Bakıya şöhrət gətirən nümunəvi
təşkilatçılıq
Mehriban Əliyevanın rəhbərlik etdiyi
Təşkilat Komitəsi İslam
dünyasının ən böyük idman tədbirini də yüksək səviyyədə
təşkil edəcək
Bu gün Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Azərbaycan ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız fədakar fəaliyyət, xalqa, vətənə layiqli xidmət məramı görüblər.
Dövlətə və xalqa layiqli xidmət missiyası
Mehriban Əliyevanın fəaliyyətindən söz açarkən onun göz önünə gələn yüksək insani keyfiyyətlərindən biri insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyidir. Hansı ki bunlar xalqımızın milli-mənəvi və mental əxlaqi dəyərlər sisteminin əsas tərkib hissəsini təşkil edir. Mehriban xanım hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. O cümlədən doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılmasını, onların sosial problemlərinin həllinə diqqət göstərilməsini, ümumiyyətlə, cəmiyyətin diqqətini bu məsələyə cəlb etməyi Mehriban Əliyeva özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva buna qədər Heydər Əliyev Fondunun prezidenti kimi məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayıb. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir.
Heydər
Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı,
işgüzarlığı və prinsipiallığı ilə
seçilən Mehriban Əliyevanı
xarakterizə edən digər mühüm
göstəricilərdən biri milli-mənəvi
dəyərlərimizin qorunmasına və dünyada
təbliğinə böyük önəm
verməsidir. İstər Heydər
Əliyev Fondunun prezidenti,
istərsə də Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir
ki, milli mədəniyyətimizin
qorunması və dünyada təbliği
Mehriban Əliyevanın xalqa
xidmət missiyasının əsas istiqamətlərindəndir.
Hansı ki bunlar
son nəticədə nəcib məqsədə
- Azərbaycanın dünyada
tanıdılmasına xidmət edir.
Ötən illər ərzində neçə-neçə
tarixi-mədəniyyət abidələrinin yenidən
qurulması, muğam musiqi
müsabiqələrinin və dünya
şöhrətli musiqiçilərin yubileylərinə həsr
edilmiş beynəlxalq festivalların
keçirilməsi, xarici ölkələrdə
müxtəlif sərgilərin təşkili bu
ali məramın intişarına yönəlib.
Azərbaycan Milli Məclisinin deputatı
adını daşımaq isə Mehriban
xanım Əliyevanın özünün
dediyi kimi böyük şərəf idi.
Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib.
Son illər Milli Məclisin qəbul etdiyi dörd amnistiya qərarı da Mehriban Əliyevanın təşəbbüsləri ilə baş tutub. Onun humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyü amnistiya aktlarının qəbul edilməsi ölkədə rəğbətlə qarşılanıb. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.
Etimada sədaqət
Azərbaycan növbəti mühüm və mötəbər beynəlxalq tədbirə hazırlaşır. Gələn ay Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Prezident İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamına əsasən, Mehriban Əliyeva oyunların keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri təyin olunub.
Mehriban xanım Əliyevaya bu məsul vəzifənin həvalə olunması təsadüfi deyil. Çünki indiyə kimi məhz onun rəhbərlik etdiyi təşkilat komitələri ölkəmizdə bir neçə tədbiri ideal səviyyədə təşkil edib. Hələ 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması daha çox yüksək təşkilatçılıq işlərinə görə yadda qaldı. Ümumiyyətlə, Azərbaycanın Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı Mehriban xanım Əliyevadır. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakı 2008-ci ildən başlayır. Həmin ildən Azərbaycan təmsilçiləri qatıldıqları bütün yarışmaların hər birini uğurla başa vurublar. 2011-ci ildə isə Azərbaycan təmsilçiləri birinci yeri tutmaqla “Eurovision”u Azərbaycana gətirdilər. O vaxt cəmi bir il ərzində Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirdi, müsabiqənin keçirildiyi “Baku Crystal Hall”ın tikintisi vaxtında başa çatdırıldı. Beləliklə, son illər çoxsaylı siyasi, mədəni, idman və digər səpkili beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan dünyanın yaxından izlədiyi “Eurovision-2012” mahnı müsabiqəsinə də evsahibliyini layiqincə etdi.
Həmin il Azərbaycanın daha bir beynəlxalq tədbirə evsahibliyi edəcəyi məlum oldu. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi.
Buna qədər Azərbaycan heç vaxt belə tədbirə evsahibliyi etməmişdi. Avropa Oyunları qitə miqyaslı olması ilə yanaşı, həm də Yay Olimpiya Oyunlarına bərabər idman tədbiri idi. Azərbaycanın isə hazırlıq üçün cəmi iki il yarım vaxtı var idi. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bu qısa vaxt ərzində ən mükəmməl hazırlıq işlərini həyata keçirdi və Avropaya öhdəliyə əməl etməyin yeni nümunəsini göstərdi.
Həmin dövrdə Bakıda beş yeni və möhtəşəm idman qurğusu inşa edildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və Veloparkdır. Yarışların keçiriləcəyi digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən quruldu. Atletlər və Media kəndləri xarici qonaqları heyran etdi. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanın uğurlu inkişafının göstəricisi idi. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi ilə Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda başa çatdırdı.
Mehriban xanım Əliyeva təşkilatçılıq missiyasını növbəti möhtəşəm tədbirlə davam etdirir. IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək. Bu yarışda 50-dən artıq ölkənin 4 mindən çox idmançısı 22 idman növü üzrə mübarizə aparacaq. Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları keçirilməyə başlandığı dövrdən etibarən dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Həmin oyunlarda Azərbaycanın fəal iştirakı və idmançılarımızın uğurlu nəticələri bir daha respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. Bu dəfə Azərbaycan həm də yarışların ev sahibidir. Lakin Azərbaycanın bu cür tədbirləri keçirmək üçün kifayət qədər təcrübəsi var.
Təşkilat Komitəsinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş birinci iclasında Mehriban Əliyeva Prezidentin və xalqın etimadını doğruldacaqlarını bəyan edərək deyib: “Bu günə qədər ölkəmizdə bir çox böyük miqyaslı beynəlxalq tədbirlər keçirilib. O cümlədən, əlbəttə, böyük uğurla keçirilən I Avropa Oyunlarını qeyd etmək istəyirəm. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərdi. Həm Siz, həm Azərbaycan xalqı, həm oyunlarda iştirak edən idmançılar, həm də qonaqlar oyunların çox yüksək səviyyədə hazırlanmasını qeyd etdilər. Ümumi fikrə görə, bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminəm ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq”.
Beləliklə, Mehriban xanım Əliyeva həm “Eurovision” mahnı yarışmasında, həm də Avropa Oyunlarında müvafiq beynəlxalq təşkilatların və ictimaiyyətin, həmçinin Azərbaycan dövlətinin etimadını yüksək səviyyədə doğruldaraq ölkəmizin imicinin yüksəlməsinə layiqli töhfələr verib. Söz yox ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi bu idman yarışının da nümunəvi keçirilməsini təmin edəcək. Eyni zamanda bu mötəbər idman tədbirinin Azərbaycanda təşkili ölkəmizin malik olduğu potensial imkanların növbəti nümayişi olacaq.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2017.- 6 aprel.-
S. 1, 3.