“Biz
yəhudilər dünyanın hər yerində həm də
azərbaycanlıyıq”
Quba dünyada yəhudilərin
kompakt məskunlaşdığı ikinci ən böyük
yaşayış məskənidir
Azərbaycan tarix boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə olmadan yaşadığı məmləkətdir. Bu gün ölkəmizdə tarixi ənənəyə söykənən multikulturalizm və tolerantlıq mühiti formalaşıb. Artıq Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və sərbəst hiss edir. Burada yerli vətəndaşlar mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Çünki azsaylı xalqların hüquqları hər zaman qorunur və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün hər cür şərait yaradılır.
Azərbaycanda məskunlaşan belə azsaylı xalqlardan biri də dağ yəhudiləridir. Hazırda ölkəmizdə yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb, kollec və 3 uşaq bağçası fəaliyyət göstərir. Digər ölkələrlə müqayisədə bunlar az göstərici deyil. Yəhudilər əsasən Azərbaycanın şimalında, Quba rayonunda məskunlaşıblar.
“Azərbaycanlılarla
yəhudiləri İbrahim peyğəmbər
qardaş edib”
Ölkəmizdə yaşayan yəhudilərin mədəniyyətini, yaşayış tərzini, adət-ənənələrini, eyni zamanda gündəlik həyat tərzlərini öyrənmək üçün Bakı Dağ Yəhudiləri Dini İcmasına üz tutduq. Bizi icmanın sədri Milix Yevdayev qarşıladı. Buraya gəlişimiz şənbə gününə (yəhudilərdə şabat günü - bayramların bayramı) təsadüf etmişdi. Ona görə də icma sədri bizi yəhudilərin milli lavaşına (maça) qonaq etdi. Xüsusi görünüşü və duzsuz tamı olan lavaşı daddıqdan sonra söhbətə elə bu nemətdən başladıq.
Milix Yevdayev dedi ki, Misir fironlarının dövründə yəhudilər 350-400 il əsarətdə yaşayıblar. Sonralar köləliyin bu millətin canından çıxması üçün neçə nəsil dəyişməli olub. Bu müddət ərzində elə olub ki, yeməyə un və sudan başqa bir şey olmayıb. Ona görə bu çörək də duzsuz hazırlanıb. İnsanlar belə lavaşlar düzəldərək onları qızmar daşların üstündə bişiriblər: “İndi həmin günləri yada salmaq üçün biz bu lavaşı ildə 8 gün çörək əvəzi yeyirik. Bu da aprel-mart aylarına təsadüf edir. Bu məqsədlə ildə 10 ton lavaş İsraildən Azərbaycana gətirilir və sinaqoqlara verilir. Biz də bunu camaata paylayırıq. Adambaşına bir qutu verilir. Qutuda bir kiloqram lavaş olur. Lavaşla bərabər insanlara alkoqolsuz üzüm suyu da paylanılır. Süfrə açılarkən bundan ailə üzvlərinə bir qədəh süzülür”.
Şabat gününə gəldikdə isə, M.Yevdayev belə dedi: “Bizim müqəddəs kitabımız olan Tövratda yazılır ki, Allah 6 günə dünyanı yaratdı, 7-ci gün istirahət etdi. Həmin 7-ci günün istirahəti xristianlar üçün bazar, müsəlmanlar üçün cümə, bizim üçün isə şənbə günüdür. Yəhudilər buna şabat deyirlər”.
