Azərbaycan Ordusu
ən müasir silahlara malikdir
Aprel
döyüşləri zamanı düşmənin canlı
qüvvəsinin və döyüş texnikalarının məhv
edilməsində milli istehsalımız olan hərbi təyinatlı
məhsullar mühüm rol oynadı
Azərbaycan Ordusu Cənubi
Qafqaz regionunun qüdrətli, eləcə də
dünyanın yüksək döyüş qabiliyyətli
silahlı qüvvələrindən sayılır. Ordunun kəmiyyət
və keyfiyyət baxımından komplektləşdirilməsi,
peşəkarlıq səviyyəsinin yüksəldilməsi,
maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin
sosial rifah halının ildən-ilə
yaxşılaşdırılması, ordu hissələrinin
müasir texnika və avadanlıqlarla təchiz edilməsi,
habelə beynəlxalq təcrübənin mənimsənilməsi
istiqamətində həyata keçirilən kompleks tədbirlər
bunu bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini,
daha müasir metodlara üstünlük verilməsini,
Silahlı Qüvvələrin gücləndirilməsini,
döyüş hazırlığının müasir tələblərə
cavab verə biləcək səviyyəyə
çatdırılmasını prioritet vəzifə kimi
müəyyənləşdirib. Orduya diqqət
və qayğının ən bariz təcəssümü
özünü büdcə xərclərinin dinamik
artımında göstərir. Son 10 il
ərzində hərbi xərclərimiz 20 dəfədən
çox artıb. Ölkənin milli təhlükəsizliyinin
və müdafiə qabiliyyətinin, hərbi
qulluqçuların sosial müdafiəsinin təmin edilməsi
2017-cı il dövlət büdcəsi xərclərinin
də prioritet istiqamətlərindən oldu. Bu məqsədlə
müdafiə xərclərinə 2017-ci il dövlət
büdcəsi xərclərinin 16,7 faizi həcmində
vəsait ayrılması nəzərdə tutulub ki, bu da
ötən illə müqayisədə 2,9 faiz çoxdur.
Aprel zəfəri Azərbaycan
Ordusunun gücünü göstərdi
Ötən il
aprelin əvvəllərində müzəffər Azərbaycan
Ordusunun düşmən təxribatının
qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini
işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən
təbii qəbul olundu. Ən qısa zamanda
düşmən təxribatının
qarşısının qətiyyətlə alınması və
Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi
Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə
saldı. Müdafiə Nazirliyi bir daha bəyan
etdi ki, atəşkəs rejimi haqqında
razılaşmanın Ermənistan tərəfindən
pozulması təkrarən baş verərsə, düşmənə
vurulacaq zərbələr daha ağır və
sarsıdıcı olacaq. Azərbaycan
Ordusunun aprel zəfəri həm Ermənistanı
danışıqlar masası ətrafına oturmağa məcbur
etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv
danışıqlar məcrasına qayıtması
üçün rəsmi İrəvana təzyiq göstərməyə
vadar etdi.
Azərbaycan Silahlı Qüvvələrinin
- hərbçilərimizin döyüş və qələbə
ruhu insanlarda böyük qürur və sevinc hissləri
doğurdu. Ötən əsrin 90-cı illərinin
əvvəllərindən fərqli olaraq cəmiyyətin
bütün təbəqələri qısa müddətdə
Ali Baş Komandanın ətrafında sıx birləşərək
indiyə qədər görünməmiş milli birlik, həmrəylik
nümayiş etdirdilər. Məlum oldu ki,
hərbi əməliyyatların davam edəcəyi müddətdə
hər kəs “Hər şey cəbhə üçün, hər
şey qələbə üçün!”
şüarını uca tutaraq torpaqlarımızın
düşməndən təmizlənməsi prosesinə əməli
töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən
tutmuş ahıl insanlaradək hamının əlinə silah
alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirmələri
də hərbi-psixoloji üstünlüyün əldə
edilməsi baxımından vacib məqamlardan idi.
Müdafiə məqsədilə
ayrılan hərbi xərclərin ildən-ilə artması,
eləcə də ölkədə hərbi təyinatlı məhsulların
istehsalını həyata keçirən sənaye müəssisələrinin
yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə
malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən
müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir
sıra texnikaların modernləşdirilməsini həyata
keçirir. Əvvəllər xaricdən
alınan bir sıra hərbi texnika və döyüş
sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin (MSN)
tabeliyində olan müəssisələrdə istehsal olunur.
Azərbaycanın yerli istehsal hesabına ordusunun
müxtəlif hərbi ləvazimatlara və döyüş
sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin
Ermənistan qarşısında üstünlüyünü
daha da artırır. Hərbi təyinatlı
məhsullar istehsal edən hərbi sənayenin qurulması
prosesi elə böyük zaman kəsiyini əhatə etməsə
də, burada istehsal edilən məmulatlar həm
çeşidinə, həm də keyfiyyətinə görə
müasir standartlara cavab verir. Prezident
İlham Əliyev ölkəmizin müdafiə
potensialının qüdrətlənməsi istiqamətində
ötən müddətdə böyük işlər həyata
keçirmişdir.
