasını stimullaşdırır. Azərbaycan hökuməti də məhz bu səbəblər, eyni zamanda neftin qiymətlərinin durmadan aşağı enməsi nəticəsində büdcə öhdəliklərinin yerinə yetirilməsi zərurətini nəzərə alaraq devalvasiya barədə qərarlar qəbul etmək məcburiyyətində qalmışdır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişləri ilə ilk gündən devalvasiya proseslərinin müxtəlif əhali qruplarının sosial vəziyyətinə mənfi təsirlərinin mümkün dərəcədə aradan qaldırılması, eyni zamanda sahibkarların mənafeyinin qorunması ilə bağlı zəruri tədbirlər görülmüşdür.
Neqativ təsirlərə
qarşı səmərəli strategiya
Nazirlər Kabinetinin hələ 2015-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasının yekunları göstərirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müəyyən geosiyasi konyunktura ilə bağlı neftin qiymətlərinin ciddi şəkildə aşağı düşdüyü bir şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayır. Məqsəd keyfiyyətcə yeni mərhələdə sahibkarlar sinfinin inkişafına mane olan inzibati-hüquqi maneələrin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılmasıdır.
Bu mərhələdən imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanuna əsasən, sahibkarlıq subyektlərində yoxlamalar 2015-ci il noyabrın 1-dən iki il müddətində dayandırılmışdır.
2015-ci ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi, aparılan uğurlu islahatların nəticəsi olaraq ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır.
İqtisadi
inkişafda yeni keyfiyyət mərhələsi
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə, nəhayət, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunları ilə bağlı konfransda böhranın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər barədə dəyərli fikirlərini bölüşmüş, hökumət üzvlərinə konkret tapşırıqlarını vermişdir.
Ümumilikdə, hökumət üzvlərinin iştirakı ilə keçirilən son müşavirələr Azərbaycanın dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrdə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Bu mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri məhz ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır.
“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətəndaş üçün çalışan, onun mənafeyini daim uca tutan idarəçilik modeli formalaşdırmaq niyyəti ilkin olaraq “ASAN xidmət”in yaradılması ilə öz həllini tapmışdır. Korrupsiyaya və neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurlar yüksək dəyərləndirilir, habelə “ASAN xidmət” dünyada yeni və unikal model kimi səciyyələndirilir.
Bu da təsadüfi deyildir ki, Nazirlər Kabinetinin son iclasında ölkə başçısı “ASAN xidmət”in fəaliyyətinin və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Məsələ bundadır ki, neft gəlirlərinin azaldığı yeni iqtisadi şəraitdə idarəçiliyin tam şəffaflaşdırılması, çevik və işlək mexanizmlərlə həyata keçirilməsi, xüsusilə də özəl sektorun mənafeyinin qorunması məsələləri son dərəcə aktual məsələlər kimi gündəliyə gəlmişdir. “ASAN xidmət” nümunəsində sivil idarəçilik modelinin formalaşdırılması üçün həm ciddi siyasi iradənin, həm də kardinal dəyişiklikləri dəstəkləyən ictimai münasibətlər sisteminin mövcudluğu təsdiqlənmişdir.
Struktur islahatları - çevik
hökumət modelinə keçid
İdarəetmənin təkmilləşdirilməsi tədbirlərinin
davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev
struktur islahatlarının davam etdirilməsini, bir-birini təkrarlayan
dövlət qurumlarının ləğvini, dövlətin
yaratdığı iri şirkətlərin idarəçiliyində
şəffaflığın artırılmasını,
ümumən maliyyə intizamının gücləndirilməsini
vacib sayır.
İqtisadi
və sosial məsələlərin həllinə həsr
olunmuş iclasda bununla bağlı dövlət
başçısı demişdir: “Struktur islahatlarının
dərinləşdirilməsi üçün müvafiq
addımlar atılır. Dövlət
orqanlarının strukturu operativ, çevik və səmərəli
siyasət aparılmasına şərait yaratmalıdır.
Bir-birini təkrarlayan, yaxud bir o qədər də
lazım olmayan dövlət qurumları birləşdiriləcək,
ya da ləğv ediləcək”.
