Böyük təşviş içində olan ermənilər sosial şəbəkələrdə açıq etiraf edirlər: “İlham Əliyev Cocuq Mərcanlını alıb, sabah Şuşanı da götürəcək”

 

Ermənistanı aprel dərslərinin təkrarlanacağı qorxusu bürüyüb

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin dəyişməsində mühüm dönüş nöqtələrindən sayılan ötən ilin aprel döyüşləri Ermənistanda indiböyük qorxu ilə xatırlanır. Bu ölkədə açıq etiraf olunur ki, bir ili tamam olan aprel döyüşlərinin yenidən təkrarlanma ehtimalı yüksəkdir və bu baş verərsə, kifayət qədər hərbi gücə malik Azərbaycan işğal altında qalan daha böyük əraziləri azad edəcək. Ümumiyyətlə, erməni mediasına nəzər salanda belə bəlli olur ki, aprel döyüşlərinin ildönümü fonunda cəbhədə yenidən gərginliyin yüksək xətt üzrə inkişaf edə biləcəyi Ermənistanda böyük təşviş yaradır. Belə vəziyyət həm də ölkəmizin düşmən üzərində mənəvi-psixoloji qələbəsinin konkret təzahürüdür.

 

Status-kvonun dəyişməsinə gedən yolun başlanğıcı

 

Ermənistan iqtidarından fərqli olaraq bu ölkədə əhalinin böyük əksəriyyəti, o cümlədən müxalif qüvvələr açıq etiraf edirlər ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun dəyişməsinin yeni başlanğıc nöqtəsi olub. Eyni zamanda, məhz aprel döyüşləri ilə ərazilərin bir qismini işğaldan azad edən Azərbaycan zəbt olunmuş torpaqlarda düşmənin hərəkətlərini izləmək və daha böyük məsafədə ona zərbə vura bilmək üçün əlverişli mövqelərin sahibinə çevrilib.

Bu xüsusda etiraflara xüsusən sosial şəbəkələrdə tez-tez rast gəlmək mümkündür. Hakimiyyətin nəzarətində olan media orqanlarında aprel döyüşlərinin ildönümünün üzərindən sükutla keçilsə də, sosial şəbəkələrdə tamam fərqli mənzərə müşahidə olunur. Açıq-aydın görünür ki, ermənilər yeni müharibənin başlanmasından qorxurlar. Elə bu səbəbdəndir ki, ermənilərin əsas istəyi Azərbaycanla yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Amma bu da çətin ki, düşmənə uzun müddət kömək etsin. Çünki Azərbaycan işğal altındakı ərazilərini lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilən vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bəyan edib.

Prezident İlham Əliyev bu xüsusda düşmənə konkret mesajlar da verib: “Aprel döyüşlərində Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır”.

Hazırda Ermənistanda həyəcan təbili çalınır ki, Azərbaycan istənilən an yeni müharibəyə başlaya bilər. Sosial şəbəkələrdə ermənilər bu xüsusda müxtəlif şərhlər paylaşırlar. Burada açıq qeyd olunur ki, Azərbaycan aprel dərslərini istənilən vaxt təkrarlaya bilər.

Sosial şəbəkə istifadəçilərindən Şaqen Martirosyan adlı bir nəfərin şərhi isə hələ də xüsusilə diqqət çəkir: “Aprel döyüşlərindən əvvəl Ermənistanın rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq dördgünlük müharibə vaxtı biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Biz erməni gəncləri boş yerə ölmək istəmirik”.

Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə “Twitter”də belə bir status paylaşıb: “Serj Sarkisyan, yetər artıq! Erməni əsgərlərinin Azərbaycan əsgəri qarşısında duruş gətirməyib səngərlərdən silahlarını qoyub qaçmalarını görməkdən, orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən, səfalətdən təngə gəlmişik”.

Bu yanaşmalar göstərir ki, həqiqətən, aprel döyüşləri düşmən ölkədə böyük qorxuya səbəb olub. Çünki ermənilər artıq Azərbaycanın ərazilərini azad etməsində nə qədər qətiyyətli olduğunu bir daha görür. Ermənistana açıq mesajlar verilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli tezləşdirilməlidir. Əks halda, düşmən Azərbaycan Ordusunun yeni və sərt zərbələrinə tuş gələcək. Bu isə ərazilərimizdə olan işğalçı ölkə üçün əsl dəhşət deməkdir.

 

Ermənilər Serj Sarkisyana qarşı

 

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə verdiyi aprel dərslərinin təkrarlanma ehtimalı düşmən ölkədə hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır. Erməni ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir. Artıq sadə ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar.

Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən də bunu qabarıq görmək olar. Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi belə bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki, Serj Sarkisyan niyə İlham Əliyevin fəaliyyətindən nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir. S.Sarkisyan Ermənistanı məhvə aparır”.

Henrix Aşotyan adlı biri isə “Facebookda bunula bağlı belə bir şərh yazıb: “Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı”. Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb: “Azərbaycanlıların aprel uğurundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serjedir?”

Karine Baqratyan adlı biri isə “VKontaktesosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: “İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”

Ovik Karapetyanın “Twitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: “Azərbaycan Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Sarkisyan iqtidarından təngə gəlmişik”.

Edvard ŞahnazaryanFacebookda paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: “Serj Sarkiysan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.

 

Sosial şəbəkələrdə repressiv metod işə salınır

 

Baş verənləri böyük narahatlıqla izləyən Serj Sarksiyan rejimi sosial şəbəkələrdə fikirlərini açıq deyən ermənilərə qarşı daha çox mənəvi repressiya metodundan istifadə etməyə çalışır. Çünki aprel döyüşlərinin ildönümü ərəfəsində yenə status və paylaşımların böyük əksəriyyəti göstərir ki, ermənilərin çoxu Azərbaycanın qalib mövqedə olduğunu, işğal altındakı ərazilərin tezliklə azad olunacağını qəbul edir. Amma belə demək olarsa, “psevdovətənpərvər” ermənilər də tapılır ki, sosial şəbəkələrdə paylaşılan bu statusa qarşı çıxaraq həqiqəti etiraf edənlərə ən sərt formada hücuma keçirlər, “vətən xaini” adlandırırlar. Onların mövqelərini qınayır, işğala haqq qazandırmağa, Ermənistanın düşdüyü bəlaların Qarabağ münaqişəsi ilə hansısa formada əlaqəsinin olmadığını isbat etməyə cəhd göstərirlər.

Amma bu mövqedə olanların profillərini diqqətlə araşdırdıqda ortaya maraqlı mənzərə çıxır və bəlli olur ki, bu şəxslərin, demək olar, hamısı hakim Respublika Partiyasının təmsilçiləri, hansısa vəzifə tutan şəxslərdir. Elə bundan irəli gəlir ki, onlar şərhlərində yalnız Serj Sarkisyan iqtidarını müdafiə edən şərhlər paylaşırlar. Belə vəziyyət Sarkisyan iqtidarının ucuz piar kampaniyasından başqa bir şey deyil. Sadə həqiqətlərin elə sadə ermənilər tərəfindən etirafına qarşı başlanan hücumlar, Sarkisyanın mövqeyini müdafiə etməyə hesablanmış, lakin olduqca ucuz olan gedişlər də bunun faktiki təsdiqidir.

ÖzüSarkisyan tərəfdarları sosial şəbəkələrdə paylaşımlarında qarşı tərəfi qorxutmaq üçün yenə açıq şəkildə repressiyalara işarə edirlər, hər cür alçaldıcı ifadələrə, təhqirlərə yol verirlər. Amma görünən odur ki, bunlar heç də həqiqəti etiraf edən ermənilərin sayının azalmasına təsir etmir, əksinə, onlar Ermənistanı rəzil günə salan bu hakimiyyətə qarşı daha sərt mövqe tuturlar. Məhz bu xüsusda Ermənistanda sosial şəbəkələrdə baş verənlərin təhlili həqiqətən də burada böyük bir qütbləşmənin yarandığını üzə çıxarır. Belə vəziyyət Azərbaycanın, onun lideri İlham Əliyevin həm də informasiya müharibəsində düşmən üzərində inamlı qələbəsinin növbəti təsdiqidir.

 

Birgözümüzü açacağıq ki, Azərbaycan tankları Yerevanda hərbi parad keçirir

 

Facebooksosial şəbəkəsində Arutyun Barseqyan bir neçə minlik üzvü olan qrupda şərh yazaraq Serj Sarkisyan haqqında tənqidi fikirlər səsləndirən insanları vətən xaini elan edib. Belə şərhlərin və paylaşımların Azərbaycanda diqqətlə izlənildiyini, İlham Əliyevə üstünlük qazandırdığını xüsusilə vurğulayıb. Yazılan bu şərhə rəy bildirən Vazgen Qrantyan adlı biri isə verdiyi maraqlı cavabı ilə diqqət çəkib: “Buradan sözüm sizədir, Serj Sarkisyanı müdafiə edən Arutyun... Həqiqəti yazmaqvaxtdan vətən xainliyi olub? Yaxşı ki, sosial media var. Fikirlərimizi istədiyimiz kimi yaza bilirik. Artıq Ermənistan vətəndaşlarının gözü Serj Sarkisyanın verdiyi yalançı vədlərlə toxdur. Düz söz niyə qıcıq oyadır? Sosial media vasitəsilə çağırışlarımızı uzaq Azərbaycanda eşidirlər, amma səsimiz buradakılara çatmır. Ermənistan dağılır, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur? Səsləndirdiyimiz fikirlərin yenidən arxasındayıq. Bəli, İlham Əliyev sabah Şuşaya kimi gələcək. Bəs təriflədiyiniz Serj Sarkisyan buna cavab olaraqedir? Heç nə! Öz kefindədir. Aprel döyüşləri bizim üçün böyük bir dərs oldu. Məğlubiyyətimizin, cavan əsgərlərimizin ölümünün məsuliyyəti Serjin üzərindədir, onun olmayan vicdanındadır”.