Ermənistanla təmas xəttində
üstünlüyü əldə edən və düşmənə
sarsıdıcı zərbələr vuran Azərbaycan
Ordusunun təminatını daha da gücləndirmək məqsədilə
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
silah, sursat və hərbi vasitələrin istehsalının
genişləndirilməsi və keyfiyyətinin daha da
yaxşılaşdırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir. Bunu aprel
döyüşləri bir daha sübut etdi. Ötən
ilin aprelində cəbhə xəttində erməni təxribatına
cavab olaraq sarsıdıcı zərbələr endirməsi,
düşmən tapdağında olan bir neçə yüksəkliyi
azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi
kimi dəyərləndirilməklə yanaşı, illərdir
davam edən münaqişənin nizamlanması ilə
bağlı aparılan danışıqlarda müşahidə
olunan canlanma problemin ədalətli həlli istiqamətində
irəliləyiş gözləntisi də yaratdı.
Aprel döyüşləri
zamanı düşmənin canlı qüvvəsinin və
döyüş texnikalarının məhv edilməsində
Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar
mühüm rol oynamışdır. Döyüşlərdə MSN-in
müəssisələrində istehsal olunan silah və
sursatlardan - tank əleyhinə qumbaraatanlar, minaatanlar və
onların döyüş sursatları, snayper tüfəngi,
universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar,
müxtəlif çaplı patronlar və digər
döyüş sursatları düşmənə
qarşı tətbiq olunmuşdur. Eyni zamanda,
düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilərək
məhv edilməsi ölkədə istehsal olunan müasir
növ pilotsuz uçuş aparatları vasitəsilə həyata
keçirilmişdir.
Ötən il
Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisinin
keçirilməsi də mühüm əhəmiyyət kəsb
etdi. Dünyanın 44 ölkəsindən 250-yə yaxın
şirkət və rəsmi heyətin iştirak etdiyi
“ADEX-2016” sərgisində Azərbaycanın milli müdafiə
sektorunun güc və qüdrətinin nümayişi kimi təqdim
edilən hərbi məhsullar tədbir
iştirakçılarında böyük maraq yaratdı. “ADEX- 2016” sərgisi çərçivəsində
son illər ərzində ölkəmizdə istehsal edilmiş
yüngül və ağır hərbi texnika təqdim olundu.
Bunların arasında müxtəlif kalibrli atıcı silahla
təchiz edilmiş “Gürzə” universal avtomobili, raket
döyüş başlıqları, müxtəlif
çaplı silahlar, eləcə də “Qasırğa” və
“İldırım” ağır hərbi texnikası yer
almışdır. Müdafiə Sənayesi
Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər”
müəssisəsində hazırlanan müasir kəşfiyyat
element bazasına və taktiki məhvedici hücum sisteminə
malik “Zərbə” pilotsuz uçuş aparatlarının da təqdimatı
böyük marağa səbəb oldu.
Yeni nəsil pilotsuz uçuş
aparatları düşməndə böyük təşviş
yaradır
Azərbaycan “ADEX-2016” beynəlxalq
müdafiə sərgisində yeni nəsil pilotsuz
uçuş aparatlarını da nümayiş etdirdi. Bunlar “Orbiter
3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır.
Bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12
saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat,
“Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir.
“Orbiter 4” pilotsuz uçuş
aparatının bir qanadından digər qanadına qədər
olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yükgötürmə
qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. “Orbiter 4” 150
km məsafəyə kimi gedib qayıda bilir. “Orbiter
3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara
düşmür. Azərbaycanın yeni
snayper tüfəngi də dünyanın aparıcı silah
istehsal edən ölkələrində marağa səbəb
olub. İriçaplı NST - 14,5 mm snayper tüfənginin
çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi
məhvetmə məsafəsi 1600 m-dir. Darağı 5 güllə
tutumuna malik olan snayper tək atışlı sistemə
malikdir. Həmçinin yeni snayper tüfənginin
optik nişangahı yerli məhsuldur. Ölkəmiz
ən müxtəlif hərbi texnika istehsalını ildən-ilə
genişləndirərək bu məqsədlə
aparıcı dövlətlərlə uğurlu əməkdaşlıq
edir.
Cari ilin fevralında isə
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli
zirehli maşının təqdimatı keçirildi. Milli zirehli nəqliyyat
vastitəsi 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin
kreativ fikirlərini və təcrübəsini özündə
birləşdirən məhsuldur.
