Azərbaycan bayrağı işğal altında olan
bütün torpaqlarımızda qaldırılacaqdır
Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan
Ordusunun aprel qələbələrinin ildönümü ilə
əlaqədar bir qrup hərbçimizlə görüş
keçirib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı
-Aprel döyüşlərindən
bir il keçir. Mən bu hərbi
qələbə gününün ildönümü ərəfəsində
Müdafiə Nazirliyinin rəhbərliyini, döyüşlərdə
iştirak etmiş hərbçiləri dəvət etmişəm.
Xahiş edirəm ki, ilk növbədə, aprel
döyüşlərində Vətən uğrunda qəhrəmancasına
həlak olmuş hərbçilərimizin və eyni zamanda, həlak
olmuş mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad edək.
Allah rəhmət eləsin,
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bir il bundan əvvəl
Ermənistan növbəti dəfə silahlı təxribata əl
atdı, bizim mövqelərimizə atəş açdı,
hücum etdi, yaşayış məntəqələrimizi atəşə
tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz
şəhid oldu, yaralandı, mülki şəxslər
arasında da həlak olanlar oldu. Onların
arasında azyaşlı bir qız uşağı da həlak
olmuşdur. Bu, növbəti təxribat
idi. Ondan əvvəlki dövrlərdə
də Ermənistana beynəlxalq təzyiq gücləndikcə
onlar bu cür təxribatlara əl atırdılar. 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə
baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara
tutarlı cavab vermişdir. Onların keçənilki
təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını
müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı
keçirmiş və düşmənə
sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə
hektar Azərbaycan torpağı işğalçılardan
azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə
nəzarət edirik.
Aprel döyüşləri
bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin,
xalqımızın, ordumuzun gücünü göstərən
qələbədir. Aprel döyüşləri nəticəsində
Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğaldan azad edilmiş ərazilərində
bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan
xalqı və dövləti heç vaxt işğalla
barışmayacaq, öz ərazi bütövlüyünü
nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Aprel döyüşləri,
eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz
mövqelərdən əks-hücum əməliyyatı
apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər,
işğaldan azad edilmiş ərazilər bizə imkan verir
ki, təmas xəttində mövcud olan vəziyyətə tam
nəzarət edək və istədiyimiz tədbiri görə
bilək.
Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan
Ordusu təmas xəttində tam üstünlüyü
özündə saxlayır. Aprel
döyüşləri, - mən bunu əvvəllər də
qeyd etmişdim, - hərbi dərsliklərə
salınmalıdır. Həm peşəkarlıq,
həm də vətənpərvərlik ruhu baxımından
aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan
xalqı qəhrəman xalqdır. Bir daha
onu göstərdi ki, biz bu vəziyyətlə
barışmayacağıq. Onu göstərdi
ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə
təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli bizim
üçün həmişə olduğu kimi birinci yerdə
duran prioritet məsələdir.
Ermənistan uzun illər ərzində
öz ordusu haqqında miflər yaradırdı ki, onların
güclü ordusu var və bu ordu böyük qələbə
əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik
ki, 1990-cı illərin əvvəllərində nələr
baş vermişdir. O vaxt Azərbaycanda xaos, anarxiya
hökm sürürdü, hakimiyyət uğrunda mübarizə
gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi
çevriliş etmişdir və bundan sonra biz cəbhədə
torpaqlarımızı itirməyə başladıq. Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər
1993-cü ilin aprel ayında işğal altına düşəndən
sonra Dağlıq Qarabağla Ermənistan arasında
coğrafi bağlantı yaradılmışdır və biz
strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə,
xalqa qarşı bir xəyanət idi və ermənilər,
Ermənistan, onların havadarları bu vəziyyətdən
istifadə edərək xarici dəstək, xarici müdaxilə
hesabına bizim torpaqlarımızı işğal
etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc
nəsil də tarixi olduğu kimi bilməlidir. Qeyd etdiyim kimi, ondan sonra Ermənistan rəhbərliyi
uzun illər miflər yaradırdı. Aprel
döyüşləri bu mifləri, bu əfsanələri
darmadağın etdi və göstərdi ki, bu gün əgər
bölgədə güclü ordu varsa, o da Azərbaycan
Ordusudur. Bu döyüşlər göstərdi
ki, xarici yardım almadan Ermənistan işğal edilmiş
torpaqları işğal altında saxlaya bilmir və bilməz.
Onlar özləri də məcbur qalıb bunu
etiraf etməyə başlamışlar.
