İlham Əliyev “Böyük
Qayıdış"ı Cocuq Mərcanlıdan
başladır
Nəhəng tikinti-quruculuq məkanına çevrilən
kənddə 24 ildən sonra yenidən həyat qaynayır
Azərbaycan Ordusunun aprel zəfərindən
bir il ötür. Xalqımızın
qəhrəmanlıq salnaməsi olan bu qələbə hər
kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin
ölməz xatirəsi ehtiramla yad edilir. Birliyin,
dəyanətin, əyilməzliyin sübutu olan bu
döyüşlər həm də Azərbaycanın
Dağlıq Qarabağın işğalı ilə heç
vaxt barışmayacağının dünyaya nümayişi
idi. Dost da, düşmən də, müstəqilliyinin
cəmi 25 yaşı olan Azərbaycanın qüdrətinin
bir daha şahidi oldu.
Lələtəpədə
dalğalanan qürur rəmzimiz
Həmin günlər erməni hərbi
birləşmələrinin cəbhə xəttindəki təxribatlarının
qarşısını rəşadətlə alan
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri
qısa müddət ərzində düşmənə
sarsıdıcı zərbə vurdu. Füzuli və
Tərtər istiqamətlərində erməni hərbi birləşmələrinin
möhkəmləndirdiyi ön xətti qoşunlarımız
tərəfindən çətinlik çəkilmədən
yarıldı, düşmən geri otuzduruldu. İrəliləyən Azərbaycan əsgəri
işğal altında strateji əhəmiyyətli yüksəklikləri
düşməndən təmizlədi və Lələtəpə
yüksəkliyinə Azərbaycan bayrağı
sancıldı.
Hansı ki məhz bu yüksəklikdəki
mövqedən ermənilər Cəbrayıl rayonunun
işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı
istiqamətində təhlükə yaradırdılar. Cocuq Mərcanlı
ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan
Ordusunun 1994-cü ildə uğurlu hərbi əməliyyatları
zamanı azad edilən 22 yaşayış məntəqəsindən
biridir. Həmin zaman ordumuz Füzulinin bir
hissəsini Araz çayı boyu düşməndən təmizləmişdi.
O vaxt beş ay erməni
işğalında qalan Cocuq Mərcanlı yenidən ordumuzun
nəzarəti altına keçmişdi. Lakin Lələtəpə
yüksəkliyinin düşmənin əlində olması səbəbindən
cocuqmərcanlıların öz evlərinə
qayıtması qeyri-mümkün idi. Ordumuzun
aprel qələbəsi isə onların böyük sevincinə
səbəb oldu. Çünki kənddə
həyatın normal axarına qayıtması və məcburi
köçkünlərin öz ata-baba yurdlarına dönməsi
üçün əlverişli şərait yarandı.
Aprel hadisələrini böyük hərbi
qələbə, qəhrəmanlıq rəmzi və
şanlı tarix adlandıran Prezident İlham Əliyev bu il yanvarın 24-də bütün dünya azərbaycanlılarında
fəxarət hissi yaradan tarixi sərəncam imzaladı. Sərəncamla
düşmən təhlükəsinin aradan
qaldırıldığı Cocuq Mərcanlı kəndinin
yenidənqurulmasına start verildi. Kəndin bərpası ilə
bağlı görüləcək işlər çərçivəsində
birinci mərhələdə 50 fərdi yaşayış
evinin, məktəb binasının və müvafiq
infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə
ilkin olaraq 4 milyon manat vəsait ayrıldı. Düz,
23 ildən sonra bu kənddə həyat yenidən canlanmağa
başladı. Fevralın 10-da isə dövlət
başçısının daha bir sərəncamı ilə
Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun
tikintisi üçün 4,3 milyon manat vəsait
ayrıldı.
Prezident İlham Əliyevin kəndin
yenidən qurulması, yolun inşası ilə bağlı
imzaladığı sərəncamlar Azərbaycanın
Böyük Qayıdış Konsepsiyasına şübhə
ilə yanaşanlara tutarlı cavab oldu. Hər kəsə
bəlli oldu ki, Azərbaycan bir qarış
torpağını da düşmən tapdağı
altında qoymayacaq və bu ölkə işğaldan azad
etdiyi tarixi torpaqlarında ermənilər tərəfindən
darmadağın edilən yaşayış evlərini, tarixi mədəniyyət
abidələrini öz gücünə yenidən bərpa etməyə
qadirdir.
