Milli salnaməçiliyin
banisi
Qulam Məmmədli
- 120
1980-ci illərin əvvəlləri
idi. Mirzə Fətəli Axundzadə adına Respublika
Kitabxanasının arxivinə tez-tez gəlir, XX əsrin əvvəllərinə
aid qəzet və jurnallardakı qəliz ərəb və
fars tərkibli sözləri oxumaqda çətinlik çəkəndə
ona müraciət etməyimi məsləhət bilirdilər.
Bütün günü oxu zalında yorulmaq bilmədən
araşdırmalar aparan, qeydlərini səbirlə, təmkinlə
ümumi dəftərlərə səliqə ilə
köçürən qalın eynəkli şəxs
respublikanın əməkdar mədəniyyət
işçisi, əməkdar jurnalist, teatrşünas,
publisist, milli salnaməçiliyimizin banisi Qulam Məmmədli
idi. O, yaşın və yaradıcılığın
ucalığına, bəyaz zirvəsinə yüksələnə
qədər dövrün məşəqqətlərindən,
zamanın məhrumiyyətlərindən, həyatın
keşməkeşli, əzab-əziyyətlərlə dolu
tufanlarından keçmişdir...
Qulam Məmməd oğlu Məmmədli
1897-ci ildə qədim və zəngin elm, mədəniyyət
ənənələri olan Təbriz şəhərində
adi ictimai mühitdə dünyaya göz
açmışdır. O, anası Məşədi Zəhranın
xatirələrinə əsasən qeyd edir ki, atası Təbrizin
Rasta küçəsində yaşayan Sitarə adlı bir
qızla gizli evlənir. Bu xəbəri eşidən Məşədi
Zəhra şəhərin Xiyaban məhəlləsindən
Rasta küçəsinə qədər piyada gedib
günüsünü tapır, dişinin dibindən
çıxanı deyib qayıdır. Hamilə qadın yolun
yarısında ağrı çəkir. Qulam müəllim
anasının dediklərini belə xatırlayırdı: “Elə
onu bildim ki, özümü saldım dalana! - Nə
yaxşı ki, qapı açıq imiş. Həyətə
girdiyim yadıma gəlir. Deyəsən,
yıxıldığımı da xatırlayıram. Bir vaxt
gözümü açdım, gördüm
yorğan-döşək içindəyəm, səni də
bələyib uzadıblar yanıma” (Q.Məmmədli.
“Ömür dəftərindən səhifələr”,
Bakı, “Təhsil”, 2016, s.22).
Bu vüqarlı insan, şərafətli
ana Məşədi Zəhra xanım ərinin xəyanətini
ona bağışlamır... Cehizlərindən sabiq ərinin
xeyrinə imtina edərək, körpə Qulaməlisini
qucağına alıb atası evinə qayıdır. Altı
aydan sonra qohumlarının dəvəti ilə Təbrizdən
Bakıya, Bakıdan Aşqabada gedir. Məşədi Zəhra
burada həmşərisi Məmməd adlı bir nəfərlə
yenidən ailə qurur. Məmməd kişi kasıb olsa da, əsl
ailə başçısına çevrilir, onu
oğulluğa qəbul edir. Qulamın ata adı və
soyadı Məmməd kişinin ismindən qaynaqlanır.
Qulam Məmmədli Aşqabadda molla
yanında dörd-beş il oxuduqdan, “Çərəkə”ni,
“Quran”ı, “Gülüstan”ı, “Üsuli-cədid”i başa
vurduqdan sonra bir müddət çəkməçi
yanında şagird, tünükəçi, Nobelin neft zavodunda
fəhlə, “Ruznameyi-Maverayi-Bəhri-Xəzər” qəzetdə,
sonra müxtəlif mətbəələrdə mürəttib
işləyir. Ailənin təsərrüfat işlərinə
kömək göstərir, fərdi qaydada savadını
artırır, Sabiri, Səhhəti, Şaiqi, Mirzə Cəlili,
Cavidi, Cəfər Cabbarlını mütaliə edir, “Molla Nəsrəddin”,
“Məktəb”, “Babayi-Əmir”, “Tuti” jurnallarını mütəmadi
oxuyur, bu mətbuat orqanlarına yazılar göndərirdi.