Aprel döyüşləri
zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı
ölkələrə müraciət etmişlər ki,
döyüşlər tezliklə dayandırılsın. Sonra isə
onlar bəzi ölkələri ittiham etməyə
başlamışlar ki, onların yardımına gəlməyiblər.
Halbuki Dağlıq Qarabağ məsələsi
bizim daxili məsələmizdir. Dağlıq
Qarabağ bütün dünya tərəfindən, Minsk
qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal
edilmiş bütün torpaqlarda baş verən və baş
verə biləcək hadisələr bizim daxili işimizdir.
Heç bir beynəlxalq təşkilat, yaxud da
ki, hansısa bir ölkə bizim daxili işimizə
qarışa bilməz.
Ermənistan rəhbərliyi
aprel döyüşləri zamanı özlərini tam şəkildə
ifşa etmişdir. Onlar həm döyüş meydanında
acı məğlubiyyətə uğradılar, həm də
siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox
arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi
almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif
ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin
məğlubiyyətini etiraf etdilər. Gah
deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz
torpaqlardır. Gah da deyirdilər ki, onlar o
torpaqları geri qaytaracaqlar. Bütün
bunlar hamısı yalandır. Ermənistan
rəhbərliyi özünü o qədər
biabırçı vəziyyətə saldı ki, onun acı
nəticələrini Ermənistan bu gün də hiss edir.
Aprel döyüşləri
demək olar ki, onların ideoloji əsaslarını
dağıtdı. Bu gün Ermənistan cəmiyyəti
sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan
yanaşan qüvvələr açıq-aydın bildirirlər
ki, əgər Azərbaycan ilə münasibətlər yoluna
qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki,
Ermənistanın bir ölkə kimi bundan sonra da
yaşaması üçün yeganə yol qonşularla
münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol
ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan
işğalçı qüvvələr qeyd-şərtsiz və
dərhal çıxmalıdır. Bu
baxımdan bu döyüşlərin çox böyük təsiri
oldu. Bu təsir bu gün də
özünü göstərir. Bu
döyüşlər Azərbaycan xalqının, dövlətimizin,
ordumuzun gücünü əyani şəkildə göstərdi.
Göstərdi ki, son illər ərzində ordu
quruculuğuna yetirilən diqqət, aparılan siyasət,
maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun
döyüş potensialının gücləndirilməsi,
bax, bu nəticələrə gətirib çıxarır.
Bu gün həm
danışıqlar prosesində, həm də bölgədə
yeni bir vəziyyət yaranıb. Düzdür, Ermənistan
çalışır ki, danışıqlardan boyun
qaçırsın. Ancaq buna müvəffəq
olmayacaq. Nə qədər
çalışsa da, məcbur olub danışıqlara
qayıdacaq. Çünki
danışıqlar aparılmasa, onlar yaxşı bilirlər
ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək.
Əlbəttə ki, aprel döyüşlərindən
sonra danışıqlar masasında bizim mövqeyimiz daha da
möhkəmlənib və bunu bütün beynəlxalq aləm
əyani şəkildə gördü. Əlbəttə,
onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq
Qarabağ problemini istənilən yolla həll edə bilər.
Bu məsələ ilə məşğul olan
vasitəçilər dəfələrlə bəyan
etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi
ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir.
Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son
qoymaq deməkdir. Çünki status-kvonu
Ermənistan dəyişdirməlidir. Onlar
işğalçı qüvvələrini işğal
edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək
və sülh üçün əsas yaranacaq.
Biz bu döyüşlər
zamanı və döyüşlərdən sonra
xalqımızın qəhrəmanlığını
gördük.
Ermənistan həmişə olduğu kimi,
döyüş meydanında məğlubiyyətə
uğrayarkən mülki əhaliyə atəş
açır. Bu dəfə də belə
oldu. Bizim yüzlərlə kəndlimizin evləri
dağıdıldı, bir neçə mülki şəxs həlak
oldu. Ancaq təmas xəttinə yaxın
yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımız
çox böyük cəsarət göstərmişlər.
Biri də yerindən tərpənmədi. Öz evlərini, kəndlərini tərk etmədilər.
Ermənilər hesab edirdilər ki, 1990-cı illərin
əvvəllərində olduğu kimi olacaq. Ancaq onlar səhv etdilər. O vaxt satqın
AXC-Müsavat rəhbərliyi ancaq hakimiyyət barədə
düşünürdü və vətəndaşlar da onu
bilirdilər ki, o hakimiyyətdən hər hansı bir dəstək,
hər hansı bir kömək gözləmək əbəsdir,
mənasızdır. Bu dəfə isə vətəndaşlarımız
tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu
onları müdafiə edəcək, onların əziyyətlərinin,
tökülmüş qanın əvəzini çıxacaq.