Artıq bu istiqamətdə müəyyən addımlar
atılmış, bəzi dövlət qurumları ləğv
edilmiş və ya birləşdirilmişdir. Növbəti
mərhələdə fəaliyyət istiqamətləri
oxşar olan dövlət qurumlarının
konsolidasiyasının həyata keçirilməsi, dövlət
aparatının saxlanılması xərclərinin maksimum dərəcədə
optimallaşdırılması, büdcə yükünün
azaldılması istiqamətində tədbirlər həyata
keçiriləcəkdir. Məqsəd həm
də dövlət qurumlarının fəaliyyətində
elektron xidmətlərin geniş tətbiqi, korrupsiya və
rüşvətxorluğun aradan qaldırılması,
sahibkarların fəaliyyətinə dolayısı və
birbaşa mane olan, onlara qarşı əsassız tələblər
irəli sürən dövlət qurumlarının ləğv
edilməsidir.
Bundan başqa, böhran şəraitində idarəçilik
xərclərinin, dövlət dotasiyalarının
azaldılması da başlıca məqsədlərdəndir. Artıq bir
neçə ildir ki, Bakı şəhəri də daxil
olmaqla, bir sıra rayonlara dövlət büdcəsindən
dotasiyaların verilməsi dayandırılmış, onlar
özünümaliyyələşdirmə mexanizminə
keçmişlər. Dövlət
başçısı haqlı olaraq digər rayonların da
bu mexanizmə keçmələrini, yerli xərclərin
daxili gəlirlər hesabına təmin edilməsini vacib
sayır.
Ən nəhayət, struktur islahatları çərçivəsində
səhmlərində dövlətin payı olan bəzi
şirkətlərin özəlləşdirilməyə
çıxarılması antiböhran paketinin mühüm hədəflərindən
biridir. Özəlləşdirmə prosesi böyük həcmdə
yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına
axınını təmin edə, eyni zamanda, biznes mühitini
yaxşılaşdıra, iqtisadi canlanmanı sürətləndirə
bilər.
Sahibkarlığın inkişafı
daim prioritetdir
Antiböhran tədbirlərinin ana xəttində yenə
də sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin
aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf
etdirilməsi məsələləri dayanır. Etiraf etməliyik
ki, hazırda respublikamızda inkişaf dövrünü
yaşayan qeyri-neft sektoru neftin qiymətinin 4 dəfəyədək
aşağı düşdüyü bir şəraitdə
ölkənin mövcud tələbatını təmin etmək
iqtidarında deyildir. Məhz buna görə
də dövlət başçısı hesab edir ki,
hazırkı dövrdə bir tərəfdən
yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin
qarşısını almaq üçün çevik tədbirlər
həyata keçirilməli, digər tərəfdən də
prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli
inkişafını təmin etmək üçün əlavə
təsirli mexanizmlər işə salınmalıdır.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda
da qeyd olunduğu kimi, dövlət başçısı
İlham Əliyevin son 12 ildə imzaladığı bir
sıra dövlət proqramları, ilk növbədə,
regionların tarazlı, davamlı inkişafını,
onların potensialının bir-birinə kömək mexanizmi
üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini,
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun yeniləşdirilməsini
təmin edən kompleks proqram sənədləri olmaqla
yanaşı, bölgələrdə özəl sektorun və
sahibkarlığın inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə
edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət
kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını
qoymuş, sahibkarlığın yüksəlişinə zəmin
yaratmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində
əhalinin ərzaqla təminatında idxaldan
asılılıq əsaslı dərəcədə aradan
qaldırılsa da, bu sahədə müəyyən məsələlər
hələlik tam həllini tapmamışdır. Söhbət
ölkədə idxalı tam əvəz edən yeni istehsal
müəssisələrinin yaradılmasından, ixrac
potensialının gücləndirilməsindən gedir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanvarın
26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının ikinci
ilinin yekunlarına həsr olunan konfransda haqlı olaraq qeyd
etdiyi kimi, “Yerli istehsal, idxaldan asılılığın
azaldılması bizim gələcək dayanıqlı
inkişafımızın əsas məsələsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol
vermək olmaz. Bəzi hallarda bizdə təbii
inhisarçılıq yaradılır. Çünki
bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə
görürsən ki, bütün bazarı öz əlinə
götürür. Burada əlbəttə
ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir.
