Bölgələrdə ədəbi
həyat canlanır
Gənclərə bölgələrdə də xüsusi qiqqət və qayğı göstərilir. Onların maraqlı olduqları hər bir sahədə - istər təhsildə, istər rəssamlıqda, istər idmanda, istər musiqi ifaçılığında, istər ədəbi yaradıcılıqda nailiyyətlər qazanmaları üçün münbit şərait yaradılır. Digər tərəfdən bölgələrdəki ədəbi həyat paytaxtda yazıb-yaradan qələm sahibləri üçün də maraqlıdır. Bu baxımdan filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin “Elm və təhsil” nəşriyyatı tərəfindən bu günlərdə çapdan çıxmış “Bölgələrdə ədəbi həyat” kitabı maraq doğurur. Vaqif müəllimin obyektiv, qərəzsiz və ədəbiyyatçı təəssübkeşliyi ilə seçilən tənqidçi mövqeyini akademik İsa Həbibbəyli: “Ədəbiyyat, tənqid, ədəbiyyatşünaslıq bu təvazökar alimin taleyidir, həyatının əsas hissəsidir, ədəbi proses, ədəbiyyatımızın uğurları və kəsirləri, problem və vəzifələri konkret şəkildə onun əsərlərində öz əksini tapır”, deməklə alimin fikirlərinə haqq qazandırır.
Bir çox söz sahibi haqqında portret oçerklərin yer aldığı bu kitabda müəllif müstəqillik dövrü ədəbi prosesi diqqətlə izləyərək bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaradıcılığına dair fikirlərini oxucularla bölüşür. O, bölgələrdəki qələm sahiblərinin çoxu ilə yaxından tanış olmuş, kitablarını, qəzet və jurnallarda dərc edilən əsərlərini oxumuş və bundan sonra həmin müəlliflərin ədəbi əməyini yaradıcılıq laboratoriyasından keçirmişdir. Onun bu sahədəki fəaliyyətinə yüksək dəyər verən filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev yazır: “Onun yazılarında obyektivlik və ədalət kompas kimi bir qütbü - həqiqəti göstərir”.
Vaqif Yusifli də bu fikirdədir ki, yaxşı yazanlar, böyük istedadlar üçün harada - kənddə, ya şəhərdə yaşamaları elə bir əhəmiyyət daşımır. Azərbaycanın bölgələrində yazıb-yaradan və sevilən istedadlı yazarlar az deyil. İsmayıllıdan Musa Yaqubu, Neftçaladan İmamverdi Əbilovu, Naxçıvandan Asim Yadigarı, Yavuz Axundlunu, Hüseyn Həşimlini yada salanda, Gəncədən Qərib Mehdini, Xəzangülü, Bahadur Fərmanı, Lənkərandan İltifat Salehi, Qazaxdan Barat Vüsalı, Şəkidən Vaqif Aslanı, Mingəçevirdən İsmayıl İmanzadəni, Qubadan Ramiz Qusarçaylını, Şəmkirdən Məzahir Hüseynzadəni, Ofelya Babayevanı, Əşrəf Veysəllini, Şabrandan Aydın Tağıyevi, Bərdədən İsa Sevəri və bir çox başqalarını misal göstərmək olar.
Müəllif bölgələrdə XIX əsrin ədəbi məclislərinin ənənələrini davam etdirən ədəbi birliklərin - Qubada “Ay işığı”nın, Sumqayıtda “Əli Kərim poeziya klubu”nun, “Zərif qadınlar məclisi”nin, Cəlilabadda “Söz işığı”nın, Şəmkirdə “Şəmkir incilər”nin, Lənkəranda “Natiqlər yığıncağı”nın fəaliyyətini yüksək qiymətləndirərək bölgələrdə ədəbi həyatın getdikcə gücləndiyini qeyd edir. V.Yusifli bu güclənmənin bir cəhətini son illər bölgələrin ədəbi həyatını canlandıran topluların nəşrində görür. Naxçıvan, Gəncə və Lənkəranda yeni yaranan ədəbi jurnalların bölgələrdə ədəbi mühitin formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu misallarla gündəmə gətirir.
Kitaba yazılmış “Ön söz”də deyildiyi kimi Vaqif müəllim şair və yazıçıların yaxşı əsərlərini təqdir etməklə kifayətlənmir, onların zəif əsərlərini tənqid etməkdən də çəkinmir. Yeri gəldikcə ədəbiyyatımızın məqsəd və vəzifələrindən söhbət açır.
Rəhman SALMANLI
Azərbaycan.- 2017.- 2 aprel.- S.8.