Erməni vəhşiliyinin,
vandalizminin əyani sübutu
Dövlət
başçısının sərəncamlarından sonra
Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin
master-planı hazırlandı. Bəlli oldu ki, qəsəbədə
təhsil, səhiyyə, mədəniyyət ocaqları da
inşa olunacaq. Kənddə qurulacaq
kommunal xidmətlər, qaz, elektrik enerjisi, su xətti ilə
bağlı texniki şərtlər də alındı.
Daşı daş üstündə qalmayan Cocuq
Mərcanlıda Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən
minatəmizləmə əməliyyatı başlandı.
Qurum ilk olaraq 50 yaşayış evi və məktəb
binasının ərazisini tam təmizləyib təhvil verdi.
Prezident İlham Əliyev erməni
vandallarının talan edib, viran qoyduqları bu yurd yerimizin
aqibətinin bütün dünya ictimaiyyətinə
çatdırılması üçün də göstəriş
verdi. Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının icrasının üçüncü ilinin
yekunlarına həsr olunmuş konfransda dövlət
başçısı dedi: “Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatı
zamanı işğalçılar bu kənddən qovulsalar
da, daşı daş üstündə qoymayıblar. Ona görə də beynəlxalq təşkilatlar bu
mənzərənin şahidi olmalıdırlar. Mən göstəriş vermişəm, beynəlxalq
təşkilatlara da müraciət olunsun ki, onlar da öz
nümayəndələrini ora göndərsinlər və erməni
vəhşiliyinin nədən ibarət olduğunu
görsünlər. Cocuq Mərcanlı erməni
vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini
mədəni xalq kimi təqdim etməyə
çalışanlar hansı vəhşiliklər törədiblər.
Ona görə orada bu işlər görülməlidir,
bütün sənədləşmə, pasportlaşdırma,
erməni vəhşiliklərinin sənədləşdirilməsi
işləri, video, fotoşəkillər
aparılmalıdır, dağılmış bütün o
binaların ölçüləri, dəymiş ziyan
hesablanmalıdır”.
Dövlət
başçısının göstərişindən sonra
Qaçqınlar və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi və
Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə
akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələri
nümayəndələrinin, eləcə də xarici ölkələrin
Azərbaycandakı 60-a yaxın diplomatik nümayəndələrinin
və beynəlxalq təşkilatların rəhbərlərinin
Cocuq Mərcanlı kəndinə səfəri təşkil
olundu. Onlar viran qoyulan, xarabalığa
çevrilən kəndin mənzərəsini gözləri
ilə gördülər. Dünya bir daha
erməni vəhşiliyinin şahidi oldu. Hər
kəs gördü ki, bir zamanlar həyatın tam gücü
ilə qaynadığı bu kənd xarabalığı
xatırladır. Kənddən demək
olar ki, əsər-əlamət qalmayıb. Elə bil
burada 283 ev təsərrüfatı, məktəb,
kitabxana, poçt, icra nümayəndəliyi, qaramal,
qoyunçuluq fermaları, anbar və kolxoz binası heç
olmayıb.
Sonuncu dəfə qəzetimizin
əməkdaşları fevralın 21-də, Novruzun ilk çərşənbəsində
Cocuq Mərcanlıda olmuşdular. Kənddə 23 ildən
sonra ilk bayram tonqalı qalanmışdı. Lələtəpədə dalğalanan üçrəngli
bayraq və bayram tonqalı düşmənə göz
dağı verirdi. Həmin zaman kənddə
dağılmış evlərin, uçqunların təmizlənmə
prosesi həyata keçirilirdi.
Cocuq Mərcanlının
artıq yeni asfalt-beton örtüklü yolu var
Dövlət
başçısının Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının 3-cü ilinin yekunlarına həsr olunan
konfransda verdiyi tövsiyə və tapşırıqlara əsasən
“Azəravtoyol” ASC tərəfindən 40 kənd və qəsəbələrarası
avtomobil yolunun tikintisi ilə bağlı nəzərdə
tutulan bütün layihələr arasında iqtisadi və
sosial əhəmiyyəti qədər tarixi əhəmiyyət
daşıyan layihə də var. Bu, Cocuq Mərcanlı kəndinə
yeni yolun çəkilişidir.
