Hər bir xalqın folkloru onun milli
sərvətidir
Masallı ölkəmizin ən qədim yaşayış
məskənlərindən biridir. Antik dövrdə
o, Midiya, Midiya-Atropatena,
sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI əsrin əvvəllərindən XVIII əsrin
ortalarına qədər
Səfəvilər dövlətinin,
XVIII əsrin ortalarından
isə Talış xanlığının tərkibində
olmuşdur.
Qədim tarixə, zəngin mədəniyyətə malik
Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa
başlamışdır. Görkəmli siyasi, dövlət və mədəniyyət
xadimlərinin Masallıya
səfərləri həmin
marağın ifadəsi
idi. 1274-cü ildə Səfəvilər
sülaləsinin banisi
Şeyx Səfiəddinin,
1501-ci ildə Şah İsmayıl Xətainin (burada onun məğrur
heykəli ucaldılmışdır),
1922-ci ildə görkəmli
dövlət xadimi, yazıçı N.Nərimanovun
Masallıda olması barədə bir çox mənbələrdə
məlumatlara rast gəlmək olur.
Masallı ərazisində çoxlu
təbiət və mədəniyyət abidələri:
bulaqlar, qədim qəbirlər, göz oxşayan meşələr,
qalalar, saraylar, ziyarətgahlar və digər tarixi yerlər var. Bütövlükdə
onların sayı
168-dir. Bunlardan 51-i tarixi,
70-i arxeoloji, qalanları
isə XX əsr abidələridir.
Masallı Bakı-Astara magistral şose yolunun 232-ci kilometrliyində yerləşir. Şərqdən Xəzər dənizi, qərbdən Talış
sıra dağları
ilə əhatə olunmuşdur. Rayon ərazisindən axıb keçən Viləş,
Alvadıçay və
Tutyan çayları Xəzərə tökülür.
Masallı durnagözlü bulaqları
ilə də məşhurdur. “Dünya bulaqlarının
muzeyi” sayılan Ərkivan kəndində 37
bulaq var.
Qəriblər kəndindəki əsrarəngiz
gözəlliklər, buradakı
məşhur İstisu
müalicə ocağı,
digər istirahət mərkəzləri Masallının
vizit kartıdır. Yerin dərin
qatlarından üzə
çıxan İstisu
yel, oynaq, əzələ, əsəb,
dəri, mədə-bağırsaq
və digər xəstəliklərin əvəzsiz
dərmanıdır.
Bir hissəsi
bu rayonun ərazisində yerləşən
dünya əhəmiyyətli
Qızılağac qoruğunda
248 növ çöl
quşu, 54 adda balıq qorunur.
Masallı respublikamızın turizm mərkəzlərindən biridir. Burada 26 turizm
obyekti və 3 turizm marşrutu fəaliyyət göstərir.
Turizm və istirahət mərkəzlərində
1200-dən çox yer
var. “Gölüstü”, “Viləş”,
“Gülüstan”, “Baba bulağı”,
“Ailə sevinci”, “Zirvə”, “Beş qardaş”, “Turist”, “Cənnət bağı”,
“Daştvənd”, “Hotel”, “Masallı”,
“Dəmirağac” və
digər istirahət mərkəzləri turistlərin
xoşladıqları məkanlardır.
Mütəxəssislər Masallıda turizmin mövsümi xarakter daşımadığını söyləyirlər. Turistlər təkcə yayda
deyil, qışda da buraya böyük
istək və həvəslə gəlirlər.
Masallı üçün son illərin
əlamətdar hadisələrindən
biri də 2012-ci ildə Masallı şəhərinin “Azərbaycanın
folklor paytaxtı” elan olunmasıdır. Həmin ilin
sentyabrında rayonda möhtəşəm folklor
festivalı keçirildi.
Tədbirə bir çox
ölkələrin xalq
kollektivləri gəlmişdilər.
