Nursultan NAZARBAYEV: “Son referendum xalqın İlham Əliyevə olan etimadını bir daha nümayiş etdirdi”
Aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının
Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü
olub.
Prezident İlham
ƏLİYEV ali qonağı salamlayaraq dedi:
-Nursultan Abişeviç, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyə
çox şadam.
Biz Sizin səfərinizə böyük
əhəmiyyət veririk.
Əminəm ki, bu səfər ölkələrimiz
və xalqlarımız
arasında qardaşlıq
münasibətlərinin möhkəmlənməsinə
xidmət edəcək.
Bizim münasibətlərimiz çox
uğurla inkişaf edir. Biz bir
sıra istiqamətlər
üzrə əməkdaşlıq
edir, beynəlxalq aləmdə həmişə
bir-birimizi dəstəkləyir,
regionda çoxsaylı
mühüm birgə tədbirlər, təşəbbüslər
həyata keçiririk.
Bugünkü səfərin gündəliyi
kifayət qədər
genişdir. Müzakirə edəcəyimiz xeyli
məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz
arasında münasibətlərin
daha fəal inkişafı işinə
xidmət edəcək.
Biz buna çox
böyük əhəmiyyət
veririk. Qazaxıstan
bizim üçün
dost, qardaş ölkədir.
Onun çox böyük potensialı var və Sizin
rəhbərliyinizlə Qazaxıstanın
qazandığı nailiyyətlər
dost kimi bizi sevindirir. Buna görə
əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli
olacaq, yaxşı nəticələr verəcək.
Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq
və regionumuzda daha əlverişli şərait yaradacaq.
Bir daha xoş gəlmisiniz.
***
Prezident Nursultan NAZARBAYEV dedi:
-Əvvəla ölkənizə rəsmi
səfərə dəvətə
görə çox sağ olun
İlham Heydər oğlu. Mən bu səfəri
böyük məmnuniyyətlə
edirəm. Çünki
mən burada özümü evdəki kimi hiss edirəm.
Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk.
Nümayəndə heyətimiz buraya səmimi əminliklə gəlib ki, bu səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, xalqlarımızın və ölkələrimizın daha da yaxınlaşmasının yeni əsasını qoyacaq. Biz artıq dünən Sizinlə ilkin danışıqlara başlamışıq və bu yeni şəraitdə hansı perspektivlərin, imkanların olduğunu görürük. Elə indi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik. Bu işlər həm sizdə, həm də bizdə həyata keçirilir və yeni əsaslar üzərində ölkələrimizin iqtisadi əlaqələrini kəskin şəkildə yüksəltmək mümkündür. İşimizi davam etdirmək üçün vaxtı bir daha dəqiqləşdirməliyik.
Mən Sizi keçirilmiş referendum münasibətilə təbrik edirəm. Əminəm ki, bu referendum Azərbaycan xalqının rifahına xidmət edəcək. Bu referendum xalqın şəxsən Sizə olan etimadını bir daha nümayiş etdirdi. Belə mürəkkəb dövrdə bu, çox mühüm məqamdır. Biz səmimi qəlbdən Sizi təbrik edirik.
Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq.
Bizim nümayəndə heyətinə göstərilən səmimi qəbula görə sağ olun. Aparacağımız danışıqlar və imzalayacağımız bəyannamə özlüyündə bizim gələcəkdə ölkələrimiz və xalqlarımız üçün nəzərdə tutduğumuz böyük işlərdən xəbər verir.
Təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ
olun.
AZƏRTAC
Azərbaycan.-
2017.- 4 aprel.- S. 2.