Cocuq Mərcanlıya rahat
yolun olması kəndin bərpası istiqamətində ilk
günlərdən qarşıda duran əsas vəzifələrdən
biri idi. Düzdür, Füzulinin Qazaxlar və Mirzənağılı
kəndlərindən keçməklə Cocuq Mərcanlının
girişinə qədər asfalt yol mövcuddur. Lakin başlanacaq yenidənqurma işlərinin
miqyası və sürəti, qarşıya qoyulan
bütün vəzifələrin operativ və çevik yerinə
yetirilməsi ilk günlərdən kəndə doğru
geniş yolun salınmasını zəruri edirdi. Buna görə də kəndin yenidən
qurulmasını diqqət mərkəzində saxlayan Prezident
İlham Əliyevin bu istiqamətdə növbəti sərəncamlarından
biri Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında idi.
Bu günlərdə Cocuq Mərcanlıda
həyata keçirilən tikinti-quruculuq işlərinin nə
yerdə olduğunu görmək üçün kəndə
səfər etdik. Elə ilk gördüyümüz quruculuq
mənzərəsi yeni çəkilən yol oldu.
Horadizi keçən kimi yol üzərində Cocuq Mərcanlı
və Şuşa yazılan lövhə
qürur verir insana.
Ümumi uzunluğu 9 km. olan
avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Yolun 4 km-i əsaslı
şəkildə yenidən qurulur, 5 km-də isə bərpa
işləri aparılır. Layihəyə
uyğun olaraq yolboyu aparılan torpaq işləri, yol
yatağının tikintisi tam olaraq
yekunlaşdırılıb. Hazırda yol əsasının
inşası işləri və buna paralel olaraq asfalt-beton
örtüyünün ilk qatının döşənməsi
işləri aparılır. Artıq yolun
3 km-ə yaxın hissəsinə asfalt-beton
örtüyünün ilk qatının döşənməsi
işləri yekunlaşıb. 5 km-lik hissədə
aparılan bərpa işləri zamanı yolun köhnə
asfalt-beton örtüyünün üst qatı frezlənərək
kənara daşınıb, zəruri olan yerlərdə yol
yatağının yararsız qruntu qazılaraq
çıxarılıb, əvəzində
torpaq-çınqıl qarışığından ibarət
material tökülərək kipləşdirmə işləri
aparılıb.
Qalan 4 km-lik hissədə
aparılan yenidənqurma işləri zamanı isə yeni yol
yatağı və yol əsasının inşası işləri
aparılıb. Daha sonra yolboyu 2 qat olmaqla yeni asfalt-beton
örtüyü döşənəcək.
Ümumilikdə yolun təqribən
68 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, yolboyu 9 ədəd
su keçidinin tikintisi, həmçinin 1 ədəd 2
aşırımlı mövcud avtomobil
körpüsünün bərpası işləri də
yekunlaşmaq üzrədir. Cocuq Mərcanlı
istiqamətindən yolun asfaltlanmasına da
başlanılıb.
Layihə çərçivəsində
yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət
zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə isə
çiyinlərin eni 1,5 metr təşkil edəcək. Tikinti işləri tam olaraq bitdikdən sonra zəruri
olan yerlərdə yol nişanları və məlumatverici
lövhələr quraşdırılacaq, həmçinin
piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin
çəkilişi işləri aparılacaq.
Tikinti işləri texnoloji
ardıcıllığa riayət edilməklə və
yüksək keyfiyyətlə həyata keçirilir. Bunun
üçün əraziyə lazımi sayda canlı qüvvə
və texnika cəlb olunub. Yeni salınan avtomobil yolu Cocuq
Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin
- Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı
və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi
xeyli rahatlaşdıracaq.
