Zamanın unutdurmadığı cinayətlər
Təkcə zaman dəyişmişdi.
Tarixin 1918-ci ili idi. Amma ssenari eyni idi. Yenidən siyasi vəziyyətin gərginləşməsindən
istifadə edən ermənilər məkrli niyyətlərini
həyata keçirməyə başlamışdılar.
Havadarları tərəfindən
yenə hər cür yardımla, silah-sursatla təmin edilirdilər. 1917-ci ilin
Fevral inqilabı nəticəsində çar hakimiyyəti
süquta uğramış, həmin ilin oktyabrında
onların yerinə bolşeviklər gəlmişdi. Ad dəyişmişdi. XX əsrin
birinci onilliyində ermənilərə yardımı
çarizm adı ilə göstərənlər ikinci onillikdə
fəaliyyətlərini bolşevizm adı ilə davam
etdirirdilər. Elə Bakıda azərbaycanlılara
qarşı soyqırımı planını həyata
keçirənlərə rəhbərlik edən, ermənilərin
“Daşnaksütyun” partiyasının fəal üzvü Stepan
Şaumyan da özünü bolşevik adı ilə
tanıdırdı. O, V.İ.Leninin fövqəladə
Zaqafqaziya komissarı vəzifəsinə təyinatı ilə
Bakıya gələrək burada hakimiyyəti ələ
keçirmişdi.
Azərbaycanlılara
qarşı soyqırımı planı çoxdan
qurulmuşdu.
Ermənilər bu dəfə 1905-ci ildə
olduğundan da geniş imkanlara sahib idilər. Çünki Rusiyada bolşevik hakimiyyətinin qələbəsindən
sonra ölkə Birinci Dünya müharibəsindən
çıxdı və əsgərlər döyüş
bölgələrini tərk etdilər. Qafqaz
cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində
olan erməni zabit və əsgərləri silahlarını təhvil
verməyərək Azərbaycana, xüsusilə Bakıya gəldi.
S.Şaumyan əlindəki hakimiyyətdən və
bu hərbi hissələrin gücündən istifadə edərək
amansız mübarizəyə başladı.
Bolşevik-daşnak birləşmələrinin
planı baş tutdu. 1918-ci ilin 30 martında axşam
saatlarında Bakıda açılan ilk atəşlə azərbaycanlıların
qara günləri başladı. Üç
gündə - 30 mart-1 aprel tarixlərində Bakıda 12 min nəfər
dinc əhali qətlə yetirildi. Şəhərdə
olan müsəlmanların ibadət yerləri, Müsəlman
Xeyriyyə Cəmiyyətinin binası - “İsmailiyyə”,
“Açıq söz” qəzetinin redaksiyası, “Kaspi” mətbəəsi
yandırıldı. Şəhərdə
talanlar başladı.
Bakıda törədilən
soyqırımının nəticələri o qədər
ağır, dəhşətli idi ki, hadisənin şahidi
olmuş, yaxud onu araşdırmış əcnəbilər də
öz sarsıntılarını gizlədə bilməmişdilər. Amerikalı
alim Leonard Ramsden Hartill yazırdı ki, ermənilər
Bakıda 25 min müsəlmanı qətlə yetirdilər.
Mart qırğınından bəhs edən ABŞ
tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda 20 min
döyüşçünün iştirak etdiyi bu
toqquşmanın Bakıda Sovetin qələbəsi ilə nəticələndiyini
qeyd edirdilər.
ABŞ-ın Harbord
missiyasının hesabatında yazılırdı ki, ermənilər
1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını
öldürdülər. ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin
8 mindən 12 minədək müsəlmanı
öldürdüyünü və şəhərin türk əhalisinin
yarısının qaçdığını
yazırdılar. İngilis arxivlərini öyrənən
türk tarixçisi Salahi Sonyelin də gəldiyi qənaət
belə oldu: 1918-ci ilin martında 8-12 min azərbaycanlı qətlə
yetirilib.
ABŞ-ın kəşfiyyat mənbələrinə
görə, Cənubi Qafqazda qırğınlar zamanı 60
min Azərbaycan türkü qaçqına çevrildi və
420 müsəlman kəndi dağıdıldı.
İngilis müəllifi
Peter Hopkirk “Bitməyən oyun” adlı əsərində
yazırdı ki, ingilislər almanların və türklərin
Hindistana gedən yolunu kəsmək, ermənilər şərqdə
və qərbdə zəngin Azərbaycan torpaqlarına sahib
olmaq, ruslar isə zəngin Bakı neftinə sahib
çıxmaq istəyirdilər. İngilis nümayəndələrinin
1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri
teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək
özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara
qarşı qırğınlar törətdilər. İngilis mənbələrində o da
yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin
dörddəbiri öldürülüb. Professor Musa
Qasımlı yazır: “Həmin dövrün statistik məlumatlarından
aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali
yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı,
digərləri isə çarizmin müstəmləkə
siyasəti nəticəsində yerləşdirilənlər
idi. Deməli, 80-100 min nəfər azərbaycanlı
əhalinin dörddəbiri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində
yazılanlar ilə eyniyyət təşkil edir”.