Belə də oldu. Hesab edirəm
ki, bu, əsas amildir. Ona görə Azərbaycan
vətəndaşları - düşmənlə üz-üzə,
daim təhlükədə yaşayan Azərbaycan vətəndaşları
çox yüksək qiymətə layiqdirlər. Aprel döyüşlərindən sonra mən təmas
xəttində yerləşən kəndlərə baş
çəkərkən bir daha Azərbaycan xalqının cəsarətini
və Vətənə bağlılığını əyani
şəkildə gördüm.
Aprel döyüşlərində
hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin
xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının
ürəyində daim yaşayacaq. Eyni
zamanda, döyüşlərdən sonra hərbi hospitalda
yaralı hərbçilərə baş çəkərkən
gördüm ki, onlarda nə qədər böyük Vətən
sevgisi var. Ağır, yaralı vəziyyətdə
olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə
sağalıb yenə də cəbhə bölgəsinə
getməkdir. Bax, budur bu gün Azərbaycan
gənci, Azərbaycan vətəndaşı, onun
düşüncəsi, onun əqidəsi və Vətənə
olan sevgisi. Bizim ölkəmizi gücləndirən
əsas amillər bunlardır.
Bu gün Azərbaycan
xalqı vahid amal ətrafında birləşib - ölkəmizi
daha da gücləndirməliyik, müstəqilliyimizi daha da
möhkəmləndirməliyik, ordumuzun gücünü daha
da artırmalıyıq ki, öz ərazi
bütövlüyümüzü bərpa edək. Mən əminəm
ki, biz buna nail olacağıq. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda
yaşayıb, yaradıb, qurub, tikib. Biz
Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı
bilirik. İndi XIX əsrdə ermənilərin
oraya necə köçürülməsi barədə
çox gözəl elmi əsərlər, kitablar
yazılır. Hətta XX əsrin əvvəllərində
çar Rusiyasında dərc edilmiş xəritələrə
baxmaq kifayətdir görək ki, nəinki Dağlıq
Qarabağda, indiki Ermənistan Respublikasında da əksər
toponimlər Azərbaycan mənşəlidir. O da sirr
deyil və bunu artıq beynəlxalq aləm də bilir ki,
indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında
yaranıbdır. İrəvan, Zəngəzur,
Göyçə mahalları bizim tarixi
torpağımızdır. Biz ədalətsizlik,
böyük dövlətlərin siyasəti nəticəsində
bu torpaqlardan məhrum olduq. Əlbəttə,
biz bu tarixi bilməliyik. Bilməliyik ki,
qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi
yoxdur. Biz başqa ölkələrin
torpağına iddiaçı deyilik. Bizim
başqa ölkələrin torpağında gözümüz
yoxdur. Ancaq biz öz torpağımızda
ikinci qondarma erməni dövlətinin yaradılmasına
heç vaxt icazə verməyəcəyik.
Əfsuslar olsun ki, 1918-ci ildə
gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı
Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər
var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından
biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin.
Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti
azərbaycanlılar idi. Bu, böyük səhv
idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini
erməni təxribatlarından qorumadı. Bəlkə
də buna ümid edirdilər. Biz demək
olar ki, İrəvanı o vaxt itirdik. Amma
görürük ki, ermənilərin iddiaları azalmır.
Onlar vaxtaşırı ən yüksək səviyyədə
müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər
ki, yenə də onların qonşu ölkələrin
torpağına iddiaları var. Biz aprel döyüşləri
zamanı onları yerinə oturtduq. Hər an hazır olmalıyıq ki, onları yerinə
oturdaq. Bir daha demək istəyirəm ki,
Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.
Heç bir ölkə bu qondarma qurumu
tanımır. Orada bu yaxınlarda
keçirilmiş qondarma “referendum” bunu bir daha göstərdi.
Bizim bütün qonşu dövlətlərimiz,
beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr
ölkələri birmənalı şəkildə bəyanatlar
vermişlər ki, onlar bu “referendum”u tanımırlar. Bu, o deməkdir ki, Ermənistan və onun rəhbərliyi
növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma “referendum” keçirilərkən
bu, bizim xeyrimizə işləyir. Çünki
hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər
bunu qəbul etmirlər. Beləliklə, hər
dəfə Azərbaycanın ərazi
bütövlüyünü onlar bir daha dəstəkləyirlər
və təsdiqləyirlər.
