Azərbaycan
Prezidenti İlham Əliyev ölkə gənclərinin bir
qrupu ilə görüşüb
Yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Dövlət başçısı görüşdə nitq söyləyib.
Prezident İlham
Əliyevin nitqi
- Bir neçə gündən sonra biz birinci Gənclər Forumunun 20-ci ildönümünü qeyd edəcəyik. Biz bu əlamətdar tarix ərəfəsində görüşürük. 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu keçirilmişdir. Doğrudan da, çox əlamətdar hadisə idi. Məhz o vaxt Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu.
Ümumiyyətlə, 1996-cı il müstəqil tariximizin xüsusi ili idi. Çünki 1996-cı ildən sonra ölkəmizdə inkişaf dövrü başlamışdır. Sabitləşmə dövrü isə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra başlamışdır. Ancaq 1996-cı ilə qədər ölkəmizdə gedən proseslər imkan vermirdi ki, ölkə inamla inkişaf dövrünə qədəm qoysun. Əgər statistik göstəricilərə nəzər salsaq, görərik ki, 1996-cı ildən sonra iqtisadi artım başlamışdır, iqtisadiyyatda tənəzzül aradan götürülmüşdür, inflyasiyanın səviyyəsi aşağı düşməyə başlamışdır. Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixinin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çox ağır vəziyyətlə üzləşmişdi. Daha doğrusu, bu vəziyyət ondan əvvəlki dövrdə yaranmışdır. Azərbaycana qarşı erməni iddiaları, torpaq iddiaları və Sovet hökumətinin bu məsələdə ermənilərin tərəfini tutması əlbəttə ki, ölkəmiz üçün böyük problemlər yaratmışdı. Hələ 1980-ci illərin sonlarında Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda, Dağlıq Qarabağ muxtar vilayətində xüsusi komitə yaradılmışdır və faktiki olaraq Dağlıq Qarabağ Azərbaycanın tabeçiliyindən çıxarılmışdır. Bu, əlbəttə ki, xalqımıza qarşı məkrli planların tərkib hissəsi, onun başlanğıcı idi.
Ondan sonra Sovet hökuməti, Sovet ordusu tərəfindən xalqımıza qarşı qanlı cinayət törədilmişdir. Sovet rəhbərliyinin bilavasitə tapşırığı ilə Qanlı Yanvar faciəsi törədilmişdir, günahsız insanlar şəhid olmuşlar. Bildiyiniz kimi, faciədən sonra Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdır. Sovet hökumətini, Sovet rəhbərliyini, onların hərəkətlərini, cinayətlərini pisləmişdir. Deyə bilərəm ki, Sovet dövründə bu, çox nadir bir hadisə idi. Çünki hələ Sovet İttifaqının dağılmasına 2 il vaxt qalırdı. Sovet hökuməti kifayət qədər güclü idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı, kommunist partiyası dağılacaq. Ona görə Heydər Əliyevin bu addımı çox cəsarətli addım idi. Əsl vətənpərvər, xalqını hər şeydən üstün tutan insanın addımı idi. Təbii ki, o, böyük siyasətçi kimi başa düşürdü ki, ona qarşı təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Hətta onun həbsi haqqında da qərar qəbul edilmişdir və o, məcbur olub Moskvadan Bakıya, özü də böyük çətinliklərlə gələ bilmişdi. Bakıda da ona qarşı təxribatlar planlaşdırılırdı. Ona görə Naxçıvana getdi və ondan sonrakı dövrünü siz tarixdən bilirsiniz. Naxçıvan camaatı, əhalisi onu müdafiə etdi. Ondan sonra isə o, Naxçıvanı müdafiə etdi. İmkan vermədi ki, Ermənistan Naxçıvanda da Dağlıq Qarabağda törətdiyi əməlləri törətsin.
Yəni, o illər, doğrudan da, ağır idi və gələcək inkişafımız üçün həlledici idi. 1991-ci ildə Sovet İttifaqı dağıdıldı, bütün respublikalara sanki tarixi bir şans verildi ki, öz dövlətini qursunlar. Əgər bu gün biz keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq, görərik ki, bəzi ölkələr bugünə qədər də xarici təsirdən yaxasını qurtara bilməmişlər. Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu inkişaf yolunu keçən dövlətdir.
Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Erməni işğalı, torpaqlarımızın itirilməsi, Dağlıq Qarabağdan azərbaycanlıların qovulması, 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi, əlbəttə ki, bizim böyük faciəmizdir. 1993-cü ilin aprel ayında Kəlbəcərin erməni işğalı altına düşməsi nəticəsində faktiki olaraq biz Dağlıq Qarabağı Ermənistanla ayıran bölgəni də itirdik və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, əlbəttə ki, çox mənfi rol oynamışdır.
Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır. Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq, görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir. Ermənistanın əlbəttə ki, böyük havadarları var idi, bu gün də var. Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq.
O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. Ovaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə, bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni yumşaq desək, statusuna adekvat olmayan bir adam idi.
Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir.
Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır. Amma vəziyyət 1996-cı ilə qədər yenə də çox gərgin idi. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu gün də bizim inkişafımızın uğurlu olmasında çox mühüm rol oynayır. Bu, çox ciddi bir siyasi və iqtisadi addım idi. Bu, bəzi xarici ölkələri çox narahat etmişdir və iki həftə keçmədən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilmişdir. Əlbəttə, Azərbaycan xalqı imkan vermədi ki, bu, baş tutsun. Amma bu, xalqımıza, dövlətimizə qarşı çox ciddi bir hərbi əməliyyat idi. 1995-ci ildə artıq digər qruplaşma - xarici oriyentasiyadan olan qruplaşma yenə də dövlət çevrilişinə cəhd göstərmişdi. O cəhd də yatırıldı. Yenə də xalq küçələrə, meydanlara çıxıb hakimiyyəti, Heydər Əliyevi müdafiə etmişdir. 1996-cı il artıq sabitləşmə ili kimi tarixdə qalır. Təsadüfi deyil ki, 1996-cı ilin əvvəlində Gənclər Forumu keçirilmişdir.
Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.
Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün, sadəcə, güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq.
Azərbaycan əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Xalqımız müstəqillik arzuları ilə yaşamışdır. Bu, tarixi bir şansdır ki, bizə verildi. Sovet İttifaqının dağılmasını heç kim təsəvvür edə bilməzdi. Hətta böyük dövlətlərin analitik mərkəzlərində də belə ssenari nəzərdən keçirilmirdi. Bu fürsət bizə verildi və bu məsuliyyət bizim üzərimizdədir. Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.
Ona görə son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir. Təsadüfi deyil ki, 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına seçilməyimiz zamanı dəstəkləmişdir. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir.
Biz bu illər ərzində enerji siyasətində tarixi layihələrə imza atdıq, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdik. Hazırda “Cənub” qaz dəhlizini icra edirik. Bu da bizim təşəbbüsümüzdür. Özü də 1994-cü ildə “Əsrin kontraktı” imzalananda əlbəttə ki, bizim iqtisadi və siyasi vəziyyətimiz indiki kimi deyildi. Bizə hər tərəfdən təzyiqlər göstərilirdi və o vaxt iqtisadiyyatımız demək olar ki, dağılmış vəziyyətdə idi. Ancaq Heydər Əliyevin güclü iradəsi, cəsarəti və gələcəyə olan baxışları bunu mümkün etmişdir. Biz bu illərdə iqtisadi şaxələndirmə ilə məşğul olmuşuq. Amma bu sahə ilə yenə də məşğul olmaq lazımdır. Ancaq bir çox məsələləri həll edə bilmişik. Azərbaycan indi kosmik dövlətə çevrilibdir. Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir.
Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə, 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq.
Əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var. Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin.
Bizim çox güclü intellektual potensialımız var, coğrafi vəziyyətimiz çox əlverişlidir. Bu gün Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Siz də yəqin izləyirsiniz ki, tranzit yollar artıq Azərbaycandan keçir. Digər üstünlüklərimiz var. Azərbaycanda savadlılıq 100 faizdir. Bu da bizim böyük sərvətimizdir. Ona görə mən ölkəmizin uğurlu inkişafına nəinki inanıram, əminəm ki, belə də olacaq.
Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaqdır. Birinci mərhələdə, 1990-cı illərin əvvəllərində biz tənəzzülün qabağını almalı idik və almışıq. Bundan sonra Heydər Əliyev neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bilmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum bizə çox böyük imkanlar yaratdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə nefti ixrac etməyə və gəlir əldə etməyə başlamışdır. Biz gəliri də ölkəmizin inkişafına yönəltdik. Bölgələrdə, Bakıda yeni infrastruktur layihələri həyata keçirildi, məktəb binaları, xəstəxanalar tikildi, yəni infrastruktur tamamilə yeniləndi. Hələ ki görüləsi işlər çoxdur. Amma infrastruktur layihələrinin böyük hissəsi artıq reallaşıb. Buna biz vəsait sərf etdik ki, gələcəkdə neftdən asılılığı daha da azaldaq.
İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına.
Bu gün əlbəttə ki, dünyada bizdən qat-qat çox neft hasil edən, ixrac edən ölkələr var. Ancaq onlar da texnologiyaları Qərbdən alırlar. Bu, bu günün reallıqlarıdır. Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq.
Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir.
Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil,
bilik ön plandadır. Yəqin, biz hamımız və balaca
uşaqlar, tələbələr də tez-tez eşidirlər
ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri
buna öyrəşir, amma, doğrudan da, budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək.
Neftlə, qazla zəngin olan ölkələr
bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər
gəlib onlar üçün infrastruktur yaradacaqlar və s.
Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə
olacaq?!
Biz gələcəyə bax, bu prizmadan
yanaşmalıyıq. Uzunmüddətli strategiyamızı
müəyyən edirik, edəcəyik. Neftdən
asılılıq tamamilə aradan götürülməlidir.