Ovik Qriqoryan isə “Facebookda qeyd edir ki, Serjin səhvlərinə görə Ermənistan məğlub vəziyyətə düşüb: “Onun başı rüşvətə, talançılığa qarışdığından Qarabağı da, Ermənistanı da unudub. Birgözümüzü açacağıq ki, Azərbaycan tankları “Azadlıq”da (Yerevanın əsas mərkəzi meydanıdır - red.) hərbi parad keçirir”.

Karen Markaryanın “VKontaktesosial şəbəkəsində Serj Sarkisyanın şəklini paylaşaraq “Ermənistanı sizinlə daha parlaq gələcək gözləyir” şərhi çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Qaqik Vaçaqan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb: “Ermənistanda sosial şəbəkələrdə paylaşılan statusları və şərhləri Azərbaycan xəbər agentliklərində gördükdə təəccüblənirəm. Bu, bir daha onu sübut edir ki, İlham Əliyev bizim Serj Sarkisyanı informasiya müharibəsində də məğlub etməkdə davam edir. Müxtəlif sosial qruplardaklaviatura qəhrəmanları” çoxsaylı statuslar və şərhlərlə bildirirlər ki, belə çıxış etməklə Serj Sarkisyanı İlham Əliyev qarşısında çox aşağı səviyyəyə salırsınız. Vətənə xəyanət edirsiniz. Vətənə biz yox, Sarkisyanonu burada müdafiə edənlər xəyanət edirlər. Neyləməliyik? Ermənistan məhv olur, susmalıyıq?”

Silva Qalstukyan isə daha bədbindir: “Sarkisyan öz xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölür-ölsün, təki özü hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir. Bugünkü Ermənistan bədbəxtdir, təkdir”.

Saak Poqosyan adlı istifadəçi isə “Twitter”də yazır: “Sarkisyanın rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olub, vətəndaşlarımız vətənlərindən qaçırlar. Onun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”.

Kikos Melkumyan isə “Odnoklassnikisosial şəbəkəsində yazır ki, Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir: “Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan parlaq bazara çevrilib”.

 

Yerevanda qorxa-qorxa oturmuşuq

 

Azərbaycanı, onun Prezidentini özünə düşmən sayan Razmik Xaçaturovun fikirləri nə qədər erməni şovinizmini əks etdirsə də, əslində, həqiqəti göstərir: “Bizi İlham Əliyevə xidmətdə, onu sevməkdə günahlandırırlar. Heç bir erməni o Prezidenti sevmir və sevə də bilməz. Onun ölkəsi də, xalqı da düşməndir, özü də düşməndir. Amma axı, ağıllı düşməndir. Bizim ağılsız prezidentimiz kimi öz xalqını ac qoymur, müharibədə fərarilik etmir. Görün Azərbaycan hansı səviyyədədir. 25 il əvvəl az qala Bakıya çatırdıq. Amma indi görün nə gündəyik. Yerevanda qorxa-qorxa oturmuşuq. Biz Serj Sarkisyanı tənqid etməklə İlham Əliyevə, Azərbaycana, düşmənlərimizə xidmət etmirik, Ermənistana, övladlarımızın daha sakit və xoşbəxt yaşamasına çalışırıq. Ağıllı düşmən ağılsız prezidentimizi və bədbəxt dövlətimizi məhv edir, budur reallıq”.

Miqran Markaryan adlı “Facebook” istifadəçisi isə Serj Sarkisyanın hər sahədə İlham Əliyevə uduzduğunu aprel döyüşlərində ölən erməni əsgərlərin dəfnindən bir foto paylaşaraq yazıb: “Sarkisyan nə qədər yalan desə də, həqiqət budur: aprel döyüşlərində biz uduzduq. Bu gün isə artıq Qarabağdan qaçırıq. Anlayırıq ki, hərbi əməliyyatlar başlanacağı təqdirdə Azərbaycan Qarabağı tam tutacaq. İlham Əliyev diplomatik sahədə də, informasiya müharibəsində də bizim prezidentə qalib gəlir. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Sarkisyana görə utanırıq. Oturub sonumuzunvaxt çatacağını gözləyirik. Etiraf edim ki, son zamanlar məni daha çox narahat edən məsələ Azərbaycanın hərbi potensialının durmadan, iti sürətlə artmasıdır”.