Mart qırğınları
haqqında müstəqil əcnəbi tədqiqatçılardan
biri yazır: “Ermənilər müsəlman əhalini işgəncələrlə
öldürür, şəmşirlərlə
parçalayır, süngü ilə dəlik-deşik edir,
körpə uşaqları süngüyə keçirir, cəsədlərin
burun, qulaq və başlarını kəsir, evlərə od
vurub sakinlərqarışıq yandırır,
qadınları soyundurur və saçlarını bir-birinə
bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə
qədər döyürdülər”.
Həmin günlər
İranın Bakıdakı konsulu M.S.Marağayinin
küçə və həyətlərdən cəsədlərin
toplanması və dəfn edilməsi məqsədilə
yaratdığı xüsusi komissiya tərəfindən də
fotoşəkillər çəkildi. Onların biri - qətlə
yetirilmiş insanların cəsədi üzərində duran
konsulun özünün təsvir edildiyi şəkil sonralar
“Bakı şəhərində müsəlmanların kütləvi
qırğını” adlı “poçt-kart” şəklində
çap edilib Bakı şəhərində müsəlmanlara
qarşı törədilmiş cinayətlərin sübutu
kimi İranda və digər ölkələrdə geniş
yayıldı.
Almaniyanın Münxen şəhərində
M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr
olunan “İstiqlal” qəzetinin 1933-cü il
1 aprel tarixli sayında 15 il əvvəl baş vermiş mart
qırğını haqqında yazılmışdı. Türklərə məxsus bütün mətbəələrin,
milli teatr binalarının, məktəblərin, xəstəxanaların,
camelərin, milli mədəni müəssisələrin yerlə
yeksan edildiyini xatırladan müəllif göstərirdi ki,
“31 martda 15 min günahsız türk kəsilmişdi.
Günün qəhrəmanları: Şaumyan, Avakyan, Arakelyan,
Ter-Mikaelyan, Saakyan, Lalayan, Amazasp, Əmiryan və b. idi. Əlində Lenin və Stalinin 13 nömrəli
dekreti olan Stepan Şaumyan həmin dekretə görə
“Böyük Hayıstan”a müqabil Azərbaycanı “sovetizə”
edərək burada Moskva hakimiyyətini quracaqdı. Bunun üçün silahlı erməni qüvvələrinə
dayanaraq türkləri kəsirdi. O mart günlərini
fotoqraf vasitəsilə təsbit etmiş bir çox
iranlı, polyak, gürcü tanıyıram və bunların
heç birindən olmayan M.Kulqe adlı bir əcnəbi hadisələri
belə anladır: “Yalnız müsəlman əhali tərəfindən
məskunlaşmış məhəllələri qırıb,
əhalini öldürür, qılıncla parçalayır,
süngülərlə dəlik-deşik edir, evlərə atəş
vurur, cocuqları bu atəşlərə ataraq diri-diri
yaxır, 3-4 günlük südəmər cocuqları isə
süngülərinə taxırdılar. Hadisələrdən
sonra torpağa gömülmüş 57 islam
nəşi bulundu. Bunların qulaqları,
burunları qoparılmış, qarınları
yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınların
saçlarını bir-birinə bağlayaraq üryan bir halda
küçələrdə qabaqlarına qatıb
sürür və özlərinin tüfəng dibçəkləri
ilə vururdular. Kimsəyə rəhm
edilmirdi. Cocuqlara rəhm edilmədiyi kimi,
ixtiyarlara da aman yoxdu. Məsələn, Əlizadə
Hacı Əmirin evində 80 yaşlı anası, 60-70
yaşında qadınları öldürülmüş və
25 yaşında təzə gəlini diri-diri divara mıxlamışlardı...” Bir
sözlə, Moskva Azərbaycanda sosializm və kommunizm qurmaqla
məşğul idi”. Daha sonra müəllif
yazırdı: “Gərək M.Kulqenin, gərəksə digər
əcnəbilərin, o günlərin xatirəsi olmaq üzərə
almış olduqları və bu gün əllərdə
mövcud fotoqraflar çox faciəli mənzərələr əks
edirlər. Mələk qədər sevimli bir azəri
yavrusu Bakının bir divarına çivilənmişdir və
çiv yavrunun ta qəlbini dəlib keçməkdədir.
Bir yığım qızlı-erkəkli cocuq
ölüləri üzərində qocaman çoban köpəkləri
bu məsum yavruları gəmirir. Çılpaq
bir qadın yerə sərilmiş, ölmüş... bu
ölü vücudun qurumuş məməsini canlı bir yavru
əmməkdədir... 31 martın xatirələri yalnız
bunlar deyildir. Mən hələ on minlərlə
azəri qız və qadınlarının əsir
sürüsü halında götürüldüyünü,
“Rekord” teatrosunun o gün məşhəri andıran mənzərələrini,
əsir bazarında azəri qızlarının satıldıqlarını
və sairəni qeyd etmirəm. Çünki
31 martı xatırlamaq və canlandırmaq üçün
bu qədər də kafidir, bu qədər də bəsdir”.