Biz iqtisadi islahatlar, sahibkarlığın
inkişafı, şəffaflığın hesabına buna
nail oluruq və olacağıq. Gənclər
cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə
ki, bütün bu işlərdə fəal rol
oynamalıdırlar. Mən buna əminəm
ki, belə də olacaq və gənclərdən fəallıq
gözləyirəm. Cəmiyyəti narahat
edən, incidən məsələlərin ortaya
çıxmasında gənclərin də böyük rolu
var. Biz çalışmalıyıq ki, bütün
qüsurları aradan götürək və hər sahədə
ədalət tam təmin edilsin. Çünki ədalət
olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə
də, siyasətdə də, hər sahədə
olmalıdır.
Belə
olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq. Mən demişəm, bizim müstəqilliyimiz əbədidir.
Amma biz gərək müstəqilliyi möhkəmləndirək.
O qədər müstəqil ölkə var ki, müstəqil
siyasət apara bilmir. Yəni, müstəqillik
şərti xarakter daşıyır. Biz müstəqil
siyasət aparırıq. Buna görə
bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma
kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə
özümüzü ləyaqətlə aparırıq.
Bütün auditoriyalarda, açıq və
qapalı görüşlərdə sözümüzü
deyirik, xalqımızın, dövlətimizin
maraqlarını müdafiə edirik. Bəzilərinin
bundan xoşu gəlmir. Ona görə
müxtəlif yollarla bizə təzyiq etməyə
başlayırlar. O təzyiq mexanizmləri də
çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri
edənlər bir balaca gərək innovasiyalara şərait
yaratsınlar, yeni bir üsul icad etsinlər.
Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır.
Amma bu, bizim iradəmizə əlbəttə ki, təsir
edə bilməz. Çünki mən həmişə bu fikirdə
olmuşam: əgər hesab edirsən ki, sən düzgün
yoldasan, gərək bu yola davam edəsən. Əgər
şübhən varsa soruş. Əgər
nəyisə bilmirsənsə, bunu etmə. Bax, budur mənim yanaşmam və bilirəm ki, biz
düzgün yoldayıq. Azərbaycan
reallıqları bunu göstərir. Bir
çox məsələlərdə Azərbaycan başqa
ölkələr üçün nümunədir və bu,
bizim töhfəmizdir.
Bu il Azərbaycanda Sivilizasiyalar Alyansının
Qlobal Forumu keçiriləcək. Çox
mötəbər, dünya miqyaslı beynəlxalq tədbirdir.
BMT-nin himayəsi altında keçirilən tədbirdir.
Nəyə görə? Ona
görə ki, biz burada artıq bir neçə ildir buna
oxşar tədbirləri keçirmişik. Ona görə ki, bu sahədə Azərbaycan,
doğrudan da, dünya üçün nümunədir və
bu, reallıqdır. Bu, cəmiyyətimizin
bugünkü statusudur. Həm dövlət
siyasətidir, həm cəmiyyətin sifarişidir. Ona görə biz bütün istiqamətlər
üzrə fəal işləyəcəyik. İslahatları dərinləşdirəcəyik.
O ki qaldı xarici siyasət məsələlərinə,
burada əlbəttə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsi bizim əsas
prioritetimizdir. Əfsuslar olsun ki, bu
münaqişə öz həllini tapmır. Mən həmişə demişəm ki, əgər
müstəqilliyimizin ilk illərində Heydər Əliyev
hakimiyyətdə olsaydı, heç vaxt Dağlıq
Qarabağ münaqişəsi yaranmazdı. Çünki mən özüm şəxsən
yaxşı xatırlayıram ki, 1980-ci illərdə Heydər
Əliyev Dağlıq Qarabağa, Şuşaya, Xankəndiyə
gedəndə onu o yerli əhali necə
qarşılayırdı - həm azərbaycanlılar, həm
də ermənilər. Böyük hörmətlə,
böyük sevgi ilə, gurultulu alqışlarla və bu, təbii
idi. Çünki mən də o səfərlərdə
atamla bərabər olmuşam və görmüşəm ki,
doğrudan da, orada qarşıdurma üçün heç
bir əsas yox idi. Xatırlayıram, Şuşa
şəhərində Vaqif məqbərəsinin
açılışında qarlı bir hava idi. Orada erməni və Azərbaycan şairlərinin
çıxışları olmuşdu. Erməni
şairləri Azərbaycan dilində şeir söyləyirdilər.
Özləri yazdıqları şeirləri
söyləyirdilər. Yəni, doğrudan
da, heç kimin ağlına gələ bilməzdi ki, bu
süni münaqişə yarana bilər. Ancaq
yenə də demək istəyirəm ki, bu, xalqımıza
qarsı törədilən böyük təxribat idi. Bunu erməni millətçiləri və sovet
hökuməti törətdi.
İndi bu məsələni həll etmək
üçün bilirsiniz ki, biz çox
çalışırıq. Ancaq əfsuslar olsun
ki, Ermənistan tərəfi vaxtı uzatmağa
çalışır. Çox təəssüf
edirəm ki, bu məsələ ilə bilavasitə məşğul
olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin
həllinə yox, dondurulmasına çalışırlar.
Onların bugünkü fəaliyyəti tamamilə
mənasızdır. Onlar nəinki Ermənistana
təzyiq etmirlər, hətta Ermənistanı mümkün
olan problemlərdən qoruyurlar. Baxın,
Avropa Şurasında son dinləmələrdə onların təxribatçı
fəaliyyəti nəyə gətirib çıxardı.
Sual olunur: onlar özlərini nə sayırlar? Yəni,
bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər?
Bütün beynəlxalq təşkilatlara
göstərişmi verəcəklər? İndi
Avropa Şurası bu məsələni gündəliyə
çıxarır. Məruzəçi təyin
edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır.
Düzdür, Azərbaycan bu təşkilatla əlaqələri
15 ildir ki, qurubdur və münasibətlərdə heç də
hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə
Ermənistanın işğalını pisləyən qətnamə
qəbul etmişdir. Həmin sənəddə
göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını
işğal edib. Əlbəttə, orada müxtəlif
adamlar var. Antiazərbaycan mövqeyində adamlar var, islamofob
adamlar kifayət qədər çoxdur. Ümumiyyətlə,
Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə
bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm.
Ancaq bu təşkilat indi bu məsələni
gündəliyə çıxarıb. Minsk
qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə
baxılmasın. Məhz bu təxribatçı
fəaliyyətə görə bizə 4 səs
çatmadı ki, bu qətnamə qəbul olunsun.
Ona görə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə
hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm
və deyirəm. Bu gün bunu
açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən
böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir?
Soruşanda cavab yoxdur. O da bir taktikadır.
Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər.
Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan
xalqı da bilməlidir. Daha doğrusu
bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol
oynayır. Müsəlman olduğumuza görə
bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada
islamofobiya pik həddinə çatıb.
İndi o müharibədən əziyyət çəkənlər
Avropaya pənah gətirirlər. Orada onlarla necə rəftar
edirlər? Qəfəsə salırlar.
Qəfəsin içinə ərzaq
tullayırlar. Elə bil ki, onları
zooparkda qəfəsə salıblar. Budurmu
dəyərlər?! Haradadır mərhəmət,
insan haqları, tolerantlıq? Ancaq
şüar üçün. Ona görə
bu, dünyada gedən real proseslərdir. Avropaya
nə qədər çox miqrant üz tutur, Avropada radikal
qüvvələrin gücü o qədər də çox
artır. Əgər Avropanın aparıcı ölkələrində
keçirilmiş seçkilərin nəticələrinə
nəzər salsanız, görərsiniz ki, 10 il
ərzində radikal islamofob partiyaların faizi nə qədər
artıb. Bəlkə də iki dəfə və
bu, meyildir. Bu gün onlar əlbəttə
ki, siyasətdə söz sahibi deyillər. Amma bu, meyildir. Bu meyil nəyə
gətirib çıxaracaq? Ona gətirib
çıxaracaq ki, bəlkə də 10 ildən, 15 ildən
sonra onlar hakimiyyətə gələcəklər. Onda necə olacaq? Onda müsəlmanlara
artıq rəsmi mövqe necə olacaq? Belə
olan halda bizim orada yerimiz varmı?
Biz dünyəvi, tolerant ölkəyik, tolerant xalqıq. Biz istəyirik
ki, bütün millətlər bir yerdə olsunlar. Biz ona görə bu forumları keçiririk.
Bu il “Multikulturalizm ili” elan olunmuşdur ki,
sivilizasiyaları, dinləri birləşdirək. Yenə də demək istəyirəm ki, Azərbaycan
nümunədir. Amma demək olar ki, biz bu
dünyada təkik. Ona görə
inteqrasiya məsələsi müzakirə olunanda biz bu
reallığı daim nəzərə almalıyıq.
Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini
imzalamadıq.
Bunun bir neçə səbəbi var idi. Birinci səbəb, ona görə ki, bizim təkidimizə
baxmayaraq, o sənəddə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqe nəzərdə
tutulmamışdır. Mən də dedim ki, əgər
bu, olmasa, biz Assosiasiya Sazişinə qol qoymayacağıq. Hesab edirdilər ki, biz burada, necə deyərlər,
şantaj edirik. Amma bu, bizim mövqeyimizdir.
Belə də oldu. Başqa səbəblər
də var idi. Amma əsas səbəb bu
idi. Bu, ikili standartlardır. Bu, dözülməzdir.
Əgər bu gün ikili standartlar dünya miqyasında,
dünya siyasətində bir meyardırsa, onda onu bəyan
etsinlər. Onda riyakarlığa son qoyulsun. Deməsinlər
ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq,
bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq.
Bəs 1 milyon Azərbaycan vətəndaşının
insan haqları barədə onlar heç
düşünürlərmi? Yox, bu, onları
maraqlandırmır! Real vəziyyət bundan ibarətdir.