1916-cı il may ayının 15-də
Aşqabadın dəmir yolu vağzalında Cəlil Məmmədquluzadəni
və Əliqulu Qəmküsarı qarşılayan
ziyalılar, qələm əhli arasında gənc mürəttib
Qulam Məmmədli də var idi. Şəhərdə
“Ölülər” tamaşasının hazırlanmasında o,
həvəskar aktyor kimi ciddi çalışsa da, son anda əsərin
göstərilməsinə icazə verilmir. Bununla belə, gənc
Qulam Mirzə Cəlil ilə yaxından tanış olur, onun rəğbətini
qazanmağa macal tapır.
Q.Məmmədli ilk dəfə
1923-cü il iyun ayının əvvəllərində
yazıçı, publisist Yaqub Nəsirli ilə Aşqabaddan
həsrətini çəkdiyi, arzularında
yaşatdığı Bakıya gəlir. Burada ilk getdikləri
yer - “Yeni yol” qəzetinin redaksiyası, ilk görüşdükləri
şəxs, baş redaktor Cəlil Məmmədquluzadə
olur. Mirzə Cəlilin xeyirxahlığı sayəsində
Qulam Məmmədli 8 iyun 1923-cü ildən “Kommunist” qəzetinin
mürəttibi işinə qəbul edilir. Bir müddət
sonra “Molla Nəsrəddin” jurnalına da mürəttiblik edir.
Peşəsi ilə əlaqədar burada Ruhulla Axundov, Həbib
Cəbiyev, Sultan Məcid Əfəndiyev, Əliheydər
Qarayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı,
Seyid Hüseyn, Məmmədəli Sidqi, Nemət Bəsir, Əfrasiyab
Bədəlbəyli və başqaları ilə də
yaxından tanış olur, dostluq edir.
Qulam Məmmədlinin həyatından
yazan bəzi müəlliflər onun 1924-1926-cı illərdə
Türk Teatr Məktəbində oxuduğunu və oranı
bitirdiyini qeyd edirlər. Hətta Q.Məmmədli öz xatirəsində
yazır: “1924-cü ilin payızında mən Teatr məktəbinə
qəbul edildim. Birinci kursda oxuyurdum, özü də
istehsalatdan ayrılmamaq şərti ilə. ...Beləliklə
də, birinci kursda oxuyan Fatma Qədri, Sultan Fikrət, Musa
Hacızadə, Hacıməmməd Qafqazlı və
başqaları ilə tanış ola bilirdik. Heç gözləmədiyim
yerdə Cəfər Cabbarlı da onların içində...
Burada olmasının səbəbini soruşdum, dedilər ki,
“o da bizimlə oxuyur!” Deməli, mən indi Cəfər
Cabbarlı ilə bir məktəbin şagirdi olmuşam” (Q.Məmmədli.
Cəfəri xatırlarkən. “Böyük sənətkar”,
Bakı, “Gənclik”, 1976).
Tarixi faktlar da təsdiqləyir ki, bu
xatirədə xırda yanlışlıqlar var. Cabbarlı
Teatr Məktəbində cəmi iki həftə oxuyub: -
1923-cü ilin sentyabr ayının 22-dən oktyabrın 5-dək.
Oktyabrın 5-də isə gizli “İstiqlal” qəzeti ilə əlaqəsinə
görə Azçeka tərəfindən həbs edilib.
1924-cü ildə isə C.Cabbarlı Bakı Universitetinin Tarix
fakültəsinin qədim filologiya şöbəsinə daxil
olub.
