Şəhid Raquf Orucovun xatirəsi anıldı

 

Aprel döyüşləri zamanı şəhid olan əsgər zabitlərimizin ruhu daim yad edilir, onların qəhrəmanlığı yüksək dəyərləndirilir.

Sumqayıt Dövlət Dram Teatrında təşkil edilən tədbir həmin döyüşlərdə qəhrəmanlıq göstərən şəhidlərimizdən biri Raquf İbrahim oğlu Orucova həsr edilmişdi. Mərasimdə şəhidin yaxınları, döyüş yoldaşları, Sumqayıtın icra strukturlarının nümayəndələri iştirak edirdi. Əvvəlcə iştirakçılar teatrın girəcəyində R.Orucovun xatirəsinə həsr edilən sərgini maraqla izlədilər. Burada  onun həyat yoluna həsr olunanMurov qartalı” kitabının təqdimatı keçirildi. İştirakçılara kitabın müəllifləri Elşən Əliyev və Elxan Salahov cəsur kəşfiyyatçının keçdiyi şərəfli yoldan söz açdılar.

Daha sonra R.Orucovun hərbçi yoldaşları onunla bağlı xatirələrini danışdılar. Bildirildi ki, polkovnik-leytenant Raquf Orucov ona tapşırılan bütün tapşırıqları cəsarətlə yerinə yetirmişdir. Hərb həyatına Murovda taqım komandiri kimi başlayan Raquf bacarıqlı döyüşçü olduğunu ilk gündən sübut etmişdi. 1998-ci ilin 24 iyulunda Azərbaycan Prezidentinin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Ona vaxtından əvvəl kapitan rütbəsi verilmiş, 2001-ci ildə qüsursuz xidmət göstərdiyinə görə medalla təltif olunmuşdur.

2012-ci ilin yayında onu Ağdamda yerləşən hərbi hissəyə komandir təyin edirlər. Doğulub boya-başa çatdığı Ağdamın hər daşına bələd olan Raquf komandanlığın bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmişdir. Ona xidmətdə göstərdiyi fədakarlıq və yüksək hərbi bacarığına görə yenə də vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilmişdi.

Çıxış edənlər bildirdilər ki, Raqufun keçdiyi qısa, lakin şərəfli yol gənc nəslə bir nümunə, hərb tariximizin isə qəhrəmanlıq səhifələrinə çevriləcəkdir.

Sonda  Raquf Orucova həsr edilən “Aprel döyüşləri: Murov qartalı” adlı sənədli film nümayiş etdirildi.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 4 aprel.- S.8.