Tədqiqatçı alimə nüfuz qazandıran yeni nəşr

 

Orta əsrlərdə müsəlman Şərqində ən geniş yayılmış mövzulardan biri İslamda mühüm yer tutan və dini-fəlsəfi cərəyan kimi tanınan təsəvvüflə bağlıdır. Bu dövrdə təsəvvüfə dair əsasən ərəb və fars dillərində çoxlu sayda poeziya örnəkləri və elmi əsərlər yazılmışdır ki, onların sırasında görkəmli Azərbaycan filosof-şairi Şeyx Mahmud Şəbüstərinin (1287-1320) yazdığı “Gülşəni-raz” məsnəvisi xüsusi yer tutur.

Klassik ədəbiyyatda işlənən bir sıra sufi rəmzlərinə və ümumiyyətlə sufizmin mahiyyətinə həsr olunmuş Şəbüstərinin fars dilində yazdığı “Gülşəni-raz” əsəri təsəvvüfün təməl kitablarından, ana qaynaqlarından sayılmış və yarandığı dövrdən başlayaraq böyük şöhrət qazanmışdır. Həcmcə çox da böyük olmayan “Gülşəni-raz”a orta əsrlərdə çoxlu sayda şərhlər yazılmış və istər Yaxın Şərq alimləri, istərsə də Avropa şərqşünasları dönə-dönə ona müraciət edərək əsərin mahiyyətini və əhəmiyyətini açıqlamışlar. “Gülşəni-raz”ın məşhurluğunu sübut edən başlıca göstəricilərdən biri də əsərin müxtəlif dövrlərdə türkAvropa dillərinə tərcümə olunmasıdır ki, onlardan ən qədimi Şirazi təxəllüslü XV əsr Azərbaycan şair-mütərciminin qələmindən çıxmışdır.

Dövrünün sufi şairlərindən olan Şirazinin 1426-cı ildə tamamladığı bu dəyərli klassik tərcümə nümunəsi haqqında orta əsr təzkirələri, eləcə də ayrı-ayrı Şərq alimləri ilkin və qısa məlumat versələr də, kitab yalnız son vaxtlar görkəmli Azərbaycan mətnşünas-dilçi alimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu tərəfindən həm genişsistemli filoloji-tekstoloji tədqiqata cəlb olunmuş, həm də əsərin tam mətni geniş açıqlamalarla ilk dəfə nəşrə hazırlanmışdır. İstər təsəvvüfə, istərsə də tərcümə və ədəbi dil tariximizə dair dəyərli qaynaq olan Şirazinin bu tərcümə əsərinin təhlilini verməzdən öncə qeyd edək ki, kitabın müəllifi Möhsün Nağısoylu 1971-ci ildə Azərbaycan (indi Bakı) Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirib və həmin ildən taleyini Azərbaycan Elmlər Akademiyasına bağlayıb. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən alim 44 ilə yaxın müddət ərzində Əlyazmalar İnstitutunda işləyərək burada saxlanılan farsca və türkcə qədim əlyazma kitabları üzərində sistemli elmi araşdırmalar aparmış və onların mətnşünaslıq və dilçilik istiqamətində tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. Möhsün Nağısoylunun bu sahədəki elmi araşdırmalarının nəticəsi olanOrta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, “XVI əsr Azərbaycan tərcümə abidəsi” “Şühədanamə”, “Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri”, “Əhmədi Təbrizi və onun “Əsrarnamə” tərcüməsi”, “Həzininin “Hədisi-ərbəin” tərcüməsi”, “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir”, “A.Bakıxanovun “Riyazül-qüds” əsəri” və digər monoqrafiyaları, nəşrə hazırladığı çoxlu sayda klassik əsərlər, fars dilindən etdiyi tərcümələr Azərbaycan milli humanitar elminin, xüsusilə də filologiyanın inkişafında mühüm rol oynamış və elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir.