Elektrik və qaz xətləri
çəkilib, evlərin hörgüsü başa
çatır
Çox rahat şəkildə
gəlib çatdıq 23 ildir kənddə yaşayan Oqtay Həziyevin
evinin qarşısına. Bunu onun
üçün söyləyirik ki, fevral ayının 15-də
buraya ilk gəlişimizdə Həziyevlərin
yaşadıqları mənzilə yetişmək
üçün daşlı-kəsəkli, kol-kos
basmış cığırlarla hərəkət etməli
olurduq. İndi isə vəziyyət
inanılmaz dərəcədə dəyişib. Hətta
kənddə tikiləcək 50 ev və məktəb
binası üçün nəzərdə tutulmuş ərazi
də tamam başqa mənzərə alıb. Xarabalıqdan
əsər-əlamət yoxdur. Çocuq Mərcanlı
böyük tikinti-quruculuq meydanına çevrilən Azərbaycanın
kiçik rəmzinə çevrilib. Sanki
bir ay öncə gördüyümüz ürək
dağlayan mənzərəsi olan ərazi deyil burası.
Hər kəs iş
başındadır. Texnikalar işləyir, hərə
öz işi ilə məşğuldur. Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun Cocuq Mərcanlı
kəndinin tikintisi üzrə baş texniki nəzarətçisi
İlham Həşimov deyir ki, inşaat işlərinə 30-a
yaxın texnika, 145-dən çox işçi cəlb edilib.
Tikinti işləri səhər 08:00-dan axşam 18:00-a qədər
davam edir. Bəzi hallarda işlər gecə
saatlarında da görülür. Çünki beton
töküldükdə iş yarımçıq saxlana bilməz.
Artıq 14 evin dəmir-beton tavanı qoyulub.
Digər evlərdə hörgü, 96
şagirdlik məktəb binasının zirzəmisində
suvaq işləri, su xətlərinin çəkilişi
aparılır. Həftəsonu 40 evin
hörgüsü tam başa çatacaq.
Xarici qaz və elektrik xətlərinin
çəkilişi də artıq başa çatıb. Daxili qaz
çəkilişləri başlanacaq. Evlərin
damları vurulduqdan sonra daxili elektrik xətləri çəkiləcək,
sayğaclar qoyulacaq.
İlham Həşimovun sözlərinə
görə, may ayının sonuna qədər
50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin
tam çəkilişi başa çatacaq. Qeyd
edək ki, birinci mərhələdə tikilən 50 evdən
20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə
dördotaqlıdır.
Ərazidə bərpa
prosesinin ikinci mərhələsində isə daha 100
yaşayış evi, mədəni-maarif obyektləri, uşaq
bağçası, tibb məntəqəsi və digər sosial
obyektlərin tikintisi aparılacaq. Kənddə əlavə
olaraq daha bir məktəb binasının da tikintisi nəzərdə
tutulub.
Kəndin məscidi
də olacaq
Tikinti işləri ilə
bağlı ətraflı məlumat aldıqdan sonra üz
tutduq Prezident İlham Əliyevin tapşırığına əsasən
kənddə tikilməsi nəzərdə tutulan məscidin ərazisinə.
İki əsrdən
artıqdır Azərbaycan xalqına qarşı davam edən
erməni təcavüzünün qurbanları təkcə
soydaşlarımız deyil, həm də yaşı min illərlə
ölçülən dini abidələrimiz, müqəddəs
ocaqlarımız və məbədlərimizdir. Erməni
vandalları tarixi torpaqlarımızda 400-dən çox
tarixi-dini abidəmizi məhv ediblər. Onlardan
67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır.
Ermənilər tərəfindən bir çox
nadir tarixi mədəniyyət abidələrinin
dağıdılması, İslam dininə aid olan nümunələrin
məhv edilməsi, hətta tarixi abidələrin
restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni
irsin saxtalaşdırılması, erməniləşdirilməsi
prosesi bu gün də davam edir.
Azərbaycan Prezidentinin Cocuq
Mərcanlıda böyük bir məscidin tikintisi ilə
bağlı verdiyi göstəriş Ermənistana, onun
havadarlarına, beynəlxalq aləmə ciddi bir siqnaldır. Bu, bir daha
dünyaya bəyan edir ki, Azərbaycan İslam
dünyasının bir parçasıdır, öz tarixi
keçmişinə sadiqdir. Eyni zamanda
dövlət başçısı tərəfindən
2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili”
elan edilməsinə bir xoş töhfədir. Bu məscidin minarəsində səslənəcək
azan səsi şəhidlərimizin ölməz ruhunu şad edəcək,
işğalçı ordunun əsgərlərinin canına vəlvələ
salacaq.
