Sahibkarların tələb olunan
gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud
0,4 kV-luq şəbəkədən) olan mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması üçün texniki şərtlərin,
layihə-smeta sənədlərinin hazırlanması və verilməsi,
habelə enerji təchizatı
şəbəkəsinə qoşulması Qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 4 aprel
tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Qayda sahibkarların tələb
olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla
mövcud 0,4 kV-luq şəbəkədən)
olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
(bundan sonra - tikinti obyekti) elektrik enerjisi (gücü) alması
üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması üzrə
proseduru və tələbləri müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.2.1. Texniki Şura - Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli
fərmanına əsasən sahibkarların tələb olunan
gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud
0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması üçün texniki
şərtlərin və layihə-smeta sənədlərinin
verilməsini, habelə enerji təchizatı şəbəkəsinə
qoşulmasını həyata keçirmək məqsədilə
yaradılan, “ASAN Kommunal” mərkəzlərində (“ASAN
Kommunal” mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzlər
yaradılanadək “ASAN Xidmət” mərkəzlərində)
(bundan sonra - mərkəzlər) fəaliyyət göstərən
kollegial qurum;
1.2.2. sahibkar - əsas
məqsədi müstəqil surətdə əmlak istifadəsindən,
malların istehsalından və (və ya)
satışından, işlərin görülməsindən
və ya xidmətlərin göstərilməsindən mənfəət
götürülməsi olan hüquqi və fiziki şəxslər;
1.2.3. texniki şərtlər
- elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə
tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə
(bundan sonra - ETŞ) qoşulması ilə əlaqədar layihə-smeta
sənədlərinin hazırlanmasına əsas verən və
elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki
parametrləri özündə əks etdirən texniki sənəd;
1.2.4. enerji təchizatı
müəssisəsi (bundan sonra - ETM) - icazə əsasında əhalinin
və digər istehlakçıların elektrik enerjisi ilə
təchizatına təminat verən hüquqi şəxs;
1.2.5. sifarişçi
- ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti
obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsinə mülkiyyət və ya digər əşya
hüququ əsasında sahiblik edən sahibkar;
1.2.6. tikinti obyekti
- tikinti fəaliyyəti prosesində yaradılan və ya
yaradılmış bina və ya qurğular.
1.3. Bu Qaydaya uyğun olaraq, hər
bir sifarişçinin ETŞ-yə qoşulma hüququ
vardır.
1.4. Sifarişçinin tikinti
obyektinin enerji təchizatı şəbəkəsinə
qoşulması aşağıda göstərilən
üç mərhələdən ibarət olmaqla,
ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin
edilməlidir:
1.4.1. sifarişçinin
mərkəzlərə müraciəti, texniki şərtlərin,
layihə-smeta sənədlərinin hazırlanması və
sifarişçiyə təqdim edilməsi (göndərilməsi);
1.4.2. layihə-smeta sənədlərinin
dəyərinin ödənilməsi, tikinti-quraşdırma
işlərinin aparılması və ETŞ-yə fiziki
qoşulma;
1.4.3. tikinti
obyektinə elektrik enerjisinin verilməsi.
1.5. Bu Qaydada nəzərdə
tutulan müddətlərin axımı sifarişçinin
müraciət etdiyi tarixdən hesablanır.
1.6. Bu Qaydada nəzərdə
tutulmamış əsaslara görə sifarişçinin
tikinti obyektinin ETŞ-yə qoşulmasından imtina edilə
bilməz.
1.7. Texniki şərtlərin
hazırlanması və verilməsi üçün haqq
ödənilmir.
1.8. Texniki şərtlər 1 (bir) il müddətinə verilir. Bu
müddətdə şifarişçi ilə ETM arasında
elektrik enerjisinin alqı-satqı müqaviləsi
bağlanmadıqda verilmiş texniki şərtlər qüvvədən
düşmüş hesab edilir.
1.9. Sahibkarların tikinti obyektlərinə
əlavə güc alması (bu şərtlə ki, əlavə
güc verildiyi halda tikinti obyektinə bütövlükdə
veriləcək güc 150 kVt-dan çox olmasın) tələb
olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə
alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün
alınması üçün yeni texniki şərtlər
verilməlidir.
1.10. Sifarişçi ona verilmiş
texniki şərtləri və layihə-smeta sənədlərini
itirdikdə, o, həmin sənədlərin dublikatının
alınması üçün mərkəzlərə
müraciət etməlidir. Həmin sənədlərin
dublikatı müraciət edildiyi gün mərkəzlər
vasitəsilə sifarişçiyə ödənişsiz
verilməlidir.