Biz ərazi
bütövlüyümüzü, əlbəttə ki, bərpa
edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə
olub, bu gün də onun tərkibindədir, gələcəkdə
də ölkəmizin tərkibində olacaq. Sadəcə 1990-cı illərin əvvəllərində
ovaxtkı hakimiyyətin, xüsusilə AXC-Müsavat hakimiyyətinin
xəyanətkar və satqın fəaliyyəti nəticəsində
biz o torpaqları müvəqqəti olaraq itirmişik. Ancaq biz ərazi bütövlüyümüzü bərpa
edəcəyik və etməliyik.
Bu gün Ermənistan rəhbərliyi
öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel
döyüşlərindən sonra bir müddət təşviş,
qorxu içində idi. İndi elə bil
ki, o stressdən bir qədər çıxmağa
çalışır və yenə də cəfəng bəyanatlar
verir, bizi hədələməyə, hansısa silahlarla
qorxutmağa çalışır. Bizim
buna gülməyimiz gəlir. Çünki onlar
yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan
Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər
güclü texnikamız, silah-sursatımız, müasir
silahlarımız var ki, düşmənin istənilən
strateji və hərbi obyektini məhv etməyə hər an
hazırıq. Onlar bunu bilir və bilməlidirlər,
elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv
edə bilməyək. Biz sadəcə
olaraq çalışırıq ki, məsələ sülh
yolu ilə həll olunsun. Ancaq son illər ərzində
aldığımız ən müasir, - mən onu bir daha qeyd
etmək istəyirəm, - dünyanın ən müasir
silahları bizə çox böyük imkan yaradır.
Aprel döyüşləri
zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi
bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir
ki, aprel döyüşləri Ermənistanın təxribatı
idi. İndi bəziləri müxtəlif
versiyalar, fərziyyələr irəli sürürlər ki,
Azərbaycan əməliyyat keçirməyi
planlaşdırırdı, o da sonra dayandırıldı və
sair. Birincisi, biz nəyi etmək istəmişiksə,
onu da etmişik. Əks-hücum əməliyyatında
qarşımızda hansı hədəflər durmuşdusa,
biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq
mütəxəssislər bilirlər ki, əldə etdiyimiz
strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib.
Əgər aprel döyüşləri
zamanı genişmiqyaslı əməliyyat keçirmək
fikrində idiksə, biz öz hərbi potensialımızdan
istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq
altındadır. Bilirlər ki, bizim uzaqmənzilli
raketlərimizin, pilotsuz döyüş
aparatlarımızın gücü nədən ibarətdir.
Biz onlardan demək olar ki, istifadə etmədik.
Amma əgər istifadə etsək, işğal
olunmuş torpaqlarda düşmənin daşı-daş
üstdə qalmayacaq. Bunu onlar bilsinlər
və özünü növbəti dəfə biabır edən
Ermənistanın siyasi rəhbərliyi
danışığına fikir versin və bizim səbrimizlə
oynamasın.
Bizim işimiz haqq işidir. Bunu
xalqımız, beynəlxalq aləm bilir və bizim haqq
işimiz bizə haqq verir ki, məsələni istədiyimiz
yolla həll edək. Baxın, BMT Təhlükəsizlik
Şurası, - dünyada bu təşkilatdan ali
qurum yoxdur, - dörd dəfə qətnamə qəbul edib və
tələb edib ki, erməni silahlı qüvvələri
torpaqlarımızdan dərhal və qeyd-şərtsiz
çıxarılsın. Əməl edilmir.
Amma bu, beynəlxalq təşkilatın qərarıdır,
qətnaməsidir. Bu, əsasdır. Digər beynəlxalq təşkilatlar da oxşar qərarlar
qəbul ediblər. Yəni, bu, məsələnin
həlli üçün hüquqi baza yaradır, çox
önəmlidir. Əgər biz buna tarixi həqiqəti də
əlavə etsək, əlbəttə ki, burada iki fikir ola bilməz. Dağlıq
Qarabağ tarixi və hüquqi cəhətdən Azərbaycan
torpağıdır və biz, əlbəttə ki, bu torpaqlara
qayıdacağıq. Bunun
üçün daha güclü olmalıyıq. Bütün siyasi və beynəlxalq tədbirlər
görülübdür. Sadəcə
olaraq, iqtisadiyyatımızı, ordumuzu daha da gücləndirməliyik.
Deyə bilərəm ki, Ermənistan
öz müstəqil həyatını, bax, bu işğala
qurban verdi. Çünki əgər
bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə
münasibətləri normal qura bilsəydilər bu gün Ermənistan
müstəqil ölkə kimi bəlkə də
özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil
dövlət deyil. Onlar bu işğala
görə müxtəlif ölkələrdən, müxtəlif
xarici dairələrdən, beynəlxalq maliyyə
qurumlarından, demək olar ki, tam asılı vəziyyətə
düşüblər. Çünki
bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici
borc kritik həddə çatıb, yoxsulluq demək olar ki,
40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur.