Biz elə etməliyik ki, sərbəst rəqabətə
mane olan bütün amillər aradan götürülsün”.
Söhbət indiki halda Azərbaycanda ərzaq məhsullarının
sırf daxili xammal əsasında istehsalı zəruriliyindən
gedir. Belə olan təqdirdə beynəlxalq səviyyədə
cərəyan edən hadisələr, o cümlədən
devalvasiya prosesləri ölkənin daxilində istehsal olunan məhsulların
qiymətlərinə mənfi təsir göstərə bilməyəcək.
Onu da bildirək ki, antiböhran tədbirləri nəticəsində
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu il ərzində 100-dək belə
müəssisənin yaradılması üçün
sahibkarlara təxminən 250 milyon manat güzəştli kredit
verməyi nəzərdə tutur. Sahibkarların
yerli istehsala yatıracağı vəsaitlər də nəzərə
alınmaqla, iqtisadiyyatın real sektoruna investisiyaların həcminin
1 milyard manata yaxın olacağı
proqnozlaşdırılır.
İqtisadçı
alim və iş adamı olaraq hesab edirəm ki, Azərbaycan məhsullarının
beynəlxalq bazarda rəqabətqabiliyyətlilik imkanları
geniş araşdırılmalı və bu xüsusda yeni
istehsal müəssisələrinin açılması
stimullaşdırılmalıdır. Xarici ticarətdə
inhisarçılığın tamamilə aradan
qaldırılması, idxalda azad rəqabətin təmin edilməsi
də böhran şəraitində vacib addımlar
sırasında olmalıdır. Bu sahədə
ictimai nəzarət mexanizmləri gücləndirilməlidir.
Ölkəyə xarici investisiyaların cəlbi
üçün xüsusi rejimli - gömrük və vergi
güzəştlərinin tətbiq olunduğu xüsusi
iqtisadi zonaların yaradılması prosesi sürətləndirilməlidir.
Dövlət başçısının bir neçə
gün əvvəl imzaladığı fərmanla
ixracyönümlü məhsullar istehsal edən müəssisələr
üçün güzəştlərin tətbiqi böhran
dövründə mühüm addımlar
sırasındadır. Ümumilikdə, 2016-cı il yanvarın 1-dən
qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə
və dəyişikliklərin böyük əksəriyyəti
məhz vergi ödəyicilərinin hüquqlarının
genişləndirilməsinə, vergi yükünün
azaldılmasına, vergi inzibatçılığının
təkmilləşdirilməsinə, vergidən yayınma
halları ilə mübarizənin gücləndirilməsi yolu
ilə büdcə daxilolmalarının
artırılmasına xidmət edir.
Vergi Məcəlləsinə dəyişikliklər həm
də tikinti sektorunun inkişafına təkan verəcəkdir. Ölkə
başçısı cənab İlham Əliyev bu sahənin
böhrandan çıxarılması vacibliyini xüsusi qeyd
etmişdir: “İqtisadi fəallıq bütün sferaları,
o cümlədən tikinti sektorunu da əhatə etməlidir.
Tam imkan verilməlidir ki, iş adamları
böyük tikinti layihələrini icra etsinlər”.
Şübhəsiz,
tikinti sektoru sahibkarlığın inkişafının əsas
lokomotivlərindən biridir və iş yerlərinin təmin
olunmasında önəmli rol oynayır. Bu
sektorda fəallığın azalması həm məşğulluq
problemlərinə yol açır, həm də tikinti məhsulları
istehsal edən yerli müəssisələrin fəaliyyətinə
mənfi təsir göstərir. Məhz buna görə
də dövlət başçısı hesab edir ki, iş adamlarına qarşı əsassız
tələblər yığışdırılmalı,
tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir.
