Əməkdaşlıq yeni mərhələyə
qədəm qoyur
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub.
Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sağ olun ki, bizim dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmisiniz.
Bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən, ilk növbədə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Sizi bir daha təbrik etmək istərdim. Bu, dünya miqyaslı məsələlərdə Qazaxıstanın rolunun, Sizin şəxsi nüfuzunuzun etiraf edilməsi və təkcə bizim regionda deyil, bütövlükdə planetdə sülhün möhkəmlənməsi üçün Sizin irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir.
Biz münasibətlərimizin inkişafından çox məmnunuq, biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik.
Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar qısa müddətdə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və regional əməkdaşlıq baxımından yeni şərait yaratmağa imkan verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür. Mənim üçün bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir.
Fikrimcə, Sizin səfəriniz və qəbul ediləcək qərarlar investisiyaların həcmini artırmaq üçün özəl sektoru da stimullaşdıracaq. Sizi bir daha salamlamaq və əmin olduğumu bildirmək istərdim ki, bu səfər çox uğurlu keçəcək və ölkələrimizi daha da yaxınlaşdıracaq. Xoş gəlmisiniz.
***
Prezident Nursultan NAZARBAYEV dedi:
-Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən, ilk növbədə, Sizin ölkənizə çoxdan gözlənilən bu səfərə dəvət üçün dərin təşəkkürümü bildirmək istərdim. Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək.
Biz həqiqətən bütün məsələləri müzakirə etdik. İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey – bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir.
Digər məsələlərə
- həm iqtisadi və siyasi,
həm də mədəni-humanitar məsələlərə
gəldikdə isə biz münasibətlərimizi
bir daha vurğulamaq üçün
gənclərin dövlətlərimizdəki müvafiq
ali məktəblərə qəbul edilməsi,
mədəni münasibətlərin, ziyalıların
görüşlərinin, iki ölkənin
qarşılıqlı mədəniyyət günlərinin bərpa
olunması məsələlərinə diqqət yetirməliyik.
Bunun üçün
yaxşı imkanlar, bir
növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız
olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır
və bütün məsələlərə
tam şəkildə qoşulublar.
Bu, bizim ticari əlaqələrimiz üçün
yaxşı körpüdür. Mən
bilirəm ki, məhz onlar
müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi
yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə,
biz bunu dəstəkləməliyik.
AZƏRTAC
Azərbaycan.-
2017.- 4 aprel.- S. 2.