Vətən fədaisi
Deyirlər, hər insan öz taleyi ilə əkiz doğulur. Bəzi ömürlər yarıda kəsilsə də, dünyada qızıl hərflərlə nəqş olunur. Haqqında söhbət açacağımız şəhid isə vətən fədaisi kimi doğulmuşdu. Bu dünyaya gəlmişdi ki, xatirələrdə vətənini bütün qəlbi ilə sevən, düşmənə bütün varlığı ilə nifrət bəsləyən, qısa, lakin şərəfli ömrü ilə örnək olan, özündən sonrakı nəsillərə nümunə göstərən qəhrəman kimi qalsın.
Söhbət 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş Toğrul Habil oğlu Fərəczadədən gedir. 1993-cü il noyabrın 10-da Ağsu rayonunun Bico kəndində doğulan Toğrul ailənin ilk övladı idi. Kiçik yaşlarından ağıllı, düşüncəli uşaq olduğu aydın görünürdü. Valideynlərindən və müəllimlərindən aldığı tərbiyə, üstəgəl özünün mütaliəsi, düşüncələri onu vətənpərvər bir gənc kimi yetişdirmişdi. Hələ məktəb illərində “Hərbçi olacağam!” - deyə məqsədini bəyan etmişdi. Qəlbində məskən salan bu arzu onu bir an belə tərk etmirdi.
2011-ci ildə Toğrul Arif Cəbiyev adına Bico kənd orta məktəbini bitirir. Yeri gəlmişkən qeyd edək ki, Bico kəndinin fəxri olan Arif Cəbiyev Toğrulun dost-doğmaca əmisi oğludur. O, sovet dönəmində Əfqanıstan döyüşlərində qəhrəmanlıqla həlak olub. Ümumiyyətlə, Bico camaatı qədim zamanlardan öz mərdliyi ilə seçilib, zülmə, yadelli işğalçılara qarşı mübarizə aparıb. 1918-ci ildə kənd sakinləri bir yumruq kimi birləşərək 500-ə qədər silahlı erməniyə qarşı vuruşub, onları kəndə buraxmayıblar. İkinci Dünya müharibəsində kəndin 350 oğlu iştirak edib, onlardan 166-sı geriyə qayıtmayıb. Qarabağ müharibəsində isə kəndin 7 sakini şəhid olub ki, onlardan da biri Toğrul Fərəczadədir.
2012-ci ildə Toğrul vətən qarşısında öz əsgəri borcunu yerinə yetirməyə yollanır. Hərbi xidməti müddətində o, seçdiyi yoldan dönməyəcəyinə bir daha əmin olur. Odur ki, əsgərlik müddəti başa çatandan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətini davam etdirir.
Toğrul aldığı hər döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirirdi. Komandirləri ona bacarığı, iradəsi və mərdliyinə görə rəğbət bəsləyirdilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə medalla təltif olunması və gizir rütbəsini alması onun nümunəvi xidmətinin göstəriciləri idi. Dostluqda səmimiyyəti və sədaqəti ilə yoldaşlarının məhəbbətini qazanmışdı. Təsadüfi deyil ki, dostları Vətən yolunda şəhid olmuş gənc gizir haqqında bu gün də fəxrlə danışırlar.
Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev deyir:
- Məktəbimizin məzunu Toğrul Fərəczadə qəhrəman bir nəslin övladıdır və qeyrətli ata-anadan tərbiyə alıb. Onun göstərdiyi hünər böyüməkdə olan nəsil üçün böyük örnəkdir. Buna görə də biz məktəbimizdə yaratdığımız qəhrəmanlıq guşəsində Toğrul üçün də xüsusi yer ayırmışıq. Keçən il noyabrın 10-da onun 23 yaşının tamam olması münasibətilə tədbir keçirdik. Bu tədbir sözün əsl mənasında, bir təntənəyə çevrildi. Şəhidimizin doğmaları, dostları, müəllimləri, ondan nümunə götürən məktəblilər bir araya gəlmişdilər. Təhsil ocağında başlanan tədbiri Toğrul Fərəczadənin məzarı başında davam etdirdik.
Bu günlərdə isə Azərbaycan xalqı zəfərli aprel döyüşlərinin birinci ildönümünü qeyd edir. Bu döyüşlərdə vətən torpağının hər qarışı üçün qan töküb, canından keçən igidlər bir daha yad olunur. Toğrul Fərəczadə üçün də aprel döyüşləri bir sınaq oldu. Onun vətən eşqinin, torpaq sevgisinin, döyüş qabiliyyətinin sınağı. Aprelin 2-də Talış kəndi ətrafında gedən döyüşlərdə şəhid oldu. Başqa sözlə, öz ölümü ilə ölümsüzlüyə ucalaraq əbədiyaşarlıq qazandı. Ölümündən sonra daha bir medalla təltif olundu.
Həyatın qəribə gərdişləri varmış... Toğrul şəhid olandan yeddi gün sonra yeganə bacısı Əfsanənin ilki dünyaya gəldi. Nəslin ağsaqqalı Fətulla Cəbiyev təzə doğulan oğlana Toğrulun adını verdi...
Bu gün Toğrul Fərəczadənin doğulub boya-başa çatdığı Ağsu rayonunda mərkəzi küçələrdən biri onun adını daşıyır. Həmin küçədə rayon icra hakimiyyəti tərəfindən “Toğrul bulağı” çəkilib. Təbii ki, o yoldan keçən, o bulağın suyundan içən hər kəs şəhidimizin ruhuna dua oxuyur. Toğrulun qısa və şərəfli ömründən bəhs edən “Daş heykəlin nağılı” kitabı da artıq çapdan çıxıb və oxuculara təqdim olunub.
Fəqət, belə oğul itirən Bəhruzə ananın, Habil atanın qəlbini ovundurmaq çox çətindir. Bununla belə, onlar bu böyük dərdə sinə gərməyi bacarırlar. Çünki böyütdükləri oğul torpaq uğrunda şəhid olub, vətənin şərəfini qoruyub, onların başını uca edib.
Rəfiqə RAFİQQIZI
Azərbaycan.-
2017.- 1 aprel.- S.10.