Musa Abdulla oğlu
Mirzəyev
Azərbaycanın mədəni ictimaiyyətinə
ağır itki üz vermişdir. Tanınmış
bəstəkar, Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü,
xalq artisti, professor
Musa (Əli Musa) Abdulla oğlu
Mirzəyev 2016-cı il yanvar ayının 29-da ömrünün
84-cü ilində vəfat
etmişdir.
Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində
anadan olmuşdur. Məktəbi bitirdikdən
sonra o, 1947–1951-ci illərdə
Asəf Zeynallı adına Bakı
musiqi texnikumunda oxumuş, 1952–1958-ci illərdə
isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli
sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası
üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildən
etibarən Azərbaycan
Dövlət Radio və
Televiziya Verilişləri
Komitəsində gənclər
xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək
burada çalışmış,
1978–1979-cu illərdə isə
Azərbaycan Dövlət
Filarmoniyasında bədii
rəhbər vəzifəsini
tutmuşdur. Sonrakı dövrdə yalnız
yaradıcılıqla məşğul
olaraq bəstəkarlıq
əsərləri meydana
gətirən Musa Mirzəyev
1992–1993-cü illərdə “Şur” musiqi nəşriyyatında müxtəlif
vəzifələrdə işləmişdir.
Yaradıcılığını pedaqoji fəaliyyətlə
uğurla əlaqələndirərək
o, 1993-cü ildən ömrünün
sonunadək çalışdığı
Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər
nəslinin formalaşdırılması
işinə töhfələr
vermişdir.
Azərbaycan bəstəkarlıq məktəbinin
seçilən nümayəndələrindən
biri olaraq Musa Mirzəyev yaratdığı
rəngarəng əsərləri
ilə milli musiqi mədəniyyəti
xəzinəsini daha da zənginləşdirmişdir. Azərbaycan musiqisinin
bugünkü simasının
formalaşmasında öz
dəst-xətti ilə
tanınan bəstəkarın
təqdirəlayiq xidmətləri
vardır. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş
Musa Mirzəyevin yaradıcılığında
xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər
mühüm yer tuturdu. Dərin milli kolorit,
nikbinlik ruhu və zəngin dramatizm hər bir əsərinə hədsiz məsuliyyətlə
yanaşmış bəstəkarın
yaradıcılığını səciyyələndirən başlıca
cəhətlərdəndir.
Musa Mirzəyevin əsərləri
tanınmış musiqi
kollektivləri tərəfindən
müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə
şöhrət gətirmişdir. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin
rəğbətini qazanmışdır.
Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləmiş
və partiturasının
hazırlanmasına böyük
əmək sərf etmişdir. Onun Azərbaycan və
dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə
öz təsirini göstərmişdir.
Musa Mirzəyevin yaradıcılığı
və müasir Azərbaycan mədəniyyəti
qarşısında xidmətləri
yüksək qiymətləndirilmişdir. Ölkəmizdə
musiqi sənətinin inkişafı sahəsində
qazandığı nailiyyətlərə
görə o, müstəqil
Azərbaycan Respublikasının
ali mükafatlarından
“Şöhrət” və “Şərəf”
ordenləri ilə təltif edilmişdir.
Tanınmış bəstəkar, təcrübəli
pedaqoq və səmimi insan Musa Abdulla oğlu Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham
Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad
Bədəlbəyli
Siyavuş Kərimi
Oqtay Zülfüqarov
Tofiq Bakıxanov
Xəyyam Mirzəzadə.
Azərbaycan. - 2016.- 30 yanvar.- S.5.