Canından əziz
tutdu Vətən sevgisin
Azərbaycanın Milli Qəhrəmanı, aprel döyüşlərində canını
Vətənin müdafiəsi
uğrunda qurban vermiş zabit Samit İmanovun valideynlərinə baş
çəkməyi özümüzə
borc bildik. Neftçala rayonunun Həsənabad qəsəbəsində
həyət darvazası
qarşısında bizi
qəhrəmanın atası
Gülağa kişi qarşıladı.
Qəhrəmanın ildönümünə
hazırlıq aparıldığı
hiss olunurdu.
Səliqə-sahmanlı evin hər tərəfində
Samit İmanovun müxtəlif şəkilləri
diqqət çəkirdi. Otağın baş tərəfindəki
divardan asılan portret-xalçadan boylanan qəhrəmanın, cəsur
döyüşçünün keçdiyi qısa - cəmi 35 illik, lakin mənalı ömür yolundan xəbər tutmaq istəyirik. Bir müddət
araya sükut çökür. Gülağa kişinin yaşarmış
gözlərinə baxanda
söhbətə nədən,
haradan başlamaq barədə götür-qoy
etdik. Gülağa
kişi bir albom gətirib
göstərdi. Burada qəhrəmanın
ömrünün müxtəlif
anlarını əks
etdirən çoxlu fotoşəkil var. Ata nə
isə axtarırmış
kimi, albomu xeyli vərəqləyir.
Sonra üzünü qapısı açıq
olan o biri otağa tərəf tutaraq:
- Samitin sənədlərini buradan
kim götürüb?
- Bu otaqdadır. Keçən dəfə bir
jurnalist gəlmişdi,
onda gətirib buraya qoymuşam, - kövrək bir qadın səsi eşidilir, - indi gətirərəm.
Təxminən iki dəqiqədən sonra əlindəki çay padnosu ilə gələn Samitin anası qovluğu stolun üstünə qoyur. Sənədlərə, fotoşəkillərə baxa-baxa
söhbətimiz yavaş-yavaş
məcrasına düşür.
Ata deyir ki, Bankə qəsəbəsi
Kürün sol sahilində,
çayın o tayında
yerləşsə də,
çox uzaqda deyil: “Bankədə sovetlər birliyi zamanında hərbi hissələr var idi. Biz hərdən
dost-tanışlara baş
çəkmək üçün
Bankəyə gedərdik.
O vaxtlar Samitin 10 yaşı ancaq olardı. Qəsəbədə zabit, əsgər
görəndə uşaq
marağı ilə onlara diqqətlə baxardı. Hələ orta məktəbin
10-cu sinfində oxuyarkən
yoldaşlarına da demişdi ki, hərbçi olmaq arzusundadır. Belə də
etdi. Orta təhsilini başa vurub sənədlərini Bakı Ali Hərbi Məktəbinə verdi, imtahandan uğurla keçdi. 2003-cü ildə oranı fərqlənmə
diplomu ilə bitirib, hərbi hissələrdən birində
xidmətə başladı.
Sonrakı illərdə təhsilini
lazım gəldikcə
ayrı-ayrı hərbi
kurslarda davam etdirdi”.
Samit Türkiyə Cümhuriyyətində “Daxili
təhlükəsizlik əməliyyatlarının
planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən
sərbəst atılmaq”
kurslarında, habelə
“Anadolu-2007”, “Anadolu Qartal-2007” birgə taktiki təlimlərində, Pakistanda
“Ləpirçi və
antiterrorist”, İsveçrə Krallığında “Dağ
təlimi”, Rumıniya
Respublikasında “Dağ
dırmanma üzrə
təlimatçı” kurslarında
iştirak etdi. Bütün bunlar onun bacarıqlı
hərbçi kimi formalaşmasına şərait
yaratdı. Pillə-pillə rütbəsi, vəzifəsi
də yüksəldi.
2004-cü ildən başlayaraq
xüsusi təyinatlı
hərbi hissədə
qrup komandirinin müavini, qrup komandiri, blok
komandiri, dəstə komandiri, hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifələrində
çalışdı. Qısa müddət
ərzində 6 medalla
təltif olunub, mayor rütbəsi aldı.
Təlimdə əziyyət çəkən
döyüşdə qələbə
qazanar. Mayor S.İmanovun keçdiyi ömür yolu, hərbi uğurları da bundan xəbər
verir.
2014-cü ilin
avqust ayında erməni təxribatının
qarşısını almaq
üçün Samitin
dəstəsi əməliyyat
keçirmiş, düşmənin
20-yə qədər canlı
qüvvəsini məhv
edərək geriyə
qayıtmışdı. 2016-cı il aprelin 3-dən 4-ə
keçən gecə
də o, misilsiz qəhrəmanlıq göstərdi.
