Tariximizin daş salnaməsi
Tarixdə ilk dəfə təşkil
olunan Avropa Oyunları ərəfəsində
paytaxt sakinləri və şəhərimizin qonaqları
üçün Bakıda Heydər Əliyev Fondunun layihəsi
olan yeni mədəniyyət obyekti - Dövlət
Bayrağı Meydanı ərazisində Daş salnamə
muzeyi fəaliyyətə başladı.
2015-ci il 8 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə muzeyin açılışı oldu.
Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb. “Daş salnamə” sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir. Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş “Daş salnamə” ekspozisiyasına “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Bu əsərlərdə sanki ötən dövrlərin əks-sədası eşidilir. Heykəltəraş bu sərgidə “Arteriya” adlandırdığı səpkidə bir tarixi təqdim edir.
Azərbaycan torpağı ən qədim dövrlərdən daş plastikasının inkişafına imkan verən müxtəlif daş növlərinin zənginliyi ilə məşhurdur. Azərbaycanın müxtəlif guşələrində aşkar edilən çoxlu sayda daş plastikasının gözəl nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.
Minilliklər boyunca və bu günə qədər daş plastika həm incəsənətin bir növü, həm də maddi mədəniyyətin ayrılmaz hissəsi kimi ənənələrimizi, Azərbaycan xalqının mənəvi dəyərlərini və dünyagörüşünü əsrlərdən-əsrlərə adladaraq öz sonsuz salnaməsini yazmaqda davam edir.
Epiqrafik abidələr də tarixin öyrənilməsində ən qiymətli mənbədir. Yazılı mənbələrdə nadir hallarda yer alan məlumatlar daşlar üzərindəki yazılarda saxlanılır. Ekspozisiyada müxtəlif məzmunlu epiqrafik yazılar qorunub saxlanılır, xatirə plastikasının qiymətli eksponatları təqdim edilir. Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.
Muzeyi
ziyarət edən qonaqlar sərgidə təqdim
edilən eksponatlar vasitəsilə Azərbaycanda
daş plastika ənənələrinin
tarixi inkişaf və
təkamül mərhələlərini əyani şəkildə
izləyə bilərlər.
Azərbaycan.-
2017.- 5 aprel.- S. 5.