Biz əlbəttə ki, real dünyada
yaşayırıq. Bunu nəzərə
almalıyıq. Öz siyasətimizdə də
nəzərə alırıq. Ancaq, eyni
zamanda, öz sözümüzü həmişə
demişik və deyəcəyik. Bu təzyiqlərin
səbəblərindən biri də budur. Bu,
nəyi göstərir? Birincisi onu göstərir
ki, dünyada ədalət yoxdur. İkincisi
onu göstərir ki, beynəlxalq hüquq normaları
dünyada kobudcasına tapdalanır. Elə
bil ki, bu normalar kiçik ölkələr üçün
yazılıbdır. Böyük ölkələr
bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi
yozurlar. Nə vaxt sərf edir ərazi
bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını
təyinetmə prinsipi və digər məsələlər də,
necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə
qarşı təzyiq mexanizmi yoxdur. Ancaq
kiçik ölkələrə qarşı belə
addımlar atılır. Ona görə o qədər
də böyük olmayan ölkə belə vəziyyətdə
nə etməlidir, ilk növbədə, öz daxili
resurslarına arxalanmalıdır. İşlər
elə getməlidir ki, ölkə güclənsin, insanlar daha
da yaxşı yaşasınlar və təhlükəsizlik təmin
edilsin. Biz təhlükəsizliyi
özümüz təmin edirik. Azərbaycanda
insanlar təhlükəsizlik, əmin-amanlıq şəraitində
yaşayırlar. Bu gün Azərbaycanda
sabitliyin təminatçısı Azərbaycan
xalqıdır.
Gənclər isə əlbəttə ki, cəmiyyətimizin
fəal üzvləri kimi ölkəmizin güclənməsində
əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini
yüksək qiymətləndirirəm. Həm
beynəlxalq müstəvidə, həm ölkə daxilində
mən görürəm ki, bu gün böyüyən gənclər
xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər
gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən
üstün tutmalıyıq. Hətta sovet
dövründə dilimizi, adət-ənənələrimizi,
bayramlarımızı qorumuşuq. Yadımdadır,
Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura,
paxlava, səməni gətirəndə məni orada tənqid
edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd
edir. Yəni, o da olub. Amma
qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə
əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa
çağırışlar var - qloballaşma, digər kənar
təsirlər. Bəzi xarici dairələr gənclər
arasında iş aparırlar və aydındır ki, bunun məqsədi
nədir. Məqsəd özləri
üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa
işə salına bilər. Amma gənclər
milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin
heç bir əhəmiyyəti olmayacaq. Ona
görə vətənpərvərliyi, milli dəyərləri,
ənənələri qorumalıyıq və biz qoruyuruq.
Əsas budur. Bugünkü
Azərbaycan iqtidarı bu sahəyə çox böyük
diqqət göstərir. Elə etməliyik
ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə
gələn nəsil də bu amalla yaşasın - dövlətçilik,
milli maraqlar, azərbaycançılıq, ləyaqət və
güclü dövlət.
Mən qarşıdan gələn tarix münasibətilə
sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm
ki, siz bundan sonra da, - burada əyləşənlər gəncliyin
seçilmiş nümayəndələridir, - ölkəmizin
inkişafına xidmət edəcəksiniz, öz töhfənizi
verəcəksiniz.
* * *
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olundu.
* * *
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin MEHDİYEV gənclərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident, çox sağ olun. Bu təltifə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan gəncliyi, Azərbaycan gənclər təşkilatları, gənclər hərəkatının nümayəndələri hər zaman Sizin diqqət və qayğınızı hiss etmiş, hər zaman bu diqqət və qayğı ilə əhatə olunmuşlar. Azərbaycan gəncləri, gənclər təşkilatları bu etimada görə Sizə minnətdarlığını bildirir. Biz çalışmışıq ki, bu etimadı həmişə doğruldaq. Biz əzmlə çalışacağıq ki, bu etimadı bundan sonra da doğruldaq. Hörmətli cənab Prezident, Sizə bir daha minnətdarıq.
Prezident İlham ƏLİYEV: Sağ olun.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid SADIXLI çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, bu gün dəyərli vaxtınızı bizə ayırdığınız üçün Sizə təşəkkür edirik. Bu gün Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir və onlar 30-dan çox beynəlxalq platformada təmsil olunublar. Bundan savayı, diqqətinizə çatdırmaq istəyərdik ki, əksəriyyəti könüllü əsaslarla fəaliyyət göstərir. Sizin də qeyd etdiyiniz kimi, könüllülük nəcib bir fəaliyyətdir və bu gün könüllülər cəmiyyətimizin artıq ayrılmaz bir parçasına çevrilmişdir. Könüllülük hərəkat səviyyəsindən institut səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda, biz bunu “Bakı-2015” ilk Avropa Oyunları vaxtı da müşahidə etmişdik. Bundan başqa, bu gün Bakı şəhərində, həmçinin bir sıra regionlarda 6 mindən çox gənci əhatə edən “ASAN” könüllülərini, həmçinin “SABAH” qrupları könüllülərini də qeyd etmək istərdim.
Möhtərəm cənab Prezident, burada gənclər sektorunu təmsil etdiyimə görə icazənizlə bir sıra təkliflərimi bildirərdim. İlk növbədə, Gənclər Evi məsələsinə toxunmaq istəyərdik. Bizdə ən yüksək standartlara cavab verən gənclər evləri mövcuddur və Sizin də çıxışınızda qeyd etdiyiniz kimi, gənclər vətənpərvər, bilikli və milli ənənələr ruhunda tərbiyə olunmalıdırlar. Məhz Gənclər evləri gənclərimizin məşğulluq məsələsinin həllində böyük rol oynaya bilər. Bu məsələdə də normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədəuyğun olardı. İkincisi, təhsilimizlə bağlı da bir sıra təkliflər irəli sürmək istəyərdik. Sizin də çıxışınızda qeyd etdiyiniz kimi, postneft erasına daxil olduq və artıq iqtisadiyyatımız daha da şaxələnəcək. Bundan başqa, sırf dar ixtisaslaşmış kadrlara ehtiyac olduğundan bu gün əksər Azərbaycan universitetlərində fakültələr ümumi sahələri əhatə edir, daha dar ixtisaslaşmış fakültələrə də ehtiyac vardır. Həmçinin peşə məktəblərini də diqqətinizə çatdırmaq istəyərdik. Çünki vacib deyil ki, hamı ali təhsil alsın. Bundan öncə Sizin qeyd etdiyiniz kimi, regionlarda xalçaçılıq və digər sənətkarlıq növləri inkişaf etdirilməlidir. Bunun üçün peşə məktəbləri mühüm rol oynaya bilər.
Ümumiyyətlə, son illər ərzində könüllülük fəaliyyəti o səviyyəyə çatmışdır ki, artıq nəinki Bakını, eyni zamanda, regionları da əhatə etmişdir. Artıq biz bir neçə qurumun məhz könüllülük fəaliyyətini əhatə etdiyini görə bilərik. Bunların hamısı Sizin siyasətinizin, diqqət və qayğınızın nəticəsidir. Həmçinin ADA Universitetinin sonuncu kurs tələbəsi olaraq mənim kimi bir çox tələbəni də maraqlandıran bir məsələyə də toxunmaq istərdim. Xaricdə təhsil proqramının perspektivləri haqqında Sizin fikirlərinizi bilmək istərdik.
Bu gün bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür etmək istərdik. Bu, bizim üçün həm böyük qürurverici amildir və eyni zamanda, böyük şərəfdir.
Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Prezident İlham ƏLİYEV: Sağ olun, çox yaxşı. Bu təklifləri mən bəyənirəm. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyi bu təklifləri irəli sürsün. Gənclər evlərinə gəldikdə, bildiyiniz kimi, indi bütün regionlarda gənclər evləri yaradılır. Mən də regionlarda olarkən mütləq oraya baş çəkirəm, bir çox açılışlarda da iştirak etmişəm. Əsas məsələ ondan ibarətdir ki, Gənclər evləri işləsin və gəncləri cəlb etsin. Əlbəttə ki, Bakıda da Gənclər evləri yaradılmalıdır. Hesab edirəm ki, bu, çox müsbət addımdır.
Könüllülər hərəkatına gəldikdə, bu, bizim üçün nisbətən yeni bir hərəkatdır. Amma qısa müddət ərzində geniş vüsət almışdır. “ASAN xidmət”dən başlayan könüllülər sonra Avropa Oyunlarında çox fəal işlədilər. Bu hərəkatın çox böyük gələcəyi var. Həm kadrların hazırlanması, eyni zamanda, cəmiyyətdə müsbət meyillərin gücləndirilməsi üçün könüllülər institutu çox mühüm funksiya daşıyır. Çünki bu, insanlara və dövlətə ürəkdən gələn, təmənnasız kömək etmək hərəkatıdır. Mən bunu belə qəbul edirəm və şadam ki, artıq Azərbaycanda könüllülər institutu formalaşıb. Hesab edirəm ki, bunun böyük gələcəyi olacaqdır.
O ki qaldı gənclərin xaricdə təhsilinə, əlbəttə, mənim buna münasibətim çox müsbətdir. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Dövlət Neft Fondundan xüsusi vəsait ayrılmışdır ki, biz gəncləri xarici ölkələrin aparıcı ali məktəblərində oxudaq.
Bildiyiniz kimi, Dövlət Neft Fondunun xətti ilə ancaq ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir. Onların içində birinci yerdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Son illər ərzində Dövlət Neft Fondunun xətti ilə köçkünlər üçün 90-a yaxın qəsəbə tikilmişdir. Həmçinin strateji infrastruktur layihələri, o cümlədən Taxtakörpü su anbarı, Samur-Abşeron kanalı, Bakı-Tbilisi-Qars dəmir yolu, ən müasir qazma qurğusunun inşası, “Cənub” qaz dəhlizinin yaradılması - bax, bu layihələr bilavasitə Dövlət Neft Fondunun xətti ilə icra edilir. O cümlədən xaricdə tələbələrin oxuması da bu sıradadır. Yəni, bu, bizim üçün prioritetdir. Bu, birinci mərhələ idi və əlbəttə ki, bu mərhələ davam edəcək. Keçən il və bu il bu məqsədlər üçün təqribən 40 milyon manat vəsait nəzərdə tutulub. Ancaq əlbəttə, mən çox istərdim, Azərbaycanda təhsilin səviyyəsi elə olsun ki, buna ehtiyac qalmasın. Ona görə xarici ali məktəblərin Azərbaycanda filiallarının açılması prosesi də başlamışdır. Lomonosov adına Moskva Dövlət Universiteti, Seçenov adına Moskva Dövlət Tibb Universiteti, indi Fransa ilə Təhsil Nazirliyi əməkdaşlıq haqqında saziş imzalayıb və birgə ali məktəb yaradılacaqdır. Biz çox istəyirik, dünyanın aparıcı ali məktəbləri Azərbaycanda filiallar açsınlar ki, daha xaricə getməyə ehtiyac qalmasın.