1.11. Sahibkarların tələb olunan
gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud
0,4 kV-luq şəbəkədən) olan mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması üçün texniki şərtlərin,
layihə-smeta sənədlərinin hazırlanması və
verilməsi, habelə enerji təchizatı şəbəkəsinə
qoşulması ilə bağlı bu Qaydada tənzimlənməyən
digər məsələlər Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunmuş qaydada tənzimlənir.
2. Texniki şərtlərin
və layihə-smeta sənədlərinin alınması
üçün müraciət edilməsi, habelə həmin
sənədlərin hazırlanması və verilməsi
2.1. Texniki şərtlərin və
layihə-smeta sənədlərinin alınması
üçün sifarişçi “İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu
maddələrində nəzərdə tutulmuş qaydada ərizə
ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi
(yerləşəcəyi) ərazi üzrə mərkəzlərdəki
Texniki Şuraya müraciət edir. Texniki
Şuraya müraciətlərin qəbulu, qeydiyyatı, habelə
sənədlərin baxılması və verilməsi ilə əlaqədar
katiblik funksiyaları Texniki Şuranın üzvü olan ETM-in
nümayəndəsi tərəfindən həyata
keçirilir.
2.2. Ərizədə
aşağıdakı məlumatlar qeyd edilməlidir:
2.2.1. sifarişçinin
VÖEN-i;
2.2.2. sifarişçinin
ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti
obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsinin ünvanı (olduğu yer);
2.2.3. tələb
olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri
(elektrik qurğularının aktiv və reaktiv gücü,
etibarlılıq üzrə kateqoriyası);
2.2.4. sifarişçinin
poçt və elektron ünvanı (elektron ünvanı
olduqda).
2.3. Ərizəyə ETŞ-yə
qoşulması nəzərdə tutulan tikinti obyekti və ya
tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsi üzərində sifarişçinin
mülkiyyət və ya digər əşya hüququnu təsdiq
edən sənədin surəti və bu Qaydanın 2.4-cü bəndinə
əsasən hesablanmış vəsaitin ödənilməsini
təsdiq edən sənəd əlavə edilməlidir.
2.4. Layihə-smeta sənədlərinin
Texniki Şura tərəfindən verilməsinə görə
hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat (iki manat əlli qəpik) vəsait
ödənilməlidir.
2.5. Sifarişçidən bu Qaydada nəzərdə
tutulmayan məlumatlar və sənədlər tələb edilə
bilməz.
2.6. “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 31-ci maddəsinə və bu Qaydanın
2.1-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Texniki
Şuranın üzvü olan ETM nümayəndəsi
sifarişçinin mərkəzlər vasitəsilə şəxsən
təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini
və ona əlavə olunmuş sənədləri qəbul
etməli və qeydiyyata almalıdır.
2.7. Qeydiyyat zamanı həmin sənədlərin
bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinin tələblərinə
uyğunluğu yoxlanılır. Sənədlərdə
aradan qaldırılması mümkün olan, imtinaya əsas
verməyən çatışmazlıqlar aşkar edildikdə,
həmin çatışmazlıqların aradan
qaldırılmasının zəruriliyi barədə məlumat
dərhal sifarişçiyə bildirilir və formal tələblərə
əməl olunmamasının hüquqi nəticələri
ona izah edilir.
2.8. Sifarişçi həmin
çatışmazlıqları məlumatı
aldığı tarixdən ən geci 10 (on) gün müddətində
aradan qaldırmalıdır. Bu zaman bu
Qaydanın 1.4-cü bəndində nəzərdə
tutulmuş müddətin axımı dayandırılır.
Çatışmazlıqların aradan
qaldırıldığı barədə sifarişçinin
müraciətindən sonra müddətin axımı bərpa
olunur.
2.9. Sifarişçi sənədlərdə
aşkar olunmuş çatışmazlıqları bu
Qaydanın 2.8-ci bəndində göstərilən müddətdə
aradan qaldırmadıqda, müraciətin baxılmamış
saxlanılması haqqında Texniki Şura tərəfindən
qərar qəbul edilir və bu barədə məlumat 2 (iki)
gün müddətində mərkəzlər və ya
sifarişli poçt göndərişi vasitəsilə
sifarişçiyə təqdim edilir və ərizəsində
qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir.
Texniki Şura tərəfindən müraciətin
baxılmamış saxlanılması haqqında qərar qəbul
olunduqda, sifarişçinin bu Qaydanın 2.4-cü bəndinə
əsasən ödədiyi vəsait 1 (bir) gün müddətində
geri qaytarılmalı, sifarişçiyə təqdim edilən
və ya göndərilən məlumatda vəsaitin əldə
olunma qaydası əks olunmalıdır.