Məscidin tikintisi üzrə
sahə rəisi İsmayıl Ağabəyovla söhbətimiz
zamanı bəlli oldu ki, ümumi sahəsi 50 sot olan məscidin
tikintisinə martın 22-dən start verilib. 22 nəfər işçi
qüvvəsinin çalışdığı məscid tam
hazır olduqda Şuşa məscidinin bənzəri
olacaq, minarələrinin hündürlüyü 27 metrə
çatacaq. Burada mərasim zalı da tikiləcək,
dini ibadət üçün bütün şərait
yaradılacaq. İcraçının
sözlərinə görə, məscidin 5 ay müddətində
tikilib təhvil verilməsi nəzərdə tutulur. Ancaq onlar işləri bir qədər tez tamamlamaq
fikrindədirlər.
Sərəncamın
icrası may ayında başa çatacaq
Cocuq Mərcanlı kəndində
aparılan tikinti-quruculuq işləri,
gördüyümüz mənzərə insanda böyük
ruh yüksəkliyi yaradır. Ona görə ki, Prezident İlham
Əliyevin yanvar ayında verdiyi sərəncamın icrası
may ayında başa çatacaq. Bununla da
dünyaya nümayiş olunacaq ki, ermənilərin
darmadağın edərək viran qoyduqları bir kəndi Azərbaycan
dövləti belə qısa müddətə yenidən
qurdu. Özü də daha möhtəşəm,
daha əzəmətli.
Bu, həm də Böyük
Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycan
dövlətinin tezliklə bütün Qarabağda
abadlıq-quruculuq işlərinə başlamağa qadir
olduğunu sübut edir. Həqiqətən bu gün qüdrətli
dövlətə çevrilən Azərbaycanın
işğal altında olan torpaqlarında tikinti-quruculuq işləri
aparması üçün yetərincə iqtisadi gücü
var. Təki torpaqlarımız düşmən tapdağından
azad edilsin. Azərbaycan dövləti bir
neçə ilə öz torpaqlarında yeni-yeni şəhərlər,
qəsəbələr yaratmaq əzmindədir.
Cocuq Mərcanlıda
aparılan tikinti işləri bir daha təsdiqləyir ki,
yaxın zamanlarda kənd sakinləri rahatlıqla öz evlərinə
köçə biləcəklər. Çünki ərazidə
çalışanlar da istər yaşayış evlərinin,
istərsə də məktəb binasının, kommunikasiya xətlərinin
və digər texniki infrastrukturların inşasında işlərin
vaxtında və keyfiyyətlə başa
çatdırılması üçün bütün
imkanlardan istifadə edirlər.
Doğma yurda
dönüş sevinci
Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı tədbirlər haqqında sərəncam
və ötən iki ayda görülən işlər Azərbaycan
ictimaiyyəti tərəfindən böyük sevinc və rəğbətlə
qarşılanır. Çünki Cocuq Mərcanlının bərpası
digər işğal olunmuş ərazilərimizin tezliklə
azad ediləcəyinin və oralarda da başlayacaq yenidənqurma
işlərinin müjdəsidir. Təbii
ki, indi ən çox sevinən cocuqmərcanlılardır.
Çünki cəmi bir-neçə aya
onların 23 illik yurd həsrətinə son qoyulacaq.
İlkin mərhələdə Cocuq
Mərcanlıda 50 ev tikilsə də,
Prezidentin sərəncam imzalamasından cəmi bir neçə
gün sonra 200-ə yaxın ailə öz kəndinə
köçmək üçün Cəbrayıl Rayon
İcra Hakimiyyətinə müraciət edib. Təbii
ki, indi bütün arzu edənlər kəndə köçə
bilməyəcək. Əsasən gənc
və çoxuşaqlı, təsərrüfatla məşğul
olan ailələrə üstünlük veriləcək.
Lakin növbəti mərhələdə digər ailələrə
də kənddə ev veriləcək. Qeyd edək ki, növbəti mərhələdə
tikiləcək evlərin yerləri artıq həm müəyyən
olunub, həm də layihələndirilib.