Siz peşə ixtisası üzrə çox mühüm məsələyə toxundunuz. Artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilmişdir ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır. Çünki bu gün bizə daha çox mühəndis, müxtəlif peşə sahibləri lazımdır. Peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın. Çünki biz iqtisadi inkişafımızı, o cümlədən sənaye inkişafımızı planlaşdırırıq. Əlbəttə, dövlət müəyyənləşdirir ki, hansı sahələr inkişaf edəcək və beləliklə, bizə hansı sahələrdə daha çox mütəxəssis lazım olacaq. Bu gün bizdə bəzi hallarda insanların bir hissəsi işsizdir, amma, eyni zamanda, çoxlu vakansiyalar var. Sadəcə olaraq, o vakansiyaları doldurmaq üçün bəzi insanlarda peşə qabiliyyəti çatmır. Ona görə peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaqdır.
Nazir Azad RƏHİMOV: Cənab Prezident, Sizin tapşırığınıza əsasən Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında Gənclər evləri açılıbdır və bu il də Binəqədi rayonunda açılacaq. Bu Gənclər evlərində hər cür şərait yaradılıb, səslənən təkliflərə əsasən orada bu işləri aparmaq olar.
Prezident İlham ƏLİYEV: İndi bizim neçə rayonumuzda artıq Gənclər evi var?
Nazir Azad
RƏHİMOV: 31-i var, 32-cisi də olacaq.
Prezident
İlham ƏLİYEV: Çox yaxşı. Hər
rayonda olmalıdır.
“Tələbələrin
İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası”
İctimai Birliyinin sədri Məryəm MƏCİDOVA
qeyri-formal təhsilin inkişafı və intellektual
oyunların keçirilməsi ilə bağlı fikirlərini
bölüşərək dedi:
- Cənab
Prezident, təşkilatımız Azərbaycanda son 10 ildir fəaliyyət
göstərir və əsas məqsədimiz gənclər
arasında menecment və eyni zamanda, idarəetmə qabiliyyətlərinin
artırılmasıdır. Biz bunu beynəlxalq
mübadilələr proqramında edirik. Çünki
bildiyiniz kimi, bu, beynəlxalq təşkilatdır, 67 ildir
bütün dünyada fəaliyyət göstərir.
2025-ci il gənclər siyasətinin
strategiyalarından biridir. Məqsədimiz beynəlxalq
arenada Azərbaycanın gənc dostlarının
sayının artırılması, eyni zamanda, mədəniyyətinin,
tarixinin tanıdılmasıdır.
Azərbaycan son 15 ildə müxtəlif beynəlxalq
qurumlara üzv olub və onlardan biri də BMT-dir. Bu təşkilat
2015-ci ilin sentyabr ayında dayanıqlı inkişaf məqsədlərini
çağırış edib. Üzv ölkə kimi
fəxr edirik ki, biz 2017-ci ilin məqsədləri üzərində
də çalışacağıq. Məqsədlərdən
biri keyfiyyətli təhsildir. Azərbaycanda,
Sizin qeyd etdiyiniz kimi, təhsil sahəsində inkişaf gedib.
Mənim təklifim qeyri-formal təhsil sahəsində
inkişafın artırılmasıdır. Yəni, məsələn, intellektual oyunların və
digər bu kimi forumların Azərbaycanda keçirilməsidir.
Bilirsiniz, artıq Gənclər və İdman
Nazirliyi tərəfindən “Xəmsə” intellektual təşkilatı
yaradılıb. Rusdilli əhalisi olan 15
ölkədə artıq bu oyunlar keçirilir. Bunlar onlayn rejimdə həyata keçirilir və bu,
həm büdcə, həm də Azərbaycanın
tanınması baxımından bilavasitə əhəmiyyətlidir.
Məsələn, gələcək illərdə
sırf intellektual forumların Azərbaycanda keçirilməsinə
necə baxırsınız?
Prezident
İlham ƏLİYEV: Çox yaxşı, çox müsbət
baxıram. Mən hesab edirəm ki, bu, bizim
ümumi intellektual potensialımızı göstərir.
İntellektual oyunların Azərbaycanda
keçirilməsi və xüsusilə televiziya vasitəsilə
göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada?
Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” -
onları mən indi vaxtaşırı televiziyada izləyirəm.
Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”.
Deyə bilərəm ki, bir çox kanallarda
intellektual oyunlar keçirilir. Bir çox
yaxşı verilişlər var. Onlar həm intellektual səviyyəni
qaldırır, eyni zamanda, vətənpərvərlik hisslərini
artırır. Ölkəmizin tarixi
haqqında həm oyunlarda iştirak edənlər, həm də
ki, geniş auditoriya üçün maraqlı məqamları
təqdim edir. Hesab edirəm ki, Azərbaycanda
bir çox intellektual oyunların beynəlxalq
yarışları da keçirilə bilər. Mən bunu dəstəkləyirəm, siz də
keçirirsiniz.
Nazir Azad
RƏHİMOV: Daim olur, davamı da olacaq.
Prezident
İlham ƏLİYEV: Çox yaxşı.
“BMT-nin
modeli” layihəsinin əlaqələndiricisi Elmira
MƏMMƏDOVA gördükləri işlər və Azərbaycan
nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi
ilə bağlı məsələyə toxunaraq dedi:
- Cənab
Prezident, mən də həm tarixi ekskursa görə, həm
qeydlərə görə Sizə təşəkkürümü
bildirirəm. Həqiqətən bunu şəxsən
Sizdən eşitmək çox maraqlı idi. İcazənizlə, beynəlxalq əməkdaşlıq
haqqında qısa məlumat verim. Gənclər
və İdman Nazirliyi beynəlxalq əməkdaşlıq sahəsində
müxtəlif istiqamətlərdə bir çox layihələrə
imza atıb. Burada həm xarici, yəni, fərqli
hökumətlərlə, həm qeyri-hökumət təşkilatları
ilə, həm gənclər səviyyəsində əməkdaşlıq
aparılır. Maraqlı layihələrdən
biri “Mən Azərbaycan haqqında nə bilirəm?” layihəsidir.
“Azərbaycan gəncləri 2011-2015-ci illərdə”
Dövlət Proqramı çərçivəsində
keçirilən bu layihə nəticəsində Azərbaycana
40 xarici ölkədən 400-ə yaxın gənc səfər
edib. Bu səfərlər əslində
onlara bir hədiyyə idi. Çünki səfərdən
qabaq onlar Azərbaycanın tarixi, mədəniyyəti, enerji
resursları ilə bağlı müxtəlif mövzularda
maraqlı araşdırma aparmışdılar. Sonra onlara şans verilmişdi ki, onlar
araşdırdıqları mövzuları gəlib Azərbaycanda
öz gözləri ilə görsünlər.
Başqa bir maraqlı layihə “Univision” layihəsidir. Bu, Azərbaycanın
“Eurovision” mahnı müsabiqəsində uğurlarının
davamıdır. “Univision” mahnı
müsabiqəsinin maraqlı məqamı ondan ibarətdir ki,
burada məhz qeyri-peşəkarlar yarışır və
onlar tələbələrdir. Yəni, fərqli
universitetlərdə, - bu, həkimlər, mühəndislər
ola bilər, - onlar öz vokal
istedadlarını göstərirlər. Bu da
beynəlxalq layihədir və böyük əks-sədaya səbəb
olub. Lakin əlbəttə ki, bizim əsas
tərəfdaşlarımızdan biri Birləşmiş Millətlər
Təşkilatı və onun alt qurumlarıdır. 2014-cü ildə Bakıda gənclər siyasəti
üzrə Birinci Qlobal Forum keçirilib. Siz
o forumda şəxsən çıxış etmişdiniz.
Forumun ən böyük müsbət nəticəsi
Gənclər Siyasəti üzrə Bakı Öhdəlikləri
sənədinin qəbul edilməsi olub. Hazırda
Birləşmiş Millətlər Təşkilatının
baş katibi Pan Gi Munun gənclər siyasəti üzrə son
hesabatında da həmin öhdəliklər sənədi
xüsusən qeyd edilib.
Bundan başqa, bizim maraqlı bir layihəmiz də var.
Bu, “BMT modeli” layihəsidir. Layihə çərçivəsində
gələcək diplomatlar üçün imkan
yaradırıq ki, onlar diplomatiyanı yaşasınlar. Orada onlar müxtəlif ölkələri təmsil
edərək, - düzdür, biz hamımız azərbaycanlıyıq
və öz kökümüzə bağlıyıq, - bir-iki
gün azərbaycanlı olduqlarını unudaraq başqa
ölkənin mövqeyindən çıxış etməyi
öyrənirlər. Düşünürəm
ki, gələcək diplomatları yetişdirmək
üçün bu, maraqlı bir təşəbbüsdür.
Son olaraq onu qeyd etmək istəyirəm ki, bizim BMT ilə
əməkdaşlığımız çərçivəsində
Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər
Təşkilatının baş katibinin gənclər siyasəti
üzrə xüsusi elçisinin ofisi arasında Anlaşma
Memorandumu imzalanıb. Bu da çox önəmli bir sənəddir.