Möhsün Nağısoylunun ümumi sayı 40-dan çox olan kitablarının, 300-dən çox məqalələrinin səsi-sorağı ölkəmizin hüdudlarını aşaraq mətnşünas-dilçi alimə bir sıra qonşu xarici ölkələrdə də böyük nüfuz qazandırmışdır. Təsadüfi deyil ki, alimin bəzi əsərləri Almaniya, Türkiyə və İran İslam Respublikasında nəşr olunmuşdur. Bu yaxınlarda isə Möhsün Nağısoylunun “Şirazionun “Gülşəni-raz” tərcüməsi” adlı sanballı monoqrafiyası qardaş Türkiyənin tanınmış nəşriyyatlarından olanManas” yayım evində işıq üzü görmüşdür. Qeyd edək ki, Möhsün Nağısoylu Şirazinin bu dəyərli tərcümə əsərini hələ 1994-cü ildə uğurla müdafiə etdiyi “XV-XVI əsrlər Azərbaycan tərcümə əsərləri (mətnşünaslıq, dilçilik və tərcümə məsələləri)” mövzusunda sanballı doktorluq dissertasiyasının ayrıca bir fəslində yığcam şəkildə araşdırmış, 2004-cü ildə isə ona monoqrafiya həsr etmişdir. Alimin bu monoqrafiyası böyük şöhrət qazanmış və 2011-ci ildə Bakıda təkrar nəşr olunmuşdur.

Möhsün Nağısoylunun uzun illərdən bəri orta əsrlərə aid əlyazmalar üzərində apardığı araşdırmalar sayəsində ilk dəfə müəyyən edilmişdir ki, klassik Azərbaycan tərcümə ədəbiyyatı nümunələri, o cümlədən Şirazinin adıçəkilən tərcüməsi bir sıra səciyyəvi xüsusiyyətləri ilə müasir tərcümələrdən köklü şəkildə fərqlənir. Aydınlıq üçün təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsəri cəmi 1006 beytdən ibarət olduğu halda, Şirazinin eyni adlı sərbəst poetik tərcüməsindəki beytlərin sayı 2800-lə 3000 arasındadır. Ümumiyyətlə, alimin tədqiqatları göstərir ki, orta əsr mütərcimləri ana dilinə çevirdikləri əsərlərə, bir qayda olaraq, sərbəst və yaradıcı yanaşmış, tərcümə mətnlərinə mövzu ilə bağlı öz fikirlərini, duyğu və düşüncələrini də əlavə etmişlər. Şirazinin “Gülşəni-raz”ı da klassik Şərq tərcümə sənətinə xas olan bir sıra səciyyəvi əlamətləri qabarıq şəkildə özündə əks etdirirbu baxımdan da böyük əhəmiyyət daşıyır.

Möhsün Nağısoylu adıçəkilən sanballı monoqrafiyasında öncə Şeyx Mahmud Şəbüstəri və onun “Gülşəni-raz” əsəri haqqında yığcam məlumat vermiş, sonra isə orta əsr təzkirələri və digər mötəbər qaynaqlar əsasında ilk dəfə olaraq onun nisbətən az tanınan davamçısı, Şirazi təxəllüslü şair-mütərcimin həyat və yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmişdir. Onu da qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığında Şirazi haqqında ilk araşdırma aparan, onu elmi ictimaiyyətimizə təqdim edən Möhsün Nağısoyludur. Alimin gərgin axtarışları nəticəsində məlum olmuşdur ki, əslən Şiraz şəhərindən olan bu istedadlı şair-mütərcim XIV yüzilliyin 70-ci illərində indiki Türkiyə ərazisində doğulmuşburada yaşayaraq dövrünün sufi şeyxlərindən olmuş, doğma ana dilində bir sıra lirik şeirlər yazmışdır. Şiraziyə daha çox şöhrət qazandıran isə onun 1426-cı ildə tamamladığı və dövrün hökmdarı Sultan II Murada həsr etdiyi “Gülşəni-raz” tərcüməsidir. Tərcümənin ayrı-ayrı ölkələrin kitabxana və muzeylərində saxlanılan 50-yə yaxın əlyazma nüsxəsi kitabın geniş şəkildə yayıldığını və məşhurluğunu sübut edir. Yeri gəlmişkən, istər tərcümənin müxtəlif əlyazma nüsxələrini, istərsə də Şirazinin bir neçə lirik şeirini ilk dəfə aşkara çıxaran məhz Möhsün Nağısoylu olmuşdur. Monoqrafiyada bütün bunlar haqqında dəyərli məlumat verən müəllif tərcümənin üç əlyazma nüsxəsinin mətnlərini müqayisəli şəkildə araşdıraraq əlyazmaşünaslıq, tarixi fonetikatarixi orfoqrafiya ilə bağlı bir sıra mühüm nəticələri ortaya qoymuşdur. Bütün bu məsələlər haqqında alimin fikir və qənaətləri onun adıçəkilən sahələr üzrə yetkin və təcrübəli bir mütəxəssis olduğunu sübut edir. Qeyd etmək lazımdır ki, xalqımızın ən böyük milli mənəvi sərvətlərindən sayılan qədim Şərq əlyazmaları üzrə səriştəli və bacarıqlı mütəxəssislərə yaşadığımız dövrdə böyük ehtiyac duyulur və təəssüf ki, onların sayı ölkəmizdə o qədər də çox deyil.