Cocuq Mərcanlıdan
qayıdarkən yolüstü Biləsuvardakı məcburi
köçkün qəsəbələrinə baş çəkərək
Cəbrayıldan olan sakinlərlə görüşdük. Onları
köçkünçülükdən sonra gördükləri
çətinliklər, çəkdikləri
sıxıntılar nə qədər əzsə də,
sabaha olan inamlarını, öz evlərinə qayıtmaq
ümidlərini bir gün də olsun itirməyiblər.
Ona görə hər birinin cöhrəsində doğma yurda
qayıdışdan doğan sevinc dərhal hiss olunurdu.
Prezidentin sayəsində
evimizə qayıdırıq
Cocuq Mərcanlıya
köçmək istəyən sakinlərdən biri də
hazırda Biləsuvardakı 9 saylı məcburi
köçkün qəsəbəsində məskunlaşan kənd
təsərrüfatı üzrə texniki nəzarət
müfəttişi Atakişi Atakişiyevdir.
Köçkünçülükdən sonra çox əziyyətlər
görən Atakişi Atakişiyevin arzusu ömrünün
qalan hissəsini doğma kəndində yaşamaqdır: “Biləsuvara
2007-ci ildə ailəmlə köçmüşəm. Buna qədər çox əziyyətlər
gördük. Əvvəlcə
Saatlıdakı çadır şəhərciyində məskunlaşmışdıq.
Amma şəraitsizlik ucbatından yerimizi dəyişməli
olduq və qonşuluqdakı kəndə yaxın yerə
köçdük. Sonra Saatlının
Varxankənd kəndində bir yer tapdıq. Nəhayət, Biləsuvarda bu şəhərcik
salınanda dövlət tərəfindən
üçotaqlı evlə təmin olunduq. Burada şəraitimiz
nə qədər yüksək olsa da, öz kəndimizdə
yaşamaqdan böyük xoşbəxtçilik ola bilməz”.
Atakişi Atakişiyev deyir
ki, hətta vəfat edən əzizlərini də Cocuq Mərcanlıya
yaxın dəfn ediblər. Çünki kəndə
qayıtmaq ümidlərini heç vaxt itirməyiblər:
“Budur, ümidimiz reallaşmaq üzrədir. Tezliklə
kəndimizdə həyat əvvəlki axarına qayıdacaq.
Sakinlərimiz əvvəllər olduğu kimi,
yenə də kənddə öz işi ilə məşğul
olacaq. Buna görə Prezident İlham
Əliyevə hamımız ömrümüz boyu dualar edəcəyik.
O, bizi çadır şəhərciklərindən şəraitli
evlərə köçürdü. Bu gün
onun sayəsində doğma yurdumuza qayıdırıq. Bizim ən böyük arzumuzu çin etdiyi
üçün Prezidentə minnətdarıq və həmişə
də onun ətrafında sıx səfərbər olacağıq”.
Cocuq Mərcanlı sakini
Mahirə Abdullayeva uzun müddət kolxozda
çalışıb. Deyir ki, dünyada torpaq həsrətindən ağır
heç nə yoxdu: “Hara getsən də doğma yurd səni
özünə sarı çəkir. Bu
yaxınlarda getmişdik Cocuq Mərcanlıya. Qayıdandan sonra hələ də özümə gələ
bilmirəm. İndi təsəvvür edin,
biz bu 23-24 ildə hansı hissləri yaşamışıq.
Ona görə bizim həsrətimizə
son qoyduğu üçün Prezident İlham Əliyevə
minnətdarıq. Onun sayəsində ordumuz erməniləri
kəndimizin ətrafından qovub çıxardı və bu
gün orada rahat yaşayış mümkün olub. Kəndimizin yerində əvvəlkilərdən də
yaraşıqlı, geniş evlər tikilir. Bizim
üçün bundan böyük mükafat nə ola bilər”.
Mahirə Abdullayevanın iki
övladı var, biri ailəlidir. Öz ailəsi də, oğlunun ailəsi
də kəndə qayıtmaq üçün müraciət
edib: “Bu gün yenə də rayon icra hakimiyyətinə
getmişdim. Xahiş etdim ki, qayıdacaq ailələrin
arasında ən azından oğlumun da ailəsi olsun. Hamı qayıtmaq istəyir, başqa cür
mümkün də deyil. Rəhmətlik
anam kəndə qayıtmağı çox arzulayırdı.