İpoteka kreditləşməsi yolu ilə
böyük tikinti layihələri icra edilməli, bu sahədə
təxirəsalınmaz tədbirlər görülməlidir.
Tikinti sektorunun inkişafı və böhrandan
çıxarılması üçün bu sahədə
idxalı əvəz edən tikinti materiallarının
istehsalına ciddi diqqət yetirilməlidir. Məsələn, Azərbaycan
şirkətləri uzun illərdir ki, pəncərə
şüşəsini xaricdən baha qiymətə idxal etməyə
məcbur qalmışlar, çünki bu məhsullara sektorda
ciddi tələbat var. Fikrimizcə, ölkədə
şüşə sənayesinin tənəzzüldən
çıxarılması, idxaldan asılılığın
azaldılması istiqamətində ciddi addımların
atılmasına, o cümlədən fəaliyyətini
dayandırmış Sumqayıt şüşə zavodunun əsaslı
rekonstruksiyasına ehtiyac var. İnanırıq ki, ölkə
başçısının siyasi iradəsilə sənayenin
bu mühüm sahəsinin inkişafı üçün
yaxın perspektivdə ciddi tədbirlərin həyata
keçirilməsinə başlanılacaqdır.
Bankların fəaliyyəti və
valyuta bazarı tənzimlənir
Devalvasiya prosesləri ilə bağlı hazırda
valyuta bazarında mövcud olan süni ajiotajı aradan
qaldırmaq, milli valyutaya etimadı gücləndirmək
hazırda antiböhran tədbirlərinin ana xəttini təşkil
etməlidir.
Dövlət başçısı cənab İlham
Əliyev iqtisadi və sosial məsələlərin həllinə
həsr olunmuş müşavirədə bununla bağlı vətəndaşlara
şəxsən müraciət etmiş, indiki şəraitdə
dollarlaşmanın təbii əsaslarının
olmadığını bildirmişdir: “Manatın məzənnəsinin
sabit saxlanması təkcə hökumətdən asılı
deyil, vətəndaşlar da bu məsələdə hökumətlə
bir istiqamətdə fəaliyyət göstərməlidirlər”.
Əhali tərəfindən manatın kütləvi
şəkildə xarici valyutaya konvertasiyası ilkin dövrlərdə
vətəndaşlar üçün sərfəli
görünə bilərdi. Lakin uzunmüddətli perspektivdə
bu, milli manata etimadın azalmasına, dollarlaşma prosesinin
güclənməsinə, bank sisteminin problemlərlə
üzləşməsinə, daha sonra isə maliyyə
sisteminin və valyuta bazarının ciddi zərbə
almasına, vətəndaşların özlərinin əziyyət
çəkməsinə səbəb ola
bilər. Hesab edirik ki, hazırda əlində
olan son manatını belə dollara çevirməyə
çalışan vətəndaşlara bu prosesin sonda nə
ilə nəticələnə biləcəyi geniş izah
edilməlidir.
Hökumət üzvlərinin də qeyd etdiyi kimi,
manatın hazırkı məzənnəsi neftin 25
dollarlıq qiymətinə hesablanmışdır. Son günlər
neftin qiymətlərində artım meyilləri müşahidə
edilir və ekspertlər ilin ortalarında qiymətlərin
40-50 dollaradək yüksələcəyini
proqnozlaşdırırlar. Bundan əlavə,
Azərbaycanın 40 milyard dollardan çox olan strateji valyuta
ehtiyatları, beynəlxalq fond birjalarında, qiymətli
kağızlar bazarında fəal iştirak etməməsi
maliyyə böhranının təsirini zəiflədən əsas
amillər sırasındadır. Belə
olan halda, vətəndaşların kütləvi şəkildə
dollar almaları heç bir iqtisadi məntiqə
sığmır və sırf psixoloji amillərin nəticəsidir.
Onu da nəzərə
almaq lazımdır ki, hökumətin bank və valyuta bazarının
sabitləşdirilməsi istiqamətində atdığı
addımlar, məbləğindən asılı olmayaraq
bütün əmanətlərin sığortalanması
mexanizminə keçid, habelə əmanətlərin
dividendinin vergidən azad edilməsi, ölkədən valyuta
çıxarılmasına vergilərin tətbiqi və digər
addımlar manata etimadın zamanla bərpa olunmasına zəmin
yaradır.