Ağırlığı 12,3 tona çatan “Tufan” zirehli
maşını 3 tona qədər yük və 10 nəfər
şəxsi heyəti tam təhlükəsiz şəraitdə
daşımaq imkanına malikdir. Zirehli
maşının heyəti “STANAG-4569” ballistik qoruma
standartının tələblərinə uyğundur. Bu isə real döyüş və antiterror əməliyyatları
zamanı daha təhlükəsiz mobil üstünlük deməkdir.
Çəkisinə baxmayaraq zirehli avtomobil
şosedə saatda 85 km sürət yığır və
yolsuzluqda olduqca yüksək keçid qabiliyyətinə
malikdir. Hündür klirens və tam ötürmə sayəsində,
“Tufan” zirehli maşını 65 sm dərinlikdəki xəndəkləri
və 1,2 m su maneələrini rahatlıqla
keçir. Dəf edilən eniş və
yoxuşun səviyyəsi 30 dərəcə, yamacın isə
18 dərəcədir. Yerində dönmə
radiusu 20 metrə çatır. Zirehli maşının
uzunluğu 7,3, eni 2,44,
hündürlüyü isə 2,8 metrdir. “Tufan”
maşınının gövdəsi xüsusi markalı
homoqen zirehli poladdan hazırlanıb və əsas hissələrdə
qaynaq deyil, məhz əymə üsulu ilə öz
formasını alıb. Bu hissələrdə
qaynaq tikişlərinin olmaması, baş verən
partlayış nəticəsində daxili monokokun
parçalanmamasını və partlayış
dalğasını alt qismin yanlarına ötürülməsini
təmin edir. Xüsusi oturacaqlar, iki səviyyəli
döşəmə, gücləndirilmiş qapı cəftələri
və 5 nöqtəli kəmərlər isə şəxsi
heyətin təhlükəsizliyini əlavə olaraq
artırır.
“Tufan” zirehli
maşınının üzərində universal
döyüş modulu quraşdırılmışdır ki,
bu məhsul da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
istehsal olunub.
Qurğunun yüksək dəqiqli optik və
elekton cihazları sayəsində 2 km-dən çox məsafədə
olan düşməni aşkarlamaq, bir neçə hədəfi
prioritetlərə bölmək və məhv etmək
mümkündür. Modulu 12,7 mm çaplı NSVT-12,7
tipli pulemyot, tank əleyhinə idarə olunan raket sistemi və
ya avtomatik qumbaraatan ilə təchiz etməklə istənilən
hava şəraitində və hətta gecə tətbiq etmək
olar. Avtomatik idarəetmə, sursatı doldurma və
optik müşahidə sistemləri,
döyüşçüyə zirehli gövdəni tərk
etmədən 360 dərəcədə atəş aparmağa
imkan verir. Ölkənin gəlirləri
çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya
ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir.
Ordumuz istənilən hərbi
tapşırığı uğurla yerinə yetirməyə
qadirdir
Prezident İlham Əliyev cəbhə
bölgəsinə səfəri zamanı bildirmişdi: “Ermənistan
uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel
döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir.
Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra
etməyə qadirdir. İşğal
edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi
hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək.
Bu gün Azərbaycan Ordusu güclü ordular
sırasındadır. Bunu biz bilirik, Azərbaycan
xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan
Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir,
günbəgün artır. Ordumuzda
nizam-intizam hökm sürür. Ordumuzun
maddi-texniki təminatı ən yüksək səviyyədədir.
Biz son illər ərzində milyardlarla dollar dəyərində
ən müasir silah-sursat, hərbi texnika almışıq.
O texnikalar ən son texnologiyaya malikdir. Aprel
döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun
maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər
görülür, vəsait ayrılıb, ən müasir,
yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə
malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini,
habelə xalqımızın böyük dəstəyini hiss
edən Silahlı Qüvvələrimiz son illərin ilk
irimiqyaslı hərbi əməliyyatlarında yüksək
taktiki və strateji hazırlıq səviyyəsi və
işğalda olan torpaqlarımızı azad etmək əzmi
nümayiş etdirərək daha bir sınaqdan
üzüağ çıxdılar. İndiki dövr
üçün qarşıya qoyulmuş məqsədin
reallaşdığını, müəyyən geosiyasi amilləri,
habelə müxtəlif ölkə və təşkilatların
rəhbərlərinin çoxsaylı
çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin
dayandırılmasına qərar versə də,
dördgünlük müharibə ərzində
xalqımız həsrətində olduğu qələbənin
şirinliyini dada bildi. Güclü Azərbaycan
Ordusu düşmən təxribatının
qarşısını qətiyyətlə aldı və erməni
qüvvələri böyük itkilər verərək geri
çəkilmək məcburiyyətində qaldılar. Ordumuz təmas xəttində üstünlüyü
tamamilə ələ alaraq döyüş mövqelərimizi
daha da möhkəmləndirdi.
Elnur HACALIYEV,
Azərbaycan.-
2017.- 1 aprel.- S. 5.