Dağ yəhudilərinin Qubada məskunlaşması təqribən 300 ilə yaxındır. Amma onlar Qubada məskunlaşmamışdan əvvəl Şahdağın ətəyində yaşayıblar. Həmin vaxtlar yəhudilər müəyyən yad təsirlərə məruz qalırmışlar. Onlar bu təsirlərdən qorunmaq üçün Quba xanı Hüseynəli xana (1747-1758) “Dağdan ensək, bizi qoruyacaqsınızmı?” deyə müraciət ediblər. Xan “hə” cavabı verəndən sonra camaat Qudyalçayın sol sahilinə enib. Çayın sağ sahili isə indiki Quba şəhərinin yerləşdiyi yerdir. Sonradan yəhudilər İranın Gilan vilayətindən Azərbaycanın şimalına tərəf köçməyə başlayıblar.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri dedi ki, yəhudilər 286 ildir Qubada məskunlaşıblar. Onun sözlərinə görə, Quba dünyada yəhudilərin kompakt şəkildə yaşadığı ikinci ən böyük yaşayış məskənidir: “Onların məskunlaşdığı qəsəbədə vaxtilə 12 mindən çox əhali olub. İndi bu qəsəbənin 4 minə yaxın sakini var. Sovetlər İttifaqının dağılmasından sonra işsizliyin yaranması, digər amillər səbəbindən insanlar müxtəlif yerlərə üz tutdular. Amma getmələrinə baxmayaraq, onlar özlərinə burada ev-eşik tikiblər. Zaman-zaman Qubaya gəlib-gedirlər. Yəni Quba ilə əlaqələri tam kəsilməyib”.
M.Yevdayev Azərbaycan xalqının yəhudilərə münasibətindən də danışdı. Dedi ki, azərbaycanlılarla yəhudiləri peyğəmbərlər atası İbrahim peyğəmbər qardaş edib: “Siz İsmayılın, biz isə İshaqın nəvələriyik. Yəni atadan bir, anadan ayrı qardaşlarıq. Ona görə necə olur-olsun bizi qardaşlıqdan pozmaq olmaz. Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Çünki biz dünyanın hər yerində həm də azərbaycanlıyıq. Hansı dövlətdə oluruqsa-olaq, soruşanda ki haralısan, azərbaycanlı deyəcəyik, özü də təmiz, səlis Azərbaycan dilində. Biz yəhudilər Azərbaycanda uzun əsrlər boyu yaşamışıq, yaşayırıq, bizim övladlarımız, nəvə-nəticələrimiz də yaşayacaqlar”.
Adət-ənənələr
də eynidir
İcmanın sədri əlavə etdi ki, Azərbaycan Yer kürəsində başqa xalqların dinc, sülh, əmin-amanlıq şəraitində yaşaması üçün ən münasib, münbit bir yerdir: “Həm siyasətdə, həm iqtisadiyyatda, həm də dinlərarası dialoqda, ümumiyyətlə, bütün sahələrdə multikulturalizmin Azərbaycan modeli işləyir. Artıq bütün Avropa belə hesab edir ki, qaçqınlarla birgə yaşamaq mümkün deyil. Mən Brüsseldə olarkən beynəlxalq tədbirdə avropalı siyasətçilərə sual verdim ki, kiçik bir respublika 1 milyon qaçqınla üz-üzə qalmışdı. Amma Avropadan heç bir ölkə, dövlət başçısı bir kəlmə də olsun bu barədə danışmadı. Dünya ölkələri Ermənistanı bir milləti öz yerindən, yurdundan didərgin salmağına görə ittiham etmədi. Amma şükürlər olsun ki, Azərbaycan hər çətinliyin öhdəsindən təkbaşına gəldi, bütün qaçqın və məcburi köçkünləri yerbəyer etdi, baxmayaraq ki, torpaqlar hələ də işğal altındadır. İndi isə bütöv bir qitə 1 milyon qaçqının əlində çaşbaş qalıb. Nə oldu? Bu ilin “Multikulturalizm ili” elan edilməsi də bütün dünyaya çağırış deməkdir. Bu məmləkətdə yaşayırıq, bu həyatı hər gün görürük deyə bizə o qədər də qəribə görünmür. Amma elə deyil, bu, bütün dünyaya çağırışdır. Artıq dünyanın bir çox universiteti bu modelin tədrisinə başlayıb. Çünki dünyanın xilası bundan asılıdır. Ona görə də bugünkü Azərbaycanın həqiqətlərini dünyaya bəyan etməliyik. Çünki millətin, dünyanın gələcəyi millətlərarası, xalqlararası dialoqdan asılıdır. Hazırkı əmin-amanlıqdan ötrü qıcıqlanan dövlətlər var. Bütün Yaxın Şərqi od-alov bürüdüyü bir zamanda çoxmillətli Azərbaycan sülh və sabitlik şəraitində yaşayır. Bunun qədrini bilməliyik, sülhü qoruyub-saxlamalıyıq”.