Yaranmış şəraitdə əsas antiböhran tədbirlərindən
biri də xarici borclanmaya gedilməklə, ölkəyə
valyutanın cəlb edilməsi olacaqdır. Hazırda bir çox
ölkələrin xarici borclanması ÜDM-də 100-150 faiz
təşkil etdiyi halda, Azərbaycanda bu göstərici cəmi
12,4 faiz təşkil edir. Belə
vəziyyətdə Azərbaycan hökuməti xarici valyuta
bazarlarından əlavə valyuta resursları cəlb edə
bilər və bunun ölkənin iqtisadi-maliyyə sistemi
üçün təhlükəsi minimal səviyyədədir.
Vətəndaşların sosial
müdafiəsi tədbirləri genişləndirilir
Respublikamızda son 12 ildə həyata keçirilən
iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət
daşıması bir sıra reallıqlarla şərtlənmiş,
cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı
vətəndaşların sosial müdafiəsi,
istehsalçı və istehlakçının
maraqlarının uzlaşdırılması, bir sözlə,
sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik
dövrünü səciyyələndirən prioritet istiqamətlərdən
biri kimi diqqəti çəkir. Azərbaycanda
yeni mülkiyyət formalarının yaranması,
sahibkarlığın sürətli inkişafı, bazar
münasibətləri şəraitində qiymətlərin
optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən
zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin
maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz
sosial müdafiə tədbirləri hesabına kompensasiya
edilir.
Devalvasiya
prosesləri ilə əlaqədar vətəndaşlara dəymiş
ziyanın maksimum dərəcədə kompensasiyası,
sosialyönümlü tədbirlərin həyata keçirilməsi,
süni qiymət artımlarına qarşı mübarizə
tədbirləri, pensiya və məvaciblərin 10 faiz
artırılması əhalinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində atılmış
önəmli addımdır. Müqayisə
üçün bildirək ki, neftlə zəngin olan ölkələrin,
bu gün neftin qiymətinin düşməsindən əziyyət
çəkən ölkələrin böyük əksəriyyətində
maaşların artırılması müşahidə edilməmişdir.
Ümumilikdə, ölkə
başçısının irəli sürdüyü
antiböhran tədbirləri ölkənin yeni iqtisadi siyasətə
keçidinin əsas konturlarını müəyyən edir. Şübhəsiz, bu tədbirlərin
sistemli və ardıcıl şəkildə həyata
keçirilməsi devalvasiya ilə əlaqədar əhalinin
keçirdiyi “şok terapiyası”nı tədricən aradan
qaldıracaq, beləliklə, böhranın sabitləşmə
və inkişafın bərpası mərhələlərinə
keçidi təmin olunacaqdır. Bu tədbirlər,
həmçinin iqtisadiyyatın bütün sahələrinin
qarşılıqlı kömək mexanizmi əsasında
sabitləşməsinə, biznes mühitinin
liberallaşmasına və neftdən
asılılığın minimuma endirilməsinə imkan
yaradacaqdır.
Hazırda hər bir Azərbaycan vətəndaşı,
o cümlədən özəl sektorun çoxsaylı təmsilçiləri
ölkə başçısının
yürütdüyü siyasət ətrafında sıx birləşərək
hökumətin apardığı antiböhran tədbirlərini
dəstəkləməli, bu prosesə öz dəstək və
töhfələrini verməlidilər. Şübhəsiz
ki, məhz xalq-iqtidar birliyinin nəticəsi kimi Azərbaycanın
ən qısa zamanda üzləşdiyi böhranlı vəziyyətdən
çıxacağına, sabit və tarazlı inkişaf
yoluna qədəm qoyacağına qəti əminlik
mövcuddur.
Qüdrət
KƏRİMOV,
“Xəzər”
ASC-nin sədri, iqtisad elmləri doktoru
Azərbaycan. - 2016.- 28 yanvar.- S. 3.