Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 9
Bakı şəhəri, 22 yanvar 2016-cı il
“2016-2020-ci illər üçün
hemofiliya xəstəliyi üzrə Tədbirlər
Proqramı”nın təsdiq edilməsi
haqqında
“Hemofiliya
və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli
Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
“2016-2020-ci illər üçün hemofiliya xəstəliyi
üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
və digər aidiyyəti dövlət orqanları Tədbirlər
Proqramının həyata keçirilməsini təmin etsinlər.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il
22 yanvar tarixli 9nömrəli qərarı ilə təsdiq
edilmişdir
2016-2020-ci illər
üçün hemofiliya xəstəliyi üzrə
TƏDBİRLƏR
PROQRAMI
1.Giriş
Hemofiliya xəstəliyi insan qanında bəzi laxtalanma
faktorlarının (VIII və IX faktorlar) irsən
çatışmazlığı nəticəsində əmələ
gəlir. Hemofiliya irsi qan xəstəliyi olaraq ana tərəfindən
ötürülür və əsasən oğlan
uşaqlarında özünü büruzə verir.
Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı
xəstələrin sayı 1500-ə yaxındır. Hər il
40-60 yeni xəstə qeydiyyata alınır.
Hemofiliyalı xəstələrə mütəmadi
olaraq laxtalanma faktorları vurulmadıqda dəfələrlə
baş verən qanaxmalar, oynaqlara və yumşaq toxumalara
qansızmalar onların uşaq və gənc yaşlarında
şikəst olmasına, bəzi hallarda isə
ölümünə səbəb olur.
Son illər hemofiliyadan əziyyət çəkən
insanların müalicəsi istiqamətində mühüm
işlər görülmüşdür.
“Hemofiliya
və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli
Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 26 noyabr tarixli 224 nömrəli qərarı
ilə təsdiq edilmiş “2011-2015-ci illər
üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər
Proqramı”nın həyata keçirilməsi bu xəstələrə
göstərilən tibbi yardımın təkmilləşdirilməsinə,
onların laxtalanma faktorları ilə təminatının
yaxşılaşmasına və hemofiliyanın inhibitor
formasının müalicəsinin tətbiqinə imkan
vermişdir. Görülən tədbirlər nəticəsində
hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin
təmin olunmasına, ömürlərinin uzadılmasına,
bu xəstəlikdən əlillik və ölüm
hallarının azaldılmasına nail olunmuşdur. Göstərilən Tədbirlər Proqramı
çərçivəsində bir neçə
hemofiliyalı xəstəyə Elmi-Tədqiqat Travmatologiya və
Ortopediya İnstitutunda oynaqların müasir endoprotezlərlə
əvəz olunması əməliyyatları
aparılmışdır. İrsi qan xəstəliklərindən,
o cümlədən hemofiliyadan əziyyət çəkən
xəstələrə tibbi yardımın
yaxınlaşdırılması məqsədi ilə
rayonlarda hematoloji kabinetlər təşkil olunmuşdur.
Hemofiliyalı xəstələrin qeydiyyatını
aparmaq, onların məlumat bazasını yaratmaq məqsədi
ilə xəstələrin registri tərtib olunmuşdur ki, bu
da dərman preparatlarının istifadəsinə nəzarətin
həyata keçirilməsində və xəstələrə
göstərilən tibbi yardımın qiymətləndirilməsində
mühüm rol oynayır.
Adıçəkilən Tədbirlər Proqramı
çərçivəsində 100-dən artıq mütəxəssis
müvafiq təlimlər keçmiş, bu sahədə
çalışan mütəxəssislərin xarici ölkələrdə
keçirilən konfrans və simpoziumlarda iştirakı təmin
edilmişdir.
Hemofiliyanın müalicəsinə dair 2 klinik
protokol, 5 tədris vəsaiti, tövsiyələr və 2
jurnal çap olunmuşdur.
Eyni
zamanda, hemofiliyalı xəstələrə göstərilən
tibbi yardımın daha da təkmilləşdirilməsi, faktor
preparatları ilə müalicə nəticəsində
baş verən ağırlaşmaların aradan
qaldırılması, xəstələrə ilkin
yardımın yerlərdə göstərilməsinin təşkili,
kiçik yaşlı uşaqlarda birincili profilaktikanın təkmilləşdirilməsi,
artropatiyaların cərrahi müalicə üsullarının
tətbiqi istiqamətində tədbirlərin davam etdirilməsinə
ehtiyac vardır.
