Beynəlxalq birlik Azərbaycanın enerji
təhlükəsizliyi ilə bağlı mövqeyini
bölüşür
Bunu hər il
keçirilən ənənəvi Davos İqtisadi Forumu da təsdiqləyir
Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi.
1970-ci illərin ikinci yarısından etibarən əlaqədar mövzuların məşhur iqtisadçı, biznesmen və siyasətçilərin iştirakıyla geniş bir platformada ələ alınması forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük və nüfuzlu toplantılar silsiləsinə çevirdi.
Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Yalnız bir dəfə, 2002-ci ildə ABŞ-da keçirilib. Bu isə rəmzi xarakter daşıyırdı. Belə ki, həmin il 106 ölkədən 3 min nümayəndə Nyu Yorka toplaşaraq 11 sentyabr terror hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdirdi. Davos Forumunun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.
Bu il yanvarın 20-dən 23-dək Davosda Dünya İqtisadi Forumunun sayca 46-cı illik toplantısı keçirildi. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə, öz növbəsində, hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlığı zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun 46-cı illik toplantısı da, əvvəllər olduğu kimi, dünyanın siyasi-ictimai həyatının bütün sahələrindən olan rəhbər şəxsləri öz işinə cəlb etmişdi. 3 gün davam edən forumda dünyanın yüzdən artıq ölkəsindən dövlət başçıları, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdi.
Qeyd edək ki, “Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil edilən toplantının proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxil olunmuşdu. Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti Klaus Şvab da əvvəlcədən bildirmişdi ki, builki forumda əsas mövzu sənaye inqilabının doğurduğu problemlərin həlli yollarının müzakirəsi olacaq. Çünki ekspertlərin fikrincə, dünyada risk landşaftı son 11 ildə daha genişlənib. İstər ətraf mühit, istərsə də cəmiyyət, iqtisadiyyat, geosiyasət və texnologiya istiqamətlərində risklərin daha tez baş verməsi və həyatın digər sahələrini əhatə etməsi ehtimalları güclənib. Qloballaşan dünyada risklərin də bir-biri ilə zəncirvari əlaqəli olması onların qarşısının alınması üçün kompleks yanaşma tələb edir. Bütün bunları nəzərə alaraq budəfəki toplantıda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək yolu və digər məsələlərə dair fikir mübadiləsi aparıldı. Beləliklə, budəfəki forumda da müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün tərəfdaşlığın genişlənməsinə yardım məsələləri, o cümlədən beynəlxalq iqtisadi böhrandan çıxış yolları müzakirə olundu.
Son illərdə bütün sahələr üzrə dinamik inkişaf yolu keçən Azərbaycan həm də dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və regionda əsas söz sahibi olan ölkədir. Bu mənada Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-in diqqət mərkəzində olur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar. Ən əsası, beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərirlər. Davos Forumunun hər dəfə yekunları təsdiqləyir ki, respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunur və dövlət başçısının ümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir.
Xatırladaq ki, məhz bundan irəli gələrək hələ 2012-ci ildə Davos Forumu çərçivəsində təşkilatçılar respublikamızın dünyada artan rolunu, həmçinin ötən illərdə Davos Forumunda fəal iştirakını nəzərə alaraq Azərbaycanın xüsusi ölkə panelini də təşkil etmişdilər. Paneldə iştrak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT məsələləri üzərində xüsusi dayanmış, internet azadlıqlarının, internetin, həmçinin onun xidmətlərinin artımındakı müsbət rolundan danışmış, ölkəmizdə informasiya texnologiyalarının və təhsilin prioritet sahələr olduğunu bir daha bəyan etmişdi.
2013-cü ilin aprel ayında isə Bakıda Davos Dünya İqtisadi Forumu keçirildi. “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr olunan forumda gündəliyə müasir dövrümüz üçün aktual məsələlər salınmışdı. Belə ki, forumda əsasən enerji və təbii resurslar, sahibkarlıq və insan kapitalı, maliyyə və uzunmüddətli investisiya, telekommunikasiya ilə bağlı məsələlər ətrafında müzakirələr aparıldı. Forumun sessiyalarından biri isə “Azərbaycanın gələcəyinə baxış: yeni iqtisadiyyata doğru” mövzusunda idi. Bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlərlə bağlı müzakirələr aparıldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davosa builki səfəri də ötən illərdə olduğu kimi, olduqca səmərəli və məhsuldar keçdi. Bunu cənab Prezidentin keçirdiyi görüşlər də təsdiq edir. Belə ki, bir neçə günlük forum çərçivəsində Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman, Ukrayna Prezidenti Petro Poroşenko, Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif, İsrailin Baş naziri Benyamin Netanyahu, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Norveçin xarici işlər naziri Borge Brende, İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşlərində ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin, “Microsoft Corporation” şirkətinin vitse-prezidenti Syuzan Hauserin, TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyannenin, “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbenin, BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin, “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqasın, Rusiyanın “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun Prezident İlham Əliyevlə görüşləri isə dünyanın böyük şirkətlərinin Azərbaycanla əməkdaşlığa önəm verdiklərini, xüsusən ölkəmizi etibarlı tərəfdaş kimi qəbul etdiklərini bir daha təsdiqlədi.
46-cı Davos İqtisadi Forumu Azərbaycan üçün uğurlu oldu. Budəfəki toplantı Azərbaycanın dünya birliyindəki yerini, beynəlxalq enerji məsələlərindəki rolunu bir daha ictimaiyyətə tanıtdı. Forum həm də onu sübut etdi ki, Azərbaycanın qlobal məsələlərdə həyata keçirdiyi siyasət, nümayiş etdirdiyi mövqe beynəlxalq miqyasda qəbul olunur.
R.CƏFƏRLİ,
Azərbaycan. - 2016.- 31 yanvar.- S. 6.