Deyilənlərdən bu qənaətə
gəlmək olar ki, Qulam Məmmədli Teatr Məktəbinə
1924-cü ildə yox, 1923-cü ildə dinləyici kimi daxil
olub. Çünki o, Cabbarlını Teatr Məktəbində
yalnız 1923-cü ilin sentyabr ayının sonu, oktyabrın əvvəlləri
görə bilərdi. İkincisi, Q.Məmmədlinin
1926-cı ildə Teatr Məktəbini bitirməsi fikri də
reallıqla səsləşmir. Çünki həmin məktəbi
1926-cı il may ayının 2-də bitirən “ilk
qaranquşlar”, on iki nəfər məzun Rza Əfqanlı,
Hacıməmməd Qafqazlı, Fatma Qədri, Mollağa Bəbirli,
Şüa Şeyxov, Akif Kazımov, Əjdər Nijdət, Əkbər
Şəfi, Fazil Dadaşov, Sultan Fikrət, Musa Hacızadə
və Ələsgər Şərifov idi.
Q.Məmmədlinin adı Teatr Məktəbinin
diplom alan məzunları sırasında da yoxdur. Məktəbi
bitirə bilməməsinin bir səbəbi də həmin ərəfədə
onun vərəm xəstəliyinə yoluxması, müalicə
üçün 1926-cı ilin aprel-may aylarında Yaltaya Vərəm
İnstitutuna göndərilməsi olmuş, orada isə
davamlı müalicə kursu aldıqdan və tam
sağaldıqdan sonra geriyə, Bakı şəhərinə,
“Kommunist” qəzetinə qayıtmışdır.
Bir məqam da
vurğulanmalıdır ki, Qulam Məmmədli yalnız
mürəttib deyil, həm də çox fəal ictimaiyyətçi,
peşəkar təşkilatçı idi. “Kommunist” qəzetinin
baş redaktoru Həbib Cəbiyev Q.Məmmədlinin təşəbbüslərini
yüksək qiymətləndirir, redaksiyadaxili və respublika əhəmiyyətli
tədbirlərə onu cəlb edirdi. Ötən il 90 illik
yubileyini qeyd etdiyimiz I Bakı Türkoloji Qurultayına dəvət
edilən nüfuzlu qonaqların dəmir yolu vağzalında
qarşılanması mərasimində, eləcə də
qurultay nümayəndələri sırasında adı
yazılmasa da, gənc, ucaboy Qulam Məmmədlini
görürük. 1926-cı il martın əvvəllərində
keçirilən qurultayın nümayəndələri
arasında məşhur türkoloqlar - T.Mentsel, professor
A.N.Samoyloviç, akademik S.F.Oldenburq, professor M.P.Pavloviç,
A.B.Baytursun, professor Aziz Qubaydullin, İsmayıl Hikmət, Əhməd
bəy Pepinov, Artur Zifeldt-Simumyaqi, Həbib Cəbiyev, S.Veltman,
Cəlil Məmmədzadə və professor Bəkir
Çobanzadə əzəmətlə dayanıb. Şəkil
mətbuat vasitəsilə tirajlanıb geniş yayılsa da, Həbib
Cəbiyevin sağ tərəfində dayanan gənc Qulam Məmmədlinin
adı Türkoloji Qurultayla bağlı nəşrlərdə
qeyd edilməyib.
Bütün bunlara baxmayaraq, Qulam Məmmədli
ictimai-siyasi həyata qaynayıb-qarışır, öz
üzərində yorulmaq bilmədən
çalışır, mütaliəsini zənginləşdirirdi.