Çünki Pan Gi Mun bu ofisi yaradanda
bütün ölkələrə müraciət etmiş və
bu ofisə dəstək verməyə
çağırmışdı. Azərbaycan
Sizin təşəbbüsünüzlə bu
çağırışa cavab verən ilk ölkələrdən
biri olub. Bu memorandumun nəticəsi olaraq
bir azərbaycanlı mütəxəssis BMT sistemində yer
alıb və hazırda fəaliyyət göstərir. Təəssüf
ki, BMT sistemində azərbaycanlı gənclər istisna
haldır, baxmayaraq ki, orada “Gənc nümayəndə” və
“Gənc peşəkar” kimi proqramlar var. Siz necə
düşünürsünüz, Azərbaycan bu istiqamətdə
hansı addımlar ata bilər və gənc mütəxəssislərin,
gələcək diplomatların beynəlxalq təşkilatların
sistemlərinə yerləşdirilməsi üzrə hansı
qərarlar qəbul edə bilər?
Təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun,
qaldırdığınız məsələlər,
doğrudan da, çox önəmlidir. Xüsusilə
bu son məsələyə toxundunuz. Bu məsələ
ilə bağlı mən artıq neçə dəfə
müvafiq göstərişlər vermişəm ki, Azərbaycan
nümayəndələrinin beynəlxalq təşkilatlardakı
sayı çox aşağı səviyyədədir.
Bu, o qədər də asan proses deyil. Mənə
indi bəziləri deyirlər ki, belə istedadlı mütəxəssisləri
bizim bəzi dövlət qurumlarımız buraxmaq istəmirlər.
İstəmirlər ki, onları itirsinlər.
Mən bunu başa düşürəm. Amma Azərbaycanı dünyada daha da geniş şəkildə
təmsil etmək üçün, eyni zamanda, kadrların təcrübə
toplamaları baxımından da beynəlxalq təşkilatlarda
əlbəttə ki, bizim olmağımız çox önəmlidir.
Xarici İşlər Nazirliyinə və
Prezident Administrasiyasına göstəriş verilmişdir ki,
biz çalışmalıyıq, gənclərimiz,
xüsusilə gənc mütəxəssislərimiz
bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar,
beynəlxalq məmur statusuna malik olsunlar və orada
çalışsınlar. Onlar azərbaycanlıdırlar.
Onlar həmişə öz dövlətinə
xidmət edəcəklər, eyni zamanda, gözəl təcrübə
toplayaraq Vətənə qayıdandan sonra burada daha fəal
işlərlə məşğul olacaqlar.
Ümumiyyətlə, bizim beynəlxalq təşkilatlarla
əlaqələrimiz kifayət qədər
güclüdür. Azərbaycan bir çox beynəlxalq təşkilatların
üzvüdür. Onların içində
əlbəttə ki, birinci yerdə BMT dayanır. BMT-də də bizim mövqelərimiz kifayət qədər
güclüdür. Azərbaycan dünya
miqyasında çox etibarlı tərəfdaş kimi
tanınır. Təsadüfi deyil ki, biz Təhlükəsizlik
Şurasına 155 ölkənin dəstəyi ilə
seçilmişik. Onu da qeyd etməliyəm
ki, bu, o qədər də asan olmamışdır. Çünki bizim iki rəqibimiz var idi. Hər iki rəqib həm Avropa İttifaqına, həm
NATO-ya üzv dövlət idi. Azərbaycan
Şərqi Avropa ölkələri qrupundan namizədliyini
vermişdi. Birinci turdan sonra bir rəqib az
səs topladığı üçün kənarda qaldı
və ondan sonra 15, ya 16 raund səsvermə
aparılmışdır. Bu da BMT tarixində
nadir bir hadisə idi. Bunun da səbəbi
ondan ibarət idi ki, bəzi qüvvələr, Azərbaycanı
istəməyən qüvvələr
çalışırdılar bizim seçilməyimizi əngəlləsinlər.
Səsvermə 3 gün davam etdi. Yadımdadır, bizim xarici işlər nazirimiz Nyu
Yorkda idi və demək olar ki, hər saat mənə zəng
edirdi. İki rəqib - Azərbaycan ilə
digər ölkə qalanda hər bir səsvermədə biz
daha üstün səs toplayırdıq. Getdikcə
bu fərq böyüyürdü. Ancaq
müəyyən bir səviyyəyə qalxmalı idik ki,
ondan sonra seçilək. Orada qaydalar belədir.
Yüz neçə səs lazım idi ki,
ölkəmiz seçilsin. Rəqib ölkə
də öz namizədliyini geri götürmürdü. Baxmayaraq, yaxşı anlayırdılar ki, onların
seçilmə şansı yoxdur. Sadəcə
olaraq, onlara bəzi ölkələr təlimat vermişdilər
ki, siz axıra qədər bu səsvermədə iştirak
edin, biz Azərbaycanı Təhlükəsizlik Şurasına
buraxmayaq. Ondan sonra bəzi ölkələr
belə bir təklif irəli sürdülər ki, bir halda, bu
seçkilər nəticə vermir, gəlin, belə təklif
irəli sürək - hər iki ölkə öz namizədliyini
geri götürsün və üçüncü bir kompromis
ölkə seçilsin. Bu da bizə
qarşı təxribat planlarının tərkib hissəsi
idi. Əlbəttə, biz buna getmədik və mən
göstəriş verdim ki, axıra qədər gedəcəyik,
bu səsvermə bir ay, bir il çəksə
də biz məqsədimizdən dönməyəcəyik. Beşinci gün idi, ondan sonra təxirə
saldılar, birinci günə. İki gün ərzində
müxtəlif ölkələrlə iş apardılar ki, Azərbaycanın
əleyhinə səs versinlər. Amma yenə də nail ola bilmədilər və 16-cı, ya 17-ci turdan
sonra Azərbaycan seçildi.
Demək istəyirəm ki, BMT, doğrudan da, Azərbaycana
çox böyük hörmətlə yanaşır. BMT o təşkilatdır
ki, beynəlxalq birlik tərəfindən söz deyə bilər.
Çünki bəzi hallarda məhdud sayda
üzvü olan təşkilat özünü dünya birliyi
kimi təqdim etməyə çalışır və deyirlər
ki, dünya birliyinin mövqeyi belədir. Amma
halbuki o təşkilatda 20-30 üzv var. Bu, dünya birliyini necə
təmsil edə bilər? Dünya birliyi
BMT-dir. Azərbaycan BMT-də çox güclü mövqelərə
malikdir və mən çox şadam ki, siz də BMT ilə
çox sıx əlaqədə işləyirsiniz. Bu, çox müsbət haldır. Çox şadam ki, artıq Azərbaycana gəlmək
üçün insanlar müsabiqədən də keçirlər
və bu da ölkəmizin önəmini göstərir. Əlbəttə, biz çalışmalıyıq
ki, qonaqları, gəncləri, ümumiyyətlə,
dünyada, öz ölkələrində söz sahibi olan
insanları maksimum dərəcədə Azərbaycana dəvət
edək.
Biz xaricdə tariximizlə, mədəniyyətimizlə,
siyasətimizlə bağlı çoxsaylı təqdimat mərasimləri
keçiririk.
Onların əlbəttə ki, böyük səmərəsi
var. Amma biz ən böyük səmərəni xarici qonaq Azərbaycana
gələndə hasil edirik. Çünki
yenə də erməni lobbisi bizi qaralamaq, ləkələmək,
bizə şər-böhtan atmaq üçün durmadan
çalışır. Antiazərbaycan
qüvvələr onlara qoşulublar. Bizim
müstəqil siyasətimizi həzm edə bilməyənlər
də bizi ləkələyirlər. Ona
görə bəziləri hesab edə bilər ki, Azərbaycanda
vəziyyət çox ağırdır. Hətta
bax, dünyada yaşanan böhranlı vəziyyətlə
bağlı görün, indi Azərbaycan haqqında həqiqəti
əks etdirməyən nə qədər yazılar gedir.
Ona görə xarici qonaqları Azərbaycana dəvət
edirik. Onlar öz gözləri ilə Azərbaycan
reallıqlarını görürlər. Görürlər
ki, doğrudan da, Azərbaycan çox inkişaf edən,
mütərəqqi bir ölkədir.
Dünyada böhran yaşandığı indiki vəziyyətdə
neft hasil edən ölkələr müəyyən çətinliklərlə
üzləşiblər. Yenə də xarici mətbuatı izləyərkən
görürəm ki, antiazərbaycan qüvvələr necə
də sevinirlər və uydurmalar yayırlar. Əfsuslar olsun ki, mötəbər mətbu orqanlar
da bu yalan kampaniyasına qoşulmuşlar. Xüsusilə
bu yaxınlarda “Financial Times” qəzeti iki, ya üç məqalə
dərc etmişdi. Tamamilə cəfəng
mövzuda olan yazılar ki, guya Azərbaycan beynəlxalq maliyyə
qurumlarından yardım istəmişdir. Birincisi,
bu, yalandır. Biz heç kimdən
yardım istəməmişik. Buna ehtiyac
yoxdur. Bizim maliyyə vəziyyətimiz
kifayət qədər möhkəmdir. İkincisi,
bu yalan məlumatı əgər Azərbaycanın hər
hansı bir müxalifət saytı yazsa idi, buna biz heç
fikir verməzdik, təəccüb etməzdik. Amma
mötəbər, beynəlxalq aləmdə nüfuzlu mətbu
orqan belə yalanları dərc edəndə, əlbəttə
ki, sual yaranır: Nə üçün? Yəni,
bu məsələni yoxlamaq üçün imkanınızmı
olmamışdır? Yəni, bu, bizə
qarşı növbəti bir kampaniyadır ki, göstərsinlər,
Azərbaycanda hər hansı bir çətin vəziyyət
yaranıbdır. Heç bir çətin
vəziyyət yoxdur. Bizim maliyyə
göstəricilərimiz dünya miqyasında ən yüksək
səviyyədədir - istər xarici borc olsun, istər valyuta
ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun.
İndi bir mövzunu da xarici mətbuat xüsusilə
gündən-günə qabardır ki, Azərbaycanda kütləvi
etirazlar baş veribdir. İndi sual olunur - bir gün əgər
100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə
dərəcədə kütləvi etiraz sayıla bilər?
