Azərbaycanda fəal antiböhran tədbirlərinin həyata keçirilməsi makroiqtisadi sabitliyi təmin edib

 

III Dövlət Proqramının icrasının ikinci ilinin yekunları sosial-iqtisadi sahədə həyata keçirilən islahatlarda hər hansı geriləmənin olmadığını bir daha göstərdi. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir.

Ötən il Azərbaycanın sosial-iqtisadi inkişafı olduqca mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası, bunun nəticəsi kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin artması ilə müşayiət olunub. Lakin bu çətinliklərə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən vaxtında qəbul edilən müdrik qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir. Prezident İlham Əliyevin sədrliyi ilə ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərin həllinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələrin ardıcıl olaraq həyata keçirilməsi ölkəmizin davamlı inkişafını təmin edəcəkdir.

Dünyanın bir sıra ölkələrini iflic duruma salan maliyyə böhranının mənfi təzahürlərinin dəf edilməsi istiqamətində atılan çevik addımlar inkişafın Azərbaycan modelinin dayanıqlılığını təsdiq edir. Son 2 ildə geosiyasi səbəblər üzündən neftin qiymətinin 3-4 dəfəyədək azalması, ortamüddətli dövrdə ölkə iqtisadiyyatına, habelə bank sektoruna neqativ psixoloji təsirlərin artması, xarici iqtisadi mühitin pisləşməsi, işgüzar-maddi fəallığın səngiməsi fonunda maliyyə-bank sektorunun dayanıqlılığının qorunub saxlanılması zərurəti hökumət qarşısında bir sıra çağırışları aktuallaşdırmışdır.

Böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanın 40 milyard dollardan çox olan strateji valyuta ehtiyatları, ümumi daxili məhsulun 12.4 faizini təşkil edən xarici borcu, beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirak etməməsi maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır. Hazırkı şəraitdə hökumətin bütün səyləri özəl sektoru böhranın mümkün mənfi təsirlərindən qorumaq, istehsal sahibkarlığını inkişaf etdirmək, rəqabət qabiliyyətliliyi təmin etmək, ixrac potensialını gücləndirməkdir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.

Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi, insanların firavanrahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bildirib: “Üçüncü proqram 2014-cü ildə qəbul edilmişdir, uğurla icra olunur. Hər il biz bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyət üçün istiqamətlər müəyyən edilir. Bir sözlə, bu proqramın icrası çox uğurlu addımımızdır və 2004-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdur ki, Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun.

2015-ci ildə dünyada iqtisadi böhran daha dərinləşmişdir. Dünya iqtisadiyyatı hələ ki böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur”.

Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlarbir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisarkorrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahibkarlar tərəfindən də razılıqla qarşılanır.

Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsində, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Sahibkarlığın inkişafına mane olan bürokratik amillərin aradan qaldırılması, adamlarının pozulmuş hüquqlarının bərpası, dövlət idarəçiliyinin müasirləşdirilməsi, özəl sektor üçün problemlər yaradan bəzi dövlət qurumlarının ləğvi ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mahiyyətindən irəli gəlir. Sahibkarlıq fəaliyyəti üçün xüsusi lisenziyaların alınması prosesinin sadələşdirilməsi və “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi, sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətində dayandırılması, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi də sahibkarlığın inkişafına göstərilən dəstəkdir.

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət edir. Mühüm bir dəyişikliksə ƏDV-nin məqsədləri üçün ərizəvermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılmasıdır. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək və bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcəkdir.

2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilibbu kreditlər hesabına 12600-dək yeni yerinin açılması üçün şərait yaradılıb. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Ötən il ərzində proqrama uyğun olaraq regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. 2015-ci ildə regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qazsu təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.

Regional inkişaf sahəsində əldə olunmuş uğurlu nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq davamlı inkişaf edir. Dünya bazarında neftin qiymətinin büdcədə nəzərdə tutulmuş həddən aşağı düşməsi də mühüm layihələrin başa çatdırılmasına təsir göstərməmişdir. Bütün bunlar isə ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan. - 2016.- 29 yanvar.- S. 1, 5.