Azərbaycan
ilə Estoniya arasında ticarət dövriyyəsinin
genişləndirilməsi üçün yaxşı imkanlar
mövcuddur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 5-də Estoniya
Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya
Hökumətlərarası Komissiyasının sədri Mixail
Korbun başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlətimizin başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğuladı.
Dövlətimizin başçısı ölkələrimizin informasiya texnologiyaları sahəsində uzun müddət çox uğurlu əməkdaşlıq həyata keçirdiyini və Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd etdi. Estoniyanın bu sahədə böyük təcrübəyə malik olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfəri zamanı həmin nailiyyətlərin şahidi olduğunu bildirdi. Prezident İlham Əliyev səfər zamanı Estoniya nümayəndə heyətinin Şimal-Cənub nəqliyyat dəhlizinin yeni imkanları nəzərə alınmaqla Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə tanış olacaqlarına əminliyini söylədi.
Estoniyanın
dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya
Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun ölkələrimiz
arasında iş birliyi
sahəsində təcrübənin mövcud
olduğunu və bu təcrübənin
daha çox xidmət
sahəsini əhatə etdiyini
vurğuladı. Azərbaycan ilə ticarət dövriyyəsinin o qədər də
böyük olmadığını, lakin bu istiqamətdə inkişaf meyillərinin müşahidə edildiyini deyən Estoniyanın dövlət
idarəçilik naziri keçən illə
müqayisədə ticarət dövriyyəsinin demək olar ki, 2,5 dəfə
artdığını məmnunluqla vurğuladı.
Azərbaycan.-
2017.-6 aprel.- S.4.