Yarım əsrlik şərəfli yol

 

Naxçıvan Dövlət Universiteti - 50

 

Tarixi mənbələrdə dünya sivilizasiyasının başlanğıcı sayılan Nuhun vətəni Naxçıvan dünyada nəinki zəngin tarixi irsi və mədəniyyəti, eyni zamanda böyük ziyalı ordusu və dahi şəxsiyyətləri ilə də şöhrətlənib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, Məhəmməd Ağa Şahtaxtlı, Hüseyn Cavid, Məmməd Səid Ordubadi və onlarla mütəfəkkir və ədiblərin başladığı maarifçilik hərəkatı və ədəbi yüksəliş zamanla Naxçıvanda elmin və təhsilin yeni müstəvidə inkişafına təkan verdi.

Hələ XIX əsrdən düçüncələrdə başlanan bu oyanış XX əsrin ortalarında Naxçıvanda ali təhsilin, konkret desək ali təhsil müəssisəsinin yaradılması ideyasını gerçəkləşdirdi.

Naxçıvanda ilk ali təhsil ocağı 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başladı. İlk tədris ilini 3 ixtisas üzrə 102 nəfər tələbə qəbulu ilə başlayan ali təhsil müəssisəsində birinci il cəmi üç nəfər ştatda olan müəllim çalışırdı. Regionun yüksək ixtisaslı mütəxəssislərə olan tələbatını ödəmək zərurəti ali təhsil ocağının filial kimi deyil, müstəqil ali məktəb kimi fəaliyyətini şərtləndirdi. Bunun nəticəsində 1972-ci ildə filialın bazası əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradıldı.

İlk mərhələdə pedaqoji kadrlara olan tələbat zaman keçdikcə sosial-iqtisadi və mədəni həyatın digər sahələrini də əhatə etdi, ali məktəb yeni ixtisasların açılmasını, fəaliyyətini daha geniş müstəvidə həyata keçirməyi qarşısına məqsəd qoydu. Bu səbəbdən Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli 584 saylı qərarı ilə Pedaqoji İnstitut Naxçıvan Dövlət Universitetinə çevrildi.

Ümummilli lider Heydər Əliyev Naxçıvanda ali təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, fəaliyyətinin bütün dövrlərində bu ali məktəbin inkişafını və yenilənməsini daim diqqətdə saxlamışdır. Ulu öndər dörd dəfə bu ali məktəbdə olmuşdur. Azərbaycana birinci rəhbərliyi dövründə ilk dəfə 4 oktyabr 1974-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun kollektivi qarşısında çıxış edən görkəmli dövlət xadimi Heydər Əliyev regionda müstəqil universitetin yaradılması zərurəti ideyasını irəli sürmüşdür. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə də iki dəfə universitetdə olmuş, professor-müəllim heyəti və tələbələr qarşısında çıxış etmiş, ali məktəbin gələcək fəaliyyət strategiyasını öz tarixi çıxışlarında xüsusi vurğulamışdır (11 oktyabr, 12 noyabr 1992-ci il).

Qeyd olunduğu kimi, Naxçıvanda universitetin yaradılması ideyası ulu öndərə məxsusdur. 11 oktyabr 1999-cu ildə universitetin 1600 yerlik yeni tədris korpusunun açılışında çıxış edən ümummilli lider XX əsrin 70-ci illərindəki uzaqgörən təşəbbüsü xatırlayaraq demişdir: “Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir... Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir...” Dahi rəhbər 12 iyun 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iki dəfə bu ali təhsil ocağında olmuşdur. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasının açılışında iştirak edən Prezident universitetdə informasiya texnologiyalarının mövcud vəziyyəti ilə maraqlanmış, tələbələr qarşısında çıxış etmişdir. 2007-ci ildə universitetin 40 illik yubiley mərasimi və konservatoriyasının açılışında iştirak edən ölkə başçısı universitetin bir qrup pedaqoji heyətini təltif etmiş, professor-müəllimlər qarşısında tarixi nitq söyləmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanla birlikdə 2008-ci ildə universitetin konservatoriyasında olmuş, burada hazırlanan kadrların səviyyəsi ilə maraqlanmış və tələbələrin ifasında konsert proqramına baxmışlar.

Universitetin fəaliyyətində 1995-ci ildən sonrakı dövr də xüsusi əhəmiyyəti ilə seçilir. Ötən illər ərzində yeni tədris korpuslarının tikintisi, maddi-texniki bazanın zənginləşməsi, universitetin genişlənmiş beynəlxalq əlaqələrinin qurulması Muxtar Respublika rəhbərinin Naxçıvanda ziyalılığa, ali təhsilin müasir standartlar səviyyəsində qurulmasına verdiyi böyük dəyər, qiymətdir.

Hazırda Naxçıvan Dövlət Universitetində 12 fakültədə 58 ixtisas üzrə bakalavr, 43 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı həyata keçirilir. Ümumilikdə burada 6 min nəfərə yaxın tələbə təhsil alır. Onların sırasında 12 ölkədən 300 nəfərdən çox xarici vətəndaş vardır.

Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər arasında akademik, elmlər doktoru və fəlsəfə doktorlarının sayı durmadan artır. Universitetdəki “Regionun inkişafı problemləri” laboratoriyasında qədim diyarın tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənilir. Bu ali təhsil ocağında fəaliyyət göstərən “Heydər Əliyev Universiteti” müasir gəncliyin milli dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, Olimpiya idman mərkəzi, 2 stadion, Baytarlıq Təbabəti klinikası və müasir tipli tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzi, müasir tipli universitet qonaq evi tikilərək istifadəyə verilmişdir.

Universitetdə 3 internet mərkəzi, “Qeyrət” nəşriyyatı, media mərkəzi, televiziya studiyası (UTV), “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti, “Nuhçıxan radiosu” və bir neçə muzey fəaliyyət göstərir. Universitetin “Elmi əsərlər” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxalq kod almışdır. Naxçıvan Dövlət Universitetində 100 MB gücə malik Wi-Fi campus simsiz internet şəbəkəsindən istifadə olunur. Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Rusiya, Türkiyə, Misir Ərəb Respublikası, Pakistan, İran, Özbəkistan və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir. Tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verən Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin tələbələri illərdən bəridir ki, Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının müxtəlif universitetlərinin xəstəxanaları, Cənubi Koreyanın Kim-Çonq Universitetinin klinikalarında təcrübə keçirlər.

Baytarlıq ixtisasının müəllimləri və tələbələri Türkiyədəki Qars Qafqaz və Ərzurum Atatürk universitetlərinin, İran İslam Respublikasındakı Urmiya Universitetinin baytarlıq ixtisası sahəsindəki geniş imkanlardan səmərəli şəkildə istifadə edirlər. Mühəndis və memarlıq fakültəsinin Təbriz şəhərinin maşın-traktor zavodları, memarlıq şəbəkəsi, bələdiyyə və biologiya ixtisaslarının Mərənd şəhər bələdiyyəsi və balıqçılıq təsərrüfatı idarələri ilə əlaqələri elmin inkişafına və tədris prosesinin zənginləşməsinə əhəmiyyətli töhfələr verir.

2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçıvan Dövlət Universiteti 799 balla Azərbaycan Ali Təhsil Müəssisələri içərisində birinci yerə layiq görülmüşdür.

Tədris prosesini Avropa standartları və Azərbaycan təhsil qanunvericiliyinə uyğun quran universitetdə 2015-2016-cı tədris ili daha yaddaqalan olmuşdur. Cənubi Koreyanın KOİKA şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin açılış mərasiminin keçirilməsi və Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşmüşdür. Elektron təhsil, onlayn sənəd dövriyyəsi, Akademik İdarəetmə, Elektron Poçt və s. kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet, eyni zamanda elektron imtahanları da əhatə edir.

Naxçıvan Dövlət Universitetinin kitabxanası ölkədə ayrıca korpusda yerləşən yeganə ali məktəb kitabxanasıdır. 200 minə yaxın kitabxana fondunda “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi vasitəsilə bu günədək 3500 adda 30.000 sayda kitabın elektron kataloqu yazılmış, 5000-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir. Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə turizm assosiasiyası, Tələbə İnformasiya Mərkəzi, Tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərini daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır. Bundan başqa, universitetin hazırladığı “Arşın mal alan” operettası Rusiyanın Novosibirsk şəhərində, Türkiyə Cümhuriyyətinin Ərzurum, Samsun, Qars, Ərdəhan, Qara Dəniz Texniki Universitetlərində, Gürcüstan Respublikasının Axaltsixi Universitetində uğurla nümayiş etdirilmişdir. Ali təhsil ocağının futbol komandası ölkəmizin ali məktəblərinin birinciliyində çempionluq qazanaraq Azərbaycanı Ukraynada və Polşada təmsil etmişdir.

Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin Universiteti” adına layiq görülmüşdür.

Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək yolu Universitet Rektorları Cəmiyyətinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır.

Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında tələbə mübadiləsi həyata keçirilir. Universitetin 30-a yaxın tələbəsi bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışlar.

İndiyədək Naxçıvan Dövlət Universitetinin 35 minə yaxın məzunu olmuşdur. Məzunlar arasında yüksək vəzifəli dövlət adamları, deputatlar, ali rütbəli hərbçilər, görkəmli elm xadimləri vardır.

Yarım əsrlik tarixi yol keçən Naxçıvan Dövlət Universiteti 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Vurğulayaq ki, Naxçıvan Dövlət Universitetinin 25, 30 və 40 illik yubileyləri də dövlət səviyyəsində qeyd olunmuşdur.

Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali məktəbdir. Dünya universitetləri və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu bundan sonra da davam etdirəcəkdir.

 

Seyid SURƏ,

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.8.