Yaşlılardan və
gənclərdən ibarət
“Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvan rəqs ansamblı, Rusiya Federasiyasının Dağıstan
Respublikasının, Kabarda-Balkar
Vilayətinin, Türkiyənin,
İranın, Latviyanın
folklor kollektivləri üç gün Masallı şəhərində,
buranın Boradigah qəsəbəsi və Şərəfə kəndində,
istirahət mərkəzlərində
zəngin proqramlarla çıxış etdilər.
Festival müddətində hər yerdə Masallının xalq sənətini yaşadan ustaların əl işləri nümayiş
etdirildi.
Masallı Olimpiya İdman Kompleksində keçirilən
konsertdə “Halay” qrupu, Naxçıvanın
“Şərur” ansamblı,
Türkiyə, İran,
Latviya, Dağıstan,
Kabarda-Balkar respublikalarının
folklor qruplarının
ifaları tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılandı.
Türkiyəni folklor festivalında təmsil edən “Silifke Bələdiyyəsi
Xalq Oyunları” bədii qrupunn rəhbəri Sefa Özbaydal da qardaş ölkədə
folklora böyük maraq olduğunu bildirdi. Festivalın maraqlı iştirakçılarından
biri də İranı təmsil edən “Qumsava aşıqları” oldu.
50 yaşlı qrup 6 nəfərlik heyətlə tədbirə
qatılmışdı. Festivala həmçinin “Eurovision-2012” mahnı
müsabiqəsində Latviyanı
təmsil edən müğənni də gəlmişdi. O, hələ
ilk dəfə Bakıya
gələrkən Azərbaycan
xalq mahnısı “Sarı gəlin”i oxumaqla dinləyicilərin
rəğbətini qazanmışdı.
“Vilki” qrupu
ilə birlikdə müğənni bu dəfə isə Polad Bülbüloğlunun
“Gəl, ey səhər” mahnısını
Azərbaycan dilində
ifa etdi.
Onu da qeyd etmək yerinə düşər ki, festivalda iştirak edən ölkələrin nümayəndələri
Azərbaycanda tolerantlığın,
azsaylı xalqların
mədəniyyətinə, tarixinə, adət-ənənəsinə
necə diqqətlə
yanaşıldığının şahidi oldular. Qonaqlar növbəti
ildə də belə bir tədbirin
keçirilməsi arzusunda
olduqlarını bildirdilər.
Onların bu istəyi
həyata keçirildi.
2013-cü ildə də Masallıda yüksək səviyyədə
təşkil edilmiş
folklor festivalı keçirildi.
Masallıda talış xalqının
keçmişini, adət-ənənəsini
yaşadan “Halay” folklor qrupu respublikamızın
məşhur xalq kollektivlərindəndir. O, 1957-ci ildə
rayonun Mahmudavar kəndində Ümbülbanu
Cəbiyevanın təşəbbüsü
ilə yaradılıb.
Ansambl artıq 60 ilə yaxındır ki, səhnədədir. Ötən illər
ərzində dünyanın
bir çox ölkələrində olmuş,
ayrı-ayrı xalqların
tamaşaçıları qarşısında respublikamızın,
cənub bölgəsinin
milli-mənəvi dəyərlərini
ləyaqətlə təmsil
etmişdir. Hər səfər,
hər çıxış
“Halay”a yeni uğur gətirmişdir.
Kollektiv müxtəlif illərdə
Moskvada, Macarıstanda,
İraqda, Rusiya Federasiyasının bir çox şəhərlərində
müvəffəqiyyətlə çıxış etmiş,
hər dəfə Masallıya festivallar qalibi və ya laureatı kimi qayıtmışdır.
1988-ci ilin noyabr
ayında Macarıstanda
keçirilən “Azərbaycan
günləri”ndə möhtəşəm
ifalar nümayiş etdirən “Halay”ın uğurları barədə
Macarıstan mətbuatında
geniş həcmli məqalələr dərc
olunmuşdur.
