Şəhadət və şərafət

 

Füzuli rayonu Əhmədalılar kəndinin sakini Orxan Həmidov 1980-ci il martın 29-da dünyaya göz açmışdı. Ölümü isə... Ölümünə bu yerlərdə hələ də heç kəs inanmır, daha doğrusu, inanmaq istəmir. Belə bir igidin ölümünə kim inanardı? Birki əsl qəhrəmanların tək bir tarixi olur. Bunu bir dahi deyib: “Bütün insanların iki tarixi var - doğulduqları və öldükləri gün. Əsl qəhrəmanların isə yalnız bir tarixi olur - onlar doğulurheç zaman ölmürlər”.

Orxan Həmidov şanlı keçmişimizin çox yaxın tarixinin qəhrəmanıdır. Keçən il zəfərli aprel döyüşlərində qəhrəmanlığın ən yüksək zirvəsi olan şəhidlik məqamına yetişib. Az sonra, aprelin 19-da Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Orxan çox yaraşıqlı, həm də ədəb-ərkanlı bir cavan olub. Sürücü peşəsinə yiyələnibmiş. Sonra yeddi il ANAMA-da minaaxtaran kimi çalışıb. Anası Tamilla xanım qürur qarışıq göz yaşları ilə söyləyir ki, Orxan üç oğlunun ən kiçiyi idi:

- Faiq Bakıda yaşayır. Azər üçün isə qonşuluqda ev-eşik düzəltdik. Orxanı min arzu-kamla evləndirib yanımda saxlamışdım. Gənc olsa da, bir ağsaqqal sanbalı ilə ata evinə yurdçuluq edirdi. Mərifət, qanacaq sarıdan gəlinim Esmira ilə elə bil bir almanın iki üzü idilər. On ildir ailə qurmuşdular. Bu illər ərzində heç biri nəinki mənim sözümün üstündən söz deməmişdi, özümə qarşı soyuq baxışlarını belə görməmişdim...

Bir gün isə... Axşam hamı evə yığışan zaman Orxan üzünü anasına tutub deyir ki, hərbiyə getməyi qərara alıb.

Anası cavab verir ki, ay oğul, çətin yol tutmaq istəyirsən. Hər an düşmənlə üz-üzə, göz-gözə dayanmaq sənə asan gəlməsin.

Orxan deyir: “Torpağa basqın edən düşmənin üstünə sənin oğlun getməsin, mənimki də, bir başqasınınkı da getməsin, bəs kim getsin?”

Ana oğluna xeyir-dua verir.

- 2014-cü ildən hərbidə idi, - deyə Tamilla xanım sevimli oğlu haqqında söhbəti davam etdirir. - Ara-sıra evə gəlirdi. Bir dəfə gələndə mənə qovluq verdi, açanda gördüm ki, arasında fəxri fərman var. Nümunəvi xidmətə görə almışdı. Növbəti dəfə gələndə mənə balaca bir qutu uzatdı. Açanda gördüm ki, qol saatıdır. Yenə nümunəvi xidmətə görə... Sonuncu dəfə gələndə dedi ki, bir müddət Şükürbəylidə korpusda olacağam. Səbəbini açıqlamadı.Xidmət belə tələb edir” - dedi. Onda evə tez-tez gəlirdi. Kresloya söykənib xeyli dincəlir, sonra bir-iki saat yatıb qayıdırdı. Çox vaxt heç yemək istəmirdi. Sonradan bildim ki, Şükürbəylidə təlim keçirlərmiş...

2016-cı il aprelin 1-də axşamüstü Orxan qonşuluqda yaşayan böyük qardaşına mobil telefonla zəng vurur. Deyir ki, heç nədən qorxmayın məndən nigaran qalmayın. Yaxşı olar ki, hamınız bizim evə yığışasınız (Yəqin ki, öz evinin nisbətən atəş tutmayan səmtdə olduğunu nəzərə alıb).

Bir azdan Lələtəpə tərəfdən dəhşətli atəş səsləri gəlməyə başlayır. Döyüş gedən yerlər xeyli aralıda olsa da, Əhmədalılarda da az qala yer-göy çaxnaşır. Artıq hamı vəziyyətin yerdə olduğunu başa düşür.

Aprelin 2-də Tamilla xanım eşidir ki, həmkəndliləri Maarif Quliyev döyüşdə yaralanıb. Onların evinə gedir. Bundan sonra ana qəlbinin narahatlığı bir az da artır. Ürəyinə damır ki, Orxana isə olub. Üstəlik, Bakı şəhərindəki, Füzuli rayonundakı bütün qohumları, dostları Orxanı telefonla arayıbbu nömrəyə zəng çatmırsözlərini eşidirlər.

Özünə yer tapa bilməyən, narahatlıqdan çırpınan anaya əsl faciəni tədricən çatdırmağı qərara alırlar. Deyirlər ki, Orxan yaralanıb, onu Beyləqana xəstəxanaya aparıblar (Əslində isə şəhidin cəsədini məscidə yuyub, kəfənə tutmaq üçün aparmışdılar). Tamilla xanım heç kəsə qulaq asmadan qohumları ilə Beyləqana üz tutur. Yolda təcili yardım maşını ilə rastlaşır. Bu dəfə isə ona bildirirlər ki, oğlunu Bakıya hospitala aparırlar. Lakin dünya görmüş qadın maşının Bakı yoluna deyil, Horadizə tərəf istiqamət aldığını görüb haray qoparır...

İgid Orxan Həmidovun yurdunda bir cüt oğul böyüyür - Vüsal Fərid. Qəlbi  ata soraqlayan bu uşaqları ovutmaq üçün Tamilla nənə gündə bir nağıl fikirləşib tapır. Gah deyir ki, atanız göylərdədir, sizi görür, gah da özünün aldığı hədiyyələri Orxanın oradan - göylərdən göndərdiyini söyləyir.

Kim bilir, əsl həqiqəti onlar necə, hansı dərəcədə dərk edirlər. Amma bir neçə gün əvvəl kəndarası yolda rast gəldikləri qoca onları tanımayıb: “Siz qəşəng balalarsınız, kimin oğlusunuz?” - soruşanda hər ikisi kövrəlib.

Bir az böyüyəndən sonra Vüsalın Fəridin bu kövrəkliyini fərqli hisslər əvəz edəcək. Onların hər biri həmişə - bütün ömürləri boyu başlarını uca tutub qürurla: “Mən Orxanın, - torpaq uğrunda canından keçən, ölümü şəhadət şərafət olan igid Orxan Həmidovun oğluyam”, - deyəcəklər...

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 2 aprel.- S.6.