Amma qismət olmadı, həyatdan nisgilli
köçdü. Ona görə onun
övladlarının, nəvələrinin kəndə
qayıtmağı bizim üçün böyük təsəllidir”.
Bir gün də
olsun inamımızı itirmədik
Cəbrayıl Suvarma Sistemləri
İdarəsində maşinist vəzifəsində
çalışan Şöhrət Hüseynov da kəndə
qayıtmaq arzusundadır: “17 rayon və şəhərdə
yaşayan Cocuq Mərcanlı sakinləri
böyüklü-kiçikli hamısı sevinc içərisindədir.
Çünki qayıdırıq evimizə.
Mənim də ailəm Cocuq Mərcanlıya
qayıtmaq üçün müraciət edənlər
arasındadır və bu yaxınlarda kəndə dönəcəyimiz
günü gözləyirik”.
Qeyd edək ki, Cocuq Mərcanlının
adını Cəbrayılın işğalda olmayan yeganə
kəndi kimi Azərbaycanda eşitməyən yox idi. Bu barədə
danışan Şöhrət Hüseynov bildirdi ki, Prezident
İlham Əliyev kəndə yeni həyat verdi:
“Mən arabir gedib o yerlərə baş çəkmişəm.
Hər dəfə o dağılmış,
uçulmuş evləri görəndə ürəyim
ağrıyır, dözə bilmirdim. Amma
indi xoşbəxtəm, hədsiz sevinirəm, yeni evlər
tiklir, geniş küçələr salınır.
Keçən il Lələtəpə
alınanda dedim ki, bu gedişlə mütləq kəndə
qayıdacağıq. Budur, arzumuz baş tutur və
qarşıdakı aylarda ilkin mərhələdə tikilən
evlər təhvil veriləcək”.
Şöhrət
Hüseynovun sözlərinə görə, su idarəsindəki
işini bundan sonra kənddə davam etdirəcək. Hazırda
Cocuq Mərcanlıda Suvarma Sistemləri İdarəsinin yerli
bölməsi də yaradılır. Çünki
kənddə təsərrüfatların suvarılması da əsas
diqqət mərkəzində olan məsələlərdən
biridir və buna görə kadrlara da ehtiyac olacaq.
Cocuq Mərcanlıdan olan Bənövşə
Şirinova da Biləsuvardakı köçkün şəhərciyində
məskunlaşıb. Doğma yurda qayıtmaq arzusu ilə dolub coşan Bənövşə
xanım heç bir gözəlliyin doğma yurdu əvəz
etmədiyni deyir: “Baxın, burada ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin sayəsində
gözəl evlərlə təmin olunmuşuq. O vaxt bu qəsəbələrin
salınması barədə Heydər Əliyev fərman
vermişdi. İlk qəsəbənin
açılışında isə İlham Əliyev gəlmişdi.
Deməyim odur ki, biz onların sayəsində
dar və şəraitsiz yerlərdən şəraitli evlərə
köçürüldük. Burada da hər bir ailəyə
12 sot həyətyanı sahə və 60 sot pay torpağı
verilib. Amma yurd nisgili bizi heç vaxt tərk etmədi.
Bir gün də Cocuq Mərcanlıya qayıtmaq
inamımızı itirmədik. Elə
gün olmur ki, biz kəndimizdən danışmayaq. Yurd itkisi ən ağır dərddir. Biz bunu yaşadığımız üçün
bilirik. Yaşamayanlar bu itkinin
ağırlığını bizim qədər hiss edə
bilməzlər. Dərdlərin
böyüyü elə yurd itkisidir”.
Bənövşə Şirinova deyir
ki, kəndin bərpa olunacağını eşidəndə
sevincindən göz yaşını saxlaya bilməyib: “Buna
sevinməmək, kövrəlməmək mümkün deyil. Böyük dərdin əlacı da böyük
sevinc doğurur. Ona görə bu günlərdə
biz sevincliyik. 24 ildə üzümüz
ilk dəfə indi ürəkdolusu gülməyə
başlayıb. Dövlətin bizim üzərimizdə
haqqı çoxdur, biz də çalışacağıq
ki, bundan sonra dövlətimizin inkişafına öz töhfəmizi
verək”.
