İlham Əliyev İslam dünyasını Bakıda birləşdirir
10 yarış günü, 50-dən
çox dövlət, 4 minədək atlet, 22 idman növü
Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, mötəbər idman yarışlarının təşkili Azərbaycana etibar edilir. İki il öncə dünya idman tarixində ilk dəfə olaraq Avropa Oyunları Bakıda təşkil olundu.
Azərbaycan Avropa Oyunlarının standartını müəyyənləşdirərək qitənin idman hərəkatında yeni dövrün başlanğıcına rəvac verdi. Mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyünəcək.
Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları qısa müddət ərzində böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanıb. Oyunlar İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam Həmrəyliyi Oyunlarının təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir.
İslam Oyunları həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə keçirilir. Təsadüfi deyil ki, bu idman yarışına evsahibliyi uğrunda ölkələr arasında hələ illər öncədən ciddi mübarizə aparılır. Belə nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub. 2015-ci ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanıb. Yarışa “Həmrəylik bizim gücümüzdür” şüarı seçilib.
İslamiadanın ölkəmizdə keçirilməsi haqqında qərarın qəbul edilməsi bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Eyni zamanda bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan siyasət nəticəsində Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara evsahibliyi etmək imkanlarını artırıb. İslam Həmrəyliyi İdman Federasiyası məhz bu amilləri nəzərə alaraq, sayca 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinə qərar verib. Bir sözlə, IV İslamiada Azərbaycanın və İslam ölkələrinin idman tarixində mühüm və əlamətdar hadisə olacaq.
2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.
Təşkilat Komitəsinin ötən 2 il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnəkdir. Çünki İslamiadaya az vaxt qalmasına baxmayaraq, cəsarətlə deyə bilərik ki, müsəlman ölkələrinin federasiya nümayəndələri, ən yaxşı idmançıları, şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış mərasimindən heyrətə gələcəklər.
Əminliklə söyləyə bilərik ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları yarışlarının tarixində yeni mərhələ olacaq. Bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev oyunların təkcə idman deyil, həm də böyük siyasi və mədəni tədbir olduğunu diqqətə çatdıraraq 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan edib və bunun xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirib: “Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz evsahibliyi edəcəyik.
Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir”.
Prezident İlham Əliyevin imzaladığı “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2 mart 2017-ci il tarixli sərəncam ölkəmizdə və bütün İslam aləmində böyük maraq və xoş bir həyəcanla gözlənilən mötəbər idman hadisəsinə bir qədər də yaxınlaşdığımızı və ona hazırlıq istiqamətində son tədbirlərin həyata keçirildiyini təsdiq edir. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsində iştirak edən şəxslərin, habelə oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili, bu sistemin fəaliyyətinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün və bəzi başqa məsələləri həll etsin.
Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin edir.
Məlumat üçün qeyd edək ki, I İslam Oyunları Səudiyyə Ərəbistanında keçirilib. 2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil olunmuş yarışlarda Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunub.
II İslam Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Amma İranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından İslamiada baş tutmadı. Belə ki, təşkilatçı ölkə oyunların loqotipinə “Fars körfəzi” ifadəsini çıxarmışdı, ərəblər isə “Ərəb körfəzi” adında israr edirdilər.
III İslam Oyunları isə 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində təşkil olunub. Turnirdə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil edib.
May ayında isə bütün İslam dünyasının nəbzi Bakıda vuracaq. 50-dən çox İslam ölkəsinin 4 minədək ən güclü atletinin yarış meydanı olacağı “Bakı-2017”nin proqramına 22 idman növü - atletika və para-atletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası, uşu, tennis, stolüstü tennis, həndbol, cüdo və paracüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletika daxildir.
Yarışlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Bakı İdman Sarayı, “Baku Crystall Hall-1”, “Baku Crystall Hall-2” Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Sarayı, Sərhədçi İdman Kompleksi, Azərbaycan Ağır Atletika Akademiyası, Dalğa Arena, Bakı Atıcılıq Mərkəzi və Milli Gimnastika Arenasında keçiriləcək.
İslam dünyasının idman tarixində 4-cü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 50-dən çox İslam dövlətinin 4 minədək idmançının, yüzlərlə məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində paytaxtımız İslam dünyasının idman mərkəzinə çevriləcək. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə etdiyimiz təcrübə İslamiadaya evsahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi daha da artıracaq.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 4 aprel.- S. 5.