Bolşevik-daşnak hərbi
birləşmələri Bakıdan sonra Şamaxı, Quba,
Qarabağ, Naxçıvan, Zəngəzur, Göyçay,
Kürdəmir, Salyan və Lənkəran qəzalarında
soyqırımını davam etdirdilər. On minlərlə
dinc azərbaycanlını - qadını, uşağı,
qocanı yalnız milli mənsubiyyətlərinə görə
vəhşicəsinə qətlə yetirdilər,
yaşayış yerlərini xarabalığa çevirdilər,
xalqımızın milli mədəniyyət abidələrini,
məscidləri və qəbiristanlıqları
dağıtdılar. Azərbaycanlıların
məskunlaşdığı ərazilərdə
soyqırımı törədənlər yalnız təpədən-dırnağadək
silahlanmış, hərbi təlimlər görmüş
peşəkar bolşevik-daşnak döyüşçüləri
deyildi. Həmin ərazidə yaşayan ermənilərin,
hətta onların ziyalılarının da əksəriyyəti
qırğınlarda fəal iştirak edirdi.
1918-ci ildə ermənilərin
azərbaycanlılara qarşı qəddarlıqla həyata
keçirdikləri soyqırımını araşdırmaq
üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
tərəfindən yaradılan Fövqəladə Təhqiqat
Komissiyasında (FTK) azərbaycanlılarla yanaşı ruslar,
yəhudilər və digər millətlərin nümayəndələri
də çalışırdılar. FTK üzvləri
qruplara bölünüb Azərbaycanın bölgələrində
1918-ci ilin martından başlayan və bəzi bölgələrdə
Qafqaz İslam Ordusunun gəlişinə - sentyabradək davam
edən soyqırımının geniş təhqiqinə
başladılar. Təhqiqat qrupuna
ekspert-fotoqraf Lev Urbanoviç Daşkeviç də daxil oldu.
Bu belorus əsilli fotoqraf, tədqiqatçı,
fransız dili və fizika müəllimi 1911-ci ildə İrəvan
quberniyasında yerləşən gimnaziyada fransız dili
müəllimi işləmək təklifi ilə gəlmişdi.
1913-cü ildən Yelizavetpolda (indiki Gəncə
şəhəri) gimnaziyada dərs deyirdi. Orada
foto sənətini davam etdirir, istedadlı fotoqraf kimi
tanınırdı. 1920-ci ilin 27 aprelinədək
L.Daşkeviç AXC hökumətinin fotoqrafı vəzifəsində
çalışırdı. O, azərbaycanlılara
qarşı erməni-daşnak hərbi birləşmələrinin
törətdiyi dəhşətli faciələri
fotokamerasının yaddaşına
köçürürdü. FTK-nın digər
üzvləri kimi, L.Daşkeviç də ağır şəraitdə
çalışır, qapısız, pəncərəsiz,
damsız evlərdə gecələməli olurdu. Onların gündəlik aldıqları əməkhaqqı
isə yalnız yemək xərclərini ödəyirdi.
Erməni cinayətlərinin
izləri təhqiqatçıları dəhşətə gətirirdi. Onların
topladıqları materiallar və çəkdikləri fotolar
bir daha sübut edir ki, ermənilər azərbaycanlılara
yalnız milli kimliyinə görə işgəncələr
verir, diri-diri dərisini soyur, divara mismarlayır, süngü
ilə gözlərini oyur, qulaqlarını kəsir,
ağaclardan asırdılar. Erməni
terrorçularının cinayətləri təhqiqat işləri
aparan təcrübəli hüquqşünasları belə
sarsıdırdı. FTK-nın işinə cəlb
olunmuş fotoqraf Vladimir Sokolov divara kazak
çivi ilə mismarlanmış iki yaşlı
uşağı və digər kiçik uşaqları
çəkərkən bu vəhşiliyə dözməmiş,
bundan sonra erməni cinayətlərinin izlərini çəkməkdən
imtina etmişdi.
Yerli və xarici araşdırmaçıların,
fotoqrafların yazılı materialları və
fotomaterialları bir daha təsdiq edir ki, ermənilərin
1918-ci ildə insanlığa sığmayan qəddarlıqla
törətdikləri faciələr azərbaycanlılara
qarşı planlı şəkildə, geniş miqyasda həyata
keçirilən soyqırımı idi.
XX əsrin əvvəllərində
baş verən faciələr elə həmin əsrdə
dönə-dönə təkrar olundu. Hər dəfə
soydaşlarımız ermənilər tərəfindən qətlə
yetirildi, əsir götürüldü, torpaqlarımız
işğal olundu. Tariximizdən dərs
almamağımız XX əsrin sonlarında bizi növbəti
faciələrlə üzləşdirdi.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2017.- 2 aprel.- S.5.