2.10. Texniki Şura bu Qaydanın
2.6-cı bəndində nəzərdə tutulan sənədləri
icraata qəbul etdikdən sonra, elektrik xətlərinin
keçəcəyi ərazinin xüsusiyyətlərinə
uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin
razılaşdırılması tələb olunan
qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin
(sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və
qanunla nəzərdə tutulan digər qurumların rəyinin
alınmasını təmin etməlidir. Bu məqsədlə
Texniki Şura bu Qaydanın 2.6-cı bəndində nəzərdə
tutulan sənədləri icraata qəbul etdiyi gündən
etibarən 1 (bir) gün ərzində üzv qurumlarla birlikdə
tikinti obyektinə ən yaxın məsafədə yerləşən
lazımi gücə malik enerji mənbəyini, həmin mənbədən
tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi
üçün optimal trassanı (yolu) və həmin trassa
(yol) üzrə elektrik xətlərinin çəkilməsi
üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.
2.11. Bu Qaydanın 2.10-cu bəndinə
əsasən, Texniki Şura tikinti obyektinə elektrik enerjisi
(gücü) verilməsi üçün seçilən
trassa (yol) üzrə rəyi tələb olunan qurumlara həmin
gün müraciət edir. Texniki Şura tərəfindən
edilmiş müraciətə və təqdim olunmuş sənədlərə
həmin qurumlar 3 (üç) gündən gec olmayaraq
münasibət bildirməlidirlər. Həmin
qurumlar tərəfindən münasibət bildirilərkən,
layihə-smeta sənədlərində nəzərə
alınması üçün trassanın (yolun)
razılaşdırılmasına aid texniki tələblər
və işlərin icrasına tələb olunan vəsait
ayrıca göstərilir. Həmin müddət
ərzində münasibət bildirilmədikdə məsələ
razılaşdırılmış hesab edilir.
2.12. Texniki Şura qurumların
razılığını aldığı gün texniki
şərtlər və layihə-smeta sənədlərinin
hazırlanması üçün ETM-ə müvafiq sənədlərlə
müraciət edir. ETM 7 (yeddi) gün müddətində
sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü)
alması üçün texniki şərtləri və layihə-smeta
sənədlərini hazırlayır. Texniki
şərtlər və layihə-smeta sənədləri
hazırlanarkən sifarişçinin tikinti obyektinə ən
yaxın məsafədə olan lazımi gücə malik enerji
mənbəyi müəyyən edilməlidir. Sənədlərin hazırlanması prosesi çərçivəsində
tikinti obyektinə yerində baxış zamanı sahibkarın
cəlbi nəzərdə tutulmur.
2.13. Layihə-smeta sənədləri
hazırlanarkən mövcud şəbəkəni gücləndirmək
(naqilin en kəsiyinin artırılması, transformatorların
gücünün artırılması və ya dəyişdirilməsi,
ehtiyat yuvaların quraşdırılması və s.)
üçün ETM tərəfindən çəkilən xərclər
mütənasib olaraq nəzərə alınmalıdır.
2.14. ETM tərəfindən texniki
şərtlər və layihə-smeta sənədləri
Texniki Şuraya təqdim olunduqdan sonra onlara 1 (bir) gün ərzində
baxılır və təsdiq edildiyi təqdirdə Texniki
Şuranın üzvü olan ETM nümayəndəsi tərəfindən
həmin gün sifarişçiyə mərkəzlər vasitəsilə
təqdim edilir və ya sifarişli poçtla və
sifarişçinin ərizəsində qeyd olunduğu hallarda
elektron poçt ünvanına göndərilir.
2.15. ETM tərəfindən təqdim
olunan texniki şərtlərə və layihə-smeta sənədlərinə
Texniki Şura tərəfindən baxılarkən onların təsdiq
edilməsindən imtina edildikdə, Texniki Şura həmin
gün imtinanın səbəblərini əsaslandırmaqla,
imtinaya səbəb olan halların aradan qaldırılması
üçün ETM-ə müraciət edir. ETM
tərəfindən 2 (iki) gün müddətində imtinaya səbəb
olan hallar aradan qaldırılmaqla sənədlər yenidən
işlənilməli və Texniki Şuraya təqdim edilməlidir.
2.16. Tikinti obyektinin ETŞ-yə
qoşulması üçün hazırlanan layihə-smeta sənədlərində
göstərilən smeta xərcləri bu Qaydanın 3.1-ci bəndində
nəzərdə tutulmuş işlərin yalnız ETM tərəfindən
həyata keçirildiyi hallara şamil edilir.