Lakin bu, onun son döyüşü
oldu. Mayor Samit İmanovun və komandiri polkovnik-leytenant Murad Mirzəyevin (o da şəhid olmuşdur) başçılıq etdikləri
qrup düşmənin
növbəti təxribatının
qarşısını almaq
üçün komandanlığın
əmrinə əsasən,
erməni postlarını
darmadağın etdi.
Düşmən tərəf çoxlu
sayda canlı qüvvə itirdi. Mayor S.İmanov bu
döyüşdə çiynindən
və ayağından
yaralanır. Belə ağır
məqamda da onun necə zabit olduğu özünü göstərir.
Əsgərlər yaralı S.İmanovu
götürüb döyüş
yerindən aparmaq istədikdə o, buna razı olmur, yaralı gizirin oradan uzaqlaşdırılmasını
əmr edir. Yaralı giziri təhlükəsiz əraziyə çıxaran
qrup geri qayıdır. Lakin gecədən
səhərə qədər
axtarsalar da, onu tapa bilmirlər.
Əsgərlər öz həyatlarını
təhlükə altında
qoyaraq növbəti gün döyüş gedə-gedə ərazini yenidən axtarıb kolluqda onun cansız
bədənini tapırlar.
Məlum
olur ki, aldığı yaradan öləcəyini hiss edən
cəsur mayor meyitinin düşmən əlinə
keçməməsi üçün
arxası üstə uzanaraq, özünü kol-kos içində gizlətmiş, qumbaranı
isə köksünün
başına qoymuşdur.
Şəhidlik Vətən, torpaq uğrunda şüurlu ölümdür. Belələri ölümə daim hazır olurlar, Milli Qəhrəman Samit İmanov kimi. Kədər qəhrəmanın anası Xuraman xanımın gözlərinin altına kölgə salsa da, vüqarını əyə bilməyib: “Özü seçmişdi hərbçi peşəsini. Zirək, bacarıqlı, uca qamətli olduğu üçün onu xüsusi təyinatlı ordu hissəsinə qəbul etmişdilər. İşi elə idi ki, vaxtaşırı evə gəlirdi. Təzə ailə qurmuşdu. O, işdə olanda ya mən, ya da atası onlara gedirdik, gəlini tək qoymurduq. Qızı Fidanın 2 yaşı var, oğlu Turanın isə bu il fevralın 12-də 1 yaşı tamam oldu. Şəhid olanda oğlunun 40-ı çıxmamışdı...”
Ata da, ana da dövlətdən, ölkə rəhbərindən çox razılıq edirlər. Samitin ailəsinə yeni mənzil, yüksək pensiya verildiyini söylədilər: “Torpaqlarımız geri alınanda bütün şəhidlərimiz kimi, Samitin də ruhu şad olacaq” - dedilər.
Aprel döyüşlərindən
bir il
keçir. Amma o günlər hər
birimizin xatirində silinməz izlər buraxıb. Erməni təxribatının qarşısını alarkən
şəhid olan hərbçilərimiz hər
yerdə xalq sevgisi, məhəbbəti
ilə son mənzilə
yola salındı.
Həmin
günlər xalqımız
bir daha ordumuzun qüdrətinin şahidi oldu. Əllərində Azərbaycan
bayrağı dalğalandıran,
dillərində: “Şəhidlər
ölməz, Vətən
bölünməz”, - şüarını
böyük coşqu ilə səsləndirən
gəncləri gördükcə
qürur hissi keçirirdik. O günlərdə
müxtəlif bölgələrdə
minlərlə gəncin
hərbi səfərbərlik
məntəqələrinə üz tutub, döyüşə getmək
istədiklərini, lazım
gələrsə candan
keçməyə hazır
olduqlarını bildirməsi
vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu göstərdi.
Vətən babalarımızın bizə
miras qoyub getdiyi əmanətdir. Bədnam qonşularımız
isə zaman-zaman bu əmanəti ələ keçirmək
üçün minbir
bəd əməldən
çıxırlar. Amma əbəs
yerə, nəyin bahasına olursa-olsun, erməni qoşunları torpaqlarımızdan qovulub
çıxarılacaq, məcburi
köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar.
Çünki Azərbaycanın güclü ordusu, Milli Qəhrəman Samit İmanov kimi Vətəni canından əziz tutan oğulları var.
Seyran CAVADOV,
Azərbaycan.- 2017.- 2 aprel.- S.6.