Cocuq Mərcanlıda
daha xoşbəxt olacağıq
Biləsuvardakı 8 saylı
qəsəbədə məskunlaşan İlyas İbadov
vaxtilə Cocuq Mərcanlının icra nümayəndəsi
işləyib.
Onun sözlərinə görə, Cocuq Mərcanlının
bərpası ilə Qarabağa qayıdışın təməli
qoyulub: “Bütün məcburi köçkünlərin
doğma yurda qayıdış inamlarını artıran bu sərəncam
bir daha göstərdi ki, Prezident İlham Əliyev
üçün ən prioritet məsələ
torpaqlarımızın işğaldan azad edilməsidir. Bütün Cocuq Mərcanlı sakinləri Prezidentə
minnətdardırlar. Ən böyük
arzumuz təbii ki, məcburi köçkünlərin öz
evlərinə qayıtmalarıdır. Ona
görə Tanrıdan ən böyük diləyimiz
onların da bizim kimi doğma yurda qayıdış sevincini
yaşamalarıdır. İnanıram ki,
onlar da gün gələcək, bizim kimi bu sevinc hissini
yaşayacaqlar. Bilirik ki, cənab İlham Əliyev
torpaqlarımızı azad etmək üçün gərgin
iş görür. Biz bu yolda dövlət
başçımıza uğurlar diləyirik”.
İlyas İbadovun da ailəsi
kəndə qayıtmaq üçün müraciət edib. İndi
böyük sevinclə Cocuq Mərcanlıda
yaşayacaqları günləri gözləyirlər.
Həmsöhbətimiz Savalan
Xəlilovun sözlərinə görə, ömrünün ən
gözəl illərini Cocuq Mərcanlıda keçirib. Kəndin yenidən
qurulması isə onun həmin günlərə yenidən
qayıtmaq inamını özünə qaytarıb:
“Prezidentin sərəncamından sonra biz bir daha əmin olduq
ki, işğal altında olan torpaqlarımız onun rəhbərliyi
ilə nəyin bahasına olursa-olsun, tezliklə azad ediləcək,
bütün məcburi köçkünlər öz doğma
yurdlarına qayıdacaqlar. Dövlətimiz sağ olsun, burada
bizə ev verib. Biz də
özümüzə normal güzəran yaratmışıq.
Şəratimiz pis deyil. Amma
inanın ki, Cocuq Mərcanlıda harada və hansı şəraitdə
yaşamağımızdan asılı olmayaraq daha xoşbəxt
olacağıq”.
Savalan Xəlilovun dörd
oğlu var. Biri Bakıda, o biriləri isə Biləsuvardakı
4 saylı qəsəbədə yaşayırlar. Övladları
ailəlidir. Özü və
övladları bu xəbəri eşidəndən sonra
yır-yığışa başlayıblar. Biləsuvarda təsərrüfatları olsa da,
olan-qalan mal-heyvanı da götürüb kəndə
qayıdacaqları günü gözləyirlər. Cocuq Mərcanlıda da maldarlıqla məşğul
olacaqlar.
Cocuq Mərcanlıda
baharın gəlişinin isti nəfəsi duyulur. Ağaclar
çiçək açır, təbiət
yaşıllaşır. Kənd yenidən
qurulduğundan, vaxtilə boş qalmış insan nəfəsi
dəyməyən torpaqlara canlanma gəldiyindən sanki təbiətin
oyanması da fərqlidir, əvvəlkilərdən daha
gözəldir. Amma bu, cocuqmərcanlıların
öz doğma evlərində keçirmədikləri sonuncu
bahardır. Bundan sonra heç bir qüvvə,
heç bir düşmən onları doğma kənddə
didərgin sala bilməz. Çünki
bugünkü Azərbaycan dövləti 1993-cü ilin Azərbaycanı
deyil. Çünki Heydər Əliyevin azad etdiyi,
Prezident İlham Əliyevin yeni həyat verdiyi Cocuq Mərcanlının
arxasında güclü Azərbaycan dövləti dayanıb!..
Rəşad
BAXŞƏLİYEV,
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-
2017.- 1 aprel.- S. 6-7.