2.17. Tikintiyə icazə icraatı
çərçivəsində şəhərsalma və
tikintiyə dair normativ sənədlərin tələblərinə
uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər
sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına
müraciətinə əsasən həmin orqanın
sorğusu əsasında bu Qaydada nəzərdə tutulmuş
tələblərə əməl olunmaqla verilir.
2.18. Müvafiq yerli icra hakimiyyəti
orqanı tərəfindən mərkəzlər vasitəsilə
göndərilən sorğuya sifarişçinin ərizəsinin
surəti ilə yanaşı, tikinti ərazisinin vəziyyət
planı, tikinti obyektinin yerləşəcəyi torpaq sahəsi
üzərində sifarişçinin mülkiyyət və ya
digər əşya hüququnu təsdiq edən sənədin
surəti, obyektin istismarı üçün mühəndis-kommunikasiya
təminatına dair tələbat göstəriciləri barədə
sənədlər və obyektin tikintisinə dair layihənin
surətləri əlavə edilir.
3. Layihə-smeta sənədlərinin
dəyərinin ödənilməsi, tikinti-quraşdırma
işlərinin aparılması və ETŞ-yə fiziki
qoşulma
3.1. Tikinti obyektindən və ya
tikinti obyektinin yerləşəcəyi torpaq səhəsindən
(ETM və ya ixtisaslaşdırılmış müəssisə
tərəfindən müəyyən edilmiş yerdən)
ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin
çəkilməsi və tikinti-quraşdırma işləri,
sifarişçinin seçiminə uyğun olaraq, ETM və ya
ixtisaslaşdırılmış müəssisə tərəfindən
həyata keçirilir.
3.2. Elektrik xətlərinin çəkilməsi
və tikinti-quraşdırma işləri
ixtisaslaşdırılmış müəssisə tərəfindən
həyata keçirildikdə, ETM-in balansında olan elektrik
qurğularında görülməli işlər
ixtisaslaşdırılmış müəssisə ilə
ETM arasında bağlanmış müqavilə əsasında
ETM tərəfindən icra olunur.
3.3. Tikinti obyektinin ETŞ-yə
qoşulması və ya tikinti obyektinin yerləşəcəyi
torpaq sahəsində (ETM-i tərəfindən müəyyən
edilmiş yerdə) ETŞ-yə qoşulma ETM tərəfindən
həyata keçirildikdə, işlər bu Qaydanın 2-ci
hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə
və layihə-smeta sənədlərinə əsasən,
işin görülməsi üçün həmin layihə-smeta
sənədlərində əks olunan vəsait nağdsız
qaydada ödənildikdən sonra 10 (on) gün müddətində
yerinə yetirilir.
4. Tikinti obyektinə elektrik enerjisinin verilməsi
4.1. Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin, bu işlər ixtisaslaşdırılmış müəssisə tərəfindən yerinə yetirildiyi halda isə həmçinin həmin ixtisaslaşdırılmış müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq istismara qəbul aktı imzalanır, həmin gün ETM ilə sifarişçi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanır və ETM tərəfindən elektrik enerjisinin verilməsi təmin edilir.
4.2. İstismara qəbul aktı imzalandığı halda ETM tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilə bilməz.
4.3. İstismara qəbul aktının verilməsi üçün baxış keçirilərkən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş işlərin texniki şərtlərə və layihə-smeta sənədlərinə uyğun aparılmadığı müəyyən olunduqda, bu barədə sifarişçiyə və elektrik xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisəyə 2 (iki) gün müddətində aradan qaldırılmalı çatışmazlıqlar göstərilməklə əsaslandırılmış cavab verilməlidir.
4.4. Elektrik xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisə 2 (iki) gün müddətində bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq verilən cavabda göstərilmiş çatışmazlıqları aradan qaldırmalı və görülən işlərə bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq yenidən baxış keçirilməlidir.
4.5. Elektrik xətlərini
çəkən və tikinti-quraşdırma işlərini
yerinə yetirən müəssisə göstərilən
çatışmazlıqlarla razılaşmadıqda, həmin
müəssisə bununla bağlı Texniki Şuraya müraciət
edə bilər. Bu halda Texniki Şura mübahisə yaradan
çatışmazlıqlarla bağlı
tikinti-quraşdırma işləri aparılan əraziyə 1
(bir) gün müddətində baxış keçirir və
məsələ ilə bağlı qərar qəbul edir.
Azərbaycan.-
2017.- 5 aprel.- S. 6.