Respublikanın əsas mətbu orqanlarında - “Kommunist” qəzetində
və “Molla Nəsrəddin” jurnalında yüksək peşəkarlıqla
mürəttiblik fəaliyyəti, yazarlarla sıx təması,
canlı klassiklərdən qazandığı redaktəetmə
səriştəsi ali jurnalistika təhsilinə bərabər
idi. Onun redaktorluq fəaliyyətinə başlaması, peşəkar
jurnalistikaya gəlişi, yaradıcılıq istiqamətində
ilk addımları 1926-cı ildən nəşrə
başlayan “Çapçı gözü” adlı
çoxtirajlı qəzetdən başladı. Sonralar Q.Məmmədli
“Kommunist” qəzetində ədəbi işçi, şöbə
müdiri, “Kəndli qəzeti”nin redaktor müavini, daha sonra “Azərbaycan
kolxozçusu”, “Yeni yol” qəzetlərinin redaktoru vəzifələrində
müvəffəqiyyətlə çalışdı,
prinsipiallığı, səmimiyyəti ilə cəmiyyətdə
böyük nüfuz qazandı. Müharibə illərində
fəaliyyətini 44 illik ayrılıqdan sonra Təbrizdə
işıq üzü görən “Vətən yolunda”
(1941-1942 və 1944-1945) adlı ordu qəzetində ədəbi
işçi kimi davam etdirdi. Burada Mirzə Məhəmməd
Naxçıvani ilə sıx dostluğu və onun
kitabxanasından səmərəli istifadə nəticəsində
Mirzə Əli Möcüzün “Seçilmiş əsərləri”
(1945), Heyran Xanımın “Seçilmiş əsərləri”,
“Bəxtiyarnamə” adlı kitabları ilk dəfə Təbrizdə
nəşr etdirdi. Müharibədən sonra isə Bakı
Kinostudiyasında ssenari şöbəsinin müdiri, 1947-ci ildən
“Kommunist” qəzetinin şöbə müdiri, 1952-ci ildən
“Kirpi” jurnalı redaksiyasında əvvəl məsul katib,
sonra baş redaktor vəzifələrində işləmişdir.
1959-cu ildə fərdi təqaüdə çıxan Q.Məmmədli
ikiillik fasilədən sonra Azərbaycan EA-nın Tarix
İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində elmi məsələlər üzrə direktor
müavini (1969-1975) vəzifələrində
çalışmışdır.
Qulam Məmmədlinin Tarix
İnstitutunda, Ədəbiyyat və İncəsənət
Arxivində çalışdığı dövr,
ümumiyyətlə isə, ömrünün son 25 ili fərdi
təqaüdəqədərki müddət ilə müqayisədə
elmi-tədqiqat işlərinin miqyası, sanbalı
baxımından daha zəngin və əhəmiyyətli
olmuşdur. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin
100 illik yubileyi münasibətilə onun 1966-cı ildə
çap etdirdiyi “Molla Nəsrəddin” salnaməsi ustad sənətkara
qədirşünaslıq nümunəsi olmaqla yanaşı, ədəbiyyat,
mədəniyyət sahəsində Azərbaycan salnaməçilik
məktəbinin bünövrəsini, təməl
daşını təşkil edir. Minlərlə arxiv sənədlərinə,
mətbuat səhifələrinə səpələnmiş
faktları “iynənin ucu ilə” bir məcraya yönəltmək,
bir süjet xəttində sıralamaq, səbirlə, təmkinlə
bu sahədə yeni sistem yaratmaq həvəsi, eşqi, əzabı
müqayisəedilməz dərəcədə
müşkül, məşəqqətli və mühüm
işdir. “Molla Nəsrəddin” salnaməsi 1866-cı ildən
1932-ci il yanvar ayının əvvəllərinədək Mirzə
Cəlilin həyatı, fəaliyyəti və
yaradıcılığı haqqında mötəbər sənədlərə,
etibarlı məxəzlərə istinad edilməklə zəngin
materiallar toplusu, misilsiz mənbəşünaslıq abidəsidir.
Bu dəyərli ensiklopedik məxəz müəllifin
sağlığında iki dəfə (1966, 1984) böyük
tirajla çap olunmuş, üçüncü nəşri
2009-cu ildə əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin
tərtibi, təkmilləşdirməsi, geniş, dolğun
ön sözü, yüksək dəyərləndirməsi ilə
nəfis şəkildə işıq üzü
görmüşdür.