Bir gün. Ermənistanda
prezident seçkilərində saxtakarlığa görə
müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq
edirdi, su ilə, qaz ilə onları dağıdırdı.
Onlar meydanda kiçik çadırlar qurmuşdular.
Bir dənə də olsun xarici mətbu orqan bunu
işıqlandırmamışdır. Ondan sonra Ermənistanda
“Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər.
Bir dənə də olsun Qərb mətbuatında
bu barədə heç bir məlumat getməmişdir. Yəni, bunu görmürsünüzmü? Azərbaycanda bir gün 150 nəfər unun
bahalaşmasına görə etiraz edəndə bunu bunlar hər
gün, necə deyərlər, çeynəyirlər və təqdim
etmək istəyirlər ki, Azərbaycanda bax, vəziyyət
belədir. Bu, nəyi göstərir?
Yenə də bizə qarşı qərəzli
mövqeyi. Antiazərbaycan qüvvələr,
bizim inkişafımızı istəməyən, son illər
ərzində inkişafımıza paxıllıq edənlər
hesab edirlər ki, bax, indi bunlar nə isə əldə edə
biləcəklər. Heç bir şey əldə
edə bilməyəcəklər. Azərbaycan
inamla inkişaf edir. Bizim iqtisadi inkişafımız
son illər ərzində dünya miqyasında ən sürətli
idi. Görüləcək işlər və
aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə
neft amilindən asılılığı kənara
qoyacağıq. Ona görə bir daha demək
istəyirəm ki, sizin fəaliyyətinizi mən dəstəkləyirəm.
Çalışın bundan sonra da qonaqları
Azərbaycana maksimum dərəcədə dəvət edin.
Gənc
sahibkar, Davos İqtisadi Forumunun “Global Shapers” təşkilatının
üzvü Müşfiq HƏSƏNOV gənc sahibkarlara daha
geniş imkanların yaradılması məsələsindən
danışaraq dedi:
- Hörmətli
cənab Prezident, mən gənc sahibkar olaraq gənclərin məşğulluğu
ilə və sahibkarlıqla bağlı fikrimi
bölüşmək istərdim. Mənim
fikrimcə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı çərçivəsində bir
çox effektiv tədbirlər keçirilib və nailiyyətlər
əldə edilib. Dövlət
proqramında öz əksini tapmış vacib məqamlardan
biri gənclərin məşğulluğunun təmin edilməsi
idi və bu illər ərzində bir çox karyera
yarmarkaları keçirilib. Bu əmək
yarmarkalarında on minlərlə gənc iş yerləri
tapıb. Gəncə, Bakı kimi şəhərlərdə
Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən
gənclər üçün karyera mərkəzləri
qurulub. Bu mərkəzlərin hər bir ali
məktəbdə yaradılması gənclərin işə
düzəlmələri üçün güclü dəstək
ola bilər.
Dövlət proqramının digər çox vacib tərəfi
gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsidir. 2011-ci ildə
Sizinlə görüşdə gənclər tərəfindən
bir ideya irəli sürülmüşdü ki, Azərbaycanda
biznes inkubasiyaları yaradılsın. Bundan
sonra gənc sahibkarlara dəstək daha da gücləndi.
İndi Bakıda 9 biznes inkubator fəaliyyət
göstərir. Məsələn, Dövlət
İqtisad Universitetinin biznes inkubatoru artıq 6 biznes
yetişdirib və 6 biznes yaradıb. Bizim
“Youth Inc.” proqramı da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı çərçivəsində fəaliyyətə
başlayıb. Bu layihə cəmiyyətin,
dövlətin və şirkətlərin effektiv əməkdaşlığı
sahəsində gənc sahibkarlara dəstək
proqramıdır. Biz üç il ərzində
beş mindən çox gəncə müxtəlif təlimlər
keçmişik və artıq bir neçə biznes
yaranıb. Bu nümunələr onu göstərir
ki, Azərbaycanda biznesə başlamaq çox asandır.
Dünya Bankının biznes qeydiyyatı və
başlanılması üzrə dünya reytinqində Azərbaycan
189 ölkə arasında 7-ci yerdədir. Ancaq
Dünya Bankının ümumi biznes fəaliyyəti üzrə
ölkələr reytinqində orta sıralardayıq. Biz gənc sahibkarlarla işləyərək
görürük ki, əsasən bizi geri çəkən səbəblər
investisiyalara çıxış problemi və texnoloji transfer
çətinliyidir. Azərbaycan gənc
sahibkarlar, investorlar, innovasiya və texnologiyalar
üçün regional mərkəzə çevrilə bilər
və çevrilməlidir. Bu sahədə
irəliləyiş üçün Azərbaycanda da əla
şərait yaranıb. İlk növbədə
bu, strateji əhəmiyyət daşıyan Böyük İpək
yolunun bərpası layihəsidir. Bu layihə
ölkəni vacib ticarət və iqtisadi mərkəzə
çevirə bilər və gənc sahibkarlara bu sahədə
biznes qurmaq imkanı yaradar.
Sizin bu yaxınlarda qeyd etdiyiniz və təməlini
qoyduğunuz olduqca vacib digər məsələ “Made in
Azerbaijan” brendinin yaranmasıdır. Məsələn,
ölkəmizin kənd təsərrüfatının
üstün cəhəti ondan ibarətdir ki, Azərbaycanda
geni dəyişdirilməmiş məhsullar yetişdirilir.
Dünya trendi onu göstərir ki, bu,
güclü rəqabət üstünlüyü
yaradılmasında vacib amildir. Bizim bu
baxımdan güclü rəqabət
üstünlüyümüz var. Burada gənc sahibkarlara dəstək
vermək lazımdır. Bu sahələrdə
biznes dəstəyi üçün Sahibkarlara Kömək
Milli Fondu artıq bir çox tədbirlər həyata
keçirir. 2011-ci ildən 2015-ci ilədək
3341 gənc sahibkara və fermerə 197 milyon manat güzəştli
kredit verilib. Lakin bundan əlavə,
innovasiyaları, startupları, texnoloji transferi dəstəkləmək
və belə layihələri inkişaf etdirmək üçün
gənc sahibkarlarla fəaliyyət göstərən və
koordinasiya həyata keçirən effektiv bir alət
yaradılması, mənim fikrimcə, zəruridir. Bu
istiqamətdə praktiki addımlardan biri Gənc Sahibkarlara Dəstək
Fondunun yaradılması ola bilər. Bu fonda bir neçə ictimai təşkilat,
biznes strukturları, investisiya fondları və ölkənin
biznes inkubatorları daxil ola bilər. Fondun fəaliyyəti gənc
sahibkarların innovativ layihələrinə investisiyalar
ayrılması və bu investisiyaların istifadəsinə nəzarətin
həyata keçirilməsi, texnoloji transferə dəstək,
biznesin inkişafının qanunvericilik əsaslarının
yaxşılaşdırılması istiqamətində
hökumətə təkliflər verilməsi və digər
işlər ola bilər.
Təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Mən hesab
edirəm ki, qaldırdığınız məsələlər
təqdirəlayiqdir, diqqətəlayiqdir. Onları
təklif şəklində tərtib edin və mənə təqdim
edin. Hökumətə, İqtisadiyyat
Nazirliyinə müvafiq göstərişlər veriləcək.
Qaldırdığınız məsələlər,
doğrudan da, çox vacibdir. Ölkəmizin gələcəyi
sahibkarlığın inkişafından asılı
olacaqdır. Xüsusilə indi geniş
özəlləşdirmə proqramı nəzərdə
tutulur. Dövlət ancaq strateji aktivləri
öz inhisarında saxlayacaqdır. Bu, ona
görə lazımdır ki, dövlətin strateji aktivləri
dövlətin nəzarətində olsun. Ancaq
geniş özəlləşdirmə sahibkarlığın
inkişafına yeni təkan verəcək.
Sahibkarlığın inkişafı üçün
siz də qeyd etdiyiniz kimi, çox böyük işlər
görülür. Bugünə qədər sahibkarlara
güzəştli şərtlərlə 1 milyard 700 milyon
manat kredit verilmişdir. Bu il də
250 milyon manat nəzərdə tutulubdur. Bu, iqtisadiyyatın
real sektoruna qoyulan birbaşa vəsaitdir, yeni iş yerləri
yaradır, idxaldan asılılığı azaldır. Əlbəttə ki, bu gün ixracyönümlü
məhsulların istehsalı da prioritetdir.
Biznes inkubatorlarının yaradılması prosesi də
gedir. Siz qeyd etdiniz, Bakıda doqquz, amma, eyni zamanda, bölgələrdə
də var. Şimal bölgəsində, ondan sonra göstəriş
verilmişdir ki, digər bölgələrdə də olsun.
Gənc sahibkarların da müəyyən
struktur çərçivəsində formalaşması,
hesab edirəm ki, yaxşı təklifdir. Əgər
gənc sahibkarları dəstəkləmək
üçün xüsusi bir mexanizm lazımdırsa, onu da təklifinizdə
təqdim edin. Mən bunu istisna etmirəm,
biz gərək buna baxaq. Əlbəttə
ki, orada gərək yaş həddi müəyyən olunsun.
Gənclər daha çox yəqin ki,
innovasiyalarla bağlı olan sahələrə investisiya cəlb
edə bilərlər. Hesab edirəm ki,
burada daha çox intellektual sahə, investisiyalar, texnologiya
transferti, - necə ki, siz qeyd etdiniz, - mühüm rol oynayacaq.
Çünki sahibkarlığın
inkişafı müxtəlif istiqamətlərdən ibarətdir.
Əlbəttə, biz hesab edirik ki, ilk növbədə,
kənd təsərrüfatı, emal sənayesi, yüngül
sənaye, ümumiyyətlə, sənayenin inkişafı daha
da sürətlə getməlidir. Eyni
zamanda, intellektual məhsulların istehsalı, investisiyaların
cəlb edilməsi.