Bunlar öz xalqını nə qədər
aldadacaqlar? Ona görə də bu vəziyyətə
düşmələrinin əsas səbəbi onların
işğalçı siyasətidir. Bu
gün bu yolu seçmiş Ermənistan rəhbərliyi
öz xalqını uçuruma aparır.
Biz isə müstəqillik
dövründə əsl müstəqil ölkəyə
çevrildik.
Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir,
heç bir kənar qüvvə bizə heç nəyi diktə
edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya
arenasında öz maraqlarımızı müdafiə edirik və
sözümüzü deyirik. Ermənistan
isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və
bu, əlbəttə, heç bir ölkəyə
başucalığı gətirmir. Ona
görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə
qədər tez dərk etsə ki, onların maraqları
üçün işğala son qoyulmalıdır, məsələ
o qədər tez həllini tapar, sülh bərpa olunar və
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edər.
Biz öz siyasətimizi davam
etdirəcəyik, ölkəmizi gücləndirəcəyik,
ordumuza daim yüksək diqqət göstəriləcəkdir. Bildiyiniz kimi,
baxmayaraq ki, indi maliyyə vəziyyətimiz əvvəlki illərdəki
kimi deyil, bu da təbiidir, ancaq ordumuzun ehtiyaclarını
ödəmək üçün heç bir məhdudiyyət
yoxdur. Mən hökumətə də bunu
demişəm, bütün dövlət qurumları bunu bilir.
İlk növbədə, ordumuzun sifarişləri
təmin edilməlidir və büdcə xərclərinin tərkibində
ən böyük xərclər hərbi xərclərdir.
Yeni şəhərciklər salınır, hərbi
bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra çox
böyük məbləğdə yeni kontraktlar
imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə,
dağıdıcı qüvvəyə malik olan silahlar
sifariş edilmişdir. Onların bir hissəsi
Azərbaycana gətirilib. Sadəcə Ermənistan
rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat
naminə nümayiş etdirmirik. Amma lazım gələrsə
və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha
göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər
ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti,
vətənpərvərlik ruhu və maddi-texniki təminat
baxımından dünya miqyasında güclü ordular
sırasındadır.
Biz işğal edilmiş
torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir.
Necə ki, keçən il azad edilmiş
torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ
də işğal altında olan bütün başqa
torpaqlarımızda da Azərbaycan bayrağı
qaldırılacaqdır.
Mən bu gün sizi dəvət edərək
bir il əvvəl baş vermiş hadisələrə
bir daha öz qiymətimi vermək, ordumuzu uğurlar münasibətilə
təbrik etmək istəyirəm. Sizə və
Silahlı Qüvvələrin bütün şəxsi heyətinə
yeni uğurlar və qələbələr arzulayıram.
Sağ olun.
X X X
Müdafiə naziri, general-polkovnik
Zakir HƏSƏNOV çıxış edərək dedi:
-Möhtərəm Prezident, cənab
Ali Baş Komandan.
Məruzə edirəm ki, Sizin rəhbərliyiniz
ilə Silahlı Qüvvələrdə həyata keçirilən
islahatlar nəticəsində ordu yeni, müasir,
dağıdıcı qüvvəyə malik silah,
döyüş texnikası və avadanlıqla təmin olunur.
Ordunun döyüş hazırlığı
gündən-günə artır, mənəvi–psixoloji durumu
yüksək səviyyədədir. Xüsusi
qeyd etmək istəyirəm ki, sosial bazanın möhkəmlənməsi
istiqamətində böyük işlər
görülmüşdür. Yeni,
müasir, işıqlı hərbi şəhərciklər
şəxsi heyətin istifadəsinə verilmişdir. Zabit və gizirlər həm xidməti, həm də
daimi mənzillərlə - mindən çox mənzillə təmin
olunmuşlar. Mən xüsusi qeyd etmək istəyirəm
ki, Sizin tapşırığınızla
biz “Açıq qapı” günü keçirmişik. İcazə verin valideynlərin xahişini Sizə
çatdırım. Onlar dərin minnətdarlıqlarını
bildirirlər ki, hərbi qulluqçular üçün belə
yüksək səviyyədə şərait yaradılıb
və təminat yüksək səviyyədədir.
Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun cənab Prezident.
X X X
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.- 1 aprel.- S. 2, 3.