“2016-2020-ci illər üçün hemofiliya xəstəliyi
üzrəTədbirlər Proqramı” (bundan sonra-Tədbirlər
Proqramı) hemofiliyalı xəstələrə göstərilən
tibbi yardımın həcminin və keyfiyyətinin
artırılmasına yönəlmişdir.
2. Tədbirlər
Proqramının məqsədi və əsas vəzifələri
2.1. Tədbirlər Proqramının məqsədi
hemofiliyalı xəstələrə göstərilən tibbi
yardımın həcminin və keyfiyyətinin
artırılmasından, hemofiliya nəticəsində əmələ
gələn əlilliyin və ölüm hallarının
azaldılmasından ibarətdir.
2.2. Tədbirlər
Proqramının əsas vəzifələri
aşağıdakılardır:
2.2.1. hemofiliyanın fəsadlarının
diaqnostikasının, müalicəsinin və
profilaktikasının təkmilləşdirilməsi;
2.2.2. hemofiliya xəstəliyinə düçar
olmuş şəxslərin ömürlərinin
uzadılması və həyat keyfiyyətinin
yaxşılaşdırılması;
2.2.3. hemofiliya xəstəliyinin müalicəsi və
profilaktikası üzrə tibb mütəxəssislərinin
hazırlanması və onların ixtisaslarının
artırılması.
3. Monitorinq və qiymətləndirmə
3.1. Tədbirlər Proqramı üzrə həyata
keçiriləcək tədbirlərin əlaqələndirilməsini,
monitorinqini və qiymətləndirilməsini Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir.
4. Tədbirlər Proqramının
maliyyələşdirilməsi
4.1. Tədbirlər Proqramında nəzərdə tutulan
tədbirlər müvafiq illər üzrə Azərbaycan
Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərində “Səhiyyə” bölməsi üzrə
nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
5. Tədbirlər Proqramının həyata
keçirilməsindəngözlənilən nəticələr
5.1. Tədbirlər
Proqramının həyata keçirilməsindən gözlənilən
nəticələr aşağıdakılardır:
5.1.1. hemofiliyalı xəstələrə göstərilən
tibbi yardımın təkmilləşdirilməsi;
5.1.2. hemofiliyalı xəstələrin ömürlərinin
uzadılması və həyat keyfiyyətinin
yaxşılaşdırılması;
5.1.3. hemofiliya xəstəliyinin fəsadlarının
və bu xəstəlikdən əlillik və ölüm
hallarının azaldılması.
6.Tədbirlər Proqramının həyata keçirilməsi üzrə
Fəaliyyət Planı
Sıra ¹-si Tədbirin adı
İcraçı təşkilatlar İcra müddəti (illər
üzrə)
1 2 3 4
6.1. Hemofiliyalı xəstələrin müalicəsinin təşkili
6.1.1. Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə onların faktor preparatları ilə təmin edilməsi Səhiyyə Nazirliyi 2016-2020
6.1.2. İrsi qan xəstəliklərinin müalicəsi üzrə rayonlararasıhematoloji kabinetlərdə hemofiliyalı xəstələrə qanaxma zamanı ilkin yardımın göstərilməsinin təşkil edilməsi Səhiyyə Nazirliyi 2016
1 2 3 4
6.1.3. Kiçik yaşlı hemofiliyalı uşaqlarda erkən əlilliyin qarşısının alınması məqsədi ilə birincili profilaktikanın tətbiq edilməsi Səhiyyə Nazirliyi 2016-2017
6.1.4. Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopiksinovektomiyanın tətbiqi Səhiyyə Nazirliyi 2016-2017
6.1.5. Hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə ağırlaşma hallarında ikincili profilaktikanın tətbiq edilməsi Səhiyyə Nazirliyi 2016-2020
6.1.6. Hemofiliya üzrə metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması Səhiyyə Nazirliyi 2016-2018
6.1.7. Hemofiliyalı xəstələrin registrının təkmilləşdirilməsi Səhiyyə Nazirliyi 2016-2017
6.2. Hemofiliyaya dair maarifləndirmə
6.2.1. Hemofiliyaya dair elmi-kütləvi ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap etdirilməsi Səhiyyə Nazirliyi 2016-2017
6.3. Kadr hazırlığı
6.3.1. Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə) Səhiyyə Nazirliyi 2016-2020
6.3.2. Hemofiliya üzrə mütəxəssislərin
beynəlxalq konqres, konfrans və simpoziumlarda
iştirakının təmin edilməsi Səhiyyə Nazirliyi
2016-2020
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan. - 2016.- 31 yanvar.- S.4.