Nəzərə alsaq ki, dünya miqyasında
böyük firmalar Azərbaycana çox böyük maraq
göstərirlər, biz bundan istifadə etməliyik. Bu, Davos
Forumunda mənim onuncu iştirakım idi. Hətta forumun
rəhbəri Klaus Şvab bunun əlaməti kimi mənə
xüsusi bir nişan təqdim etdi. Yəni, forumda on dəfə iştirak edən
artıq forumun ailə üzvünə çevrilir. Bütün forumlarda mən həmişə
çalışıram ki, Azərbaycana diqqəti daha da
artırım. Bu dəfə də çoxsaylı
görüşlərim olmuşdur - saat 07:30-dan başlayaraq
saat 10-a qədər. Eyni zamanda, İKT şirkətlərinin,
böyük transmilli şirkətlərin rəhbərləri
də görüşlər əsnasında Azərbaycana
böyük maraq olduğunu göstərmişlər. Biz onları cəlb etməliyik. Azərbaycanda
bütün istiqamətlər üzrə sahibkarlıq
inkişaf etməlidir. Ona görə təklifləri
təqdim edin və biz buna baxacağıq.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, mən
Azərbaycanda istifadəyə verilən bir çox müəssisələrin
açılışında şəxsən iştirak edirəm
- həm Bakıda, həm bölgələrdə. Öz müşahidələrim və eyni zamanda, məndə
olan məlumat onu göstərir ki, çox böyük layihələrin
həm icrasında, həm də ondan sonra idarə edilməsində
daha çox xarici mütəxəssislərə
üstünlük verilir. Mən bunu normal
qarşılayıram. Çünki Azərbaycan
dünya iqtisadiyyatının bir parçasıdır. Xarici mütəxəssislər də burada
olmalıdırlar, işləməlidirlər. Ancaq hesab edirəm vaxt tez gəlməlidir ki, Azərbaycan
menecerləri bu işi öz öhdələrinə
götürsünlər. Bizim demək olar
ki, bütün 4-5 ulduzlu hotellərin menecerləri xarici vətəndaşlardır.
Əlbəttə, bu, böyük dünya şəbəkələridir.
Onların öz kadrları, öz menecment heyəti
var. Onlar ölkədən-ölkəyə miqrasiya edirlər.
Amma biz də elə kadr yetişdirməliyik ki,
vaxt gəlsin, Azərbaycan menecerləri böyük şirkətlərin
qlobal məsələlərində iştirak etsinlər.
Misal üçün, sənaye müəssisələrinin
açılışlarında görürəm ki, xarici
mütəxəssislərdir. Aydındır, ona
görə ki, menecment daha da düzgün aparılsın.
Amma biz də gərək bu sahəyə çox böyük
diqqət verək və 5-10 il ərzində
bu strategiyanı düzgün qursaq, ondan sonra artıq bizim
bütün şirkətlərimizin başında Azərbaycan
vətəndaşları dayanacaq. Əlbəttə
ki, burada ümid gənclərədir. Çünki
siz xarici dil bilirsiniz, müasir insanlarsınız və idarəetmədə,
əlbəttə ki, daha da böyük işlər görə
bilərsiniz.
“Gəncə
2016 - Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq
əlaqələr üzrə katibi Aysun ZEYNALOVA Gəncənin
Avropanın gənclər paytaxtı elan edilməsi ilə
bağlı görülən işlər barədə məlumat
verərək dedi:
- Möhtərəm
cənab Prezident, bildiyiniz kimi, 2012-ci ildə Gəncə şəhəri
Azərbaycanın ilk gənclər paytaxtı
seçilmişdi. Bundan sonrakı hədəf
isə “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilmək
idi. Ümumiyyətlə, “Avropa Gənclər
Paytaxtı” titulu Avropa Gənclər Forumu tərəfindən
hər il bir Avropa şəhərinə təqdim
olunur. Gəncənin “Avropa Gənclər Paytaxtı”
seçilməsi onu göstərir ki, həmin şəhərin
gəncləri fəal şəkildə fəaliyyət
göstərirlər və orada gənclərin istifadəsi
üçün infrastruktur da mövcuddur. 2013-cü ildə Gəncə Avropanın 15 digər
şəhərini geridə qoyaraq bu titula layiq
görülüb.
İndi biz hazırlıqlar dövründəyik. Fevral
ayından sonra “Avropa Gənclər Paytaxtı” ilinin
açılış mərasimi planlaşdırılır.
Ümumilikdə, bu il ərzində 43 layihənin
həyata keçirilməsi planlaşdırılır. Onların 25-i beynəlxalq, 18-i isə yerli layihələrdir.
Fəaliyyət planı hazırda bizim gənclərimiz
üçün çox önəmli mövzu olan beş prioritet sahəyə ünvanlanıb. Bunlar, məsələn, gənclərin məşğulluğu,
gənclərin cəmiyyətdə fəal iştirakı,
könüllülük, təhsil və sosial rifah kimi
mövzulardır.
Əlbəttə ki, “Avropa Gənclər Paytaxtı”
titulu bizim ölkəmiz üçün çox böyük
bir imkandır.
Düşünürük ki, bu titul Gəncə
və digər region gəncləri ilə yanaşı,
ümumiyyətlə, respublika gənclərinin Avropaya
yaxınlaşmasına kömək göstərəcək.
Artıq bizim şəhərimiz böyük,
dünya miqyaslı layihələrə evsahibliyi etmək
imkanına malik olacaq. Yüzlərlə
avropalı gənc Gəncəyə səfər edəcək,
Azərbaycan gənclərinin də Avropada və dünyada
keçirilən beynəlxalq layihələrdə
iştirakı artacaq.
Xüsusilə
qeyd etmək istərdim: Gəncə ilk “Avropa Gənclər
Paytaxtı”dır ki, Avropa İttifaqına daxil olmayan ölkəni
təmsil edir. Bu, hazırda Azərbaycanda gedən
uğurlu gənclər siyasətinin nəticəsidir. Bizim regionda gənclərin istifadəsi
üçün mövcud olan infrastruktur buna imkan verir, şərait
yaradır ki, biz artıq böyükmiqyaslı layihələrə
evsahibliyi edək və Avropada öz sözümüzü deyək.
Əlbəttə ki, bu, böyük imkan olmaqla
yanaşı, həmçinin böyük məsuliyyətdir.
Ona görə də əlimizdən gələni
edəcəyik ki, Avropanın digər şəhərləri
üçün nümunəvi bir “Gənclər Paytaxtı”
olaq.
Bu gün bizimlə görüşdüyünüz
üçün Sizə təşəkkür etmək istərdim. Əminəm
ki, bu görüş biz gənclərə regionların da
inkişafına töhfəmizi verməyə bir təkan
olacaq.
Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Mən çox şadam ki, Gəncə
bu şərəfli ada layiq görülüb. Bu,
çox böyük hadisədir. Sizi,
bütün Gəncə sakinlərini təbrik edirəm.
Əminəm ki, Gəncə Avropaya öz
inkişafını göstərəcək. Mən çox şadam ki, Gəncə tarixi
simasını saxlamaq şərti ilə gözəlləşir,
abadlaşır. Gəncə bizim qədim
diyarımızdır, Nizami yurdudur. Şadam ki, Avropa gəncləri
də Gəncə ilə daha geniş şəkildə tanış olacaqlar.
Bu, bir daha ölkəmizin indiki vəziyyətini və
inkişafını göstərir. Bakıda Avropa
mahnı müsabiqəsi, Avropa Oyunları, “Gəncə -
Avropa Gənclər Paytaxtı” tədbirləri keçirilib və
keçiriləcəkdir. Eyni zamanda, Bakı bir neçə
il bundan əvvəl “İslam mədəniyyətinin
paytaxtı” elan olunmuşdur. 2018-ci ildə
Naxçıvan “İslam mədəniyyətinin paytaxtı”
olacaqdır. Gələn il İslam Həmrəylik
Oyunları keçiriləcək. Doğrudan da,
bunlar bizim nadir vəziyyətimizi əks etdirir. Təbii ki, bunun tarixi əsasları, tarixi səbəbləri
var. Ancaq burada daha çox bizim apardığımız siyasət
öz rolunu oynayır. Çünki biz
dünyada özümüzü müasir, dünyaya
açıq, qitələrin birləşmə yeri olan
ölkə kimi təqdim etmişik. Burada, əlbəttə
ki, bir neçə amil öz rolunu oynayıb. Əsrlər boyu Azərbaycan xalqı öz
tolerantlığı, dözümlülüyü ilə fərqlənmişdir.
Əsrlər boyu ölkəmizdə yaşayan
bütün xalqlar, bütün dinlərin nümayəndələri
heç vaxt ayrı-seçkiliyə, diskriminasiyaya məruz
qalmamışlar. Dini, etnik zəmində
heç vaxt qarşıdurma olmamışdır, yoxdur və
olmayacaqdır. Həm bir neçə əsr
bundan əvvəl, təbii ki, həm də sovet dövründə
və postsovet dövründə. Bu, bizim
böyük sərvətimizdir. Xüsusilə
indiki şəraitdə ki, dünyada qarşılıqlı
inamsızlıq, aqressiya, mənfi münasibət artır.
Müsəlman ölkəsinin Gəncə şəhərinin
“Avropa Gənclər Paytaxtı” elan olunması çox önəmli
hadisədir. Necə ki, Avropa
Oyunlarının Bakıda keçirilməsi təkcə idman
yarışı kimi deyil, eyni zamanda, çox ciddi bir siyasi
addım idi.
Biz göstərəcəyik ki, öz milli dəyərlərimizi
qoruyuruq. Bizim zəngin mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız,
musiqimiz var. Biz müsəlman aləminin ayrılmaz hissəsiyik,
eyni zamanda, müsəlman ölkələri arasında bəlkə
də Avropaya ən yaxın olan ölkəyik. Bu iki amil bir-birini inkar etmir. Biz
dünyəvi dövlətik, cəmiyyətin statusu da dünyəvidir.
Əhalimizin mütləq əksəriyyəti dərin
milli köklər üzərində müasirlik prinsiplərinə
sadiqdir. Mən hesab edirəm ki, bizim gələcək
inkişaf modelimiz, yəni, ideoloji inkişaf modelimiz bax, bu əsas
üzərində qurulub və inkişaf etməlidir. Biz milli köklərə bağlılıq,
dünyaya açıq olmağımız, Avropa və digər
qitələrlə sıx əməkdaşlıq
formatında inkişaf edəcəyik.
