Qurtuluş günü Cocuq Mərcanlıda yeni həyat
başlayacaq
Əli Həsənov: “Kəndin
tikinti-quruculuq prosesi Prezident İlham
Əliyevin şəxsi nəzarətindədir”
İllərdir işğal altında olan torpaqlarımıza böyük qayıdış gününü həsrətlə gözləyən Azərbaycan xalqının arzusu çin olur. Təxminən iki aydan sonra böyük qayıdışın ilk qaranquşu olan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində həyat yenidən canlanacaq. 24 illik məcburi köçkünlük həyatında bəlkə də illərdir bir-birindən hal-əhval tuta bilməyən cocuqmərcanlıların həsrətinə son qoyulacaq. Bu isə, digər məcburi köçkün soydaşlarımızda doğma yurda qayıdışa inam hissini daha da artıracaq.
Yeni libasa bürünən Cocuq Mərcanlı
Cəmi beş ay müddətində erməni vandallarının daşı-daş üzərində qoymayaraq xarabalığa çevirdikləri Cocuq Mərcanlı bu gün tamamən yeni libasa bürünüb. Fevral ayından başlanan tikinti-quruluq işləri yekunlaşmaq üzrədir.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 4 milyon, kəndə gedən avtomobil yolunun tikintisi üçün isə 4,3 milyon manat vəsait ayrılıb.
Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti-quruculuq işlərinin gedişatı ilə tanış olmaq üçün Cocuq Mərcanlıya səfər edib. Media nümayəndələrinin də iştirak etdiyi səfərdə görülən son işlərlə bağlı ətraflı məlumat verilib.
Yeni avtomobil yolu 7 kəndin
gediş-gəlişini xeyli
rahatlaşdıracaq
Kəndə çəkilən və ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun eni 12 metr təşkil edir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrdə isə bərpa işləri aparılır. Layihəyə uyğun olaraq yolboyu aparılan torpaq işləri, yol yatağının tikintisi yekunlaşıb. Hazırda yol əsasının inşası və buna paralel olaraq asfalt-beton örtüyünün ilk qatının döşənməsi işləri aparılır. Artıq yolun 3 kilometrə yaxın hissəsinə asfalt-beton örtüyünün ilk qatının döşənməsi başa çatıb. Qalan 4 kilometrlik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılıb. Daha sonra yolboyu ikiqat olmaqla, yeni asfalt-beton örtüyü döşənəcək.
Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini xeyli rahatlaşdıracaq.
On gün müddətində 50 evin hörgüsü tam başa çatacaq
İnşaat sahəsi ilə tanışlıq zamanı isə bildirildi ki, hazırda kənddə 50 ev və məktəb binasının tikintisi sürətlə davam edir. İnşaat işlərinə 30-a yaxın texnika, 145-dən çox işçi cəlb edilib. Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri bitib. 10 gün müddətində 50 evin hörgüsü tam başa çatacaq.
Kəndə xarici qaz və elektrik xətlərinin çəkilişi də artıq başa çatıb. Evlər tam hazır olduqdan sonra daxili qaz və elektrik xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq. May ayının sonuna qədər isə 50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin tam çəkilişi yekunlaşacaq. Qeyd edək ki, birinci mərhələdə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Ərazidə bərpa prosesinin ikinci mərhələsində isə daha 100 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək.
Şuşa məscidinin analoqu
beş aya tikilib təhvil veriləcək
Ərazi ilə tanışlıqdan sonra Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə tikilməsi nəzərdə tutulan məscidin ərazisinə də baş çəkdi. Bildirildi ki, inşaat işlərinə martın 22-dən start verilib. Burada tikiləcək məscid Şuşa məscidinin bənzəri olacaq. Bu məqsədlə 50 sot sahə ayrılıb. Minarələrinin hündürlüyü 27 metrə çatacaq məscidin ərazisində mərasim zalı da tikiləcək, dini ibadət üçün bütün şərait yaradılacaq. Məscidin 5 ay müddətində tikilib təhvil verilməsi nəzərdə tutulur.
Aparılan tikinti-quruculuq işləri bir daha təsdiqləyir ki, yaxın zamanlarda kənd sakinləri rahatlıqla öz evlərinə köçə biləcəklər. İlkin mərhələdə Cocuq Mərcanlıda 50 ev tikilsə də, Prezidentin sərəncam imzalamasından cəmi bir neçə gün sonra 250-yə yaxın ailə doğma kəndə qayıtmaq üçün müraciət edib. Təbii ki, ilkin mərhələdə heç də hamı kəndə köçə bilməyəcək. Əsasən gənc və çoxuşaqlı, təsərrüfatla məşğul olan ailələrə üstünlük veriləcək. Növbəti mərhələdə digər ailələrə də kənddə ev tikiləcək. Bunun üçün yerlər müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb.
Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə inşaat sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. Dövlət komitəsinin sədri inşaat işlərinin gedişi ilə tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinləyib. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını bildiriblər.
Cocuq Mərcanlıya qayıdış günü
artıq müəyyənləşib
Tikinti-quruculuq işləri ilə tanış olduqdan sonra Baş nazirin müavini Əli Həsənov media nümayəndələrinə müsahibə də verib. Bildirib ki, keçən il aprel döyüşləri və o döyüşlər nəticəsində əldə olunan qələbə Azərbaycanın müstəqillik dövründə ordumuzun ən uğurlu qələbəsidir: “Bu qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilib. Artıq qələbədən bir il ötür. Biz adətən, hər il işğal altında olan rayonlarımızın işğal gününü qeyd edirik. Bunu qeyd etməyimizin ideoloji mənası var, yəni dünya ictimaiyyətinə bir daha torpaqlarımızın işğal altında olduğunu çatdırırıq. Digər tərəfdən, insanlarımız bir sıxıntı keçirirdilər ki, işğal gününü yığışırıq, qeyd edirik. Ancaq xoş məqamdır ki, bu gün işğal gününü qeyd etmirik, azad edilən bir kəndin ərazisindəyik. Bu kənddə yaşamaq üçün imkan yaranan kimi, Azərbaycan Prezidenti kəndin bərpası haqqında sərəncam verdi və burada sürətlə tikinti işlərinə başlandı. İlkin olaraq 50 ev, bir məktəb tikilir. Eyni zamanda Cocuq Mərcanlıda Şuşa məscidinin analoqu olan bir məscidin də tikintisinə başlanıb”.
Baş nazirin müavini Cocuq Mərcanlıda aparılan tikintinin digər məcburi köçkün qəsəbələrin tikintisindən fərqli olduğunu qeyd edib. Vurğulayıb ki, bütün qəsəbələr dövlət başçısının ayırdığı vəsait və şəxsi nəzarəti altında tikilib. Ancaq geri qayıdışın ilk qaranquşu olan bu kəndin bərpası xüsusən Prezidentin şəxsi nəzarəti altındadır: “Biz mütəmadi olaraq kənddə aparılan tikinti işləri ilə bağlı Prezident İlham Əliyevi məlumatlandırırıq. Bu kəndin tikintisi, qayıdış prosesinin başlaması ilə əlaqədar nəinki məcburi köçkünlərdə, ümumən xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Azərbaycanda hara gedirsən, Cocuq Mərcanlı deyirlər. Nəinki Azərbaycanda, artıq bütün dünyada Cocuq Mərcanlı ifadəsi işlədilir. Bu, Azərbaycan Prezidentinin apardığı xarici, ideoloji siyasətin konkret nəticəsidir ki, azad olunmuş bir kəndin bərpası bütün dünyaya səs salıb”.
Əli Həsənov Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə qayıdış gününün, yəni açılış mərasiminin Milli Qurtuluş Günü ərəfəsinə planlaşdırıldığını da diqqətə çatdırıb.
Aprel şəhidləri hərb tariximizə yeni
şanlı səhifələr yazdılar
Cocuq Mərcanlıda aparılan tikinti işləri ilə tanış olduqdan sonra Baş nazirin müavini Füzuli rayonunun Bala Bəhmənli kəndində Azərbaycan Ordusunun zabiti, aprel döyüşləri zamanı şəhid olmuş Elnur Əliyevin il mərasimində iştirak etdi. Rayon rəhbərliyinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasimdə Əli Həsənov Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı necə təşvişə salmasından danışdı. Diqqətə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Xalqımız isə torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazıblar. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır.
Daha sonra Biləsuvarda Cəbrayıl rayon sakinləri üçün inşa edilmiş qəsəbədə məskunlaşmış məcburi köçkün, müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarı ziyarət olundu. Cəbrayıllı məcburi köçkünlərlə görüşən Baş nazirin müavini bir daha vurğuladı ki, aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu qələbə ordu ilə xalqın birliyini əyani şəkildə sübut etdi.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllindən söz açan Əli Həsənov diqqətə çatdırdı ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim məcburi köçkünlərin problemlərinin həll olunması istiqamətində ciddi işlər görür. Məhz ilk müşavirəsini məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun bu təbəqədən olan insanlara göstərdiyi qayğının bariz təcəssümüdür.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bu gün düşməni İrəvana qədər qovmaq gücündə olduğunu vurğulayan Əli Həsənov bildirdi ki, tezliklə bütün işğal edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri başlanacaq və bu, dünyaya böyük əks-səda salacaq.
Sonra Baş nazirin müavini, rayon rəhbərliyi və hərbçilər şəhidin yaşadığı evdə keçirilən il mərasimində iştirak etdilər.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 5 aprel.- S. 1, 4.