İqtisadi Əməkdaşlıq Təşkilatı
Azərbaycan ilə əlaqələri genişləndirməkdə
maraqlıdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 27-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Xəlil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ECO ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir üzv dövlətlər arasında ticarət, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, energetika, xüsusən də elektrik enerjisinin istehsalı, ötürülməsi sahəsində geniş imkanların olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov üzv dövlətləri birləşdirəcək nəqliyyat infrastrukturlarının inkişafının faydalı olacağını qeyd edib. O, Qəzvin-Rəşt-Astara-Astara və Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin region üçün xüsusi əhəmiyyətini vurğulayıb.
İlk rəsmi səfərini ölkəmizə etdiyini deyən Xəlil İbrahim Akça rəhbərlik etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirib. O, ECO-nun ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Baş katib, həmçinin müstəqil tədqiqat mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, eləcə də ECO Katibliyi ilə təşkilata üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
AZƏRTAC
Azərbaycan. - 2016.- 28 yanvar.- S. 4.