Folklor kollektivi
fəaliyyəti dövründə
xalq incilərini zərrə-zərrə toplayaraq,
onlara təzə nəfəs vermişdir. “Halay”ın üzvləri bayramlarda, şənlik tədbirlərində olduğu
kimi, çətin günlərdə də əhalinin yanında olmağı özlərinə
borc bilirlər. Erməni qəsbkarları torpaqlarımıza
hücum edərkən
bu qrup Ağdərədə,
Füzulidə, Ağdamın
Novruzlu, Gülablı,
Bağbanlı kəndlərində
əsgərlər qarşısında
çıxış edərək
onları qələbəyə
ruhlandırmışlar.
Folklor kollektivi
30-a yaxın ölkədə
olmuş, qədim xalq adət-ənənələrimizi
həvəslə nümayiş
etdirmişdir. Kollektivinin üzvləri xarici
ölkələrə səfərləri
zamanı Masallıda hazırlanan əl işlərini, toxuma əşyaları özləri
ilə götürməyi
unutmur, konsertlər, görüşlər zamanı
həmin əşyaları
hədiyyə kimi xarici ölkə vətəndaşlarına verir,
bununla, mədəniyyətimizin
digər sahələrini
də təbliğ edirlər.
2007-ci ildə Türkiyədə
Uluslararası Novruz şənliyində iştirak
edən “Halay” Türkiyənin, Moldovanın,
Qaqauz elinin, Tatarıstanın, Başqırdıstanın,
Qazaxıstanın, Özbəkistanın,
Türkmənistanın incəsənət
ustalarının qatıldığı
böyük bayram tədbirində yenə fərqlənmişdir. Həmin konsertlərin
birində o zaman Türkiyənin Baş naziri olan (indiki
Prezident) Rəcəb Təyyib Ərdoğan “Halay”la görüşərək
onu təbrik etmiş və kollektivə uğurlar arzulamışdır.
2008-ci ilin avqust ayında Rusiya Federasiyasının Dağıstan
Respublikasında keçirilən
“Qaraçı” beynəlxalq
folklor festivalında da “Halay”ın çıxışı uğurlu
olmuşdur. Kollektiv Dağıstan Respublikası
Mədəniyyət Nazirliyinin
diplom və Fəxri fərmanına layiq görülmüş,
həmçinin bu festivalda “ən yaxşı milli geyim formasına görə” təsis edilmiş mükafatı da almışdır.
Kollektiv
2010-cu ilin aprel ayında Türkiyənin
Ankara, Karaman və Ağsaray şəhərlərində
keçirilən beynəlxalq
sərgi forumunda konsert proqramı ilə çıxış
edərək tamaşaçıların
alqışları ilə
qarşılanmış və
yerli bələdiyyələr
tərəfindən qiymətli
hədiyyələrlə mükafatlandırılmışdır.
“Halay” 2012-ci ildə
yenidən Türkiyədə,
2014-cü ildə Macarıstanda
keçirilən tədbirlərdə
Azərbaycanın multikulturalizmə
böyük önəm
verdiyini öz çıxışları ilə
nümayiş etdirmişdir.
2013-cü ildə “Bölgələrdən paytaxta”
devizi altında keçirilən tədbirlərdə
də “Halay” paytaxt tamaşaçıları
tərəfindən rəğbətlə
qarşılanmışdır.
Bunlar isə bütün dünyada milli-dini zəmində toqquşmaların, düşmənçilik
və hərbi-siyasi qarşıdurmaların baş
alıb getdiyi ziddiyyətli bir dövrdə ölkəmizdə
dini tolerantlığın
yüksək səviyyədə
bərqərar olduğunun
daha bir bariz nümunəsidir. Eyni zamanda,
bütün bunlar respublikamızda multikultralizmə
böyük əhəmiyyət
verildiyini, ayrı-ayrı
xalqların, etnik qrupların sülh, əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində yaşadığını
bir daha əyani şəkildə
göstərir.
Seyran CAVADOV,
Azərbaycan.
- 2016.- 28 yanvar.- S.5.