Qulam Məmmədli
ucaltdığı salnamə sarayının bünövrəsi
üzərinə yeni kərpiclər qoyur, 1967-ci ildə
“Hüseyn Ərəblinski” salnaməsini, bir il sonra isə
“Cahangir Zeynalov” kitabını araya-ərsəyə gətirərək
nəşr etdirir. İncəsənətimizin,
teatrımızın bu iki qüdrətli sənətkarının
həyatı və yaradıcılığı barədə
boşluqlar demək olar ki, Qulam Məmmədlinin titanik zəhməti
sayəsində doldurulur. Onun milli teatr tariximizə ən
böyük xidməti isə ikihissəli “Azərbaycan
teatrının salnaməsi”dir. Tədqiqatın birinci hissəsi
1974-cü ildə, ikinci hissəsi isə 1983-cü ildə
işıq üzü gördü. Səksən illik (1850-1930)
teatr tariximizin arxiv materialları və mətbuat səhifələri
əsasında tarixi-xronoloji ardıcıllıqla izlənilməsi,
yeni mənbələrin və məqamların üzə
çıxarılması ədəbi ictimaiyyət
üçün böyük elmi-mədəni hadisə idi.
İkicildlik “Azərbaycan teatrının salnaməsi” tədqiq
miqyasının genişliyi, faktların yeniliyi və zənginliyi
baxımından da çəkilən zəhmətin
ağırlığını, çətinliyini, intəhasızlığını
nümayiş etdirir. Uzun illər teatrşünaslar, mədəniyyətşünaslar
üçün bu sahədə dərslik yoxluğunu əvəzləyən
yeganə və mötəbər qaynaqdır.
Qulam Məmmədli milli salnaməçilik
sahəsində elmi-tədqiqat marafonunu daha uğurla davam
etdirir, ömrünün ahıl çağında fədakarlığı
ilə ən gənc tədqiqatçıları belə təəccübləndirirdi.
O, bir-birinin ardınca “Cavid ömrü boyu” (1982), “Üzeyir
Hacıbəyov” (1983), “Abbas Mirzə Şərifzadə”
(1985), “Nəriman Nərimanov” (1987) adlı irihəcmli salnamələri
nəşr etdirir. Onun tədqiqatçı sevgisi nəticəsində
yaranan qalaq-qalaq cildlərin sanbalını nəzərdən
keçirdikcə heyrətlənməyə bilmirsən.
Oxucunu çox heyrətləndirən Qulam Məmmədlinin həcmcə
yığcam, vəzncə dağlar qədər ağır,
sanballı “İmzalar” (1977) kitabıdır. Bu əsəri Azərbaycan
mətnşünaslığının “Morze əlifbası”
da adlandırmaq olar. Dörd minə qədər gizli,
örtülü imzanın kodunu, üst qatını mötəbər
dəlil-sübutlarla açmaq, heç də asan deyil.
“İmzalar” kitabı olmadan XX yüzilliyin əvvəlləri
satirik mətbuat orqanlarımızın milli ədəbiyyatşünaslıq
üçün hazırladığı “sürprizlər”i təsəvvür
etmək belə çətindir. Əlbəttə, mətbuat
səhifələrində gedən bütün
örtülü adların öz əksini “İmzalar”
kitabında tapdığını düşünmək də
sadəlövhlük olardı.
Yadımdadır, 1985-ci il avqust
ayının 30-u idi. Qulam müəllimin evinə zəng vurub
bəzi gizli imzalar barədə köməyə ehtiyacım
olduğunu bildirdim. Güman edirdim ki, görüşmək
üçün məni Mirzə Fətəli Axundzadə
adına Kitabxanaya dəvət edəcək. Belə olmadı,
Qulam müəllim mənzilinin ünvanını söyləyərək
evdə gözlədiyini bildirdi. Sual dolu vərəqlərlə
Qulam müəllimgilə yollandım. “Molla Nəsrəddin”
jurnalında rast gəldiyim “Sancan”, “Zəhər” və b. gizli
imzaların əsl müəllifi haqqında Q.Məmmədlinin
kitabında məlumat yox idi. Geniş və ətraflı
söhbətimiz oldu. Mənə çox dəyərli məsləhətlər
verdi.
Qulam Məmmədli milli salnaməçiliyin
banisi, mətnşünaslıq, mənbəşünaslıq
məktəbinin görkəmli nümayəndəsi idi. Onunla
yalnız bir dəfə ünsiyyətdə olanlar vaxta qənaət,
fakta sədaqət məziyyətini əxz edirdilər.
Asif RÜSTƏMLİ,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və
publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-
2017.- 5 aprel.- S. 7.