Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr edilən filmin təqdimatı olub

 

Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Muradına çatmayanlar: apreldən əvvəl və sonra” sənədli filminin təqdimatı keçirilib. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənovdur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyi ilə hazırlanmış film aprel döyüşlərində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub. Filmdə, eyni zamanda, aprel döyüşlərinin əhəmiyyətindən, qazanılan qələbədən və Qarabağa böyük qayıdışdan bəhs olunub.

Əvvəlcə Milli Qəhrəman Murad Mirzəyevin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov M.Mirzəyevin şərəfli həyat yolundan danışıb. Onun qəhrəmanlığının əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyən Ə.Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib. Bu döyüşlər, eyni zamanda, Azərbaycan Ordusunun doğrudan da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhvali-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi.

Sonra film nümayiş olunub.

ATXƏM-in sədri İlham İsmayılov çıxışında M.Mirzəyevin döyüş yolundanaprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır. Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir. Nə qədər ki Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Milli Məclisin deputatları Hikmət Məmmədov, Elman Nəsirov, Musa Qasımlı, Qənirə Paşayeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxışlarında aprel döyüşlərinin Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan Ordusunun qələbəsi hamımıza böyük ruh yüksəkliyi verir.

Vurğulanıb ki, xalqımızın, xüsusilə gənclərimizin vətənpərvərlik hissinin gücləndirilməsində belə filmlər çox böyük əhəmiyyətə malikdir.

 

Azərbaycan.- 2017.- 5 aprel.- S. 6.