Azərbaycan yəhudilərinin adət-ənənələri, xörəkləri barədə söhbətə davam etdik. Həmsöhbətim qeyd etdi ki, Azərbaycan yəhudiləri Qafqazda yaşadığı üçün onların bütün adət-ənənələri də Qafqaz mentalitetinə uyğundur: “Eyni adət-ənənələrimiz var. Musiqimiz də həmçinin. İsrail tarixi vətənimiz olduğu üçün yavaş-yavaş İsrail musiqisi də bizlərə gəlib çıxır. Amma ümumiyyətlə, bütün toylarımızı Azərbaycan müğənniləri aparır. Biz də yas mərasimlərini sizin kimi təşkil edirik. Ölümüzü torpağa tapşırmamışdan qabaq yuyub kəfənləyirik, Tövratımızı oxuyuruq və sonra da ehsan veririk. Fərq odur ki, siz müqəddəs Qurani-Kərimi oxuyursunuz, biz isə müqəddəs Tövratı. Amma həm islam, həm də iudizm səmavi dinlərdir. Bunun üçün biz təkallahlığı və peyğəmbərləri qəbul etmişik. Xörəklərimiz də eynidir. Biz bu torpağın övladlarıyıq. Bu xalqın xoş günündə sevinirik, bəd günündə kədərlənirik. Qarabağ müharibəsində bizim də şəhidlərimiz, Milli Qəhrəmanımız var: Albert Aqarunov kimi”.
Tolerantlıq
yüksək mədəniyyətin təzahürüdür
M.Yevdayev vurğuladı ki, Azərbaycan Prezidenti onları hər il yeni il - Roş-Ha-Şana bayramı münasibətilə təbrik edir: “Ulu öndər Heydər Əliyev deyirdi ki, yəhudilər Azərbaycanda tam əmin-amanlıq şəraitində yaşaya bilər. Yaşayırıq da. Bu oturduğumuz yeni sinaqoq möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə tikilib, bütün avadanlıqlarla təchiz edilib və bizə verilib. Hansı müsəlman dövlətində bunun analoqu var? Təbii ki, heç birində”.
Hazırda Azərbaycan yəhudiləri ilə Amerika Birləşmiş Ştatları yəhudilərinin əlaqələri də inkişaf edir. Əslində, bu əlaqələrin tarixi çox da uzaq deyil. Hər iki icmanın nümayəndələri ilk dəfə 2014-cü ildə Kaliforniya ştatında, Los-Ancelesdə bir araya gəliblər. Həmin görüşdə Amerika yəhudiləri Azərbaycan nümayəndə heyətinə “Sizin sinaqoqa vacib nə lazımdır?” deyə müraciət ediblər. Azərbaycan tərəfi isə onlardan müqəddəs Tövratı istəyib. M.Yevdayev məsələni belə şərh etdi: “2015-ci ilin fevralında onlar bizə xəbər verdilər ki, Tövrat hazırdır. Biz nümayəndə heyəti təşkil edərək yenidən Los-Ancelesə getdik, təntənəli surətdə Tövratı qəbul etdik (Tövrat ancaq İsraildə əllə yazılır. Çox baha başa gəlir). 2015-ci ilin oktyabr ayında isə Kaliforniya ştatının həmin yəhudi icmalarından 50 nəfər üzv bizə qonaq gəldi. Onlar noyabrın 4-nə qədər Azərbaycan yəhudilərinin həyat şəraiti ilə yaxından tanış oldular. Qubaya səfər etdilər və bir neçə mötəbər şəxslə görüşdülər. Nümayəndə heyəti ABŞ-a qayıdandan sonra onun rəhbəri “Taym” qəzetində səfər barədə böyük bir məqalə ilə çıxış etdi. O öz məqaləsində Azərbaycanı tolerantlıq məkanı kimi təqdim etmişdi”.
Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevlə söhbətimizdən sonra bir daha aydın oldu ki, çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində multikulturalizmlə bağlı nümunəvi bir dövlətdir. Eləcə də Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bildirib ki, multikulturalizm ölkəmizin ayrılmaz parçasına çevrilib: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir...”
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2016.- 28 yanvar.- S.5.