Monoqrafiyanın ayrıca bir fəsli “Gülşəni-raz” tərcüməsi ilə onun farsca orijinalının mətnlərinin müqayisəli təhlilinə həsr olunmuşdur. Alimin müqayisəli mətnşünaslıq araşdırması göstərir ki, Şirazi də, bir sıra digər klassik mütərcimlər kimi, tərcümə sənətini bədii yaradıcılığın ayrıca bir qolu kimi dəyərləndirmiş, məhz buna görə də sələfi Şəbüstərinin əsərinin əksər yerlərini olduğu kimi tərcümə etməklə yanaşı, ənənəyə görə, haşiyəyə çıxararaq tərcümənin mətninə mövzuya dair öz fikirlərini artırmışdır. Bütövlükdə isə mətnşünas alimin qənaətinə görə, Şirazinin “Gülşəni-raz”ı klassik sərbəst yaradıcı tərcümə nümunəsidir.

Monoqrafiyanın sonuncu - üçüncü fəslində Şirazinin “Gülşəni-raz” tərcüməsinin dil-üslub xüsusiyyətləri araşdırılır. Ədəbi dil tarixi üçün böyük əhəmiyyət daşıyan bu fəsildə Möhsün Nağısoylu tərcümənin dilində aşkara çıxardığı bir sıra qədim türk sözləri üzərində xüsusi olaraq dayanır və onların semantik məna özəlliklərini açıqlayır. Bu qəbildən olan sözlərin müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıdığını vurğulayan müəllif onların türk dillərinə aid qədim mənbələrdə və ayrı-ayrı dialektlərimizdə işlənməsini konkret nümunələr əsasında göstərir.

Möhsün Nağısoylunun “Şirazionun “Gülşəni-raz” tərcüməsi” kitabının müsbət keyfiyyətlərindən birionun ayrıca bir hissəsində müəllifin üç əlyazması əsasında hazırladığı tərcümənin tam mətnini ilk dəfə Türkiyə oxucularına təqdim etməsidir. Müəllif ilk dəfə olaraq tərtib etdiyi tərcümənin mətni ilə yanaşı, burada işlənmiş bir sıra tarixi şəxsiyyətlər və sufi istilahları ilə bağlı olduqca dəyərli izah və açıqlamalarını da kitabın sonunda vermişdir ki, bu da əsərin məzmun və mahiyyətini müasir oxucunun doğru-düzgün şəkildə qavramasını asanlaşdırır.

Kitabda monoqrafiyanın rusingilis dillərində xülasəsinin, eləcə də ayrıca olaraq indekslərin verilməsi müsbət təsir bağışlayır. Monoqrafiyanın sonundakı üz qabığında verilmiş annotasiyada xüsusi olaraq vurğulanır ki, Azərbaycanın görkəmli elm adamı, professor Möhsün Nağısoylunun “Şirazionun “Gülşəni-raz” tərcüməsi” kitabının Türkiyə çapı ölkənin mütəxəssisləri və oxucuları üçün dəyərli bir ərməğandır.

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik

 

Azərbaycan.- 2017.- 4 aprel.- S.7.