Əminəm ki, Gəncə bu yüksək statusu şərəflə
daşıyacaq və ölkəmizi daha da yüksəklərə
qaldıracaqdır. Mən Gəncədə on dəfədən çox
olmuşam. Hər il oluram və
olacağam.
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
icraçı direktoru Fərhad HACIYEV fond tərəfindən
həyata keçirilən layihələrdən
danışaraq dedi:
- Cənab
Prezident, icazənizlə, Sizin
tapşırığınızla yaradılmış Gənclər
Fondu haqqında məlumat vermək istərdim.
Siz bu fondu yaradanda tapşırdınız ki, hər bir
gəncin bu fondla əməkdaşlıq etmək imkanı
olsun. Biz də tam şəffaf formada internet resurs
yaratdıq və bütün layihələr bizə yalnız
internet vasitəsilə daxil olur. Bu da bir
növ şəffaflığın və operativliyin həyata
keçirilməsi üçün çox müsbət bir təkan
oldu. Eyni zamanda, biz ümumiyyətlə,
Avropada belə tətbiq olunmayan bir təcrübəyə
başladıq. Azərbaycanın hər
bir gənc vətəndaşı Gənclər Fonduna
müraciət edib bizdən birbaşa dövlət dəstəyi
alır. Yəni, bu, bir daha göstərir
ki, Azərbaycan dövləti öz vətəndaşına nə
qədər inanır və onun inkişafına nə qədər
investisiya qoyur.
Ümumilikdə, 5 mindən artıq layihə qəbul
olunub və 2333 layihə dəstəklənib. Çox
maraqlı məqamdır ki, bu yaxınlarda Ağsunun bir kəndindən
bizə məktub gəlmişdi ki, biz layihə həyata
keçiririk, xahiş edirik, nümayəndənizi göndərin
monitorinq etsin. Artıq bölgələrdə
də Gənclər Fondunun layihələri icra olunmaqdadır.
Fondun
layihələri çərçivəsində dörd mindən
artıq gənc müvəqqəti işlə təmin olunub:
mühasib, koordinator, ekspert, təlimçi,
hüquqşünas. Biz öz təcrübəmizi
bu mərhələdə artıq beynəlxalq səviyyəyə
keçirmişik. İstəyirik ki, Gənclər
Fondu beynəlxalq təşkilatlar arasında da
tanınsın. Avropa Şurasında biz Gənclər
Fondunun təqdimatını edəndə onlar çox təəccüblənmişdilər
ki, Azərbaycanda fərdə qrant verilir. Yəni,
bu, onlar üçün böyük bir yenilik idi.
İcazənizlə,
cənab Prezident, iki təklifim də var. Burada gənclər
artıq səsləndirdi, Arzu xanım bu yaxınlarda
Topçubaşovun nümayəndə heyətinin Parisə səfəri
haqqında “Əbədi ezamiyyət” adlı çox gözəl
bir film təqdim etdi. Orada çox maraqlı bir
məqam var idi. Topçubaşovun nümayəndə
heyətinə Parisə getməyə viza vermirdilər və
o, Bakıya, hökumətə yazır ki, ermənilər
artıq 50 il bundan öncə Avropada
çalışırlar və bizim oraya getməyimizi əngəlləyirlər.
Amma indi artıq elə bir şərait
yaranıb ki, biz ermənilərdən də öncə bir
çox prosesləri həyata keçiririk. Bu da təbii
ki, Sizin həyata keçirdiyiniz uğurlu
siyasətin nəticəsidir. Burada Elmira
artıq bu təcrübə proqramını qeyd etdi. Cənab
Prezident, bu, çox gözəl imkandır ki, bizim gənclər
beynəlxalq təşkilatlarda təcrübə keçsinlər.
Düzdür, bu, bir az maliyyə vəsaiti
tələb edən məsələdir. Amma biz
onu yaxşı təqdim etsək, qura bilsək, Azərbaycan gənclərinin
hətta xarici ölkələrin parlamentlərində təcrübə
keçmək imkanı yaranar. Avropa
strukturlarında, BMT-də təcrübə keçmək
imkanı çoxdur. Biz Gənclər Fondu
tərəfindən bunu edə bilərik.
Bir təklifim də startuplarla bağlıdır. Bizim Gənclər
Fondu sosial layihələrə dəstək verir. Əgər icazə versəniz, biz startuplara
kiçik maliyyələr də ayırardıq ki,
Müşfiqin dediyi gənclərin layihələrinə dəstək
göstərə bilək.
Diqqətinizə görə bir daha təşəkkür
edirəm.
Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Mən bunu dəstəkləyirəm.
Siz təkliflər formasında təqdim edin.
Biz onların hamısını həll edəcəyik.
Bu, doğrudan da, çox önəmli bir təşəbbüsdür.
Bu, imkan verir ki, - sən də qeyd etdiyin kimi, - fərdi
qaydada qrantlar verilsin. Həm gənclər
öz istedadını ortaya qoysunlar, eyni zamanda, əlbəttə
ki, ölkəmiz üçün faydalı layihələri
icra etsinlər. Mən çox istəyirəm
ki, bu, daha da kütləvi xarakter alsın. Əgər lazım olarsa, bu məsələni
qaldırın. Biz fonda əlavə vəsait
də ayırarıq.
Heydər
Əliyev Mərkəzinin baş mütəxəssisi,
hüquq üzrə fəlsəfə doktoru Zafiq
XƏLİLOV gənclərin elmi tədqiqatlara daha çox cəlb
olunması məsələsini qaldıraraq dedi:
- Qeyd edim
ki, mən özüm spesifik bir elm sahəsini
araşdırıram. Beynəlxalq hüququn hava
hüququ və kosmos hüququ sahəsini. 2014-cü
ildə də Milli Aviasiya Akademiyasında “Beynəlxalq hava
hüququnda hava azadlıqlarının nəzəri və
praktiki problemləri” adlı dissertasiya işimi müdafiə
etmişəm.
Siz Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki
çıxışınızda, ümumiyyətlə,
bütün çıxışlarınızda qeyd etmisiniz
ki, Azərbaycanda kosmik sənaye inkişaf edir. Bu sahədə
tədbirlərin həyata keçirilməsi təbii ki, gənc
alimlərə yeni bir müstəvidə imkanlar açır.
Bu baxımdan mən fikirləşirəm ki,
artıq elmlər doktorluğu dissertasiyamı “Azərbaycan
Respublikasında beynəlxalq kosmos hüququnun aktual problemləri
və inkişaf perspektivləri” mövzusuna həsr edim.
Ümumiyyətlə, bu gün Azərbaycanda tədqiq
olunmamış elm sahələri var və təbii ki, bu da
aktual bir məsələdir. Elə elm sahələri
var ki, o sahədə elmi dissertasiyalar, tədqiqat işləri
yazılmamışdır. Bu baxımdan da
yaxşı olar ki, gələcəkdə və ümumiyyətlə,
inkişaf etmiş ölkələrin təcrübəsinə
istinad etməklə magistratura və doktorantura səviyyəsində
dar ixtisaslaşma modeli aparılsın. Hətta belə
bir imkan yaradıla bilər ki, müxtəlif ali
təhsil müəssisələrində müəyyən elm
sahələrinin yarımsahələri üzrə dar
ixtisaslaşma olsun və bu ixtisasların sayəsində həmin
ali təhsil müəssisələrində gənclərin
işlə təminat imkanı yaransın.
Mən Azərbaycanda sosiologiya və psixologiya elmlərinin
inkişafı məsələsini xüsusi qeyd etmək istəyirəm. Məsələn,
biz inkişaf etmiş ölkələrin təcrübəsinə
əsasən görürük ki, orada müxtəlif sosioloji,
yaxud da ki, psixoloji təhlillər aparılır. Bunun sayəsində həmin ölkədə
uğurlu rəylər, təkliflər, proqnozlar verilir ki, bu da
müvafiq dövlət orqanlarının işinə,
ümumiyyətlə, dövlətdə, cəmiyyətdə
gedən proseslərə müsbət təsir göstərir.
Azərbaycanda
isə bu gün biz görürük ki, sosiologiya və
psixologiya elmləri sahələrində araşdırmalar, məsələn,
Elmlər Akademiyasında, yaxud da ali təhsil
müəssisələrində sadəcə şöbə və
ya hər hansı bir kafedra çərçivəsində
aparılır və tədris prosesinə yönəldilir. Bu baxımdan Azərbaycanda bu işin vahid qurumda, mərkəzdə
təşkil edilməsi yaxşı olardı. Ümumiyyətlə, bu sahədə mərkəzləşdirilmiş
ayrıca elmi-tədqiqat institutunun yaradılması çox
vacib, əhəmiyyətli sayıla bilər. Bu, həm də Azərbaycanın inkişaf perspektivlərinə
böyük bir təkan vermiş olar. Diqqətinizə
görə minnətdaram. Çox sağ
olun.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
Bu təkliflərə də baxılacaq. Əlbəttə, biz çalışmalıyıq
ki, elmin bütün istiqamətləri inkişaf etsin, o
cümlədən qeyd etdiyiniz sosiologiya, psixologiya sahələri.
Sosiologiyanın əlbəttə ki, çox böyük mənası
və iqtisadiyyat üçün də çox böyük
faydası var. Çünki bu, o sahədir ki, insanların həm
rəyini öyrənərkən, eyni zamanda, cəmiyyətin
sosioloji durumunu təhlil edərkən düzgün tövsiyələr
verə bilər. Xüsusilə indiki şəraitdə
buna daha da böyük ehtiyac var.
Əziz dostlar, sizə uğurlar diləyirəm. Əminəm
ki, siz ölkənin inkişafında bundan sonra da öz dəyərli
sözünüzü deyəcəksiniz. Bir
daha təbrik edirəm. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 30 yanvar.- S.1, 2, 3, 4.