Civan Zavenyan adlı sosial şəbəkə istifadəçisi isə “Facebookda baş verən son hadisələrə maraqlı bir statusla şərh verib: “Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən təngə gəlmişik. Bunun ən böyük səbəbkarı hakimiyyətdir. Orduda korrupsiya, ölüm halları durmadan artır. Bu yaxınlarda cəbhə xəttində qulluq edən bir qohumum vəziyyətin çox acınacaqlı olduğunu bildirdi. Onların səngərinə günlərlə yemək, su getmir. Deyir ki, bu postu azərbaycanlılar gəlib tutsa, onları öldürsə, heç bir həftə erməni qərargahının xəbəri olmaz. Müharibənin yenidən başlanacağı təqdirdə Azərbaycan Ordusunun Şuşaya kimi rahat gələcəyini deyir. Orduya çağırışdan yayınan əsgərlərin sayının durmadan artması isə acı reallıqdır. Biz deyilənlərə yox, gördüklərimizə inanaq”.

Vardvan Arturyan adlı müharibə iştirakçısı da “Twitter”də çox maraqlı bir statusu ilə diqqət çəkib: “Diplomatik sferada İlham Əliyevə uduzursan, heçdemirik. Lakin cəbhədəki döyüşlərdəki məğlubiyyət bir müharibə veteranı olaraq bizləri ciddi narahat edir, Serj, əsgər cənazələri görməkdən təngə gəlmişik”.

 

Biz ermənilər boş yerə ölmək istəmirik”

 

Xoren Petrosyanın “VKontakte”də paylaşdığı Serj Sarkisyanın şəklinə rəy bildirən Sako Panosyan adlı istifadəçinin də şərhi maraqlıdır: “Ermənistanın xain və yarıtmaz prezidentinin şəklini paylaşmaqdaonu dəstəkləməkdə məqsədiniz nədir? Göstəriş alaraq belə paylaşımlar edib niyə insanlarda qıcıq oyadırsınız? Belə ki, paylaşmısınız, mən də öz fikrimi əlavə edirəm. Serj Sarkisyan abırsız və ikiüzlü prezidentdir. Müharibə şəraitində olan Azərbaycandakı inkişafa, sonra da bizimkinə bax. Onların prezidenti qurur, yaradır, bizimki isə ancaq talançılıqla məşğuldur. Aprel döyüşləri dayandırılmasaydı, bu gün Azərbaycan Prezidenti Cocuq Mərcanlı kimi Şuşanın, Xankəndinin, Kəlbəcərin və digər rayonların yenidən qurulması üçün sərəncam verəcəkdi”.

Sarqis Xosrovyan adlı digər istifadəçinin də “Facebookda paylaşdığı status çoxlu bəyənmə yığıb: “Xəbəriniz var ki, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı reallıqlarla tanış olduqdan sonra daha da artmaqda davam edir?! Əvvəllər onları qınayırdım və bu addımlarını xəyanət hesab edirdim. Ancaq son aylar baş verən hadisələrdən sonra insan haqlarının kobud şəkildə pozulduğunu gördükdə bunun düzgün addım olduğunu düşünürəm. Serj Sarkisyan erməniləri Ermənistana qarşı soyutmaqda davam edir. Aprel döyüşlərindən əvvəl rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq dördgünlük müharibə vaxtı biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Biz ermənilər boş yerə ölmək istəmirik”.

Xarput Mxıtaryan adlı istifadəçi isə “Odnoklassniki”də paylaşdığı statusda yazır: “Səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir? Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Ünvanımı da yaza bilərəm. Onsuz da repressiv metod hakimiyyətin peşəsidir. Serj Sarkisyan ictimaiyyəti susdurmaqdansa, gedib İlham Əliyevdən nümunə götürsün. Aprel döyüşləri təkrarlansa, Azərbaycan Yerevana kimi gələcək”.

Bütün bunlar əsl həqiqətlərin nədən ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən də dərk olunduğunu aydın nümayiş etdirir və belə vəziyyət Azərbaycanın informasiya müharibəsində möhtəşəm qalibiyyətinin real təzahürüdür. Bu qalibiyyət, heç şübhəsiz ki, tezliklə işğal altındakı torpaqların azad olunmasında da özünü göstərəcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. Buna təkcə Azərbaycanda yox, artıq elə Ermənistanın özündə də tam əmindirlər.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 1 aprel.- S. 9.